Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-319/2023 20.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1, X4, X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, X8, X9 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X5, X3 ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılması, cavabdeh X4 isə ünvan 1 ünvanında yerləşən yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, 1964-cü il tarixindən başlayaraq, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasporta əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Tolstoy küçəsində yerləşən 2 saylı fərdi yaşayış evi iddiaçının atası X15 adınadır. X29 1985-ci ildə vəfat etmiş, iddiaçı isə xx.xx.2022-ci il tarixdə AR DİN-ə müraciət edərək, yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayış almışdır. İddiaçı bu arayış vasitəsilə həmin evin qeydiyyatında Cavabdeh1, X5 və X3 olduğunu görmüşdür. Həmçinin arayışdan görünür ki, cavabdeh X20 da həmin ünvanda yaşayır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs E.Babayev xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, o, xx.xx.1965-ci il tarixdə ünvan 1 ünvanında anadan olmuşdur. Həmçinin həmin ünvanda 4 ailə üzvünün yaşadığını, hər birinin özünəməxsus mənzilinin olduğunu, böyük qardaşı Firuzun həmin ünvanda həyat yoldaşı ilə birgə yaşayıb orada da vəfat ediyini və onların övladı Cavabdeh1 orada qeydiyyatda olmaqla, bu günə qədər ailəsi ilə birgə orada yaşadığını bildirmişdir. Cavabdeh1 məhkəməyə xx.xx.2022-ci il tarixdə etiraz ərizəsi və xx.xx.2022-ci il tarixdə vəsatət təqdim edərək, İddiaçı ona qarşı “istifadə hüququna xitam verilməsi və evdən çıxarılması”na dair iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs İ.Babayev xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, xx.xx.1987-ci il tarixdə ünvan 1 ünvanında anadan olmuşdur. Həmçinin həmin ünvanda 4 ailənin yaşadığını, hər birinin özünəməxsus mənzilinin olduğunu, əmisi olan F.Babayevin həmin ünvanda həyat yoldaşı ilə birgə yaşayıb orada da vəfat ediyini və onların övladı Cavabdeh1 orada qeydiyyatda olmaqla, bu günə qədər ailəsi ilə birgə orada yaşadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, C.Nəbiyev və Cavabdeh2a iddia tələbini qəbul etmədiklərini bildirdilər və tələbin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri Qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 1258 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Əhmədova X7 qəsəbəsi, Tolstoy küçəsi, 2 saylı evdə qeydiyyatdadır. - AR DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, xx.xx.2005-ci il tarixdən ünvan 2 ünvanında İddiaçı, X30, X6, X21, X22, X16, X10, X11, X12, X13, X17, X14, X31, X1, X25, X26, X18, X32, Cavabdeh1 və X27 qeydiyyatdadırlar. - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Kirovskiy (hazırki- Binəqədi) rayonu, Biləcəri qəsəbəsi, Tolstoy küçəsində yerləşən 2 saylı mənzil X15 adına qeydiyyatı aparılmışdır. - M.Şıxməmmədovanın xx.xx.2022-ci il tarixdə məhkəməyə ünvanlandığı ərizədən görünür ki, o, xx.xx.1989-cu il tarixdə E.Babayev ilə nikaha daxil olmuş və ünvan 3 ünvanında yaşamağa başlamışdır. Həmçinin gəldiyi gündən bəri həmin ünvanda 4 ailənin yaşadığını, Cavabdeh1 valideynləri F.Babayev və E.Babayevanın da bu ünvanda yaşadıqlarını, onların vəfat ediyini, Cavabdeh1 isə hal-hazırda həmin ünvanda həyat yoldaşı və 2 övladı ilə birgə yaşadığını və bütün kommunal və digər xərclərin də Cavabdeh1 adına gəldiyini bildirmişdir. - 126986 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X23 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - 051288 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X24 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - T 20 ******* nömrəli su sayğaclarının qəbulu aktından görünür ki, Biləcəri qəsəbəsi, L.Tolstoy küçəsi, ev 2 ünvanına ******* nömrəli su sayğacı quraşdırılmış və istismara buraxılmış su sayğacı E.Babayevaya təhvil verilmişdir. - ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Biləcəri qəsəbəsi, Tolstoy küçəsi, ev 2 ünvanında yerləşən mənzil üçün quraşdırılan qaz sayğacı texniki qaydalara cavab vermiş və qaz zayğacı E.Babayevaya təhvil verilmişdir. - 240882 nömrəli enerji təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmış və Bakı şəhəri, Binəqədi rayonu, L.Tolstoy küçəsində elektrik sayğacı quraşdırılmışdır. - AKX-02600xx/xx-2020 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilədən görünür ki, Müqavilə “Azəriqaz” İB ilə Cavabdeh1 arasında bağlanmış, Paylayıcı Biləcəri qəsəbəsi, Tolstoy küçəsi, ev 2A ünvanında yaşayan İstehlakçını keyfiyyətli qazla təmin etməyi, İstehlakçı isə qazın dəyərini Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli eksert rəyindən görünür ki, təqdim olunan torpaq sahəsində 1.9 x 1.47 m ölçüdə sanitar qovşağın, dəhliz-mətbəx (1.85 x 2.32 m) və yaşayış otağından (3.34 x 3.23 m) ibarət bir fərdi yaşayış evinin və giriş-mətbəx (1.76 x 3.26 m) və 2 yaşayış otağından (2.45 x 4.45 m və 3.13 x 3.1 m) ibarət ikinci fərdi yaşayış evinin mövcud olduğu və həmin tikililərin Nəbiyev Ceyhunun, Nəbiyeva Elmiranın, Cavabdeh1 və Nəbiyeva Günayın faktiki istifadəsində olduğu müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçı yaşayış evinin ona məxsus olduğunu iddia edərək cavabdehlərin sahibliyinin qanunsuz olduğundan onlar tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını və cavabdehlərin ona məxsus sahədən çıxarılmasını xahiş edir. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddəyə əsasən tələbin irəli sürülməsi üçün üç dispozisiya şərtinin ödənilməsi tələb olunur: 1. tələb irəli sürən şəxsin mülkiyyətçi olması; 2. əşyanın tələbin yönəldiyi şəxsin sahibliyində olması; 3. sahibliyin qanunsuz olması. İddiaçı mülkiyyətində olduğunu iddia etdiyi yaşayış evinin ona məxsus olması (mülkiyyət hüququnun olması) barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə, hazırkı iş üzrə iddiaçının mülkiyyətində olduğunu iddia etdiyi yaşayış evinin hər hansı hüquqla ona məxsus olduğu müəyyən edilməmiş, bununla da istinad olunan normanın ilkin dispozisiya şərti (tələb irəli sürən şəxsin mülkiyyətçi olması) yaranmamışdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Əmlak hüquqularının siyahısı Mülki Məcəllənin: - 158.1-ci maddəsi ilə müəyyən edilmiş və mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqlarına aid edilmişdir: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. -158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. -164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər (maddə 164.2). Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Göstərilən məsələ ilə bağlı M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki iş üzrə onun mübahisəli yaşayış evinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsini təsdiq edən heç bir sübut mövcud deyil. Belə ki, Mülki Məcəllənin: - 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. -139.1-ci madəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Beləliklə, müəyyən edildi ki, mübahisəli yaşayış evinin (torpaq sahəsinin) iş üzrə İddiaçı mülkiyyətində (qanuni sahibliyində) olmasını təsdiq edən heç bir sübut olmadığından onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyildir. Buna görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak şəxslərə aid edilir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -217.4-cü maddəsinə əsasən,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-319/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-319/2023
20.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver