Məhkəmə qərarları › İş №2(001)-3165/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3165/2021

05.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3165/2021 05.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənəvi ziyana görə 50000 manat, maddi ziyana görə 10000 manat pulun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənəvi ziyana görə 50000 manat, maddi ziyana görə 10000 manat pulun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, Cavabdeh onun qonşusudur və onun 2005-ci il təvəllüdlü qızına şər atmış, onu əxlaqsız adlandırmışdır. O, cavabdehə bu barədə irad bildirdikdə və qızına şər atmamasını tələb etdikdə, cavabdeh ona nəlayiq hərəkət göstərərək getmiş və sonradan əri və oğlu ilə birlikdə onun üstünə gəlmişdir. Cavabdeh, onun oğlu və əri onu küçənin ortasında döyüb təhqir etmişlər. O, bu barədə polisə müraciət etmişdir. Cavabdehin və onun ailə üzvlərinin hərəkətləri nəticəsində ona həm maddi, həm mənəvi ziyan dəymişdir. Döylməsi səbəbindən onun tez-tez baş ağrıları olur, o, yüksək təzyiqdən, şəkər və əsəb xəstəliyindən əziyyət çəkir, daim həkim nəzarətindədir və dərman içməyə məcburdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, o, küçə ilə getdiyi yerdə iddiaçı onun qabağını kəsmiş və onu vurmuşdur. Bundan sonra o da iddiaçını vurmağa məcbur olmuş və belə vəziyyətdə başqa nə etməli olduğu ona aydın deyil. Bu adi qadın davasıdır və burda böyüdüləcək bir şey yoxdur. O da polisə gedə bilərdi, lakin bunu zəruri hesab etmədi, iddiaçı isə onu qabağlayıb gedib birinci polisə müraciət etmişdir. O, cəriməsini ödəyib. Belə olan halda iddiaçıya heç nə ödəməli deyil. İddiaçının bütün qonşularla mübahisələri var. Bunu istənilən qonşu təsdiq edə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında aşağıdakılar göstərilmişdir: “... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: - ziyanın vurulması; - ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; - əvvəlki iki elementlər arasında səbəbli əlaqə; - ziyanvuranın təqsiri. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin T 67/2018 saylı ekspert rəyində aşağıdakılar qeyd olunmuşdur: “ ... 16 mart 2018-ci İldə Quliyeva X1 Təkrari ekspertizalar şöbəsində müayinədən keçirildi, Deməsinə görə, 29.08.2017-ci ildə öz yaşadığı evin həyətində qonşusu Zeynəblə rastlaşmış, qızlarına tərbiyəsiz, pozğun dediyini soruşmuş, aralarında mübahisə yaranmış və bu zaman Zeynəb, həyat yoldaşı və öğlu öna hücum etmişdir. ... Vətəndaş İddiaçı burun əsasında sıyrıq, sol bazu və sol əlin İV barmağında qançır olmuşdur. Qeyd edilən xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti 29.08.2017-ci ilə uyğun gəlir”. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi barədə Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin 12.04.2018-ci il tarixli qərarında aşağıdakılar qeyd olunmuşdur: “ ... Beləliklə araşdırma zamanı məlum olmuşdur ki, tərəflər arasında, yəni İddiaçı ilə onunla qonşuluqda yaşayan Cavabdeh Feyzi qızı arasında 29.08.2017-ci il tarixdə ünvan 1 ünvanın qarşısında şəxsi münasibətlər zəminində mübahisə düşmüş, mübahisə zamanı orada ictimai qayda pozulmamış, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər törədilməmişdir. Hadisə nəticəsində Cavabdeh qonşusu İddiaçı döyərək ona dərəcəsi təyin edilməyə bədən xəsarəti yetirmişdir. Həmin fakt üzrə Cavabdeh Feyzi qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri seçilmişdir”. İş materiallarında olan 06.07.2020-ci il tarixli, 11/106 nömrəli ekspert rəyində göstərilmişdir ki, “ ... müayinə olunan İddiaçı hal-hazırkı davranış aktlarının psixoloji cəhətdən tədqiqinə əsasən belə qənaətə gəlmək olar ki, o, qarşılaşdığı şəraitlə (Zeynəb Mirzəyeva ilə aralarında baş verən söz-söhbət, mübahisə və münaqişələr) əlaqədar emosional gərginlik halını keçirmişdir. Beləliklə işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, tərəflər 29.08.2017-ci il tarixdə yaşadıqları evin həyətində dalaşmışlar. Cavabdeh iddiaçını vurmasını məhkəmədə verdiyi izahatda etiraf etmiş, lakin bildirmişdir ki, bu adi qadın davasıdır və o, iddiaçını yalnız onun hərəkətlərinə cavab olaraq vurmuş və bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etməyi zəruri hesab etməmişdir. Həmin mübahisə nəticəsində iddiaçıya müəyyən xəsarətlərin vurulması iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin T 67/2018 saylı ekspert rəyində və Cinayət işinin başlanmasının rədd edilməsi barədə Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin 12.04.2018-ci il tarixli qərarında öz əksini tapmışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə 500 manat məbləğində pul iddiaçıya dəymiş mənəvi ziyanın ədalətli kompensasiyası kimi qəbul edilə bilər. Belə ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Məhkəmə iddia ərizəsinin maddi ziyanla bağlı hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində 10000 manat məbləğində maddi ziyan çəkməsinə istinad etsə də, məhkəməyə həmin halı təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya cavabdehin hüquqa və ya qanunazidd təqsirli hərəkəti nəticəsində ziyanın vurulması iş materialları ilə təsdiq olunduğundan, iddia tələbi mənəvi ziyan hissəsində qismən təmin edilməli, 500 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 95 (doxsan beş) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar