Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3254/2023 20.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, Cavabdeh oğlunun iştirakı ilə İddiaçı Cavabdeh oğluna qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlunun sağlamlığına vurduğu ziyana görə 2000 manat, mənəvi zərərin əvəzi kimi 3000 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 2007-ci il təvəllüdlü oğlu Nihad Hüseynlini 20 fevral 2018-ci il tarixdə saat 03-04 (günorta) radələrində qonşuluqda yaşayan Xəyyam və Ömər adlı uşaqların atası – cavabdeh bir neçə dəfə sillə ilə vurmuş, əli ilə üzündən tutaraq qaldırmış, hədələmişdir. İddiaçının oğlu bərk qorxmuş, üzü şişmişdir. Nəticədə Nihada həm maddi, həm də mənəvi ziyan dəymişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, əlavə olaraq izahatında göstərmişdir ki, övladına yetirilmiş xəsarət nəticəsində sağlamlığı uzun müddətli pozulmuş, uşağı psixoloji sarsıntı keçirmiş, mütəmadi olaraq müalicə olunmuş, bunun üçün bütün xərcləri o özü çəkmiş, cavabdeh ona heç bir maddi yardım göstərməmişdir. Sonda iddiaçı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərmişdir ki, təxminən 5-6 il bundan əvvəl o, həyətdə oğlu Xəyyamın başqa uşaqla dalaşdığını görmüş, onları ayırmış, hər iki uşağa öyüd-nəsihətlər vermiş, sonradan öz oğlunu evə aparmışdır. Həmin vaxt o, iddiaçının oğlunu vurmamışdır. Bu fakt polisdə araşdırma zamanı da öz təsdiqini tapmış, uşaqda heç bir xəsarət əlamətləri müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilmişdir. Sonda cavabdeh iddianın əsassız hesab edilərək, ləğv edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın təmin edilməsi üçün əsas yoxdur. Belə ki, sübut olaraq məhkəməyə təqdim edilmiş 20 fevral 2018-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki: - İddiaçı ərizə ilə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirmişdir ki, 20 fevral 2018-ci il tarixdə, saat 03-04 radələrində qonşuluğunda yaşayan Xəyyam və Ömərin atası onun oğlu Nihad Hüseynliyə bir neçə sillə vurmuşlar. Həmin şəxslər barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. - Cavabdeh oğlu izahatında bildirmişdir ki, 20 fevral 2018-ci ildə dayısı oğlu Xəqani və 1-2 yoldaşı onlara qonaq gəlmişlər. Onları yola salan zaman həyətdə bir uşağın onun oğlu Xəyyamı döydüyünü görmüş, onları ayırmışdır. Lakin, heç kimi sillə ilə vurmamış, üzündən tutmamışdır. - Məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 2007-ci il təvəllüdlü Nihad Hüseynlinin bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. - Material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırki halda iddiaçı oğlunun 2018-ci ildə cavabdeh tərəfindən döyülməsi nəticəsində aldığı xəsarətlərə görə cavabdehdən zərərin əvəzi kimi 2000 manat pul tələb etsə də, mülki iş materiallarında iddiaçının oğluna xəsarət yetirilməsi ilə bağlı sübuta rast gəlinmir. Məntiqi davamlılıq olaraq, zərərin ödənilməsinin təmin edilməsi üçün yuxarıda sadalanan hüquqi əsaslar da müəyyən edilmədiyindən iddia bu hissədə tam əsassızdır və təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu məqamda məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə oğlunun müayinə-müalicə xərcləri ilə bağlı tibbi sənədlərin surətlərini təqdim etsə də, həmin sənədlər nəzərdən keçirilərkən onların 2022-ci ili əhatə etdikləri müəyyən edilir. Həmçinin sənədlərdə göstərilən müalicələrin 2018-ci ildə baş verdiyi iddia edilən hadisə ilə səbəbli əlaqəsinin olması sübuta yetirilmir. İddia tələbinin mənəvi zərərin tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. ... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. ... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddiaçı iddia tələbində cavabdehdən ona vurulmuş mənəvi zərərin əvəzi kimi pulun tutulmasını xahiş etsə də, mənəvi zərərin nədə ifadə olunması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyindən iddia mənəvi zərərin əvəzinin tutulması hissəsində rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, mənəvi zərərin ödənilməsi tələbi iddiaçının oğlunun cavabdeh tərəfindən döyülməsi nəticəsində qorxması ilə əlaqələndirilsə də, cavabdeh tərəfindən iddiaçıya (onun oğluna) qanunsuz hərəkət (və ya hərəkətsizlik) edildiyi (övladını döyməsi kimi) sübuta yetirilmədiyindən, cavabdehin sübuta yetirilməyən hərəkətinə görə iddiaçıya mənəvi zərər vurulması ağlasığmazdır. Digər tərəfdən, 2018-ci il törədildiyi iddia edilən hərəkət (cavabdehin iddiaçının oğlunu döyməsi) nəticəsində vurulmuş mənəvi zərərin məbləğinin 5 ildən sonra hansı əsasla 3000 manat qiymətləndirilməsi də məhkəməyə aydınlaşdırılmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh oğluna qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3254/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3254/2023
20.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver