Məhkəmə qərarları › İş №2(060)-4201/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4201/2025

30.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4201/2025 30.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin H.Zeynalabdin Rayon Mənzil İstismar Hissəsinin Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin H.Zeynalabdin Rayon Mənzil İstismar Hissəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Z.Tağıyev-2 hərbi şəhərciyinin ərazisində K.Kərimov küçəsi, ev 21, mənzil 58 ünvanında qeyri-qanuni yaşayan Cavabdeh mənzildən istifadə hüququna xitam verilməklə həmin mənzildən çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əsədov X3-2 hərbi şəhərciyinin ərazisində K.Kərimov küçəsi, ev 21, mənzil 58 ünvanında yaşayır. Kirayə müqaviləsi ilə mənzil onun adına deyildir, sənədinin olmamasının səbəbindən göstərilən ünvanda qeyri-qanuni yaşayır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, həmin mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan “xüsusi təyinatlı yaşayış sahəsi”nə aiddir. Cavabdehə qanunu əsaslarla kirayə müqaviləsi ilə mənzil verilməmişdir və o, burada qeyri-qanuni əsaslarla yaşayır. Dəfələrlə cavabdehə həmin mənzilin təcili boşaldılmasına dair şifahi və yazılı xəbərdarlıq edilsə də, o, bu xəbərdarlıqlara məhəl qoymamışdır. Yuxarıda qeyd edilən mənzil 20 aprel 2023-cü il tarixdə 315 nömrəli kirayə müqaviləsi ilə X2 verilmişdir. O, adına sənədləşdirilmiş mənzilin mənzil-İstismar hissəsinə təhvil verilməsi ilə bağlı müraciət etmişdir. İlhamə Abudovaya dəfələrlə adına olan mənzilin boşaldılıb ona qaytarılması ilə əlaqədar Cavabdeh müraciət etsə də, bu vaxta qədər mənzil qanuni əsaslarla, yəni kirayə müqaviləsi ilə verilmiş sahibinə qaytarılmamışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi. O, qeyd etdi ki, mübahisəli mənzili pul verərək əldə etmişdir. Verdiyi pul qaytarılsa, mənzili tərk edə bilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 20 aprel 2023-cü il tarixli 315 nömrəli kirayə müqaviləsinin surətindən görünür ki, Tağıyev-2 hərbi şəhərciyinin ərazisində K.Kərimov küçəsi, ev 21, mənzil 58 ünvanındakı yaşayış sahəsi Nazirlikdə xidmət müddətində X2 (3 nəfər ailə üzvü ilə birlikdə) verilmişdir. Xidmətdən buraxıldıqda, işdən azad olunduqda və ya xidməti yerini dəyişdikdə mənzili qeyd şərtsiz Hissəyə təqdim edilməsi barədə o, eyni tarixdə iltizam vermişdir. - bir neçə məktubdan görünür ki, qeyd edilən yaşayış sahəsini boşaltmaq barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin H.Zeynalabdin Rayon Mənzil İstismar Hissəsi tərəfindən Cavabdeh xəbərdarlıqlar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Tağıyev-2 hərbi şəhərciyinin ərazisində K.Kərimov küçəsi, ev 21, mənzil 58 ünvanındakı yaşayış sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil fonduna daxildir və 20 aprel 2023-cü il tarixli 315 nömrəli kirayə müqaviləsi ilə bu mənzil Nazirlikdə xidmət müddətində X2 (3 nəfər ailə üzvü ilə birlikdə) verilmişdir. Xidmətdən buraxıldıqda, işdən azad olunduqda və ya xidməti yerini dəyişdikdə mənzili qeyd şərtsiz Hissəyə təqdim edilməsi barədə o, eyni tarixdə iltizam vermişdir. Hazırda bu mənzildə cavabdeh yaşayır. Bunun üçün isə o, məhkəməyə hər hansı mötəbər sənəd (müqavilə, arayış, icazə və s.) təqdim etməmişdir, yəni cavabdeh mübahisəli mənzildə qanunsuz əsaslarla yaşamağa davam edir. 05 aprel 2014-cü il tarixli “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” əsasnamənin təsdiq edilməsi barədə 2 nömrəli Qərarın 1.13-cü bəndində göstərilmişdir ki, AR Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil fondu hesabına yaşayış sahəsi verilməsi qadağandır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aşağıdakılara aiddir: 1. xidməti yaşayış sahələri; 2. yataxanalarda yaşayış sahələri; 3. manevr fondu yaşayış sahələri; 4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Həmin Məcəllənin 98-ci maddəsinə görə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99-cu maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. İş materiallarından görünür ki, mübahisəli mənzildən cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan istifadə edilir. Cavabdehin mübahisəli mənzildə məskunlaşması mülkiyyətçi (balanssaxlayan) kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin H.Zeynalabdin Rayon Mənzil İstismar Hissəsinin, kirayəçi kimi isə X1 hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə cavabdeh mübahisəli mənzildə heç bir əsas olmadan yaşadığından və bununla da iddiaçının balansında olan əmlaka dair hüquqları məhdudlaşdırdığından iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri Z.Tağıyev-2 hərbi şəhərciyinin ərazisində K.Kərimov küçəsi, ev 21, mənzil 58 ünvanından istifadə hüququna xitam verilməklə o, həmin mənzildən çıxarılsın. İddiaçının ödəməkdən azad edildiyi 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar