Məhkəmə qərarları › İş №2(001)-3275/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3275/2021

18.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3275/2021 18.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi X2, habelə nümayəndəsi və vəkili X3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkiliştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 Ramiz oğluna, Cavabdeh3, Cavabdeh4 qarşı “bağ sahəsindən çıxarılma və sənədlərin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha torpaq sahəsindən ibarət 1362V nömrəli bağ sahəsinin və bağ sahəsinə dair mülkiyyət sənədlərinin Cavabdeh1 alınaraq ona qaytarılması, cavabdeh tərəfindən bağ sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı iki dəfə iddia tələbini dəqiqləşdirərək və Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Ramiz oğlunu, Cavabdeh6, Cavabdeh7, X6 və X7 da cavabdeh qismində müəyyən edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 Ramiz oğlunun, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, X4 və X5 mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 1362V nömrəli bağ evindən (bağın bütün ərazisindən) məcburi qaydada çıxarılması, 1362V nömrəli bağın və həmin bağ sahəsi üzərində onun mülkiyyət hüququnu təsdiq edən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən onun adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün, habelə texniki pasportun cavabdehlərdən alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X11 iddianı müdafiə edərək, iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, iddiaçının atasıdır. Əliyev Rəşad adlı şəxsin vasitəçiliyi ilə mübahisəli bağ evinin iddiaçının adına rəsmiləşdirilməsi və sonradan Cavabdeh1 32.000 ABŞ dolları məbləğində pula satılması ilə bağlı razılığa gəlmişdilər. İlkin ödəniş olaraq ona 8.000 ABŞ dolları məbləğində pul verilmiş, lakin qalan məbləğ bugünədək ödənilməmişdir. Hazırda da iddiaçının mülkiyyətində olan əmlak cavabdehlərin istifadə və sahibliyindədir. İddiaçının da ötən dövr ərzində onları həmin bağ sahəsindən çıxartmaq imkanı olmamış, hazırda da iddiaçı onları çıxardıb mülkiyyətində olan əmlakından istədiyi kimi istifadə edib, ona sahiblik edə bilmir. Hətta əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənədlər də bugünədək cavabdehdədir və onlar həmin sənədləri də qaytarmaqdan imtina edir. Nəticə etibarı ilə iddiaçı aldadılmış və öz mülkiyyətindən qanunsuz olaraq məhrum edilmişdir. Hazırda da mülkiyyətində olan əmlakın və ona dair sənədlərin ona qaytarılmasını tələb edir. Hətta ona ilkin olaraq, ödənilmiş 8.000 ABŞ dollarını da qaytarmağa hazırdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X12 iddia tələbini müdafiə etmiş və iddia tələbinin dəlillərinə, habelə nümayəndə X2 izahatına uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz təqdim edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, ilkin olaraq iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququ olmamışdır. Əliyev Rəşad adlı şəxsin vasitəçiliyi ilə həmin əmlak iddiaçının adına rəsmiləşdirilmiş və sonradan aralarında olan razılığa əsasən iddiaçı tərəfindən 35.000 ABŞ dolları məbləğində pula Cavabdeh1 satılmışdır. Qeyd edilən məbləğ də cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Bu səbəbdən də, iddiaçı 2009-cu ildə cavabdehə 30 ilə yaxın etibarlılıq müddəti olan etibarnamə verərək, bu əmlakla bağlı bütün hərəkətləri etmək səlahiyyətini etibar etmişdir. Bundan sonra həmin əmlak onun tərəfindən etibarnamə ilə Cavabdeh3 satılmışdır. Nəticə etibarı ilə Cavabdeh1 bu əmlakı iddiaçıdan 35.000 ABŞ dollara almışdır. Bu səbəbdən də əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənədin əsli hazırda Cavabdeh1dır. Ötən dövr ərzində də onların arasında mübahisəli bağ sahəsi ilə bağlı hər hansı problem yaranmamış, iddiaçı tərəfindən bu əmlakla bağlı hər hansı tələb irəli sürülməmiş, hüquq mühafizə orqanlarına müraciət edilməmişdir. Hər bir halda, bağ sahəsinin yerləşdiyi yer iddiaçıya məlumdur və hər hansı problem yaransa idi, ən azı iddiaçı həmin ünvana gəlib öz etirazını bildirə bilərdi. Lakin bunu etməmiş və 2020-ci ildə özünə məlum olan səbəblərdən etibarnaməni ləğv etdirmişdir. Belə ki, həmin bağ sahəsinin yerləşdiyi yer layihəyə düşmüş və oranın sökülməsi gözlənilir. İddiaçı bununla bağlı gəlir əldə etmək və əsassız varlanmaq niyyətinə düşmüşdür. Hazırda da əsassız olaraq bu əmlakın ona qaytarılmasını tələb edir. İddiaçının etibarnaməni verdiyi notariat kontorunun yerini unutması barədə fikirləri də reallığı əks etdirmir. Mövcud vəziyyətdə iddiaçı ötən dövr ərzində çox rahatlıqla ixtiyari notariat kontorunda etibarnaməni ləğv etdirə bilərdi. İddiaçının hazırki iddianı qaldırmağı, həmçinin Rəşad Əliyevin vəfatı ilə bağlı olmuşdur. Belə ki, onun sağlığında iddiaçı Rəşad Əliyevin həqiqəti danışacağından ehtiyat edirdi. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 Ramiz oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, X8 və X9 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə bu cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3275/2021 saylı, 18.08.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata “cavabdehlər Cavabdeh7, X4 və X5 bağ sahəsindən çıxarılması və sənədlərin təhvil verilməsi” hissəsində xitam verilmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı bağ sahəsi 17.04.2007-ci il tarixli, 40335 nömrəli müqavilə əsasında İddiaçı istifadəsinə verilmişdir. Bundan sonra 19.07.2011-ci il tarixdə iddiaçının həmin əmlaka dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesterində 319 nömrəli reyestr kitabının 30133 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 10.06.2021-ci il tarixli arayışına əsasən həmin əmlakda (24 il müddətinə etibarnamə ilə almışlar) 28.06.2014-cü il tarixdən cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 Ramiz oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, X13 və X14 yaşayır. İddiaçı hazırda onun mülkiyyətində olan bağ sahəsini 32.000 ABŞ dolları müqabilində ilk olaraq onun adına rəsmiləşdirilib, sonradan Cavabdeh1 satılması barədə sonuncu ilə razılıq əldə edildiyini, bu məqsədlə tərəfindən ona etibarnamə verildiyini, lakin ona cəmi 8.000 ABŞ dolları məbləğində pulun ödənildiyini, qalan məbləğin bugünədək ödənilmədiyini, buna baxmayaraq əmlakda cavabdehlərin yaşadığını, əmlaka dair sənədlərin əslinin də cavabdehlərdə olduğunu, bu səbəbdən mülkiyyətində olan əmlakdan istədiyi kimi istifadə edib, ona sahib ola bilmədiyini iddia edir və cavabdehlərin onun mülkiyyətində olan əmlakdan çıxarılmasını və əmlaka dair sənədlərin ona qaytarılmasını tələb edir. Eyni zamanda, ona ödənilmiş 8.000 ABŞ dolları qaytarmağa hazır olduğunu söyləyir. Cavabdeh1 iddianı qəbul etmir. Bu əmlakı iddiaçıdan etibarnamə əsasında və 35.000 ABŞ dolları məbləğində pula aldığını, bu pulu ona ödədiyini, bu səbəbdən əmlaka dair sənədin əslinin də onda olduğunu, sonradan bu əmlakı etibarnamə əsasında cavabdeh Paşayev Cavabdeh3 satdığını və hazırda da həmin əmlakda sonuncunun ailə üzvləri ilə birlikdə yaşadığını, bu səbəbdən ötən dövr ərzində iddiaçının hər hansı formada buna etiraz etmədiyini, hazırda iddia qaldırmasının isə bu işlərdə ilk olaraq vasitəçi qismində çıxış edən Rəşad Əliyevin vəfat etməsi və bağ sahəsinin yerləşdiyi yerin layihə üzrə sökülməsindən gəlir götürməsi niyyəti ilə bağlı olduğunu bildirir və iddianı rədd edilməsini xahiş edir. Cavabdeh1 2019-cu ildə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə də şikayət ərizəsi ilə müraciət edərək, 2009-cu ildə iddiaçıdan mübahisəli əmlakı alaraq, pulunu ödədiyini, lakin sonradan iddiaçının bu əmlakın ilkin sahibini aldadaraq, əmlakı öz adına keçirdiyini bildirmişdir. Həmin şikayət əsasında aparılmış araşdırmanın nəticələri üzrə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 10.11.2019-cu il tarixli qərarı ilə şikayət əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı tərəfindən Cavabdeh1 30.05.2009-cu il tarixdə mübahisəli əmlakla bağlı 29.07.2038-ci il tarixədək etibarnamə verilmiş, lakin 19.19.2020-ci il tarixdə həmin etibarnaməyə iddiaçının ərizəsi ilə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Bundan başqa, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərinə aid edilmişdir; 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Məhkəmə qeyd edir ki, mülkiyyətin müdafiəsi konstitusion prinsipdir. Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun 3 üsulunu təsbit etmişdir: mülkiyyət hüququnun tanınması, özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bununla belə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi də hər bir fiziki və hüquqi şəxsin əmlakından maneəsiz istifadə hüququna malik olmasını təsbit edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında məhz bu mövqeydən çıxış edir ("Marks Belçikaya qarşı", "Mançini İtaliyaya qarşı", “Loizidu Türkiyəyə qarşı”, “Akimova Azərbaycana qarşı” və sair). İddiaçı - mülkiyyətçi İddiaçı da mübahisəli bağ sahəsinə dair mülkiyyət hüququ dövlət reyestrində rəsmi olaraq dövlət qeydiyyatına alınmışdır və o, ona mənsub olan bu əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir və buna dair ona heç kimdən razılığın alınması tələb edilmir. Həmin bağ sahəsində hazırda cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 Ramiz oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, X13 və X14 yaşayır, bağ sahəsi onların istifadə və sahibliyindədir. Onlara bu hüququ verən etibarnamə iddiaçı tərəfindən ləğv edilmişdir. Bu cavabdehlərin həmin əmlakda yaşamaq, ondan istifadə və ona sahiblik etmək üçün hazırda hər hansı hüquqi əsasının olması, o cümlədən onlarla iddiaçı arasında kirayə və sair müqavilənin bağlanması, başqa sözlə cavabdehlərin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Cavabdehlərin iddiaçıya məxsus olan bağ sahəsində yaşaması və bu halın qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı nəticə etibarı ilə iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. İddiaçı, mülkiyyətçi olmasına baxmayaraq, hazırda qeyd edilən əmlaka sahiblik və ondan istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlərin hər hansı hüquqi əsas, o cümlədən idiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakda yaşamaları iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyətə münasibətdə konstitusion hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, cavabdehlərin onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 Ramiz oğlu, Cavabdeh3, Cavabdeh4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşməklə 12 ha ölçüdə 1362V saylı bağ sahəsindən çıxarılmalıdır. Məhkəmə onu da vurğulayır ki, mübahisəli əmlakda həmçinin, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 uşaqları, 25.09.2012-ci il təvəllüdlü Cavabdeh7, 01.04.2014-cü il təvəllüdlü X13 və 12.05.2016-cı il təvəllüdlü X14 da yaşayır. İddianın təmin edilməsi və onun valideyninin mübahisəli əmlakdan çıxarılması hüquqi nəticə etibarı ilə bu uşaqların da əmlakdan çıxarılması ilə nəticələnəcəkdir. Belə ki, bu uşaqlar yetkinlik yaşına çatmadığından hazırki mübahisə üzrə mülki-prosessual fəaliyyət qabiliyyətli deyil və bu səbəbdən hazırki tələblər ona qarşı irəli sürülə bilməz. Onların hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onun qanuni nümayəndələri, yəni atası Cavabdeh3 və anası Cavabdeh4 qoruyur. Ona görə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mübahisəli əmlakdan çıxarılması, hüquqi nəticə etibarı ilə özündə həmçinin, bu uşaqların da həmin əmlakdan çıxarılmasını ehtiva edir. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh1 mübahisəli əmlakla hər hansı formada bağlılığı yoxdur, o cümlədən o, həmin əmlakda yaşamır. Bu səbəbədn iddia tələbi onun bu əmlakdan çıxarılması hissəsində rədd edilməlidir. Məhkəmə Cavabdeh1 dəlilləri ilə bağlı qeyd edir ki, mübahisəli əmlaka dair iddiaçı tərəfindən 2009-cu il tarixdə etibarnamənin verilməsi və həmin etibarnamənin yalnız 2020ci il tarixdə ləğv edilməsi, ötən dövr ərzində iddiaçının bu əmlakla bağlı cavabdehlərə qarşı hər hansı tələb irəli sürməməsi, cavabdehlərin xeyli müddətdir ki, iddiaçının mülkiyyətində olan həmin əmlakda yaşaması iddianın bu hissədə rədd edilməsi üçün əsas ola bilməz. Əmlakın alqı-satqısı ilə bağlı qeyd edilməlidir ki, qüvvədə olan mülki qanunvericilikdə daşınmaz əmlakın alqı-satqısı qaydası müəyyən edilmiş və bununla bağlı alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilməsinin zəruriliyi qeyd edilmişdir. Lakin tərəflər bu prosedura riayət etməmişlər. Cavabdeh 35.000 ABŞ dolları məbləğində pulun ödənilməsini bildirsə də, bu halı təsdiq edən hər hansı sübut da təqdim edə bilməmişdir. İddiaçı özü isə cəmi 8.000 ABŞ dolları məbləğində pul aldığını etiraf edir. Məhkəmə iddia tələbinin “sənədlərin qaytarılması” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının bu tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Bu baxımdan iddiaçı iddia üzrə tələb etdiyi sənədlərin cavabdehlərdə olduğunu sübut etməli idi. Lakin iddiaçı bunu bildirsə də, yalnız mübahisəli əmlaka dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın əslinin Cavabdeh1 olduğu müəyyən edilmiş və bunu da cavabdeh tərəfi özü etiraf etmişdir. Digər sənədlərin cavabdehlərin hər hansı birində olması öz təsdiqini tapmamış, o cümlədən iddiaçı bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı bağ sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın əsli Cavabdeh1 alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 Ramiz oğlu, Cavabdeh3 və Cavabdeh4 (yetkinlik yaşına çatmayan uşaqları, 25.09.2012-ci il təvəllüdlü Cavabdeh7, 01.04.2014-cü il təvəllüdlü X13 və 12.05.2016-cı il təvəllüdlü X14 ilə birlikdə) İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı bağ sahəsindən çıxarılmalı, həmin bağ sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın əsli Cavabdeh1 alınaraq, İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 Ramiz oğlu, Cavabdeh3 və Cavabdeh4 (yetkinlik yaşına çatmayan uşaqları, 25.09.2012-ci il təvəllüdlü Cavabdeh7, 01.04.2014-cü il təvəllüdlü X13 və 12.05.2016-cı il təvəllüdlü X14 ilə birlikdə) İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı bağ sahəsindən çıxarılsın. Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı bağ sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın əsli Cavabdeh1 alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar