Məhkəmə qərarları › İş №2(001)-331/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-331/2022

05.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-331/2022 05.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 11 saylı Notariat kontoru və Cavabdeh3 qarşı müqavilənin ləğv edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 11 saylı Notariat kontoru və Cavabdeh3 qarşı müqavilənin ləğv edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 iddiaçının çox etibar etdiyi, ana tərəfdən yaxın qohumdur. X3 isə əvəllər tanımamış, ilk dəfə ləğvi tələb etdiyi kredit müqaviləsini bağlayanda, notariat kontorunda görmüşdür. İddia tələbi ləğvinə yönəldiyi iddiaçı ilə Cavabdeh2 Ravil oğlu arasında 11 saylı notariat konturunda 17 iyul 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinin tərtib edilməsi tamam başqa münasibətdən irəli gəlmiş, iddiaçı tərəfindən cavabdehdən hər hansı məbləğdə pul alınmamış, borc digər Cavabdeh3 Cavabdeh2 mənzilin alqı-satqısından yaranmış və qısa müddətdə də qaytarılmışdır. Belə ki, Qalib Hüseynova aid olan mənzil bankda girovda olmuş və satışa çıxarılmışdır. Bu barədə Birja qəzetində elan verilmişdir. Həmin mənzil Cavabdeh3 maraqlandırmış və o, bu barədə iddiaçının qardaşı X1 demişdir. Aydəm də alqı-satqı firmasının müdürü olan Rüfətə zəng edib, həmin mənzillə maraqlanmasını xahiş etmişdir. Rüfətin topladığı məlumatdan bəlli oldu ki, mənzil bankda girovdadır, hərraca çıxarılıb və bank tərəfindən götürülmək ərəfəsindədir. Bundan sonra Bakla əlaqə saxlayıb, oradan da iddiaçının qardaşını mənzilin sahibi olan cavabdeh Qalib Hüseynovla əlaqələndirmişlər. Qalibin adından onun yaxın adamı kimi Zaur adında şəxs ortaya çıxmış və Qalibin olmadığı vaxtlarda danışıqlar onunla aparılmışdır. Həmin vaxtlar Qalib Hüseynov xaricdə olmuş, danışıqlardan sonra uçub Bakıya gəlmişdir. Mənzili qiymətləndirib, 720.000 ABŞ dollarına razılaşmışlar. Mənzilin alqı-satqısını rəsmiləşdirmək üçün əvvəlcədən girovdan çıxarılması lazım olmuşdur. İlkin olaraq mənzili girovdan çıxartmaq üçün Cavabdeh3 150.000 ABŞ dolları vermişdir. Həmin pul Rüfət adında şəxsə verilmiş və o, da Zaurla gedib, pulu banka ödəyib, mənzili girovdan çıxarmışlar. Mənzilin alqı-satqının rəsmiləşdirilməsinə 11 saylı notariat kontoruna yığışanda, iddiaçı da qohumu Cavabdeh3la getmişdir. Mənzilin razılaşdırılmış dəyəri olan 720.000 ABŞ dollarından əvvlcədən ödənilmiş 150.000 ABŞ dolları nəzərə alınmaqla, qalan 570.000 ABŞ dollarından 140.000 ABŞ dolları çatmamışdır. Alqı-satqı qalmasın deyə razılaşdılar ki, həmin məbləğə mənzil alan bir borc müqaviləsi imzalasın və 5-6 aya ödəyəcəyini öhdəsinə götürsün. Lakin notarus buna razılaşmadı ki, eyni zamnda həm mənzilin alqısatqı müqaviləsi və həm də aralarında borc müqaviləsinin bağlanması məntiqli deyildir. Razılıq varsa borc müqaviləsi başqası ilə bağlansın. Məhz bu səbəbdən, notariusun məsləhəti ilə iddiaçının hazırda ləğvini tələb etdiyi müqavilə iddiaçının adından tərtib edilmişdir. Mənzilin alqı-satqı müqaviləsi Cavabdeh3 Bəyükağa oğlunun adına ertəsi gün rəsmiləşdirilmişdir. Bir aydan sonra da mənzili alan həmin məbləği hisə-hisə ödəməyə başlamış və təqribən 4-5 ay müddətinə mənzilin dəyərindən yerdə qalan və kredit müqaviləsində əks edilmiş 140.000 ABŞ dolları məbləği tam şəkildə ödənilmişdir. Pulların çox hissəsini cavabdeh Qalib Hüseynovun yaxını olan Zaur götürüb aparmış, Rüfətin də alıb göndərdiyi hal olub, iki dəfə də pul şəxsən Qalibin özünə verilib. Hər dəfə də Qalib pulun ona çatdırıldığı barədə məlumat vermiş və bununla bağlı aralarında heç bir sözsöhbət və irad olmamışdır. Həmin alqı-satqıya kimi iddiaçı ümumiyyətlə Qalib Hüseynovu görməmiş, onu tanımamış və onunla hər hansı razılaşması olmamışdır. Tanımayıbbilmədiyi adamdan borc götürülür və ya borc verirlər? Alqı-satqıdan sonra da iddiaçının Qalib Hüseynovla heç bir əlaqəsi olmamışdır. Onun əlaqələri iddiaçının qardaşı X2 ilə olmuşdur və öz aralarında alver etmişlər. Sonunda da Qalib düzgün mal vermədiyinə görə mübahisələri olmuşdur. Belə ki, X4 yaşadığını və orada bizneslə məşğul olduğunu iddiaçının qardaşı Aydəmə demiş, iddiaçının qardaşı da ona malın üzərinə yapışdırılan “birkalar” lazım olduğunu demiş və birkaları Türkiyədə hazırlayıb göndərilməsi ilə bağlı iddiaçının qardaşı Aydəmlə cavabdeh Qalib Hüseynov razılaşmışlar. Pulu göndərəndən sonra da Qalib mallar göndərmişdir. Sonuncu 2 partiya birklarları düzgün olmayan mal göndərmişdir. Həmin mallara görə də iddiaçının qardaşı ümumilikdə 90.000 ABŞ dolları ziyana düşmüşdür. Türkiyə gedəndə onlara məlum olmuşdur ki, Qalib sonrakı partiyanı dediyi fabrikdən deyil, kustar üsulu ilə 32.000 ABŞ dolları ucuzuna zay maldan düzəltdiribmiş. X9 həmin birkaların satışından 120.000 ABŞ dolları gəlir olduğu iddiası ilə gəlirdən iddiaçının qardaşından pay istəmiş və aralarında mübahisə baş vermişdir. Bundan sonra Qalib Hüseynov onunla aralarında bağlanmış kredit müqaviləsini məqsədli şəkildə istifadə etmiş və məqsədinə nail olmuşdur - iddiaçı mövcud olmayan 140.000 ABŞ dolları məbləğində öhdəliyin altında qalmışdır. Əslində isə mənzildən qalan borcun son məbləğini alandan sonra müqavilənin ləğv edilməsi cavabdehlərə aid məsələ idi. Belə ki, borc bağlandığından kredit müqaviləsi də cavabdehlər tərəfindən ləğv edilməli idi. Müqavilənin ləğvinə dair haqlı müraciətim, bütün bunlardan məlumatlı olan cavabdeh 11 saylı notariat kontoru tərəfindən də təmin edilməmişdir. İddiaçı məsələnin yoluna qoyulmasını cavabdehlərdən dəfələrlə xahiş etsə də, bunun heç bir müsbət nəticəsi olmadığından, aralarında mübahisəyə səbəb olmuşdur. Ona görə də iddiaçı mübahisəni məhkəmə yolu ilə həll edilməsi məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 izahatında məhkəməyə bildirdi ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı tərəf iddia ərizəsində iki məsələni qeyd edir. Birincisi bildirilir ki, müqavilə formal olaraq bağlanıb, digər tərəfdən də qeyd edir ki, müqavilə üzrə borc ödənilib və müqavilə ləğv edilməlidir. Borc müqaviləsinin ləğv edilməsinin əsasları qanunvericilikdə aydın şəkildə qeyd olunub və iddiaçının istinad etdiyi məsələlər qanunvericiliyin tələblərinə cavab vermir. Hal-hazırda borcun ödənilməsini təsdiq edə biləcək hər hansı sübut mövcud deyil. İddiaçı özü də pulu aldığını etiraf edir, bu barədə müqavilədə iddiaçının əli ilə yazılmış qeyd var. Belə olan halda borcun ödənilməsini də qanunvericilikdə nəzərdə tutulmuş vasitələrlə sübut etməlidir. Şahid ifadələri borcun ödənilməsinin sübutu kimi qəbul edilə bilməz. Qanunvericilikdə nəzərdə tutulub ki, borclu borcunun ödənilməsinin təqdiq edilməsi üçün müvafiq sənədləri kreditordan tələb edə bilər. Bunu etmirsə artıq nəticələrinə görə də özü cavabdehdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17.06.2021-ci il tarixli, 2(102)-3632/2021 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda qeydiyyatda olan cavabdeh İddiaçı 237790 manat, 140.000 ABŞ dolları ekvivalentində borc pulun, məhkəməyə müraciət etmək üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. ... Şamaxı Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddia tələbi təmin edilərək cavabdeh İddiaçı 237.709 manat (140.000 ABŞ dolları ekvivalentində) məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı Cavabdeh2 verilməsi qət edilmişdir ... Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər G.Tağızadə sədrlik edən və məruzəçi, L.Məmmədova və T.Quliyev) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-967/2021 nömrəli 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş; Şamaxı Rayon Məhkəməsinin iş üzrə 12 mart 2020-ci il tarixli 2(074)- 42/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ... məhkəmə qətnaməsi ilə tutulmalı olan pulun məbləği aydın deyil. Beləki, qətnaməyə əsasən İddiaçı 237.709 manat (140.000 ABŞ dolları ekvivalentində) məbləğində pul tutulması qət edilmişdir. ... Hazırkı işdə məhkəmənin nəticə etibarı ilə cavabdehdən hansı məbləğdə pulu (237.709 manat, yoxsa 140.000 ABŞ dolları) tutuması aydın deyil. 237.709 manat pulun tutulması qət olunmuşdursa, həmin məbləğin 140.000 ABŞ dolları ekvivalentində göstərilməsi ziddiyyət təşkil edir. Çünki həmin məbləğ ABŞ dollarının ekvivalenti ilə göstərilən məbləği təşkil etmir və gələcəkdə qətnamə icra olunan vaxtda tamamilə fərqli məzənnə ola bilər. Yox əgər məhkəmə 140.000 ABŞ dolları pulun ekvivalentində pul tutmaq qərarına gəlmişdirsə, yenə düzgün nəticə alınmır. Onda məhkəməyə lazım gəlirdi ki, tərəflər arasında bağlanmış borc müqaviləsinin şərtlərini təfsir edərək bununla bağlı dəyərləndirmə aparsın. Beləki, həmin müqavilənin 3-cü bəndinə əsasən borc alan borc məbləğini qaytardığı günün məzənnəsinə uyğun olaraq ABŞ dolları ekvivalentində ödəyəcəkdir. İlk baxışdan belə qənaət hasil olur ki, borcun nə vaxt qaytarılmasından, maliyyə bazarında hansı dəyişikliyin baş verməsindən asılı olmayaraq borclu borc verənə 140.000 ABŞ dolları pul qaytarmalıdır. ... Hətta, məhkəmələr tərəflərin müqavilə bağlayarkən pulun qaytarıldığı vaxtı məhz 140.000 ABŞ dolları məbləğində pulun qatarılması barədə razılığa gəlmələri qənaətinə gəlmiş olsalar belə, yenə də qətnamə düzgün tərtib edilməmişdir. Belə olan təqdirdə alınıb verilməli olan pulun məbləği ABŞ dolları ilə göstərilməli, qaytarıldığı tarixdə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq manatla qaytarılması müəyyən edilməlidir. Əks təqdirdə belə bir qətnamənin icrası mümkün olmayacaq. ... Tutulmalı olan pul məbləğinin dəqiq göstərilməsi üçün məhkəməyə lazım gələcəkdir ki, kredit müqaviləsinin qeyd olunan şərtləri ilə bağlı araşdırma aparsın, müqavilə bağlayarkən onların iradə ifadəsini aydınlaşdırsın. Həmin araşdırmanın zəruriliyi eyni zamanda cavabdehin irəli sürdüyü dəlillərin də (müqavilədə nəzərdə tutulan məbləğin evin alınmasından qalan məbləğ olması, və.s.) aydınlaşdırılmasına kömək etmiş olar və nəticə etibarı ilə həmin müqavilənin real kredit müqaviləsi olub-olmaması, və yaxud borcun etirafı barədə müqavilə olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirmiş olar”. Qeyd olunan əsaslarla Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17.06.2021-ci il tarixli, 2(102)-3632/2021 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-967/2021 nömrəli 22 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmiş və hal-hazırda apellyasiya instansiyası məhkəməsində olan icraat hazırkı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Məhkəmənin sorğusuna əsasən notariat kontoru tərəfindən təqdim edilmiş notariat işlərinin materiallarından görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında kredit müqaviləsi və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqavilələrinin əksəriyyəti üzrə notariat işləri 17.07.2018-ci il tarixdə başlanmış və hətta 18.07.2018-ci il tarixdə başlanmış notariat işlərindən də görünür ki, həm borc müqaviləsi üzrə, həm də alqı-satqı müqavilələri üzrə ödənişlər 17.07.2018-ci il tarixdə bir neçə dəqiqə fərqlə edilmişdir. İş materiallarında olan 17.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə tərtib edilmiş 3m-597 saylı notariat işindən görünür ki, Cavabdeh2 müqavilədə İddiaçı borc verdiyi məbləğ olaraq qeyd olunmuş 237790 manat məbləğində pulu notariat kontorunun depozit hesabına 17.07.2018-ci il tarixdə, saat 16:53:29-da qoymuşdur. İş materiallarında olan Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış Daşınmaz əmlakın alqı-satqı müqavilələri üzrə tərtib edilmiş notariat işlərində olan sənədlərdən görünür ki, Cavabdeh3 tərəfindən AZ-İ ******* saylı alqı-satqı müqaviləsi üzrə 51000 manat məbləğində pul 17.07.2018-ci il tarixdə, saat 17:01:29-də; AZ-İ ******* saylı alqısatqı müqaviləsi üzrə 80000 manat məbləğində pul 17.07.2018-ci il tarixdə, saat 17:03:49da; AZ-İ ******* saylı alqı-satqı müqaviləsi üzrə 47000 manat məbləğində pul 17.07.2018ci il tarixdə, saat 17:05:26-da; AZ-İ ******* saylı alqı-satqı müqaviləsi üzrə 47000 manat məbləğində pul 17.07.2018-ci il tarixdə, saat 17:07:13-də; AZ-İ ******* saylı alqı-satqı müqaviləsi üzrə 216480 manat məbləğində pul 17.07.2018-ci il tarixdə, saat 17:09:43-də 11 saylı (Dövlət) Notariat Kontorunun depozit hesabına ödənilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında aşağıdakılar qeyd olunmuşdur: “... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir”. Hal-hazırda iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olduğundan və əqdin etibarlılığı məsələsi həmin icraat çərçivəsində müəyyən ediləcəyindən, hazırkı mülki iş üzrə isə iddiaçı müqavilənin legitimliyini mübahisələndirmədiyindən, məhkəmə yuxarıda qeyd olunanlara münasibət bildirmir və hesab edir ki, hazırkı iddia ərizəsi rədd edilməlidir. Belə ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, Cavabdeh2 xeyrinə icra edilməli olan 140.000 ABŞ dollarına dair öhdəlik faktiki olaraq mövcud olmuşdur. Tərəflər arasında fikir ayrılığı isə həmin öhdəliyin icra edilib-edilməməsi ilə bağlıdır. İddiaçı bildirir ki, borc (faktiki olaraq onun borcu olmasa da) mövcud olmuş, lakin qısa müddətdə bağlanmışdır. Cavabdeh isə borcun ödənilməməsini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 433.3-cü maddəsinə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. 24.02.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində məhkəməyə bildirmişdir ki, o, iddiaçının qardaşıdır. Təxminən 4 il əvvəl dayısı Cavabdeh3 Bakı şəhərində ev almaq istəyirdi. Onun alqı-satqı şirkətlərinin rəhbərləri ilə münasibətləri var idi. Bu səbəbdən dayısı ona müraciət etdi. O da öz növbəsində dostlarına müraciət etmişdir. Onlar Bina.az və Tap.az saytlarından ev baxdılar. Bildirdilər ki, bir ev var, lakin ev bankaların birində girovdadır. Evin sahibi ödəniş edə bilmir. Təcili ev satılır. Zaur adlı bir şəxs evi onlara göstərdi. Onlar evi bəyəndilər. Onlara bildirildi ki, evin sahibi Cavabdeh2dur və o, Londonda yaşayır. Qabil Londondan gəldi, söhbət etdilər, onlara dedi ki, borcu var, eyni zamanda övladları da Londonda təhsil alır və onların təhsil haqqı ödənilməlidir. Hətta evdən bəzi əşyaların, tablolarını götürüləcəyini bildirdi, onlar da razılaşdılar. Ev keçmiş məmurun evi olub. İlkin olaraq mənzili girovdan çıxarmaq üçün onlar tərəfindən 150000 ABŞ dolları alqı-satqı işləri ilə məşğul olan Rüfətə verildi. Ev girovdan çıxarıldı. Ev alınan zaman 140000 ABŞ dolları məbləğində pul çatmadı. Alqısatqı qalmasın deyə onlar həmin məbləğə dair borc müqaviləsinin bağlanmasına dair razılığa gəldilər. Borc müqaviləsi qardaşı Aydın ilə Qabil arasında bağlanmışdır. Borc müqaviləsi bağlandıqdan sonra dayısı hissəvi şəkildə pulu göndərirdi, o və mühasibi Ülvi ödənişləri edirdilər. Dediklərinin hər birini təsdiqləyən bütün yazışmalar var idi, təəssüf ki, bütün yazışmalar silinib. Beləliklə, onların Qabillə belə sıx dostluğu yarandı. X7 yaşadığından və orada ticarətlə məşğul olduğundan xəbərdar idi, ona “birka” lazım idi və o, bu barədə Qabilə müraciət etdi, bir müddət birlikdə iş gördülər. Lakin “birka” məsələsində müəyyən problemlər yarandı, hətta Qabilin ona borcu qaldı. Sonralar bir gün qardaşı Aydın ona zəng elədi ki, Qabil 140000 ABŞ dolları borcla bağlı onu məhkəməyə verib. O, Qabilə zəng etdi, lakin Qabil səsibu eşidən kimi telefonu söndürdü və onu “bloka” atdı. Ödənişlərin 50000 ABŞ dolları hissəsini o özü şəxsən ödəyib, qalan hissəsini isə mühasibi Ülvi. Lakin ödənişlərlə bağlı əllərində hər hansı sübut yoxdur. 24.02.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində məhkəməyə bildirmişdir ki, o, iddiaçının qardaşı Aydəm İsmayılovun dostudur. Mühasib işləyir. Aydəm bildirdi ki, Qabil adlı şəxsə ödəmələr olacaq. Aydəm pulu ona verirdi, o da ödənişləri Qabilə və onun köməkçisi olduğunu bildirilən Zaura ödəyirdi. Təxminən 90000 ABŞ dolları məbləğində pulu o ödəmişdir. Ödəməni 3-4 dəfəyə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə 140000 ABŞ dolları məbləğində pulun 17.07.2018-ci il tarixli müqaviləyə əsasən ödənilməli olmasını qəbul edir, lakin iddia edir ki, 140000 ABŞ dolları Cavabdeh2 tam olaraq ödənilmişdir. Buna baxmayaraq həmin borcun tam və ya qismən ödənilməsinə dair hər hansı hazırkı vəziyyətdə mötəbərliyi qanunvericiliklə qəbul edilən sübut iş materiallarında mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 11 saylı Notariat kontoru və Cavabdeh3 qarşı müqavilənin ləğv edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 11 saylı Notariat kontoru və Cavabdeh3 qarşı müqavilənin ləğv edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar