Məhkəmə qərarları › İş №2(001)-3263/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3263/2023

15.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3263/2023 15.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil, Cavabdehin nümayəndəsi (vəkil) Nümayəndə, nümayəndəsi X4, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (QSC) qarşı ("xxxx" Sığorta Şirkəti ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 15 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ona dəymiş maddi ziyanın əvəzi olaraq 43000 manat (13500 manat əmək haqqı, 10682,32 manat kredit borcu, 18000 manat müalicə xərcləri), mənəvi ziyanın əvəzi olaraq 50000 manat, ümumilikdə 83000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək haqqı kimi 13500 manat, kredit borcları kimi 8080,81 manat, müalicə xərcləri kimi 18000 manat, mənəvi zərərin əvəzi kimi 60000 manat, ümumilikdə 99580,81 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbinin, ona etirazın əsası: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 10 dekabr 2020-ci il tarixdən cavabdehə məxsus mebel fabrikində qaynaqçı işləmiş, aylıq əmək haqqı 900 manat olmuşdur. 14 fevral 2022-ci il tarixdə iş vaxtında əmək funksiyalarını yerinə yetirərkən 6-7 metr yüksəklikdən yerə yıxılmış, nəticədə sağlamlığında az-ağır zərərvurmaya aid xəsarət yaranmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 oktyabr 2022-ci il tarixli, 2121 saylı rəyi ilə iddiaçının sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərərvurmaya aid bədən xəsarəti aldığı öz təsdiqini tapmışdır. Zərərin dərəcəsinə görə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarla cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında araşdırma aparılması qərara alınmışdır. İddiaçı yüksəklikdən yıxılarkən dəmir parçası onun arxa hissəsinə xəsarət yetirmiş, anal dəliyində problem yaranmışdır. O, hazırda normal qaydada təbii ehtiyaclarını ödəyə bilmir, pampersdən istifadə məcburiyyətindədir, ümumiyyətlə otura bilmir. Şiddətli ağrılara ağrıkəsicilər sayəsində dözür. Artıq 1 il 3 aydır ki, bu çətin şəraitdə yaşayır və 1 manat belə qazana bilmir. Halbuki, o, xəsarət alan günədək daim əmək fəaliyyəti ilə məşğul olmuş, özünün və ailəsinin maddi ehtiyaclarını özü qarşılamışdır. İş vaxtından əlavə daim qaynaqçı kimi əlavə işlərlə məşğul olmuş, gəlir əldə etmişdir. Yəni, aylıq qazancı təkcə əmək haqqı hesabına formalaşmamışdır. Lakin, hazırda işləyə bilməməsi nəticəsində arvadı, üç yetkinlik yaşına çatmayan uşaqdan ibarət ailəsi maddi cəhətdən acınacaqlı vəziyyətdədir. Xəsarət almazdan əvvəli dövrdə iddiaçı aylıq gəlirinə arxayın olub "xxxx" ASC-dən, "xxxx" KB ASC-dən və "xxxx" MMC-dən kredit götürmüş, aylıq təxminən 500 manat kredit ödəmişdir. Lakin, məlum hadisədən sonra qazanc əldə edə bilmədiyindən, həmin ödənişləri də edə bilməmiş, nəticədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(004)-1109/2023 saylı qətnaməsinə əsasən, ondan 7366,88 manat borcun və 93,67 manat dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-yə ödənilməsi qərara alınmış, "xxxx" MMC ona qarşı 1122 manat borcun, 31,22 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, 26 aprel 2023-cü il tarixə "xxxx" ASC-yə 1968,55 manat borcu yaranmışdır. Yəni, iddiaçının hazırda kredit müqavilələrinə əsasən ümumilikdə 10682,32 manat borcu vardır. Bundan başqa, iddiaçı aldığı xəsarət nəticəsində artıq 1 il 3 aydır ki, mütəmadi olaraq müalicə olunur. Bugünədək mütəmadi olaraq istifadə etdiyi dərman preparatlarına təxminən 3000 manat məbləğində pul vəsaiti xərcləmiş, hazırda da mütəmadi olaraq həkim müayinəsindədir. Bundan sonrakı müalicə xərclərini qarşılamaq üçün ona təxminən 15000 manat məbləğində pul lazımdır. Həkimlər ona artıq ömürlük bu problemlə yaşayacağını bildirmişlər. Yəni, aldığı xəsarət əmək fəaliyyətini ömürlük məhdudlaşdırmışdır. Bundan başqa, səhhətində problem yarandıqdan sonra cavabdeh tərəfindən iddiaçıya ümumiyyətlə əmək haqqı ödənilməmişdir. Yəni, ona bugünədək cavabdeh tərəfindən 13500 manat əmək haqqı ödənilməlidir. Hətta hazırda da cavabdeh tərəfindən onunla olan əmək müqaviləsinə xitam verilməmişdir. Hazırda onun əmək fəaliyyəti ilə məşğul ola bilmədiyini, gələcəkdə də əmək fəaliyyəti ilə məşğul ola bilməyəcəyini nəzərə alsaq, ona külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Yaşadığı ağrı hissləri, maddi ehtiyaclarını qarşılaya bilmədiyi üçün yaşadığı stress, övladlarının istəklərini təmin edə bilməyəcəyinin yaratdığı acınacaqlı hiss təsəvvür edilməyəcək dərəcədə ağırdır. Buna görə də, cavabdehdən mənəvi ziyanın əvəzi olaraq 60000 manat tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz ünvanlanmış, etirazda göstərilmişdir ki, iddiaçının bu formada hesablamalar apararaq iddia tələbini artırması əsaslı deyil. Belə ki, iddiaçı həm iddia ərizəsində, həm də tələbin həcminin artırılması barədə ərizədə cavabdeh tərəfindən ona ödənilməmiş əmək haqqı kimi 13500 manat tələb etmişdir. Lakin, nəzərə alınmalıdır ki, sağmallığına zərər vurulmuş şəxsə itirdiyi və əvəzi ödənilməli qazancın miqdarı onun tam əmək haqqı məbləğində hesablanmamalıdır. Digər tərəfdən, iddiaçı peşə əmək qabiliyyətinin itirilməsi və ya peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının qərarını təqdim etməmişdir. Bu baxımdan iddiaçı ona əmək xəsarətinə görə dəyən zərəri hazırda tələb edə bilməz. İddiaçı yalnız müvafiq prosedurları keçdikdən sonra orta aylıq əmək haqqının müəyyən faizi miqdarında aylıq ödənci tələb edə bilədri ki, hazırki işin hallarından göründüyü kimi, iddiaçı onun istehsalatda baş vermiş bədbəxt hadisə sonrasında aldığı xəsarət nəticəsində peşə əmək qabiliyyətinin neçə faiz həcmində itirildiyini təsdiq edə bilməmiş, TSEK-in qərarını təqdim etməmişdir. Bundan başqa, iddiaçı bir sıra kredit borclarının olduğunu bildirməklə, həm iddia ərizəsi, həm də iddia tələbinin artırılması barədə ərizədə həmin kredit borcları üzrə ödənilməli olan məbləğlərin də cavabdehdən tutulmasını tələb etmişdir. Lakin, iddia tələbinin hüquqi əsası yoxdur. Belə ki, kredit müqaviləsi ilə borclu qismində çıxış edən iddiaçı öz borcunun ödənilməsi vəzifəsini həmin müqavilə ilə əlaqəsi olmayan və istehsalatda bədbəxt hadisə nəticəsində sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etdiyi şəxsin üzərinə qoya bilməz. Digər tərəfdən, iddia ərizəsində iddiaçı həkimlərin ona ömürlük bu problemlə yaşayacağını bildirdiklərini, aldığı xəsarətin əmək fəaliyyətini ömürlük məhdudlaşdırdığını, indiyədək 3000 manat müalicə xərci çəkdiyini, bundan sonra əməliyyat olunmasının zəruri olduğunu və 15000 manat əlavə müalicə xərclərinin də ödəməli olduğunu qeyd etmiş və həm iddia ərizəsi, həm də iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müalicə xərcləri olaraq 18000 manat məbləğində pulun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbinin bu hissəsində də formal mülahizələrlə kifayətlənərək, öz istinad etdiyi halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı bədbəxt hadisə nəticəsində onun sağlamlığına maddi ziyanın vurulduğunu, bundan başqa mənəvi zərərə məruz qaldığını sübut etməlidir. Xüsusilə vurğulanmalıdır ki, istehsalatda baş vermiş bədbəxt hadisənin mövcudluğu hələ hazırki tələbin birmənalı təmin edilməsinə əsas ola bilməz. Hazırki iş üzrə iddiaçı hadisə nəticəsində sağlamlığına zərər vurulmasından sonra bununla bağlı çəkdiyi xərcləri təsdiq edən qəbzləri təqdim etməli olduğu halda, bunu etməmiş, 3000 manat müalicə xərclərinin mövcudluğunu təsdiq edə bilməmişdir. Bundan başqa, iddiaçı əməliyyat olunmasının və 15000 manat müalicə xərcinin tələb olunduğunu bildirsə də, buna dair də sübut təqdim edilməmişdir. İddiaçı iddia ərizəsində mütəmadi olaraq müayinə olunduğunu bildirsə də, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının sonuncu müayinə tarixi xx.xx.2022-ci il olmuşdur. İddiaçı tərəfindən mediasiya sessiyasının tətbiqinə isə 2023-cü ilin mart ayında başlanmışdır. Göründüyü kimi, iddiaçı mütəmadi müalicə olduğunu bildirsə də, təqdim edilmiş sənədlərlə bu hal müəyyən edilmir. Eyni zamanda, iddiaçı tələbinin mənəvi zərərin tutulması hissəsinə dair də məhkəməyə sübut təqdim etməmişdir. Sonda iddianın rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasındakı izahatlar: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində və onnun həcminin artırılmasına dair ərizədə göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiklərini bildirib, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etmədiklərini, iddiaya etirazda göstərilənləri təsdiq etdiyini bildirib, iddianın rədd edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi İsmailova Leili izahatında göstərmişdir ki, onlar sığorta pulunun ödənilməsi ilə bağlı etiraz etməmişlər. Lakin, zəruri sənədlər onlara təqdim edilməmişdir. Onlar bu barədə həm iddiaçıya, həm də cavabdehə məlumat vermişlər. Tədqiq edilən sübutlar: - İş materiallarında olan 28 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki:

1. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 14 fevral 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi 8F ünvanında yerləşən Cavabdeh QSC-nin dəmir sexində yerdən 6 metr hündürlükdə qaldırıcı qurğu olan kranın səbətinin üstündə işləyərək “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı Qaydaları”nın 2.12.2, 2.15.5-ci bəndlərinin və “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 4.10.3, 4.10.5, 4.10.7, 4.11.1, 4.11.2, 4.11.4-cü bəndlərinin tələblərinin pozulması səbəbilə kranın səbətini saxlayan trosun qırılması nəticəsində səbətdən yerə yıxılaraq sağlamlığa az-ağır zərərvurmaya aid xəsarət almışdır.

2. Əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının rəyindən görünür ki, istehsalat sexində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları X12 və X10 tərəfindən pozulmuşdur.

3. Məhkəmə tibbi ekspertizasının 28 oktyabr 2022-ci il tarixli, 2121 saylı rəyindən görünür ki, İddiaçı bədənində aşkar olunmuş xəsarətlər – anal nahiyyənin əzilmiş-cırılmış-deşilmiş yarası, oma sümüyünün 2-3-cü oma fəqərələri səviyyəsində yerdəyişmiş sınığı bərk-küt əşyanın təsirindən onun tibbi yardım üçün “X21” PHŞ-nə müraciət etdiyi xx.xx.2022-ci il saat 19:47-dən bir qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aiddirlər. İddiaçı bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hündürlükdən yıxılaraq bərk-küt əşyanın (ola bilsin dəmir parçasının) üzərinə düşməsi nəticəsində əmələ gələ bilərdilər.

4. Göründüyü kimi, İddiaçı xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi 8F ünvanında yerləşən Cavabdeh QSC-nin dəmir sexində yerdən 6 metr hündürlükdə qaldırıcı qurğu olan kranın səbətinin işləyən zaman “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı Qaydaları”nın 2.12.2, 2.15.5-ci bəndlərinin tələbi texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsində işləyən X10 tərəfindən və “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 4.10.3, 4.10.5, 4.10.7, 4.11.1, 4.11.2, 4.11.4-cü bəndlərinin tələbləri X12 tərəfindən pozulması nəticəsində xəsarət alsa da, X8 və X7 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsinin təsir dairəsinə düşmür. Belə ki, həmin maddədə bu əməllər nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yalnız ağır xəsarət vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutur, İddiaçı aldığı bədən xəsarəti isə az-ağır olmuşdur. Ona görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta barədə iş üzrə icraatın başlanılmasına dair qərar qəbul edilməsi məsələsinə baxılması üçün toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. - “İstehsalatda bədbəxt hadisə haqqında” 17 aprel 2023-cü il tarixli, 03/2023 saylı aktda göstərilmişdir ki, Cavabdeh QSC-nin qaynaqçısı İddiaçı xx.xx.2022-ci il tarixdə, saat 09:00-da Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi 8F ünvanında yerləşən Cavabdeh QSC-nin istehsalat sahəsinə işə gəlmişdir. İddiaçı izahatında bildirmişdir ki, həmin gün əmək funksiyalarına uyğun olaraq saat 18:00-dək işini davam etmiş və saat 18:00-da Cəmiyyətin direktoru X5 tapşırığına əsasən havalandırma qurğusunun mühərrikini 10x10 ölçüdə dəmir piltənin üzərinə qaynaq edərək yerləşdirmək üçün yükqaldırıcı qurğunun üzərində təminən 8-9 metr hündürlükdə olan işləri rəngsaz X13 ilə birlikdə icra etmişdir. Mühərriki qaldırıb dəmir piltənin üstünə qoymuş, sol ayağı səbətdən, sağ ayağı isə dəmir piltənin üstündə olmuşdur. Ferma ilə səbət arasında 120 sm. məsafə olduğundan, o, sol ayağı il əsəbətdə zorla dayanmış, bu səbəbdən mühərrikin boltlarını bağlamaqda çətinlik çəkmişdir. Buna görə də, özünü tarazlamaq üçün nəzarətçi X2 bir qədər də yuxarı qaldırmasını bildirmişdir. Kənan səbəti yuxarı qaldıran zaman qaldırıcı qurğunun səbəti nəyəsə ilişərək qırılmış, səbət 2 metr aşağı düşmüşdür. O, həmin vaxt səbətin kənarında, Eşqin isə onun arxa tərəfində dayanmışdır. Səbət təxminən 2 metr aşağı düşəndə dəmirə ilişib qalmış, bu vaxt o, tazlığını itirib yerə yıxılmışdır. Eşqin səbətin işində qaldığından yerə yıxılmamış, o isə təxminən 6 metr hündürlükdən yerə yıxılaraq xəsarət almışdır. - "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Qardaşlar” Mebel” QSC-yə ünvanlandırılmış 21 iyun 2023-cü il tarixli, 0272 saylı məktubda göstərilmişdir ki, “ "xxxx" Sığorta Şirkəti ASC ilə hazırda Cavabdeh QSC olaraq fəaliyyət göstərən, keçmiş adıyla isə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə **********32 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlanmış və həmin müqaviləyə xx.xx.2021-ci il tarixdə **********32/91 saylı Əlavə imzalanmışdır. Hadisə tarixindən 12 ay əvvəl sığorta olunanın orta əmək haqqı barəsində cədvəl yazılı və işəgötürən tərəfindən təsdiqlənmiş arayış; sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini və müddətini müəyyən edən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən təqdim olunmuş Müayinə aktından çıxarışın surəti; faydalanan şəxsin sığorta tələbi ilə bağlı ərizəsi və bank rekviziti təqdim olunduqdan sonra sığorta ödənişinin həyata keçirilməsi barədə müvafiq qərar qəbul ediləcəkdir.” - "xxxx" Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə ünvanlandırılmış məktubda göstərilmişdir ki, "xxxx" Sığorta Şirkəti ASC ilə hazırda Cavabdeh QSC olaraq fəaliyyət göstərən, keçmiş adıyla isə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə **********32 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlanmış və həmin müqaviləyə xx.xx.2021-ci il tarixdə **********32/91 saylı Əlavə imzalanmışdır. Sığorta olunan İddiaçı onun xx.xx.2022-ci il tarixdə əmək vəzifəsinin icrası zamanı xəsarət alması və bununla əlaqədar sığorta ödənişinin verilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə ilə "xxxx" Sığorta Şirkəti ASC-yə müraciət etmişdir. Tərəfimizdən İddiaçı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının bəxbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya ölüm haqqında şəhadətnamə əsasında sığorta hadisəsi müəyyən olunması və hadisə tarixindən 12 ay əvvəl sığorta olunanın orta əmək haqqı barədə cədvəl şəklində yazılı və işəgötürən tərəfindən təsdiqlənmiş arayış, sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini və müddətini müəyyən edən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən təqdim olunmuş müayinə aktından çıxarışın surəti, faydalanan şəxsin sığorta tələbi ilə bağlı ərizəsi və bank rekviziti, qanunvericiliklə müəyyən edilmiş formada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən tərtib olunmuş istehsalatda bədbəxt hadisə haqqında təhqiqat və iz formalı aktların surətləri təqdim olunduqdan sonra sığorta ödənişinin həyata keçirilməsi üzrə müvafiq qərarın qəbul ediləcəyi barədə cavab məktubu göndərilmişdir.Eyni zamanda tərəfimizdən 10 mart 2023-cü il tarixli məktubla AR ƏƏSMN X16 xidmətinə İddiaçı xx.xx.2022-ci il tarixd əmək vəzifəsinin icrası zamanı xəsarət aldığı bildirilmiş və bununla bağı qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş təhqiqat işinin surətinin təqdim olunması xahiş edilmişdir. Daha sonra Cavabdeh QSC həmin müəssisədə çalışan İddiaçı əmək vəzifəsinin icrası zamanı xəsarət alması və bununla əlaqədar sığorta ödənişinin verilməsi barədə 16 iyun 2023-cü il tarixli məktubla "xxxx" Sığorta Şirkəti ASCyə müraciət etmişdir. Tərəfimizdən Cavabdeh QSC-yə yuxarıda göstərilən sənədlər tam təqdim olunduqdan sonra sığorta ödənişinin həyata keçirilməsi üzrə müvafiq qərarın qəbul ediləcəyi barədə 21 iyun 2023-cü il tarixli cacab məktubu göndərilmişdir. Hazırda tələb olunan sənədlərin siyahısından yalnız yalnız təhqiqat işinin surəti və sığorta olunan İddiaçı ərizəsi təqdim olunmuşdur. xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə nəticəsində alınmış xəsarət üzrə əmək qabiliyyətinin itirilməsini təsdiq edən səlahiyyətli orqanın qərarı təqdim olunmadığından “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən baş vermiş hadisə sığorta hadisəsi hesab edilmir, bu səbəbdən sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi mövcud qanunvericiliyə uyğun deyildir... - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1 İnstitutu” publik hüquqi şəxs tərəfindən verilmiş arayışda göstərilmişdir ki, İddiaçı 10 may 2023-cü il tarixdən halhazıradək DQCŞ şöbədə stasiona müalicədədir, diaqnozu “Sol tərəfli empiyema”dır. - Nikah və doğum haqqında şəhadətnamələrdən görünür ki, İddiaçı ilə X9 20 avqust 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 14 iyul 2017-ci il tarixdə Mehralı, 15 mart 2021-ci il tarixdə İslam, 22 noyabr 2022-ci il tarixdə Tahir adlı üç yetkinlik yaşına çatmamış uşaqları vardır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(004)- 1109/2023 saylı qətnaməsindən görünür ki, "xxxx" KB ASC İddiaçı qarşı “Kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 19 yanvar 2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 7366,88 manat borcun, 93,67 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmiş, iddia təmin edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(004)- 1933/2023 saylı bildirişindən görünür ki, "xxxx" MMC İddiaçı qarşı xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqavilələri üzrə yaranmış cəmi 1122,2 manat borcun, habelə 31,22 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair iddia ərizəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq:

1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 884.1-ci maddəsinə əsasən, sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. - 884.3-cü maddəsinə əsasən, sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. - 884.4-cü maddəsinə əsasən, sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. - 884.5-ci maddəsinə əsasən, sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. - 884.6-cı maddəsinə əsasən, faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. - 884.6–2-ci maddəsinə əsasən, şəxsi sığorta üzrə sığorta hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş şəxs, onun öldüyü halda isə ailə üzvləri zərərçəkən sayılır. - 885.1-ci maddəsinə əsasən, sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyri-həyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür. - 897.3-cü maddəsinə əsasən, icbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. - 903.1-ci maddəsinə əsasən, sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. - 903.4-cü maddəsinə əsasən, müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. - 903.6-cı maddəsinə əsasən, hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. - 904.1-ci maddəsinə əsasən, sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. - 907.1-ci maddəsinə əsasən, icbari sığorta qanunları ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi qoyulan şəxs müvafiq icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçını sərbəst seçmək hüququndan istifadə etməklə müvafiq icbari sığorta müqaviləsini bağlamağa borcludur. - 907.3-cü maddəsinə əsasən, sığortalı qismində sığorta etdirməli olan şəxsin, eləcə də sığortaçı qismində sığortalamağa borclu olan sığortaçının müvafiq icbari sığorta müqaviləsini bağlamaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. - 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 926.2-ci maddəsinə əsasən, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. - 928-ci maddəsinə əsasən, şəxsi sığorta üzrə sığorta ödənişi onu almaq hüququ olan şəxsə sosial sığorta, həmçinin icbari və ya könüllü sığortalar üzrə nəzərdə tutulan ödənişlərdən asılı olmayaraq icbari sığorta qanunlarında və ya sığorta müqaviləsində müəyyən olunmuş qaydada ödənilməlidir. - 935.1 və 935.1.9-cu maddəsinə əsasən, sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Maddə 239.5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1 və 15.2-ci maddələrinə əsasən, sığorta müqaviləsinin bağlanması üçün sığorta olunan müqavilə bağlamaq niyyəti barəsində sığortaçıya yazılı ərizə verir, yaxud bu niyyətli şifahi bildirir. Müqavilə sığorta olunanın ilk sığorta haqqı ödədiyi andan qüvvəyə minir, bu şərtlə ki, müqavilədə başqa hal nəzərdə tutulmuş olmasın. “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.2-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.3.3. orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz... “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: - 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; dövlət orqanları; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; seçkili orqanlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşımaqla “Sığortalı” adlanırlar. - 7.2-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq; icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək... Sığortalının vəzifələri kimi müəyyənləşdirilmişdir. - 16.1-ci maddəsinə əsasən, Bu Qanuna uyğun olaraq faydalanan şəxslərə aşağıdakı sığorta ödənişləri verilir: 16.1.1. aylıq sığorta ödənişi; 16.1.2. birdəfəlik sığorta ödənişi; 16.1.3. əlavə sığorta ödənişi. - 16.2-ci maddəsinə əsasən, aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır. - 16.3-cü maddəsinə əsasən, birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir: 16.3.1. sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə; 16.3.2. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda; 16.3.3. sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından öldükdə. - 17.1-ci maddəsinə əsasən, aylıq sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir. - 17.2-ci maddəsinə əsasən, bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş orta aylıq əmək haqqı miqdarının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 18.1-ci maddəsinə əsasən, icbari sığorta müqaviləsi üzrə aylıq sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi gündən verilir.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin: 2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. 2.3. Zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). 3.2. Zərərçəkənlərə və yaxud zərərə görə aylıq ödənc almaq hüququna malik olan şəxslərə ödənclər aşağıdakı vaxtdan verilir: zərər çəkmiş işçilərə - istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən; işçinin vəfatı ilə əlaqədar olaraq zərərin ödənilən miqdarını almaq hüququna malik olan şəxslərə – mərhumun vəfat etdiyi gündən, lakin zərərin ödənilən məbləğini almaq hüququnu əldə etdiyi gündən tez olmayaraq. 3.3. Zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Zərərçəkənin orta aylıq əmək haqqı onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əmək haqqının ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda, orta aylıq əmək haqqı sağlamlığının pozulmasından əvvəlki faktiki işlənmiş aylar üçün əmək haqqının ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda, hesabdan çıxarılır. Zərərçəkənə peşə xəstəliyinə tutulduqda, zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin işlədiyi peşə (vəzifə) üzrə əmək fəaliyyətinin dayandırıldığı və ya peşə xəstəliyinin təsdiq edildiyindən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmənin mövqeyi: Məhkəmə işin mövcud faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia tələbində, ona etirazlarda qeyd olunanları nəzərdən keçirərək, habelə, qanunvericiliyin yuxarıda sadalanan müddəlarını əsas götürərək, hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, iddiaçının xx.xx.2022-ci il tarixdə istehsalat qəzası nəticəsində sağlamlığının pozulması işin mübahisələndirilməyən halıdır. Bununla yanaşı iş üzrə o da müəyyən edilir ki, "xxxx" Sığorta Şirkəti ASC ilə Cavabdeh QSC arasında xx.xx.2020-ci il tarixdə **********32 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlanmış və həmin müqaviləyə xx.xx.2021-ci il tarixdə **********32/91 saylı əlavə imzalanmışdır. Göründüyü kimi istehsalat qəzası baş verən zaman sığorta müqaviləsi qüvvədə olmuş, lakin iddiaçı sığorta ödənişi ilə bağlı zəruri sənədləri sığorta şirkətinə təqdim etməmişdir. (işdə olan "xxxx" Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə ünvanlandırılmış məktubu). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, sığorta baş verməmiş riskin təminatıdır, artıq baş vermiş bir hadisəyə görə sığorta təminatının alınması sığorta institutunun mahiyyətinə və təyinatına uyğun deyildir. Sığorta hadisəsi baş verdiyi təqdirdə artıq sığortaçının sığorta ödənişini etmək öhdəliyi yaranır. Bu halda sığortalının sığorta haqqını ödəməsinə hər hansı hüquqi və ya faktiki ehtiyac qalmır. Belə ki, Mülki Məcəllənin 929-cu maddəsinə görə, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, istehsalat qəzası baş verən zaman sığorta müqaviləsi sığorta təminatından yararlanmaq hüququndan iddiaçının istifadə etmədən cavabdehə qarşı hazırkı tələblə çıxış etməsi əsassızdır. Bununla yanaşı iddia tələbinin 13500 manat, kredit borcları kimi 8080,81 manat, müalicə xərcləri kimi 18000 manat, mənəvi zərərin əvəzi kimi 60000 manatın cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, sübutetmə yükü baxımından qeyd olunan xərclərin məhz cavabdehdən tutulmalı olduğu, bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu baxımdan məhkəmə cavabdehin dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən zəruri olan sənədləri təqdim etmədiyindən itirilmiş peşə əmək qabiliyyətinin faizini və bundan asılı olaraq tutlmalı orta aylıq əmək haqqının müəyyən faizi miqdarını müəyyən etmək mümkün deyil. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1-ci maddəsinə əsasən, aylıq sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 17.2-ci maddəsinə əsasən, bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş orta aylıq əmək haqqı miqdarının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə həmçinin hesab edir ki, kredit borcunun və müalicə xərclərinin məhz cavabdehdən tutulmalı olduğuna dair iddiaçı arqumentlərini kifayət qədər əsaslandıra bilməmişdir. Məhkəmə iddia tələbinin mənəvi zərərin tutulması hissəsinə münasibətdə bildirir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” İddiaçı mənəvi zərərin əvəzi qismində 60000 manat məbləğində pul tələb etsə də, mənəvi zərərin nədə ifadə olunmasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddia bu hissədə də rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı ("xxxx" Sığorta Şirkəti ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar