Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3279/2024 18.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu, İddiaçı Məhəmmədli oğlunun cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı X1 da üçüncü şəxs qismində cəlb olunduğu “cavabdehin üzərinə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Məhəmmədli oğlu cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı X1 da üçüncü şəxs qismində cəlb olunduğu “cavabdehin üzərinə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilin qeydiyyatından 3-cü şəxs X1 çıxarılmasından cavabdehin imtinasının qanunsuz hesab edilməsi və 3-cü şəxs X1 ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilin qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Həmin qərarda Plenum qərara almışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qeyd edilənlərə əsaslanaraq hesab edirəm ki, hazırki iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. Bununla bağlı olaraq ərizənin qəbul edilməsindən imtina olunmalı, iddiaçıya müvafiq inzibati orqana müraciət etmək, əks halda həmin orqanın hərəkətlərindən inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bununla yanaşı qeyd edilməlidir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının məhkəməyə müraciət etməkdə məqsədi keçmiş arvadı X1 mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Bununla bağlı iddiaçının diqqətinə aşağıdakıların çatdırılmasını zəruri hesab edirəm. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Bu nöqteyi nəzərdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi mülkiyyətində olan mənzilə dair istifadə hüquqlarına xitam verilməsi tələbi olsa idi həmin tələbin mülki məhkəmə icraatı qaydasında baxılması yolveriləndir. Lakin həmin tələbə baxılması da mülki prosessual qanunvericiliyin tələblərinə riayət edildikdən sonra mümkün ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsini rəhbər tutaraq, qərara aldım: İddiaçı Məhəmmədli oğlunun cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı X1 da üçüncü şəxs qismində cəlb olunduğu “cavabdehin üzərinə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya müvafiq inzibati orqana müraciət etmək, əks halda həmin orqanın hərəkətlərindən inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-3279/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3279/2024
18.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver