Məhkəmə qərarları › İş №2(001)-3193/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3193/2021

19.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3193/2021 19.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu İddiaçı1 cavabdehlər Cavabdeh2-yə və Cavabdeh1 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılmağa qəbul edilməsinin mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı1 cavabdehlər Cavabdeh2-yə və Cavabdeh1 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları AD 259008 nömrəli, xx xxx 2018-ci il tarixli qeydiyyat şəhadətnaməsi ilə dövlət qeydiyyatına alınmış **-MX-*** dövlət nömrə nişanlı, “Hyndai Elantra” minik markalı avtomobilə dəymiş ziyana görə 21.740 manat, mülkiyyətində olan həmin avtomobildən istifadə etmək imkanından məhrum olduğu üçün əldən çıxmış faydaya görə 3.900 manat olmaqla, cəmi 25.640 manat məbləğində maliyyə vəsaitinin İddiaçı1 müştərək olaraq ödənilməsi vəzifəsinin cavabdehlər Cavabdeh2-yə və Cavabdeh1 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-1436/2021 nömrəli qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, qeyd edilən mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə mülki-prosessual qanunvericiliyin tələbləri pozulmaqla göndərilmişdir. Ərazi aidiyyəti baxımından mülki işə məhz Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Belə ki, iş materiallarının 14-cü səhifəsində olan şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddia üzrə cavabdeh kimi müəyyən edilmiş Cavabdeh1 Şəki rayonu üzrə pasport qeydiyyatındadır. Digər Cavabdeh2 (VÖEN **********) isə Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanı üzrə qeydiyyata alınmışdır. Başqa sözlə, iddia Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edilmişdir. Lakin sonradan əsassız olaraq həmin məhkəmə tərəfindən iş materiallarında olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsində Cavabdeh2-nin ünvanı kimi “Binəqədi rayonu, Azadlıq 200” ünvanı göstərilməsi əsas gətirilərək iddia ərizəsinin ərazi aidiyyəti qaydalarını pozmaqla məhkəməyə verilməsi qənaətinə gəlinmiş və mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Halbuki, ən azı iş materiallarının 70-ci səhifəsində olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışın surətindən də bu cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu üzrə qeydiyyata alınmadığı qismən olsa da görünür. Həmin cəmiyyətin faktiki olaraq Bakı şəhəri Binəqədi rayonunun ərazisində yerləşməsi və ya fəaliyyət göstərməsi isə mülki işin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi üçün hüquqi əsas yaratmır. Nəticə etibarı ilə hazırki iş üzrə yalnız iddiaçının və Cavabdeh1 hüquqlarını müdafiə edən vəkillər Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən 11 saylı hüquq məsləhətxanasının vəkilləridir ki, bu da işə ərazi aidiyyəti baxımından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılması üçün hüquqi əsas yaratmır. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki-Prosessual Məcəllənin 45.1-ci maddəsi mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlərin həlli mərhələsini və qaydasını konkret olaraq təsbit etmişdir. Lakin hazırki işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə qənaət işə mahiyyəti üzrə baxılmağa başlandıqdan, o cümlədən Cavabdeh1 vəkili və nümayəndəsinin mülahizələri aydınlaşdırıldıqdan sonra formalaşmışdır. Halbuki, istinad olunan xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ilk gündən iş materiallarında olmuş, işdə iştirak edən şəxslər isə bununla bağlı hər hansı vəsatət verməmişdilər. Qeyd edilən halların mövcudluğu hazırki mülki işə ərazi aidiyyəti baxımından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmasını qeyri-mümkün edir və hüquqi nəticə etibarı ilə fikir ayrılığı yaradır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər; 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, hesab edirəm ki, məhkəmələr arasında qeyd edilən mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından, İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45-ci, 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı1 cavabdehlər Cavabdeh2-yə və Cavabdeh1 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar