Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3285/2025 30.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mülkün təhvil verilməsi və.s” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən yaradıcılıq emalatxanasının açarlarının ona təhvil verilməsi, Cavabdeh əşyalarının oradan xaric edilməsi, mülkiyyət hüququnun müdafiəsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Ə.İsgəndərov küçəsi, 6-cı mkr, məhəllə 3215, keçid 1410, 10 a, 19 saylı yaradıcılıq emalatxanasının mülkiyyətçisidir. Belə ki, yaradıcılıq emalatxanası xx.xx.2024-cü il tarixində adına rəsmiləşdirilmişdir. Bu mülkdə daha öncə qardaşı Cavabdeh yaşamışdır. Lakin iki ildən artıqdır ki, həmin ünvanda yaşamır. 4 aya yaxındır ki, emalatxana ona məxsus olsa da, lakin mülkün açarlarını əldə edə bilmir. Eyni zamanda cavabdehin emalatxanada az sayda əşyaları da mövcuddur. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verdi əlavə olaraq bildirdi ki, cavabdehdən açarları ala bilməmişdir. Hətta qardaşı onu ilk dəfə təhdid etmişdir ki, ordan bir əşyası itsə polisə müraciət edəcək. Ora satılmalıdır ki, öz ailəsini qura bilsin, kirayədə yaşamasın. Cavabdehin açarı Rusiyada itirməsi halı ona cəfəngiyat kimi gəlir. Açarı nə üçün özü ilə Rusiyaya aparmaq zərurəti görüb ki?. Ona hazırda mərtəbənin daxili blokunun açarı və emalatxananın açarı lazımdır. Qonşu emalatxanada Eldar adlı şəxs aralarında olan mübahisəyə görə, daxili blokun açarını ona verməkdən çəkinir. Emalatxana 4-cü mərtəbədə yerləşir, içəridə olan əşyaları isə halhazırda gözlə görüb müəyyən etmək mümkün deyil. Pəncərələr belə tozlanıb. Emalatxanın açılması üçün çilingər aparmaq istəsə də, qonşular çilingərə emalatxanaya dair mübahisə olduğunu bildirdiklərindən, çilingər qapını açmaqdan imtina etdi. Emalatxanada uşağın kravatı, başqa bir şkaf var idi. Cavabdeh hər hansı əşyasını orda qoyub gedəcəyi təqdirdə, buna görə məsuliyyət daşımaq istəmir. Neçə müddət keçib artıq, içəridə olan cavabdehə məxsus əşyalardan məlumatsızdır. Əslində məsələ ona mülkiyyət hüququndan yaradılan maneədir. İcra qaydasında qapının sökülməsində və ya çilingər tərəfindən açılmasında problem yoxdur. Onsuz ki, əmlakı ona təhvil veriləndə açarları dəyişəcək.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, 2023-cü ilin may ayında ailəsi ilə birlikdə Bakıya qayıtmışdır. Həmin vaxta qədər 5 ildir ki, Türkiyə Respublikası ərazisində yaşamışlar. Buraya gələn zaman qarşı tərəf anasıgillə birlikdə yaşayardı. Həmin evdə isə onun həyat yoldaşının cehizləri var idi. Ona görə ora gedə bilməyəcəkdilər. Belə ki, evdə artıq çox adam var idi və onların özlərinin də uşaqları var idi. Bununla yanaşı, Türkiyə Respublikasında yaşayan zaman artıq ayrı yaşamağa alışmışdılar. Onları birlikdə yaşamaq ehtimalları yox idi. Hətta həyat yoldaşına demişdir ki, müvəqqəti qayınanasıgildə yaşasınlar və özü anasıgillə danışıb, bu məsələni həll etsin. Anasına demişdir ki, mülkün birində qardaşı onlarla yaşayır, digərini isə əlində saxlayıb. Özü bildirdi ki, iyun ayında ora köçəcək. Lakin özü də bu evin oğludur və gedib başqa yerdə yaşamaq məcburiyyətində qalır. Cavabdeh birində yaşayır, digərinin isə açarlarını özündə saxlayır. Mülkün biri emalatxanadır. Cavabdeh oranın açarlarını atasına belə vermir. Emalatxanaya yalnız cavabdehlə birlikdə getmək mümkündür. Anası demişdir ki, 60000 manat məbləğində pul vəsaiti yığılıb və emalatxana satılıb ona ev alınacaq. Lakin cavabdeh açarları vermir. Həmin 60000 manatla Xırdalanda iki otaqlı ev alındı. Anası dedi ki, emalatxananı da andına keçirir. Ev və oranı satdığı zaman 120000-130000 manat məbləğində vəsait əldə edəcək və özünə normal bir ev ala biləcək. Digər 3 otaqlı ev isə qarşı tərəfin olsun. Müqayisə etsələr qiymət olaraq əmlakların dəyəri bərabər deyil. Lakin buna baxmayaraq, yenə də təkliflə razılaşmışdır. Cavabdehə qalan əmlakın qiyməti daha yüksəkdir. Anası Xırdalandan iki otaqlı mənzil aldı və ona bağışladı. Atası da emalatxananı anasının adına keçirdi və daha sonra anası oranı ona bağışladı. Cavabdeh isə dedi ki, “əmlakları tam bölək. Sənin uşağın da, sən də evdən qeydiyyatdan çıxın, əşyalarınızı da evdən çıxarın”. Bununla razılaşmış, uşağını dərhal qeydiyyatdan çıxarmışdır. Bir neçə ay sonra isə özü qeydiyyatdan çıxmış, əşyaları da çıxarmışlar. Orada sadəcə bir portreti qalıb. Onu da, anası demişdir ki, “mən özüm hara getsəm ora aparacam”. Cavabdeh deyir ki, atası digər mənzili ona bağışlasın, o da, emalatxananı boşaldıb və təhvil versin.
5. Cavabdeh elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, xx.xx.2025-ci il tarixində keçiriləcək məhkəmə iclasında Bakı şəhərində olmayacağı səbəbindən iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bundan başqa yaradıcılıq emalatxanasının açarlarını xx.xx.2025-ci il tarixində Rusiya Federasiyasında itirdiyini və bu hala işə baxılarkən qiymət verilməsini xahiş etmişdir.
6. Əvvəlki məhkəmə iclasarında iştirak edən cavabdehin izahatında bildirmişdir ki, emalatxananın açarı ondadır. Verməməyinin obyektiv səbəbləri var. O, valideynləri sağ olan zaman əmlakın bölünməsinə razı deyil. Belə bir fikir ortaya çıxır ki, sağ olan zaman bölə bilmirsinizsə, vəfat etdikdən sonra necə böləcəksiniz? Onun bu məsələdən xəbəri olmayıb. Həmin vaxt özü ölkə xaricində olmuş, qarşı tərəfin hansı üsullarla evdəkilərə təzyiq göstərdiyini bilir. O, anasından öyrənmişdir ki, emalatxana iddiaçıya bağışlanıb. Buna görə də, onda aqresiya yarandı. Ona isə hansı səbəbdən xəbər verilməməsindən məlumatı yoxdur. Qarşı tərəfin evdən qeydiyyatdan çıxmasını istəməyinin səbəbi var. Belə ki, bağışlama zamanı onun razılığı tələb olunur. O da, demişdir ki, necə onun razılığı alınmayıbsa, qarşı tərəfin də razılığı alınmamalıdır. Bu təklifini 4-5 ay uzatdı və sonra qeydiyyatdan çıxdı. Daha sonra mesaj yazdı ki, açarları nə vaxt verirsən. Demişdir ki, ora dair qarşı tərəfə məxsus çıxarışını görməmişdir. Hazırda burada çıxarışı görüb və QR kodla yoxladıqda, çıxarışın həqiqi olduğunu müəyyən etmişdir. Bununla yanaşı, orada əşya yoxdur. Orada olan əşyaların bir qismi hazırda qeydiyyatda olduğu ünvandadır. Əşyaların digər bir qismini isə satmış və bağışlamışdır. Nikah pozulduqdan sonra keçmiş arvadı əşyalarını qısa müddət ərzində çıxardı. Orada mətbəx mebeli, kombi və sair kimi əşyalar qalıb. Onlar ev satılanda belə çıxarılmır. Özü Yasamal rayonunda yerləşən 3 otaqlı mənzildə yaşayır. Nikaha daxil olan zaman mübahisə predmeti olan yerdə yaşayırdılar. Nikah pozulduqdan sonra orada yaşamaq psixoloji cəhətdən onun üçün çətin idi. İddiaçıya bildirmişdir ki, 4-5 ay gözlə və özü əşyalarını çıxaracaq. Mart ayından etibarən dostunun nəqliyyat vasitəsi ilə əşyalarını çıxarmışdır. Qarşı tərəf açar mütəxəssisləri ilə oraya gedib daxil olmağa çalışıb. Qonşulara bildirmişdi ki, belə olan halda imkan verilməsin. Belə ki, o emalatxananın çıxarışını təqdim etməmişdi. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar və onlar əsasında müəyyən edilən işin faktiki halları:
7. Bakı şəhəri, Binəqədi rayonu, Ə.İsgəndərov küçəsi, 6-cı mkr, məhəllə 3215, keçid 1410, 10 a, 19 saylı yaradıcılıq emalatxanası ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Onun mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində **********32-06301-083029 reyestr nömrəsi ilə qeydə alınmışdır.
8. Həmin əmlak faktiki olaraq cavabdehin istifadə və sahibliyindədir, cavabdeh əmlakın açarlarını təhvil verməkdən imtina edir və iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə olur. Müdaxiləsini isə ailə daxili mübahisə ilə əsaslandırır. Cavabdeh həmin əmlakdan çıxarılmasına zərurət olan şəxsi əşyasının olmadığını və açarları itirdiyini bildirir, bununla belə, hər iki tərəf mübahisənin məhkəmə yolu ilə həll edilməsində maraqlıdırlar. Tətbiq edilən maddi hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
10. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
11. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
12. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
13. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
14. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmənin mövqeyi:
15. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi kimi ilk addım iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılması və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olub-olmasının yoxlanılmasıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
16. Məhkəmə o qənaətə gəlir ki, iddia tələbinin hansı formada ifadə edilməsindən asılı olmayaraq, iddia ərizəsinin dəlillərinə və işin faktiki hallarına görə iddia tələbinin hüquqi əsasını mülkiyyət hüququnun müdafiəsi təşkil edir.
17. Hansı ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Eyni zamanda mülkiyyətçi mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədən şəxsə qarşı həmin hərəkətlərə son qoyulması ilə bağlı məhkəmədə iddia qaldıra bilər.
18. Odur ki, mübahisəli daşınmaz əmlakın iddiaçının mülkiyyətində olması və cavabdehin mülkiyyət hüququndan istifadəyə maneə törətməsi işin mübahisəsiz halıdır, bu səbəbdən də iddiaçının tələbi iddia tələbinin hüquqi əsasının dispozisiya şərtləri ilə uzlaşdığından iddia tələbi əsaslıdır. Bununla belə, məhkəmənin qənaətinə görə mülkiyyət hüququnun müdafiəsi açarların təhvil verilməsi, əşyaların çıxarılması kimi məsələləri özündə ehtiva etdiyindən, eyni zamanda cavabdeh açarları itirdiyini və mübahisəli əmlakda hər hansı əşyasının qalmadığını bildirdiyindən, həmin hissədə yönələn tələbə hər hansı hüquqi qiymət verilməsinə və bu barədə qətnamə çıxarılmasına zərurət yoxdur.
19. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının mülkiyyətində olan əmlakdan istifadə və sahiblik hüququnun həyata keçirilməsinə maneə törədilməsi Cavabdeh qadağan edilməlidir. Tətbiq edilən prosessual normalar:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
21. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
22. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
23. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
24. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
25. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.İsgəndərov küçəsi, 6-cı mkr, məhəllə 3215, keçid 1410, 10 a, 19 saylı yaradıcılıq emalatxanası ünvanında yerləşən qeyri-yaşayış sahəsindən istifadə və sahiblik hüququnun həyata keçirilməsinə mane törədilməsi Cavabdeh qadağan edilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
26. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.İsgəndərov küçəsi, 6-cı mkr, məhəllə 3215, keçid 1410, 10 a, 19 saylı yaradıcılıq emalatxanası ünvanında yerləşən qeyri-yaşayış sahəsindən istifadə və sahiblik hüququnun həyata keçirilməsinə mane törədilməsi Cavabdeh qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev