Məhkəmə qərarları › İş №2(001)-3255/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3255/2020

28.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3255/2020 28.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, ilk iddia üzrə İddiaçı və onun nümayəndəsi və vəkili X2, İlk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “evin açıq hərracda satılaraq payalara mütanasib şəkildə bölünməsi” tələbəni dair ilk, habelə Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “kompensasiya ödənilməklə cavabdehin mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Axundov küçəsi 9 saylı evin (39,90 kv.m) açıq hərracda satılması, satışdan əldə olunan məbləğin paylara mütənasib şəkildə 4/18 hissəsinin Cavabdeh1, 7/18 hissəsinin Cavabdeh2 və 7/18 hissəsinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia verərək Bakı şəhəri, Binəqədi rayonu, Axundov küçəsi 9 saylı evin 7/18 pay hissəsi üçün İddiaçı 23334 manat kompensasiya ödənilməklə cavabdehin həmin hissəyə olan mülkiyyət hüququna xitam verilməsi və ilkin iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 ilk iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddia tələbində göstərilən mənzil üzərində Cavabdeh2 7/18 hissədə, İddiaçı Fəxrədin oğlunun 7/18 hissədə, Cavabdeh1 4/18 hissədə pay hüquqları dövlət qeydiyyatına alınmışdır. Mülkiyyət hüququ vərəsəlik qaydasında əldə edilmişdir. Cavabdehlər həmin ünvanda yaşamırlar. Belə ki, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi, ev 14 ünvanında, Cavabdeh2 isə Abşeron rayonu, Saray qəsəbəsində yaşayır. Onların mübahisə predmeti olan mənzillə heç bir əlaqələri yoxdur. Mənzil ümumilikdə 39,9 kv.metr sahəli olmaqla paylara mütənasib şəkildə naturada bölünməsi mümkün deyildir. İddiaçının sifarişi ilə evin hazırki bazar dəyəri ekspert tərəfindən 60000 manat müəyyən edilmiş, həmin məbləğin iddiaçıya düşən 23334 manat hissəsini ona ödəməklə iddiaçı öz payını cavabdehlərə təklif etsə də, cavabdehlər buna etiraz etmişlər. Hazırda həmin məsələni yenidən reallaşdırmaq məqsədilə cavabdehlər qarşılıqlı iddia vermiş, İddiaçı mülkiyyət hüququna xitam verilməsini istəyirlər. Halbuki, bunu etməmişdən əvvəl cavabdehlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220 və 221-ci maddələrinin tələblərini icra etməli, yəni mülkiyyət payının alınması üçün rəsmi qaydada İddiaçı müraciət ünvanlamalı, müraciətlərinin qəbul edilməsinə dair sənədi məhkəməyə təqdim etməli, İddiaçı müraciətə imtina cavabı vermiş olsaydı məhkəməyə müraciət etməli idilər. Cavabdehlər isə bu qaydalara riayət etməyərək birbaşa məhkəməyə müraciət etmişlər. Sonda N.N.Quliyeva məhkəmədən göstərilənləri nəzərə alıb ilk iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını, iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi Vəkil ilk iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, mənzil paylı mülkiyyətdir və Cavabdeh1 və Cavabdeh2 həmin mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişlər. Buna görə də, həmin mənzil satıla bilməz. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi ev 9 üzərində Cavabdeh2 7/18 hissədə, İddiaçı Fəxrədin oğlunun 7/18 hissədə, Cavabdeh1 4/18 hissədə pay hüquqları dövlət qeydiyyatına alınmışdır. X1 xx xxx 2020-ci il tarixli, 235 nömrəli rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi, 9 saylı ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçilər arasında onların müvafiq olaraq 4/18 və 7/18 payına müvafiq olaraq naturada bölünməsinin İnşaar Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və motedik vəsaitini tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi, ev 9 ünvanında payçıların hissələri eyni dam altında yerləşdiyindən və yükgötürən divarlar eyni olduğundan bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır. “xxxxxxxx” Hüquq və Qiymətləndirmə Şirkətinin xx xxxx 2020-ci il tarixli arayışında qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Axundov küçəsində yerləşən 9 saylı evin bazar qiyməti 60000 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (220.5). Bu Məcəllənin 220.3220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220.6). Göründüyü kimi mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Hazırki iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli evə dair payları müəyyən edilmişdir. İşin məhkəmə baxışı zamanı mübahisəli evdən istifadəyə dair tərəflər arasında razılığın olmaması, habelə onun naturada bölünməsinin mümkünsüzlüyü müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, paylı mülkiyyətin açıq hərracda satılaraq satış pulunun paylara uyğun bölünməsi barədə ilkin iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Bununla yanaşı, qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Həmin Məcəllənin 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Qarşılıqlı iddia üzrə iddiaçıların payın qiyməti və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətçi olan İddiaçı yazılı bildirişin verilməsi, onun məsələyə qanunla müəyyən edilmiş müddətdə münasibət bildirməsi işin məhkəmə araşdırılması ilə təsdiq olunmur. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Axundov küçəsi 9 saylı ev açıq hərracda satılmalı, əldə edilən vəsait 4/18 hissədə Cavabdeh1, 7/18 hissədə X6 və 7/18 hissədə İddiaçı arasında bölünməlidir. İlk və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumları hər iki iddia üzrə iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “evin açıq hərracda satılaraq payalara mütanasib şəkildə bölünməsi” tələbəni dair ilk iddiası təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Axundov küçəsi 9 saylı ev açıq hərracda satılaraq, satışdan əldə edilən gəlir paylara mütənasib şəkildə 4/18 hissədə Cavabdeh1, 7/18 hissədə Cavabdeh2 və 7/18 hissədə İddiaçı ödənilsin. Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı "kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi" tələbinə dair qarşılıqlı iddiaları rədd edilsin. İlk və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar