Məhkəmə qərarları › İş №2(001)-3263/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3263/2020

12.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3263/2020 12.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə və Cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiaərizəsiiləməhkəməyəmüraciətedərək, Cavabdeh ilə aralarında notarial qaydada xx xxxxxx 2020-ci il tarixdə bağlanmış podrat müqaviləsinin ləğvini, həmin müqaviə ilə Cavabdeh verdiyi 8.000 manat pul vəsaitini, cavabdehin günahi ucbatından əlavə xərclədiyi 1.114 manatın, cəmi 9.114 manat pul vəsaitinin Cavabdeh alınaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx xxxxxx 2020-ci il tarixdə özünə ev almaq məqsədi ilə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən ev alqısatqısı ofisinə gəlmiş, həmin ofisin maklerləri Şəmi və Asif adlı şəxslərlə görüşüb ev almaq istədiyini bildirmişdir. Onlar ona bildirmişlər ki, Binəqədi rayonu, Xocəsən qəsəbəsində Vüqar və Xavər xanım adlı şəxslər ev tikib satmaqla məşğuldular. Onlar onu Xocəsən qəsəbəsində yeni tikilmiş bir evin həyətinə gətirdilər. Vüqarla Xavər xanımda gəlmişdilər. Onlar birlikdə evə baxış keçirib qiymət danışdılar. Vüqarla Xavər xanım bildirmişdir ki, evi tam təmir etdirib qaz, su, işıq və s. çəkdirib, 38.000 manata ona satacaqlar. O, evin sənədinin olub-olmaması barədə maraqlananda onlar bildirmişlər ki, Xocəsən Bələdiyyəsində birbaşa onun adına torpaq sənədi alıb verəcəklər. Şəmi və Asifin iştirakı ilə Vüqarla Xavər xanıma 2.000 manat beh vermişdir. Asiflə Şəmiyə isə 300 manat zəhmət haqqı olaraq vermişdir. Bir neçə gündən sonra Vüqar ona bildirmişdir ki, evin təmiri üçün əlavə 6000 manat pul verməlidir. Onlar razılaşaraq, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində saylı notarial kontoruna gəlmiş, aralarında notarial qaydada 8.000 manat pul məbləğini cavabdehə ödəməklə podrat müqaviləsi bağlamışlar və o, 8.000 manatı sayaraq cavabdehə vermişdir. Əvvəl beh olaraq verdiyi 2.000 manat məbləğində pulu həmin 8.000 manatdan cavabdeh ona geri qaytarmışdır. Bir neçə gündən sonra Vüqar ona zəng edib bildirmişdir ki, evin qaz xətti çəkilib və sayğac quraşdırılıb, gedib baxa bilər. O, sayğaca baxdıqda görmüşdür ki, sayğac köhnədir, üstündə kod var. O, həmin kodu götürüb birbaşa qaz idarəsinə getmiş və orda ona məlum olmuşdur ki, həmin kod Sulutəpə qəsəbəsində yaşayan başqa bir qadın abonentinin adınadır. O, həmin qadının nömrəsini tapıb, zəng edərək sayğacını geri götürməsini tələb etmiş, cavabdeh isə onun bu hərəkətindən əsəbləşərək bildirmişdir ki, altı ay həmin qadına aid olan koddan istifadə etməlidir, daha sonra ona kod veriləcək. O, cavabdehin bu hərəkətlərindən şübhələnərək sənədlə bağlı birbaşa Bələdiyyəyə getmiş və Bələdiyyə binasının həyətindən telefonla zəng edərək Vüqarı, Asif və Şəmini ora dəvət etmişdir. Onlar oraya gəlmiş, onu bayırda qoyaraq içəri girib kiminləsə söhbət etdilər. Sonra onu Əliyeva Röyalə Əli qızı adlı bələdiyyə işçisinin yanına dəvət etdilər. Röyalə xanım bildirdi ki, o, 2018, 2019 və 2020-ci illərin kommunal xərclərini ödəməlidir. O isə bildirmişdir ki, ev hələ təzə tikilmişdir və o, orada yaşamamışdır. Röyalə xanım bildirmişdir ki, onlar ona kupça (çıxarış) verəcəklər, ona görə də başqa cür mümkün deyil. O da 250 manat pulu qəbzlə ödəmişdir. Sonra Röyalə xanım bildirmişdir ki, o, evin eksiz layihəsinin hazırlanması üçün ona 464 manat pul verməlidir. O da 464 manat pulu Röyalə xanıma vermişdir. Vüqar, Şəmi və Asif getdikdən sonra o, bələdiyyədə bir işçiyə yaxınlaşıb başına gələnləri danışmış və bildirmişdir ki, onlar ona torpaq sənədi verməlidirlər. Onlar ona bildirmişdir ki, Vüqarla, Xavər xanım Xocəsən qəsəbəsində özbaşına torpaq zəbt edib ev tikib satmaqla məşğuldular. Xavər xanım Vüqarın anasıdır, Röyalə xanımda onlarla əlbirdir, ona heç bir sənəd verməyəcəklər, özlərinin tanış firması var orada da ona kupça (çıxarış) əvəzi evin eskiz layihəsini çəkdirib verəcəklər. O, həmin dəqiqə Daxili İşlər Nazirliyinin 102 xidmətini yığmış və bu olanlar haqqında məlumat vermişdir. Onlar onu Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinə getməyini məsləhət bilmişlər. Polis bölməsində təhqiqat aparıldıqdan sonra cavabdehlə onun arasında notarial qaydada podrat müqaviləsi olduğu üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ona verərək, mülki qaydada məhkəməyə müraciət etməsini bildirmişlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Daha sonra Cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2020-ci il tarixli podrat müqaviləsinin ləğvi nəticəsində, sifarişçinin sifarişdən imtina etməsi nəticəsində müqavilə üzrə ona vurulmuş 31.800 manat məbləğində maddi zərərin, ödənilmiş 30 manat dövlət rüsumunun və 1.000 manat mənəvi zərərin cavabdeh X1 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, sözü gedən yaşayış sahəsini yaşayış üçün tam hazır vəziyyətə gətirməsinə baxmayaraq sifarişdən əsassız olaraq imtina etmişdir. Cavabdehin ilkin iddia ərizəsində qeyd etdiyi xüsusatların heç biri podrat müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliklərin icrası ilə bağlı olmamışdır. Belə ki, o, müqavilə üzrə üzərinə düşən öhdəliyi tam yerinə yetirərək evi tikib tam hazır vəziyyətdə təmirli olaraq İddiaçı təqdim etmiş, lakin İddiaçı müqavilə üzrə öhdəlik daşımadığı bir sıra məsələləri işıqlandıraraq sifarişi təhvil almaqdan və ödənişi etməkdən imtina etmişdir. Müqavilənin 1ci maddəsindən də görüldüyü kimi öz materiallarından istifadə etməklə o, evi tikmiş və təmir edərək yaşayış üçün tam hazır vəziyyətə gətirmişdir. İddia ərizəsindən də aydın şəkildə görünür ki, ev tam təmir edilmişdir. Belə ki, cavabdehin sifarişi əsasında 150 kv metr də 8.20 metr hündürlüyündə 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evini tikmiş və həmin evin tikintisində dəyəri 2.500 manat olan kombi, 8 ədəd istilik qovşağı (radiatr), ümumi dəyəri 900 manat olan 6 ədəd qapı, dəyəri 1.440 manat olan kafel-metlax, 1 kv metr 5 manat olmaqla dəyəri 40 manat olan 8 metr Prila, 3.400 manat molyar pulu, 250 manat dəyərində istilik polu, 1.400 manat santexnik, ümumi dəyəri 1.600 manat olan 2 hamam və tualet, bütün otaqların santexniki, 4 otağın oboyu, 2 kolidor, 2 mətbəx, oboy üçün kley 25 ədəd – 175 manat, 400 manat qaz çəkilişi, 120 manat su sayğacı, 250 manat işıq sayğacı, 180 manat dəyərində aksessuarlar, 180 manat dəyərində 2 ədəd unitaz, 153 manat univalnik, 1-ci mərtəbəyə mebel plastik qapı - 250 manat, həyətin abrisofkası - usta pulu 200 manat, 2-ci mərtəbənin polu 200 manat, lak, dolğu, şkulka, kist, rolik 280 manat və digər bir sıra xərclər çəkmiş, evin əsaslı təmirində İddiaçı mütəmadi olaraq gəlib öz zövqü ilə qapı və digər avadanlıqların alınmasında, quraşdırılmasında öz tapşırıqlarını vermiş, hətta tərəfindən alınmış ağ qapıları belə onun istəyi ilə sonradan dəyişdirmişdir. Göründüyü kimi İddiaçı onun bu qədər vəsait sərf etməsinə və xərc çəkməsinə baxmayaraq sonradan müqavilədə nəzərədə tutulmayan öhdəliklərin icra edilməməsində onu günahkar görmüşdür. İddiaçı müqavilədə belə bir öhdəlik götürməməyinə baxmayaraq onu qaz xəttinin çəkilişindəki qüsurlarda ittiham edir. Aralarında bağlanmış müqavilədə onun belə bir öhdəliyi olmamışdır ki, o, sifarişçinin adına qaz xətti çəkməlidir. Bu əlavə tapşırıqdır və bunun üçün nə onlar razlığa gəlmiş, nədə ki sifarişçi tərəfindən ona hər hansı bir əlavə ödəniş olunmuşdur. Sifarşçi evi tam əsaslı təmir etdirərək sonradan müxtəlif bəhanələr ilə ödənişi etməkdən imtina etməsi ona əsaslı şəkildə zərər vurmuşdur. Sifarişçi ondan irəli gəlməyən səbəblərdən sifarişi qəbul etməmiş, təqsir onun özündə olmuş, o, üzərinə düşən öhdəliklərini yerinə yetirmiş, buna baxmayaraq sifarişçinin əlavə müqavilə bağlanmadan və əlavə ödəniş olunmadan ondan müqaviləni ləğv etməsi üçün qərəzli olaraq müqavilədə nəzərdə tutulmamış öhdəliklərini icra etməsini tələb etmişdir. Bu isə qanunsuzdur, onun bu hərəkətləri ona əsaslı şəkildə maddi zərər vurulması ilə nəticələnmişdir. Göstərilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa izahat verərək iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, məhkəmədə iddia qaldırdıqdan sonra cavabdeh 1.800 manat məbləğində pul ödəmiş və qalan məbləği də hissə-hissə ödəməyi vəd etmiş, lakin sonradan bunu etməmişdir. Aldığı evi cavabdeh sonra başqa adama 38.000 manata satmışdır. Evi alan adamı məhkəməyə ifadə verməyə dəvət etsə də, xəstə olduğundan gələ bilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi eyni məzmunlu izahat verərək iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi qarşılıqlı iddianı müadiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmuna uyğun izahat verdi və ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin məhkəmənin suallarına cavab olaraq bildirdi ki, cavabdehə məxsus ev təmirsiz vəziyyətdə olmuş, iddiaçıya həmin evi təmir etdikdən sonra iddiaçıya təhvil verəcəkmiş. Həmin ev hazırda da cavabdehin sahibliyindədir və hər hansı şəxsə satılmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qimən təmin olunmalı, qarışılıqlı iddia isə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Cavabdeh (birinci tərəf)ilə İddiaçı (ikinci tərəf) arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli podrat müqaviləsindən görünür ki, birinci tərəf öz materiallarından istifadə etməklə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ünvanında yerləşən tikinti sahəsi 150 kv.m təşkil edən 8.20 metr hündürlüyü, birinci mərtəbəsində və ikinci mərtəbəsində 3.10 metr tavan hündürlüyü olan olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1ci bəndinə əsasən hazırki müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 38.000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 8.000 manat məbləğini müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsilə ödəyib, qalan 30.000 manatı isə 45 gün müddətinə ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən bələdiyyəyə əmlak vergisi üçün 150 manat məbləğində vəsait ödənilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli məişət tullantılarının daşınması üçün mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən MMC-nin hesabına 100 manat məbləğində vəsait ödənilmişdir. Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarın surətindən görünür ki, vətəndaş İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan qərardan görünür ki, araşdırma zamanı Cavabdeh izahatında Asif və Şəmsi adlı maklerlərə evinin satılması üçün müraciət etdiyini, Sulutəpə qəsəbəsində yerləşən evini satmaq istədiyini, qeyd edilən evi 45.000 manata satışa qoymasını, daha sonra onların müştəri qismində “Fariz” adlı şəxsi evə gətirdiklərini, Farizlə evi 38.000 manata razılaşdıqlarını, daha sonra Asif və Şəmsinin iştirakı ilə ev alqı-satqı ofisində Farizin ona 2.000 manat beh verdiyini, bundan sonra ondan 6.000 yenə istədiyini, çünki ona 8.000 manat lazım olduğunu, daha sonra Fariz, Asif və Şəmsi ilə 43 saylı notariusa yaxınlaşdıqlarını, burada aralarında podrat müqaviləsi bağlandığını, notariusun yaxınlığında olan bankdan Farizin vasitəsilə əlavə 6.000 manat pulu götürdüyünü, bundan sonra aralarında problem yaranmağa başladığını, belə ki, onun evə çəkdiyi qazı Farizin bəyənmədiyini, Farizin öz ərazisi üzrə qaz hesabı istədiyini, bundan sonra Farizin evi almamaq qərarına gəldiyini, artıq ondan verdiyi 8.000 manat pulu geri istədiyini, lakin qeyd edilən məbləği Farizin sifarişi üzrə tikinti işlərinə xərcləməsini, evin işlərinin bitməsinə 10 gün qalmış Farizin bu cür hərəkət etdiyini, qeyd edilən 8.000 manat pulu Farizə yalnız evi başqa müştərilərə satdıqdan sonra verə biləcəyini qeyd etmişdir. Qeyd olunan qərardan həmçinin görünür ki, İddiaçı izahatında göstərmişdir ki, əsas şikayəti 43 saylı notariusda Cavabdeh verdiyi 8.000 manat pulla bağlıdır, nəticə olaraq 8.000 manat pulu geri tələb edir, əlavə ödənən 1014 manat xərclərlə bağlı narazılığı yoxdur. X2 izahatından görünür ki, iddiaçı ona əmək haqqı qismində 300 manat pul vermişdir. Əliyeva Röyalə Əli qızı isə izahatında bildirmişdir ki, iddiaçı 464 manat məbləğində dövlət rüsumu ödəmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli podrat müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin sonuncu vərəqəsində Cavabdeh imza etməklə qeyd etmişdir ki, bu müqavilədə nəzərdə tutulmuş 8.000 manat puldan 1.800 manatı İddiaçı vermiş, qalan 6.200 manatı 6 ay müddətində qaytarmağa söz vermişdir. İddiaçı da imza etməklə qeyd etmişdir ki, Cavabdeh 1.800 manat almış, qalan 6.200 manatın 6 ay müddətinə ödənilməsinə etiraz etmir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında xx xxxxxx 2020-ci il tarixli podrat müqaviləsi imzalanmış, müqaviləyə əsasən cavabdeh öz materiallarından istifadə etməklə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ünvanında yerləşən tikinti sahəsi 150 kv.m təşkil edən 8.20 metr hündürlüyü, birinci mərtəbəsində və ikinci mərtəbəsində 3.10 metr tavan hündürlüyü olan olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə iddiaçıya təhvil verməyi, iddiaçı isə isə həmin fərdi yaşayış evini qəbul edərək 38.000 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. Həmin məbləğin 8.000 manatı iddiaçı tərəfindən cavadehə ödənilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən X3 300 manat, Əliyeva Röyalə Əli qızına 464 manat, bələdiyyəyə əmlak vergisi olaraq 150 manat və “xxxx” MMC-yə 100 manat, ümumilikdə 1014 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən podrat müqaviləsi bağlanarkən cavabdehin niyyəti faktiki sahiblik etdiyi evi təmir edərək iddiaçıya satmaq, iddiaçının niyyəti isə həmin evi almaq olmuşdur. Tərəflərin razılığına əsasən evin dəyəri 38.000 manata qiymətləndirmiş və həmin məbləğin 8.000 manatı iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Qeyd olunan hallar tərəflərin məhkəmə iclasında verdiyi izahatları ilə, həmçinin Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsində verilmiş izahatlarla təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; Göründüyü kimi, tərəflər arasında bağlanmış podrat müqaviləsi başqa əqdi, yəni daşınmaz əmlakın alqı-satqısını pərdələmək üçün bağlanmışdır. Mülki qanunvericiliyin tələblərindən də göründüyü kimi, belə əqd yalan əqd olmaqla əhəmiyyətsizdir, həmin əqd hüquqi nəticələrə səbəb olmur və tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Ona görə də məhkəmə cavabdeh tərəfindən 8.000 manat vəsaitdən 1.800 manatın iddiaçıya ödənildiyini nəzərə alaraq belə hesab edir ki, Cavabdeh qalan 6.200 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “xx xxxxxx 2020-ci il tarixli podrat müqaviləsinin ləğv edilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, həmin müqavilə bağlandığı andan etibarsız hesab olunduğundan və hüquqi nəticələrə səbəb olmadığından, onun ləğv edilməsidə qeyri-mümkündür. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiq edilməsi də qeyri- mümkündür. Belə ki, iş materiallarından aydın olur ki, tərəflər arasında bağlanmış müqavilənin predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi özbaşına tikintidir və hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Mülki qanunvericiliyin yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Ona görə məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə aid olan qaydaları da tətbiq edilə bilməz. Məhkəmə iddia tələbinin “1.114 manat məbləğində əlavə xərclərin cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. İş materiallarından da göründüyü kimi, həmin məbləğ 1.114 manat deyil, 1014 manatdır. Bundan əlavə, həmin məbləğ cavabdehə deyil, digər şəxslərə ödənilmişdir. Qanunvericiliyin yuxarıda istinad edilən tələblərindən də göründüyü kimi, cavabdeh əqd üzrə aldıqlarını iddiaçıya qaytarmalıdır. Eyni zamanda, iddiaçı Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsində verilmiş izahatında özü də bildirmişdir ki, əsas şikayəti cavabdehə verdiyi 8.000 manat pul ilə bağlıdır, əlavə ödənən xərclərlə bağlı narazılığı yoxdur. Məhkəmə qarşılıqlı iddia tələbinin 31.800 manat məbləğində vurulmuş maddi zərərin ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarından göründüyü kimi, cavabdehin təmir edərək iddiaçıya satmaq istədiyi ev onun öz istifadəsində qalmışdır. Yəni, cavabdehə hər hansı zərər dəyməmiş, o, öz evinin təmirinə sərf etdiyi vəsaitdən özü faydalanmaqdadır. Eyni zamanda, cavabdeh Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsində vermiş izahatında iddiaçıdan aldığı 8.000 manatı qaytarmağa razı olduğunu bildirmiş və iş məhkəmənin icraatında olduğu müddətdə həmin məbləğin 1.800 manatını iddiaçıya qaytarmış, qalan məbləği isə 6 ay müddətində qaytaracağını vəd etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin 1.000 manat məbləğində vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, cavabdeh ona mənəvi zərərin vurulması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6.200 manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumun 26 manatı İddiaçı tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 6.200 (altı min iki yüz) manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun 26 (iyirmi altı)manatı İddiaçı xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar