Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3244/2022 11.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi İddiaçı Paşayeva (Xəlilova) Leyla Fərman qızının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı Paşayeva (Xəlilova) Leyla Fərman qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Paşayeva (Xəlilova) Leyla Fərman qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə 25 sentyabr 2006cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahlarından 22 may 2007-ci il təvəllüdlü X1 və 22 aprel 2015-ci il təvəllüdlü X2 adlı iki uşaqları dünyaya gəlmişdir. İlk vaxtlar cavabdehlə mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Ailənin qorunması üçün çox cəhdlər etsə də, ailənin saxlanılması qeyri-mümkün idi. Birgə nikahda olduqları müddətdə cavabdeh ilə bir sıra həm daşınar əmlak, həm də daşınmaz əmlaklar almışlar. Cavabdeh1 bilərəkdən qərəzli şəkildə iddiaçı əmlakdan pay tələb etməsin deyə birgə nikah dövründə əldə etdikləri əmlakları başqalarının adına keçirtmiş, həmin əmlakların satılmasından iddiaçının nə xəbəri, nə də ki, razılığı olmuşdur. Belə ki, alqısatqı müqavilələri formal xarakter daşımış, cavabehin buradakı yeganə niyyəti iddiaçının əmlaklardan pay almağına maneə olmaqdan ibarət olmuşdur. Birgə nikah dövründə əldə etdikləri əmlaklardan biri “Toyota Prius” minik markalı, 10DY786 dövlət nömrə nişanlı avtomobil olmuşdur ki, həmin avtomobil 26 iyul 2021-ci il tjarixdə alınmışdır. İddiaçı nikahın pozulması ilə bağlı iddia qaldırdıqdan sonra, onun məlumatı olmadan (hansı ki, həmin vaxt bir yerdə yaşamırdılar və nikahları formal xarakter daşıyırdı, Cavabdeh1 başqa yerdə yaşayırdı və iddiaçı ilə hər hansı bir hesablaşma aparmırdı) formal olaraq 17 yanvar 2022-ci il tarixdə avtomobili dayısının qayını olan Cavabdeh2 adına keçirmiş, aralarında real alqı-satqı müqaviləsi olmamış, avtomobilin qeydiyyat nömrə nişanı dəyişdirilmədən olduğu kimi saxlanılmaqla yenidən Cavabdeh1 adına eyni tarixdə yəni, xx.xx.2022-ci il tarixdə etibarnamə verilmişdir ki, bu da Cavabdeh1 əsl niyyətini ortaya çıxardır. Halhazırdq avtomobil Cavabdeh1 tərəfindən idarə edilir, bir gün belə olsun avtomobilin sahibi dəyişməmişdir. Cavabdeh1 adında olan əmlakları çıxartmaq üçün belə bir işə girişmiş, əslində o, Şakir Babayevə hər hansı bir avtomobil satmamışdır. Qeyd olunanlara əsasən, iddiaçı Cavabdeh1 ilə Cavabdeh2 arasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsində bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş “Toyota Prius” minik markalı ** DY *** dövlət nömrə nişanlı avtomobilin ½ hissədə iddiaçının payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı Paşayeva (Xəlilova) Leyla Fərman qızı məhkəməyə ərizə ilə müraciət edərək, tələbini dəyişmiş, müqavilənin etibarsız hesab edilməsi və avtomobilə payının müəyyən edilməsi ilə bərabər, avtomobilin dəyərinin yarısını da tələb etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Toyota Prius minik markalı, 10DY786 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı Paşayeva (Xəlilova) Leyla Fərman qızı Cavabdeh1 ilə birgə nikahda olduğu müddətdə 16800 manata alınmış və həmin pul iddiaçının atasının yanında avtomobilin satıcısına verilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehlər tərəfindən iddiaya etiraz Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh1 avtomobili rəsmi olaraq Cavabdeh2 6000 manata satmış və o, hal-hazırda həmin pulun yarısını iddiaçıya ödəməkdən boyun qaçırmır. Cavabdeh1 iddia ərizəsin müqavilənin ləğvinə dair hissəsinə etiraz edir. Belə ki, Cavabdeh2 vicdanlı əldə edəndir və tərəflərin ailə münasibətlərindən məlumatsız idi. Ona görə də, cavabdehlər iddia ərizəsinin qismən təmin edilməsini – alqı-satqı müqaviləsinə əsasən əmlakın dəyərinin yarısının iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı Paşayeva (Xəlilova) Leyla Fərman qızının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, Cavabdeh1 iddiaçıya birdəfəlik 17000 manat ödədiyi təqdirdə, iddiaçı həm hazırkı iddiasından, həm də aliment tələbindən imtina etməyə razıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında məhkəməyə bildirdi ki, o, avtomobili xx.xx.2022-ci il tarixdə qohumu olan Cavabdeh2 6000 manata satmışdır. Belə ki, avtomobilin müəyyən problemləri var idi və Cavabdeh2 avtomobili alandan sonra ona xərc qoyaraq, həmin problemləri aradan qaldırmalı idi. Onun pula ehtiyacı olduğuna və taksi sürücüsü kimi fəaliyyət göstərərək çörək pulu qazandığına görə, Cavabdeh2 ona yaxşılıq edərək maşını onun istifadəsində saxlamış, avtomobili aldığı tarixdə ona etibarnamə vermiş, o da indi hər ay 300 manat icarə haqqını Cavabdeh2 ödəyir. Qohum olduqlarına görə, buna dair aralarında hər hansı müqavilə yoxdur. İddiaçıya razılığa gəlməyə çox çalışmışdır. İndi də bunun tərəfdarıdır. Lakin 5000 manatdan artıq iddiaçıya pul ödəyə bilməz. Onu da birdəfəlik deyil. Belə ki, gündəlik əldə etdiyi cüzi qazancdan başqa onun hər hansı gəliri yoxdur. Uşaqlarının alimentini belə ödəməyə çətinlik çəkir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot məlumatlarından görünür ki, Toyota Prius minik markalı, 10DY786 dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021ci il tarixdə Cavabdeh1 şəhadətnamə verilmiş, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən avtomobil adından qeydiyyatdan çıxmış və xx.xx.2022-ci il tarixdə xx.xx.2023-cü il tarixədək avtomobilin yeni mülkiyyətçi Cavabdeh2 tərəfindən Cavabdeh1 etibarnamə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Toyota Prius minik markalı, 10DY786 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Cavabdeh1 tərəfindən Cavabdeh2 6000 manata satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5210 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərdən, yerli internet saytları və eləcə də Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərardadda qeyd edilən 2010-cu il buraxılışlı tünd boz metallik rəngli, “Toyota Prius” markalı, 10DY786 dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə hal-hazırda və 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 17500 manat, likvid qiyməti təxminən – 16000 manat, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Hesabat”da qeyd edilən qüsurlar (Hesabatda təmirə ehtiyacı olan hissələrə çəkilməli olan xərclər öz əksini tapmamışdır) nəzərə alındıqda orta bazar qiyməti təxminən 16000 manat, likvid qiyməti təxminən – 14500 manat müəyyən olunur”. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Toyota Prius minik markalı, 10DY786 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı Paşayeva (Xəlilova) Leyla Fərman qızı ilə Cavabdeh1 birgə nikahı dövründə alınmış və tərələr boşanma ərəfəsində olduğu müddətdə Cavabdeh1 tərəfindən qohumu Cavabdeh2 satılmışdır. İddiaçı həmin alqı-satqının formal olduğunu bildirir və faktiki olaraq avtomobilin Cavabdeh1 istifadəsində qalmasını iddia edir. Cavabdeh1 avtomobilin onun istifadəsində qalmasını inkar etmir, lakin bunun əsası olaraq ona istinad edir ki, o, satdığı avtomobildən istifadə etdiyinə görə Cavabdeh2 hər ay icarə haqqı ödəyir. Məhkəmə iclasında Cavabdeh1 Paşayeva (Xəlilova) Leyla Fərman qızına 5000 manat ödəməyə razı olduğunu bildirmiş, Paşayeva (Xəlilova) Leyla Fərman qızı bununla razılaşmamış və Cavabdeh1 tərəfindən ona birdəfəlik 17000 manat ödənildiyi təqdirdə, həm hazırkı iddiadan, həm də aliment tələbindən imtina edəcəyini bildirmiş, lakin Cavabdeh1 buna imkanının olmamasını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə müvafiq olaraq, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci madəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1. əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2. əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli və ekspert rəyi ilə müəyyən edilmiş bazar dəyərinin yarısı – 8.000 manat məbləğində pul Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Avtomobilin xx.xx.2022-ci il tarixdə Cavabdeh1 tərəfindən qohumuna real olaraq 6000 manata satılması inandırıcı deyil. Belə ki, ekspert tərəfindən müəyyən edilmişdir ki, Toyota Prius markalı, 10DY786 dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli hesabatda qeyd edilən qüsurlar nəzərə alındıqda orta bazar qiyməti təxminən 16000 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli olan məbləğin müəyyən edilməsi üçün müqavilədə qeyd olunan qiymət deyil, ekspert rəyi əsas götürülməlidir. Belə ki, Cavabdeh1 iddiaçının payını da sonuncunun razılığı olmadan satdığı halda, avtomobili daha aşağı qiymətə təqdim edə bilərdi və müqavilədəki qiymətin avtomobilin real dəyərini əks etdirməməsi ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, iş materiallarından göründüyü kimi, iddiaçı həm satılmış avtomobilin dəyərinin yarısını tələb edir, həm də alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə, avtomobilə payının müəyyən edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, hüquqi müəyyənlik və mülki dövriyyənin sabitliyi prinsipləri baxımından, iddianın qismən – məhz avtomobilin bazar dəyərinin yarısının Cavabdeh1 tutularaq iddiaçı Paşayeva (Xəlilova) Leyla Fərman qızına ödənilməsi hissəsində təmin edilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 8000 manat məbləğində pul Cavabdeh1 tutularaq iddiaçı Paşayeva (Xəlilova) Leyla Fərman qızına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 8000 (səkkiz min) manat məbləğində pul və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı Paşayeva (Xəlilova) Leyla Fərman qızına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-3244/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3244/2022
11.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver