Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3201/2021 24.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu 3 nömrəli tam orta məktəbin nümayəndəsi (direktoru) X7, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu 3 nömrəli tam orta məktəbinə qarşı (Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “dərs saatlarının qaytarılması, əmək haqqının və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Biologiya” fənni üzrə 6 saatlıq dərs yükünün ona qaytarılması və 01 noyabr 2020-ci il tarixdən etibarən qətnamənin qəbul edildiyi tarixədək məcburi boşdayanmaya görə həmin dərs yükünə əsasən hesablanmış pul əvəzinin ödənilməsi öhdəliyinin Bakı şəhəri R.Əliyev adına 3 saylı tam orta məktəbinin üzərinə qoyulması, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Bakı şəhəri R.Əliyev adına 3 saylı tam orta məktəbindən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli, 2(001)- 7021/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri R.Əliyev adına 3 saylı tam orta məktəbə qarşı “dərs saatlarının qaytarılması, əmək haqqının və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş, iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmış və İddiaçı hazırki iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Həmin qərardaddan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3030/2021 saylı, 17.02.2021-ci il tarixli qərardadı ilə təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli, 2(001)-7021/2020 nömrəli qərardadı ləğv edilmiş və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyünə tərəflərin iştirakı ilə yenidən baxılması üçün mülki iş materialları məhkəməyə göndərilmişdir. Bundan sonra iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onun biologiya fənni üzrə dərs yükü 2016-cı il tarixədək 12 saat olmuş, 2016-cı ildən isə 6 saat təşkil edir. Digər orta məktəblərdə də direktor müavinləri ayrı-ayrı fənləri tədris edir. Ötən illər ərzində onun tərəfindən də biologiya fənninin tədris edilməsi ilə bağlı hər hansı problem yaranmamış, o cümlədən bu fənni tədris edən digər müəllimlər buna heç vaxt etiraz etməmişlər. Onların etiraz etməsi barədə müraciətlərin yazılması isə məktəbin direktoru tərəfindən qərəzli şəkildə təşkil edilmişdir. Belə ki, həmin müəllimlərdən ikisi şagirdlərin biologiya fənni üzrə dərsdənkənar hazırlığı ilə məşğul olur və bu baxımdan onların mövcud dərs saatlarından artıq saatda yük daşımağa vaxtı yoxdur. Digər tərəfdən 2020-ci il üçün dərs yükü artıq bölünmüş və o, 2020-ci ilin 16 oktyabr tarixinədək biologiya fənnini tədris etmişdir. Lakin həmin ilin noyabr ayında hər hansı bir əsas olmadan və qanunsuz şəkildə ondan bu fənn alınaraq, digər müəllimlərə verilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri Binəqədi rayonu 3 nömrəli tam orta məktəbin nümayəndəsi (direktoru) X11 iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz təqdim edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı müəllim vəzifəsində deyil, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsində çalışır, onun əmək funksiyaları “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X5”nda təsbit edilmiş və dərslərin tədrisi bu funksiyalar sırasına daxil edilməmişdir. Digər tərəfdən məktəbdə biologiya ixtisası üzrə 6 fənn müəllimi var və biologiya fənni üzrə ümumilikdə 48 saat dərs yükü mövcud olduğuna görə həmin dərs saatları qanunvericiliyə uyğun olaraq ilk öncə həmin müəllimlər arasında bölüşdürülməlidir. Bu sahəni tənzimləyən qanunvericiliyin tələbləri baxımından məktəbin rəhbər işçilərinə dərs yükünün verilməsi səlahiyyəti Bakı şəhəri üzrə Təhsil İdarəsinə aiddir və onlara dərs yükünün verilməsi vəzifəsi imperativ vəzifə kimi müəyyən edilməmişdir. Digər tərədən Məktəbdə müvafiq fənn üzrə müəllim sayından və dərs yükünün həcmindən asılı olaraq, direktor və direktor müavinlərinə dərs yükünün verilməsi və ya verilməməsi məsələsinə hər tədris ilində yenidən baxılır. Məktəbdə isə biologiya fənni üzrə mövcud olan dərs saatlarının miqdarı 6 fənn müəlliminin tələb olunan miqdarda dərs saatı ilə təmin edilməsini qeyri-mümkün edir. Belə bir vəziyyətdə iddiaçının biologiya fənnini tədris etməsi bu fənn üzrə digər müəllimlərin narazılığına səbəb olmuşdur. Bu səbəbdən biologiya fənnini tədris edən müəllimlər rəsmi olaraq müraciət edərək, onların ən azı 12 saat dərs yükü ilə təmin edilməsini xahiş etmişdilər. Bu səbəbdən iddiaçının tədris etdiyi 6 saat 2020-ci ilin sentyabr ayından etibarən məktəbin digər 4 müəllimi arasında bölüşdürülmüşdür və həmin vaxtdan da iddiaçı bu fənni tədris etmir. Hazırki müəllimlərdən də sinif şagirdləri razıdırlar. Bununla belə, iddiaçıya münasibətdə hər hansı qanunsuzluğa yol verilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil idarəsinin nümayəndəsi X6 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə əsasən bütün tipdən olan ümumtəhsil məktəblərinin direktorları və onların müavinləri əsas iş üzrə müvafiq qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq həftədə 12 saataqədər dərs apara bilərlər. Müəllimlərin yeni tədris ili üçün dərs yükü isə müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda, həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində elan edilir. Dərs bölgüsü ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı olan Pedaqoji Şura təsdiq edir və dərslər və dərsdənkənar məşğələlər direktor tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılır. Ötən illər ərzində Bakı şəhəri Binəqədi rayonu 3 nömrəli tam orta məktəbi tərəfindən iddiaçının biologiya fənnini tədris etməsi ilə bağlı müraciət edilmiş və həmin müraciətə uyğun olaraq razılıq verilmişdir. Lakin 2020-2021-ci illər üzrə həmin məktəbin direktoru tərəfindən bu barədə müraciət daxil olmamış və nəticədə iddiaçıya biologiya fənni üzrə hər hansı miqdarda saatın ayrılmasına razılıq verilməmişdir. Lakin bu zaman hər hansı qanunsuzluğa yol verilməmişdir. Belə ki, saatların çatışmazlığı səbəbindən məktəbdə bu fənni tədris edən digər müəllimləri həftəlik dərs yükü ilə təmin etmək mümkün olmamışdır. Halbuki, artıq qeyd edildiyi kimi, ilk öncə onlar tələb olunan saat miqdarında dərs yükü ilə təmin edilməlidir. Bu səbəbdən də həmin fənni tədris edən müəllimlər bu məsələ ilə bağlı məktəbin direktoruna müraciət etmişlər. İddiaçıya da ayrılmış 6 saat miqdarında dərs yükü Məktəbin Pedaqoji Şurasının iclasında qəbul edilmiş qərara əsasən bu fənni tədris edən digər müəllimlər arasında bölüşdürülmüş və nəticədə həmin saatlar digər 4 müəllimə verilmişdir. Hətta bundan sonra da onların dərs yükü yenə də normadan aşağı qalmışdır. Bununla belə, qeyd edilən məsələdə hər hansı qanun pozuntusuna yol verilməmişdir. Göstərilənləri nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 22.05.1990-cı il tarixdən bügünədək Bakı şəhəri Binəqədi rayonu 3 nömrəli tam orta məktəbində məktəbdənkənar və sinifdən xaric işlər üzrə direktor vəzifəsində çalışır, eyni zamanda ixtisasına uyğun olaraq bilogiya fənnini tədris edir. 2016-cı ildən etibarən onun bu fənn üzrə dərs yükü 6 saat təşkil edir. 03.09.2020-ci il tarixdə həmin məktəbin direktoru vəzifəsinə X12 təyin edilmişdir. Məktəbdə Pedaqoji Şuranın 14.09.2020-ci il tarixdə keçirilmiş ilk onlayn iclasında iddiaçıya dərs saatlarının ayrılmasına razılıq verilməməsi səbəbindən keçən tədris ilində ona ayrılan 6 saat dərs yükünün dərs yükü az olan digər biologiya müəllimləri arasında bölüşdürülməsi qərara alınmış və nəticədə iddiaçının dərs yükü hesabına məktəbdə bu fənni tədris edən SA-ya 1 saat, NM-ya 2 saat, Aİ-ya 1 saat və TÖ-ya 2 saat ayrılmışdır. Bu, habelə biologiyanı tədris edən EM və MG 23.09.2020-ci il tarixdə Məktəbin direktoruna müraciət edərək, onların ən azı 12 saat dərs yükü ilə təmin edilmələrini xahiş etmişdilər. Bundan sonra 27.10.2020-ci il tarixdə ÖT və İA istisna olmaqla, digər 4 müəllim yenidən məktəbin direktoruna müraciət etmişlər və MN və EM dərs yüklərinin artırılmasını, MG və AS isə onlara ayrılan dərs yükünün onlarda saxlanılmasını xahiş etmişdilər. Hazırda iddiaçı 30 ilə yaxın müddətdir ki, həmin məktəbdə biologiya fənnini tədris etdiyini, 15.09.2020-ci il tarixdən 16.10.2020-ci il tarixədək də bu fənnin tədrisini davam etdirdiyini, lakin sonradan məktəbin direktoru tərəfindən həmin saatların ondan alındığını və digər müəllimlər arasında bölüşdürüldüyünü, diaqnostik qiymətləndirmədən yüksək bal topladığını, ona ayrılmış saatlardan 2 saatın diaqnostik qiymətləndirmədən 20 bal toplamış ÖT-yə verildiyini, bununla da onun saatlarının miqdarının 12 saata çatdırıldığını, halbuki, topladığı bala görə ona 6 saatdan artıq dərsin verilməli olmadığını, digər orta məktəblərdə də direktor müavinlərinin ayrı-ayrı fənləri tədris etdiyini, ötən illər ərzində onun tərəfindən də biologiya fənninin tədris edilməsi ilə bağlı hər hansı problemin yaranmadığını, o cümlədən bu fənni tədris edən digər müəllimlərin buna heç vaxt etiraz etmədiyini, onlar tərəfindən etiraz müraciətlərinin yazılmasının məktəbin direktoru tərəfindən qərəzli şəkildə təşkil edildiyini, həmin müəllimlərdən ikisinin şagirdlərin biologiya fənni üzrə dərsdənkənar hazırlığı ilə məşğul olduğunu və bu baxımdan onların mövcud dərs saatlarından artıq saatda yük daşımağa vaxtlarının olmadığını, 2020-ci il üçün dərs yükünün artıq bölüşdürüldüyünü, bu fənnin ondan qanunsuz şəkildə alınaraq, digər müəllimlərə verildiyini bildirir və həmin dərs saatlarının qaytarılmasını və əmək haqqının və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, iddiaçının müəllim vəzifəsində deyil, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsində çalışdığını, dərslərin tədrisinin onun əmək funksiyaları sırasına daxil edilmədiyini, məktəbdə biologiya ixtisası üzrə 6 fənn müəlliminin olduğunu, biologiya fənni üzrə ümumilikdə 48 saat dərs yükü mövcud olduğuna görə həmin dərs saatlarının qanunvericiliyə uyğun olaraq ilk öncə həmin müəllimlər arasında bölüşdürülməli olduğunu, məktəbin rəhbər işçilərinə dərs yükünün verilməsi səlahiyyətinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə aid olduğunu və onlara dərs yükünün verilməsi vəzifəsinin imperativ vəzifə kimi müəyyən edilmədiyini, Məktəbdə müvafiq fənn üzrə müəllim sayından və dərs yükünün həcmindən asılı olaraq, direktor və direktor müavinlərinə dərs yükünün verilməsi və ya verilməməsi məsələsinə hər tədris ilində yenidən baxıldığını, məktəbdə biologiya fənni üzrə mövcud olan dərs saatlarının miqdarının 6 fənn müəllimi üçün yetərli olmadığını, iddiaçıya 6 saatın ayrılmasının fənn müəllimlərin narazılığına səbəb olduğunu və onların rəsmi olaraq müraciət edərək, ən azı 12 saat dərs yükü ilə təmin edilməsini xahiş etdiklərini, bu səbəbdən iddiaçının tədris etdiyi 6 saatın 2020-ci ilin sentyabr ayından etibarən məktəbin digər 4 müəllimi arasında bölüşdürüldüyünü, həmin tarixdən iddiaçının bu fənni tədris etmədiyini, hazırki müəllimlərdən də sinif şagirdlərinin razı olduqlarını, iddiaçıya münasibətdə hər hansı qanunsuzluğa yol verilmədiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. Üçüncü şəxs də eyni mövqeydən çıxış edərək, məktəbdə bu fənni tədris edən müəllimlərin dərs yükünün tələb olunandan az olduğunu, ilk olaraq məhz onların tələb olunan miqdarda dərs yükü ilə təmin olunmalı olduqlarını və iddiaçının tədris etdiyi 6 saatın bu fənni tədris edən müəllimlər arasında bölüşdürməyin qanunvericiliyin tələblərinə tam uyğun olduğunu bildirir və iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 9-cu bəndinə əsasən əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu; 16-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır; 16-cı maddəsinin 4-cü hissəsinə əsasən ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər; 57-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir; 57-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X4 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir; 57-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir; 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.01.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 4.13-cü yarımbəndinə əsasən ümumtəhsil məktəbində dərslər və dərsdənkənar məşğələlər direktor tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılır. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerləşdirilməsi” Qaydalarının 2.2-ci bəndinə əsasən müəllimlərin yeni tədris ili üçün dərs yükünün müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və talimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda, həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində elan edilir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.01.1999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədrisköməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında” Normaların 3-cü bəndinə əsasən bütün tipdən olan ümumtəhsil məktəblərinin direktorları və onların müavinləri əsas iş üzrə müvafiq qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq həftədə 12 saataqədər dərs apara bilərlər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.11.2010-cu il tarixli, 1486 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə”nin 3.1.2.6-cı yarımbəndinə əsasən dərs bölgüsünün təsdiqi ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı olan Pedaqoji Şuranın vəzifələrinə daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20.12.2017-ci il tarixli, 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X5”na əsasən tərbiyə işləri üzrə direktor müavini əmək funksiyalarına görə məktəbin əsasnaməsinə uyğun olaraq məktəbdə tərbiyə işinə rəhbərlik edir. Müəllimlərin, psixoloqların, tərbiyəçilərin, uşaq birliyi təşkilatının, sinif, dərnək rəhbərlərinin, valideynlərin, ictimai təşkilatların, şagird özünüidarə orqanlarının və hüquq-mühafizə orqanlarının köməyi ilə şagirdlərin tərbiyə işini təşkil edir. Gənclərin millimənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, çağırışaqədərki hazırlığına, fiziki inkişafına və bədii-texniki yaradıcılığına, turizm, diyarşünaslıq və ekskursiya məsələlərinə rəhbərlik edir. Müvafiq tədris müəssisələri, yaradıcılıq ittifaqları, idarə və təşkilatlarla əlaqə yaradır, birgə kütləvi tədbirlər keçirir. Təhsil alan uşaqlar arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı geniş miqyaslı profilaktik işin təşkilini və ona rəhbərliyi təmin edir. Məhkəmə yuxarıda göstərilən qanunvericiliyin tələblərini və buna uyğun olaraq aparılmış araşdırmanın nəticələrini nəzərə alıb, ilk növbədə qeyd edir ki, iddiaçı ixtisas üzrə biologiya müəllimidir və ümumilikdə 42 ildən artıq müddətdir ki, biologiya fənnini tədris edir. İddiaçı Kirov (hazırki Binəqədi) rayon Təhsil şöbəsinin əmri ilə 22.05.1990-cı il tarixdə, yəni hazırda qüvvədə olan Əmək Məcəlləsi qüvvəyə minənədək (01.07.1999-cu il tarixədək) Bakı şəhəri Binəqədi rayonu 3 nömrəli tam orta məktəbinin məkdəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmiş və həmin vaxtdan, yəni 30 ildən artıq müddətdir ki, bu məktəbdə biologiya fənnini tədris edir. İddiaçı ilə fərdi əmək müqaviləsinin bağlanması müəyyən edilmir. Həmin dövrdə qüvvədə olan qanunvericilikdə yazılı əmək müqaviləsinin bağlanması imperativ şərt kimi təsbit edilməmiş, habelə onun direktor müavini vəzifəsini daşıması ilə yanaşı, eyni zamanda məktəbdə biologiya fənnini tədris etməsini qadağa edən hər hansı müddəa mövcud olmamışdır. Bu hal Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.01.1999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında” Normaları ilə də öz təsdiqini tapır. Belə ki, həmin Normaların 3-cü bəndinə əsasən bütün tipdən olan ümumtəhsil məktəblərinin direktorları və onların müavinləri əsas iş üzrə müvafiq qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq həftədə 12 saata qədər dərs apara bilərlər. Bu da öz növbəsində iddiaçıya, hüquqi baxımdan məktəbin direktor müavini vəzifəsini daşıması ilə yanaşı, ixtisasına uyğun olaraq məktəbdə 6 saat miqdarında biologiya fənnini tədris etmək imkanını yaradır və onun eyni zamanda, müəllim statusuna malik olmasını, habelə müəllim kimi fəaliyyət göstərməsinin mümkünlüyünü təsdiq edir. Orta məktəb direktorları və direktor müavinləri tərəfindən ixtisaslarına uyğun olaraq aidiyyəti fənnlərin tədris edilməsi təcrübəsindən reallıqda da geniş tətbiq edilir. Belə ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin təqdim etdiyi məlumata əsasən təkcə Binəqədi rayonu üzrə iddiaçıdan əlavə 10 nəfər (direktor və direktor müavini) müxtəlif fənləri tədris edir. Bununla belə, məhkəmə, qanunvericilikdə (istər əvvəllər, istərsə də hazırda qüvvədə olan) bununla bağlı hər hansı qadağanın olmamasını, əksinə direktor müavinlərinə belə bir imkanın yaradıldığını (rəsmiləşdirildiyini) və bu imkandan təcrübədə geniş istifadə edilməsini, buna uyğun olaraq iddiaçının biologiya fənnini həmin məktəbdə 30 ildən artıq müddətdir ki, tədris etməsini nəzərə alıb belə qənaətə gəlir ki, iddiaçının biologiya fənnini tədris etməsi onunla işəgötürənin qarşılıqlı razılığı əsasında əmək funksiyalarının dəyişdirilməsi və fənn tədrisin iddiaçının əmək funksiyalarına daxil edilməsi kimi qiymətləndirilməlidir. Başqa sözlə, bu məsələ hüquqi baxımdan öz həllini xeyli müddət bundan əvvəl tapmış və 20.12.2017-ci il tarixdən qüvvədə olan Vahid X2 direktor müavinin belə bir əmək funksiyasının təsbit edilməməsi məhz bu əsasla fənn tədrisinin iddiaçıdan alınması üçün əsas ola bilməz. Bu baxımdan məktəbin direktoru hüquqi nəticə etibarı ilə iddiaçının razılığı olmadan birtərəfli qaydada onun əmək funksiyalarını azaltmış və bununla da Əmək Məcəlləsinin 57-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozmuşdur. Belə ki, məktəbin direktoru iddiaçı tərəfindən tədris olunan fənn üzrə saatların azaldılması səlahiyyətinə malikdir, lakin bir dəfəyə və onun iradəsinə zidd olaraq bütün saatların ondan alınması onu konkret olaraq fənn tədris etməkdən, yəni belə bir əmək funksiyasını yerinə yetirməkdən ümumiyyətlə məhrum etməyə bərabər olduğundan yol verilməzdir. Məhkəmə, cavabdehin (üçüncü şəxsin) məktəbdə biologiya fənni üzrə mövcud olan dərs yükünün orada çalışan 6 fənn müəllimi üçün yetərli olmaması, ilk növbədə bu müəllimlərin dərs yükü ilə təmin edilməli olması, onların iddiaçı tərəfindən 6 saat dərsin tədris edilməsinə narazı olması və bununla bağlı gətirdiyi digər dəlilləri də əsassız hesab edir və bununla bağlı qeyd edir ki, hazırki vəziyyətdə bu hallar iddiaçının tədris etdiyini 6 saat dərs yükünün ondan alınması üçün əsas ola bilməz. Bununla bağlı, ilk növbədə qeyd edilməlidir ki, 03.09.2020-ci il tarixdə məktəbə yeni direktor təyin edildikdən sonra 14.09.2020-ci il tarixdə keçirilmiş Pedaqoji Şuranın onlayn iclasında qəbul edilmiş qərara əsasən keçən tədris ilində iddiaçıya ayrılan 6 saat dərs yükü dərs yükü az olan digər biologiya müəllimləri arasında bölüşdürülmüş və buna uyğun olaraq məktəbin direktoru tərəfindən həmin tarixdə imzalanmış “dərs saatlarının bölüşdürülməsi barədə” əmrə əsasən iddiaçıdan alınmış 6 saat məktəbdə bu fənni tədris edən digər 4 müəllim arasında bölüşdürülmüşdür. Qeyd edilən qərarın qəbul edilməsi səbəbi kimi, birincisi – biologiya fənni üzrə mövcud orta dərs yükünün az olması, ikincisi - Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iddiaçıya dərs saatlarının ayrılmasına razılığın verilməməsi göstərilmişdir. Halbuki, tədris ilinin 15 sentyabr tarixində başlaması, müəllimlərin isə məzuniyyətə tədris ili bitdikdən (14 iyun) sonra iyul ayında çıxması nəzərə alınaraq, qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerləşdirilməsi” Qaydalarının 2.2-ci bəndinin məzmununa əsasən iddiaçının və digər müəllimlərin 2020-2021-ci tədris illəri üçün dərs yükü 2020-ci ilin sentyabr ayında deyil, 2020-ci ilin iyul ayınadək müəyyənləşdirilməlidir. Həqiqətdə bu məsələ məhz həmin Qaydaların 2.2-ci bəndinə uyğun olaraq həll edilərək, 2020-2021-ci tədris illəri üçün iddiaçının biologiya fənni üzrə dərs yükü artıq yenidən 6 saat miqdarında müəyyən edilmiş və bu bölgüyə uyğun olaraq, iddiaçı həmin fənni 16.10.2020-ci il tarixədək tədris də etmişdir. Nəticə etibarı ilə məktəbin direktoru yalnız iddiaçıya münasibətdə dərs yükünü yenidən bölmüşdür. Belə ki, məktəbin direktoru tərəfindən 14.09.2020-ci il tarixli əmrlə təsdiq edilmiş cədvəldən demək olar ki, hər fənn üzrə dərs yükünün müallimlər arasında qeyri-proporsional bölündüyü müəyyən edilir. Məsələn, “Azərbaycan dili və Ədəbiyyat” fənni üzrə ayrı-ayrı müəllimlərin dərs yükü 6 saat, 10 saat, 18 saat və 23 saat arasında dəyişir. Eyni fərqlər “ingilis dili”, “riyaziyyat” və digər fənnlər üzrə də müşahidə olunur. Lakin həmin fənnlər üzrə də dərs yükü balanslaşdırılmamış və iddiaçıya münasibətdə göstərilmiş “mövcud olan dərs yükünün az olması” əsası həmin fənnləri tədris edən müəllimlərə tətbiq edilməmişdir. Halbuki, həqiqi niyyət və məqsədə uyğun olaraq dərs yükünün mümkün qədər bərabər bölünməsi digər fənnlər üzrə də həyata keçirilməli idi. Bundan əlavə, mövcud prosedura əsasən direktor və direktor müavinləri tərəfindən hər hansı fənnin tədris edilməsi ilə bağlı məsələ Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən, lakin məhz məktəbin direktorunun müraciətinə əsasən həl edilir. Bakı şəhəri Binəqədi rayonu üzrə də fənn tədrisinə cəlb edilmiş 11 direktor və direktor müavinindən yalnız 3-nə 2020-2021-ci tədris illərində fənn tədris etməyə razılıq verilməişdir. Bu da onlar barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciətin edilməməsi ilə bağlı olmuşdur. Başqa sözlə, iddiaçıya 2020-2021-ci tədris illərində biologiya fənninin tədris edilməsinə razılığın verilməməsi bilavasitə məktəbin direktoru tərəfindən bu məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etməməsi ilə bağlı olmuşdur. Əks halda, Bakı şəhəri üzrə Təhsil İdarəsi ayrı seçkiliyə yol verməmək üçün digər 8 nəfərə də razılıq verməzdi. Bu səbəbdən məhkəmə Pedaqoji Şuranın 14.09.2020-ci il tarixli qərarında iddiaçıya ayrılmış 6 saatın ondan alınması üçün səbəb kimi göstərilmiş halları əsassız hesab edir və belə qənaətə gəlir ki, bu qərarın qəbul edilməsinə ilk növbədə qanunvericiliyin tələbləri deyil, məktəbin yeni direktoru ilə iddiaçı arasında mövcud olan prinsipial münasibətlər əsas olmuşdur. Məhkəmə bu qənaəti çərçivəsində onu da qeyd etməyi zəruri hesab edir ki, biologiya fənnini tədris edən müəllimlər tərəfindən 23.09.2020-ci il tarixdə və 27.10.2020-ci il tarixdə məktəbin direktoruna ünvanlanmış müraciətlər məzmun etibarı ilə ümumiyyətlə anlaşılmazdır. Belə ki, Pedaqoji Şuranın bu məsələ ilə bağlı qərarı 14.09.2020-ci il tarixdə qəbul edilmiş və iddiaçının tədris etdiyi 6 saat hesabına bu fənni tədris edən SA-ya 1 saat, NM-ya 2 saat, Aİ-ya 1 saat və TÖ-ya 2 saat ayrılmışdır. Buna baxmayaraq, həm bu müəllimlər, həm də biologiyanı tədris edən EM və MG həmin qərardan 9 gün sonra, yəni 23.09.2020-ci il tarixdə məktəbin direktoruna müraciət edərək, həyat şəraitinin yaxşılaşdırılması üçün onların hər birinin 1 stavka, yəni 18 saat, heç olmasa 12 saat dərs yükü ilə təmin edilmələrini xahiş etmişdilər. Halbuki, SA-nın həmin vaxt dərs yükü məhz 12 saat, NM-nın və Aİ-nın dərs yükü isə 10 saat təşkil edirdi. Belə olan halda, SA-nın heç olmasa 12 saat dərs yükü ilə təmin edilməsi barədə müraciəti anlaşılmaz olur. NM və Aİ isə hər biri yük etibarı ilə böyük bir fərq etməyən 2 saat dərs yükünün mübahisəsini aparmış olurlar. Digər tərəfdən ötən illər ərzində də həmin müəllimlər qeyd edilən dərs yükünə malik olmuşlar. Lakin yalnız 23.09.2020-ci il tarixdə, yəni yeni direktor təyin ediləndən sonra dərs yükünün artırıması məsələsini qaldırmışlar və bunu bilavasitə həyat şıraitinin yaxşılaşdırılması ilə əlaqələndirmişdilər. Bu müəllimlər həmin müraciəti tərtib edən zaman iddiaçının dərs yükü artıq onların bəzilərinin arasında bölünmüş və onlar mövcud dərs yükü barədə tam məlumatlı olmuşlar. Onların 14.09.2020-ci il tarixdə aparılmış dərs bölgüsündən məlumatlı olmamaları əsas götürüldükdə (halbuki, bu mümkün deyil, belə ki, 15.09.2020-ci il tarixdən onlar dərslərin tədrisinə başlamalı idi) belə, əldə edilmiş nəticənin onlara məlum olmasını asanlıqla ehtimal etmək olur. Belə ki, onların müraciətləri təmin edildiyi ən yaxşı halda, bərabərliyin qorunması məqsədi ilə iddiaçıdan alınmış dərslər hesabına onların hər birinə 1 saat əlavə dərs verilə bilərdi. Bu halın da əmək haqqı məbləği etibarı ilə onların həyat şəraitinə nə dərəcədə müsbət təsir etməsinin özü də sual doğurur (sadə dildə deyilsə “heç müraciət etməyə dəyməzdi”). Bu da öz növbəsində onların müraciətlərinin əhəmiyyətsiz və mənasız olduğunu, nəticə etibarı ilə dərs yükünün iddiaçıdan alınıb onların arasında bölüşdürülməsi, yəni şuranın 14.09.2020-ci il tarixli qərarının iddiaçıya münasibətdə əsaslı olması və məktəbin direktorunun istəyinə deyil, onların iradəsinə bağlı olmasını sübut etmək məqsədi daşıdığını bir daha təsdiq edir. Hər bir halda, bu məsələ həqiqətən də müəllimlərin iradəsinə bağlı olsa idi, həmin müraciətlər qərardan sonra deyil, ondan əvvəl edilməli idi. Başqa sözlə, qərar qəbul edilən zaman dərs yükünün azlığı ilə bağlı reallıqda hər hansı problem yox idi. O hal da nəzərə alınmalıdır ki, 23.09.2020-ci il tarixdə dərs yükünün artırılması tələbi ilə altı müəllim müraciət etməsinə baxmayaraq, nəticədə iddiaçıdan alınmış dərslər onlardan yalnız 4-nün arasında bölüşdürülmüş və bu zaman yenə də proporsionallıq qorunmamışdır. Belə ki, həmin saatlar dərs yükü nisbətən çox olan SA-ya, NM-ya, Aİ-ya və TÖ-ya verilmişdir. Bu müəllimlərə münasibətdə dərs yükü nisbətən az olan ME və GM müraciətlərinə baxmayaraq, yenə də əlavə dərs yükü ilə təmin edilməmişdilər. Halbuki, əsas məqsəd bu problemi həll etməkdən ibarət olmuşdursa, iddiaçıdan alınmış saatlar ilk növbədə onlara verilməli idi. Cavabdeh bu iki müəllimin digərlərinə münasibətdə daha az ixtisaslı olmasını da bildirmir. EM bundan sonra da, yəni 27.10.2020-ci il tarixdə də məktəbin direktoruna dərs yükünün artırlması barədə müraciət etmiş və həmin müraciətdə dərs yükünün az olması səbəbindən başqa məktəbdə dərs demək məcburiyətində qaldığını, nəticədə yükləndiyini, bu halın onun səhhətinə pis təsir etdiyini bildirmişdir. Halbuki, həmin miqdarda dərs saatı ilə bu məktəbdə təmin olunduğu təqdirdə eyni qaydada yüklənmiş olacaqdır. Bu halın da onun səhhətinə eyni qaydada pis təsir etməsi ilə nəticələnməməsi də sual doğurur. Bu baxımdan həmin müraciət də anlaşılmazdır. 23.09.2020-ci il tarixli müraciətində həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə dərs yükünün artırılmasını xahiş edən GM isə 27.10.2020-ci il tarixli müraciətində artıq başqa, ilk mövqeyinə zidd mövqeydən çıxış edərək (ehtimal olunur ki, qısa müddət ərzində həyat şətaitini artıq müsbətə doğru düzəltmişdir), onda olan mövcud dərs yükünün onda saxlanılmasını xahiş edir. MN və AS isə 27.10.2020-ci il tarixli müraciətlərində onlarda olan, o cümlədən iddiaçıdan alınaraq onlara verilmiş dərs yükünün onlardan alınmamasını xahiş etmişdilər. Halbuki, həmin vaxt onlardan hər hansı miqdarda dərs yükünün alınması ilə bağlı hər hansı problemin olduğu müəyyən edilmir. ÖT və İA isə bu məsələ ilə bağlı məktəbin direktoruna müraciət etmir. Ümumiyyətlə nəzərə alınmalıdır ki, mövcud vəziyyət digər müəllimlərlə müqayisədə maddi baxımdan daha çox iddiaçıya təsir etmiş olur. Hər bir halda, iddiaçı bu saatlara görə uzun illərdir əldə etdiyi əmək haqqından məhrum olmuş olur. O hal da nəzərə alınmalıdır ki, iddiaçıdan dərs yükünün alınmasına baxmayarq, həmin dərslər 16.10.2020-ci il tarixədək iddiaçıda qalmış və iddiaçı tərəfindən tədris edilmişdir. Yalnız bu tarixdən sonra digər müəllimlərə verilmişdir. Bu hal cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi və məktəbin 7 “a” və İX “ç” sinifinin şagirdləri tərəfindən yazılmış ərizələrlə də təsdiq olunur. Belə ki, 7 ”a” sinifinin şagirdləri tərəfindən yazılmış ərizədə şagirdlər 15 sentyabr – 15 oktyabr tarixlrində iddiaçı tərəfindən biologiya fənni üzrə ümumilikdə 5-6 dərsin keçirildiyini bildirir, habelə hazırki biologiya müəllimindən razılıq edir. Təqdim edilmiş digər məlumatda isə məktəbin 7 “a” sinifinin şagirdləri tərəfindən sentyabr ayının 15-dən oktyabr ayının 16-dək biologiya fəni üzrə cəmi bir dəfə dərsin keçirilməsi barədə məlumat verilir (məhkəmə ümumiyyətlə hesab edir ki, bu prosesə nəzarət mexanizmləri (onlayn dərslərlə bağlı qeydiyyat, sinif rəhbərlərinin məlumatı, davamiyyət jurnalı və sair) mövcud olduğundan, məsələnin 7-ci və 9-cu sinif şagirdləri səviyyəsinə çıxarılması, bununla da bu mübahisəyə məktəb şagirdlərin də cəlb edilməsinə hər hansı ehtiyac yox idi). Burdan da belə qənaətə gəlmək olur ki, 27.10.2020-ci il tarixli müraciətlər, habelə sinif şagirdlərinin ərizələri də şuranın 14.09.2020-ci il tarixli qərarının iddiaçıya münasibətdə əsaslı olması və məktəbin direktorunun istəyinə deyil, onların iradəsinə bağlı olmasını sübut etmək məqsədi daşımışdır. Hər bir halda, ötən illər ərzində bu müəllimlərin eyni miqdarda dərs yükünə malik olmalarına baxmayaraq, belə məzmunlu müraciətlərlə məktəbin direktoruna müraciət etməsi halı müşahidə olunmur. Bakı şəhəri üzrə Təhsil İdarəsi də iddiaçının dərs yükü ilə təmin edilməsinin yuxarıda qeyd edilən qaydaların 2.2-ci bəndinə uyğun olmamasını bildirir və onun barəsində qəbul edilmiş qərarın düzgün və qanuni olduğunu vurğulayır. Burdan belə qənaətə gəlmək olur ki, hazırda Binəqədi rayonu üzrə fənn tədrisinə cəlb edilmiş digər 8 məktəb üzrə dərs yükü ilə bağlı hər hansı problem yoxdur və həmin məktəblərdə direktor və direktor müavinlərinin tədrisə cəlb edilməsi qeyd edilən qaydaların 2.2-ci bəndinə tam uyğundur. Halbuki, bu halı araşdırmadan da tam əminliklə və qətiyyətlə demək olar ki, həmin məktəblərin ən azı yarısında da dərs yükü ilə bağlı problem mövcuddur. Bakı şəhəri üzrə Təhsil İdarəsinin hazırda iddiaçıya qarşı bu mövqeydən çıxış etməsi də ona qarşı yol verilmiş ayrı-seçkilik kimi qiymətləndirilməlidir. Bununla belə, məhkəmə göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ötən 30 ilə yaxın müddət ərzində tədris etdiyi və 2016-cı ildən 6 saat təşkil edən biologiya fənni üzrə dərs yükü ondan qanunsuz və əsassız olaraq alınmışdır. Bu səbəbdən iddia tələbi bu hissədə təmin edilməli və iddiaçının “Biologiya” fənni üzrə tədris etdiyi 6 saat miqdarında dərs yükü ona qaytarılmalıdır. Eyni zamanda, bu saatlar ondan əsassız olaraq alındığından 01.11.2020-ci il tarixdən 24.05.2021-ci il tarixədək dövr üçün həmin saatlara görə ödənilməli olan əmək haqqının da ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə onu da qeyd edir ki, bu məsələyə boşdayanma kimi qiymət verilə bilməz. Lakin bu saatlar iddiaçıdan əsassız və qanunsuz olaraq alındığından onların dəyəri iddia tələbi həddində ödənilməlidir. Məhkəmə, bu qəbildən olan iddialar üzrə ödənilməli olan dövlət rüsumunun məbləğini nəzərə alıb, iddia tələbinin “dövlət rüsumunun əvəzinin tutulması” hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 20 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi rayonu 3 nömrəli tam orta məktəbində tədris etdiyi “Biologiya” fənni üzrə 6 saat miqdarında dərs yükünün İddiaçı qaytarılması və 01.11.2020-ci il tarixdən qətnamənin qəbul edildiyi, yəni 24.05.2021-ci il tarixədək dövr üçün həmin dərs yükünə görə nəzərdə tutulmuş əmək haqqının ona ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayonu 3 nömrəli tam orta məktəbinin üzərinə qoyulmalı, ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi cavabdeh Bakı şəhəri Binəqədi rayonu 3 nömrəli tam orta məktəbindən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd eidlməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi rayonu 3 nömrəli tam orta məktəbində tədris etdiyi “Biologiya” fənni üzrə 6 saat miqdarında dərs yükünün İddiaçı qaytarılması və 01.11.2020-ci il tarixdən 24.05.2021-ci il tarixədək dövr üçün həmin dərs yükünə görə nəzərdə tutulmuş əmək haqqının ona ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayonu 3 nömrəli tam orta məktəbinin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi cavabdeh Bakı şəhəri Binəqədi rayonu 3 nömrəli tam orta məktəbindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-3201/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3201/2021
24.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver