Məhkəmə qərarları › İş №2(001)-3257/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3257/2023

05.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3257/2023 05.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı(iddia qəyyumu X5 tərəfindən verilmişdir) cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X6rşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı qəyyumu vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən M-l Bakı-Quba- Rusiya Federasiyası ilə Dövlət sərhədi avtomobil yolunun tikinti layihəsinə əsasən Xaçmaz rayonu yeni Sudur kəndində yerləşən İddiaçı əmlaklarına dəymiş maddi və mənəvi ziyanın qarşılığında ödənilmiş 7773.48 manat kompensasiya məbləğinin Azərbaycan Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən 2012-ci ildən 2022-ci il tarixinə kimi inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinin dəyişməsi ilə əlaqədar olaraq dəymiş zərərə görə 6348.65 manat pulun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 84 manat dövlət rüsumunun mənə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, avtomobil yolunun tikinti layihəsinə əsasən yeni avtomobil yolunun tikintisi ilə əlaqədar maddi və mənəvi ziyanın qarşılığında xx.xx.2022-ci il tarixində cavabdehlə iddiaçı arasında kompensasiya ödənilməsinə dair 6 ədəd müqavilə bağlanmışdır. Avtomobil yolunun tikinti layihəsi 2011-ci il tarixində layihələndirilmiş və 2012-ci ilin fevral ayından həmin avtomobil yoluna düşən şəxslərin mülkiyyətində olan torpaq və bağ sahələri cavabdeh tərəfindən kompensasiya ödənilməklə satın alınmışdır. 2012-ci ildə həmin kompensasiya məbləğini ala bilməmişdir. Bu barədə dəfələrlə cavabdeh orqana müraciət etməyinə baxmayaraq nəhayət xx.xx.2022-ci il tarixdə 7773.48 manat kompensasiya ödənişini almışdır. Halbuki kompensasiya məbləği 2012-ci il tarixində ödənilməli idi. Odur ki, inflyasiya dərəcələrinə müvafiq olaraq 10 il üçün dəymiş maddi zərəri tələb edir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdehin ona 2012-ci il tarixdə verməli olduğu kompensasiya məbləğini 10 il sonra, yəni 2022-ci ildə aldığına görə inflyasiya dərəcəsinə uyğun olaraq dəymiş maddi ziyan tələb edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Avtomobil Yolları X1 1.1-ci bəndindən görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının (bundan sonra – avtomobil yolları), habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində (bundan sonra - müvafiq sahədə) fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir 2.1-ci bəndindən görünür ki, Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsindən, avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının (keçidlər, qurğular, tikililər və avadanlıqlar) layihələndirilməsindən, tikilməsindən, istismarından, bərpasından, təmirindən, yenidən qurulmasından, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasından və onların vəziyyətinə nəzarət edilməsindən, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə yerinə yetirilməsindən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın V bəndinə görə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan hesab edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin hərəkətləri publik hüquq münasibətlərindən irəli gəldiyindən və onun hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan hazırki iddia ərizəsinin mülki məhkəmə icraatı mümkün deyildir. Bununla yanaşı qeyd edilməsini zəruri hesab edirəm ki, X3 sistemindən sorğulanmış məlumata əsasən müəyyən edilmişdir ki, iddiaçı eyni tələblə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və onun iddiası məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2284/2023 saylı qərardadı ilə mümkün sayılmamışdır. Həmin qərardadda qeyd edilmişdir ki, müqavilə öhdəliklərinin icra edilməsi ilə bağlı mübahisə hüquqi təbiəti baxımından mülki-hüquqi mübahisə olduğundan məhkəmə icraatı mümkün deyildir. Lakin qeyd etməliyəm ki, hazırki halda iddiaçının tələbi müqavilə münasibətlərindən irəli gəlməyərək, cavabdehin 2012-ci ildə ödəməli olduğu kompensasiya məbləğini ödəməyərək hərəkətsizlik göstərməsi nəticəsində vurulmuş zərərlə bağlıdır. Odur ki, inzibati məhkəmənin mümkünsüzlüklə bağlı qərardadı mülki işə baxan məhkəmə üçün preyudisial deyildir və hazırki iddia ərizəsinin məhkəmə icraatını mümkün etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinəəsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə məhkəmə ödənilmiş dövlət rüsumunu geri qaytarır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı, iddiaçıya inzibati məhkəmənin mümkünsüzlükə bağlı qərardadından şikayət vermək hüququnun və ya ümumi qaydada yenidən inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İddia ərizəsinin icraata qəbulundən imtina edildiyindən, iş üzrə ödənilmiş 86 manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264cü, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X6rşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. Qərardad iddia ərizəsinə əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilsin. İddiaçıya inzibati məhkəmənin mümkünsüzlükə bağlı qərardadından şikayət vermək hüququnun və ya ümumi qaydada yenidən inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə ödənilmiş 86 (səksən altı) manat məbləğində dövlət rüsumu ödənişi edən X4 geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar