Məhkəmə qərarları › İş №2(001)-332/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-332/2025

21.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-332/2025 21.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 qarşı “miras əmlakın naturada bölünməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 qarşı “miras əmlakın naturada bölünməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R. İsmayılov küçəsində yerləşən 19 saylı evin 9 saylı mənzilində yerləşən ümumi sahəsi 55.4 kv.m olan yaşayış evi və “Mercedes Benz-180” minik markalı avtomobili mərhum atası X10 onlara miras qalmışdır və həmin əmlaklara dair onlara vərəsəlik şəhadətnaməsi verilərək hər birinin payı 1/7 hissədə müəyyənləşdirilmişdir. O, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən 19 saylı evin 9 saylı mənzilinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən 1/7 hissəsinə ilkin olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh4, sonra isə xx.xx.2022-ci il tarixdə 1/7 hissəyə ona çıxarış verilmişdir. 08 iyun 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə “Mercedes Benz-180” minik markalı avtomobilinin də ümumi dəyərinin 1/7 hissəsi ona mirasdan pay kimi müəyyən olunmuşdur. Həmin əmlaklar üzərində mülkiyyət hüququnun olmasına baxmayaraq, cavabdehlər onu əmlakdan sərbəst istifadə etməyə qoymurlar. O, bu səbəbdən də, Bakı şəhəri, Biləcəri rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 19 saylı evin 9 saylı mənzilində yerləşən ümumi sahəsi 55.4 kv.m olan yaşayış evinin və “Mercedes Benz-180” minik markalı avtomobilin açıq hərracda satılmasını və onun payına düşən 1/7 hissə olmaqla pul vəsaitinin ona verilməsini cavabdehlərə təklif etmişdir. Qeyd olunan əmlak üzərində olan mülkiyyət hüququ əsasında ona aid hissədə payının naturada bölünməsi və əgər bölünməsi mümkün olmadıqda həmin əmlakın qiymətləndirilərək açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-220.6-cı maddələri ilə əsaslandıraraq, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən ümumi sahəsi 55.4 kv.m olan 19 saylı evin 9 saylı mənzilinin vərəsələrin yəni, onun və cavabdehlərin arasında şəhadətnaməyə uyğun olaraq hər birinə 1/7 hissə olmaqla naturada bölünməsi, naturada bölünmə mümkün olmadıqda həmin mənzilin açıq hərracda satılaraq əldə olunan vəsaitin onun payına düşən 1/7 hissəsinin ona verilməsi və “Mercedes Benz-180” minik markalı avtomobilin açıq hərracda satılaraq əldə olunan məbləğin onun payına düşən 1/7 hissəsinin ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, digər payçılara kompensasiya verilməsinə münasibətdə maddi imkanının olmadığını əsas gətirərək, etiraz etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hər biri ayrı ayrılıqda onlara qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Bundan əlavə, cavabdehlər İddiaçı və Cavabdeh3 maddi imkanlarının olmadığını əsas gətirərək, iddiaçıya kompensasiya verilməsinə etiraz etməklə yanaşı, iddiaçının gəlib onlarla birlikdə həmin evdə yaşamasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 ona qarşı irəli sürülmüş iddia tələbinə münasibətdə mənzilin açıq hərracdan satılmasına etiraz etmədiyini və iddia tələbinin həmin hissədə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər cavabdehlər X16, Cavabdeh6 və Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 80.45 kv.m olan 9 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə 1/7 hissədə İddiaçı adına xx.xx.2022-ci il tarixdə, 1/7 hissədə Cavabdeh4 adına xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X17 aid 5/7 hissə açıq qalmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 80.45 kv.m olan 9 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X1 adına xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan ÖM seriyalı, 256268 nömrəli Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, 19 saylı evin 55.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 9 saylı mənzili X13 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1429 saylı reyestr kitabında 214621-ci səhifə 30/214621 nömrə ilə xx.xx.2006-cı il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 20 saylı notariat kontorunun xüsusi notariusu X14 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2015-ci il tarixdə ölmüş X13 vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçıdır və o, miras əmlakdan 1/7 hissədə pay almalıdır. Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X17 verilmiş 30/214621 qeydəalma nömrəsi ilə 1429 nömrəli kitabın 214621-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən 55.4 kv.m yaşayış sahəsindən ibarət olan mənzildən ibarətdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 20 saylı notariat kontorunun xüsusi notariusu X14 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2015-ci il tarixdə ölmüş X13 vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçıdır və o, miras əmlakdan 1/7 hissədə pay almalıdır. Şəhadətnamə üzrə verilən miras əmlak Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş 10/.04.2007-ci il tarixli AB002463 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2020181F530891, mühərrikin nömrəsi **********9230 və buraxılış ili 1996 olan “Mercedes Benz C180” minik markalı 10UN463 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 0/7519 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə baxış keçirilməsi mümkün olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin İddiaçı payına düşən 1/7 hissənin (ayrılması) bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1104/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X6 və İddiaçı cavabdehlər 3 saylı Bakı “ASAN xidmət” mərkəzində xüsusi notariat kontoruna, X2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 və X4 qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin, bunun əsasında verilmiş çıxarışların, eləcə də, nəqliyyat vasitəsinə dair nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi və həmin əmlaklara dair qeydiyyatların ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat kontorunun xüsusi notariusu X15 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 2V/375, 2V/376 və 2V/377 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələr, həmin şəhadətnamələr əsasında bağlanmış xx.xx.2016-cı il tarixli, 3M-324, 3M-325 və 3M-326 reyestr nömrəli miras payın bağışlanması barədə müqavilələr, həmin müqavilələr əsasında X1 adına verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, 19 saylı evin 9 saylı mənzilinə və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və “Mercedes Benz-180” minik markalı ** UN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi və həmin əmlaklara dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı şəhər Ərazi İdarəsində və Azərbaycan Respublikaı Daxili İşlər Nazirliyi BDYPİ-də aparılmış rəsmi qeydiyyatlatın ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6839/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1104/2017 saylı mülki iş üzrə qəbul etdiyi 17 mart 2017-ci il tarixli qətnaməsi cavabdeh X2 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-9076/2017 saylı xx.xx.2017-ci il tarixli qərarından görünür ki, cavabdeh X7 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6839/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 528/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli 2(001)-8924/2015 saylı qətnaməsindən iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, 22 fevral 2015-ci il tarixdə vəfat etmiş X10 miras qalmış əmlaka dair onun birinci növbə vərəsələri Yusubova (Həsənova) Sevinc Oqtay qızı və İddiaçı adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin Bakı şəhəri 20 saylı Notariat Kontoruna tapşırılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7546/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, X11 və X2 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaklarda payın müəyyən edilməsinə və mülkiyyət hüququnun tanınması”na dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6653/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7546/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, iddiaçı X3 Badamdar qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi və “Mercedes Benz 180” minik markalı ** UN *** dövlət qeydiyyat nişanlı avtomobilə dair ½ payda mülkiyyət hüququnun tanınması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-400/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdehlər Bakı şəhəri 20 saylı notariat ofisinə, İddiaçı, X12 və Cavabdeh4 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsinə və sair” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı verilmiş Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2V-41 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, İddiaçı verilmiş Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2V-42 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Cavabdeh1 verilmiş Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2V-99 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Cavabdeh4 verilmiş Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-157 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 0.06 ha torpaq sahəsinə dair Cavabdeh4 və İddiaçı Oktay qızının adına mülkiyyət hüquqlarının qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışların ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı İstintaq Təcridxanasında saxlanılan X19 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, S.Əhmədov ərizəsində vəfat etmiş valideynlərindən miras qalan Binəqədi rayonu, Nübar qəsəbəsi, ev 18, 12 sot torpaq sahəsində olan bir mərtəbəli mənzilin bacısı Həsənova (Əhmədova) Pərvanə Oqtay qızının onlara düşmüş vərəsəlik pay hissəsini qanunsuz olaraq zəbt edilərək mənimsəmək istədiyini qeyd edərək, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş QCM/N 06-039/24 saylı, xx.xx.2024-cü il tarixli hesabatdan görünür ki, aparılmış araşdırmalar və təhlillərə əsasən “Mercedes Benz C-180” minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin 29 noyabr 2024-cü il tarixinə bazar dəyəri 6600 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspetizası Mərkəzinin 10/8549 saylı 14 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən 19 saylı evin 9 saylı mənzilinin yerləşmə vəziyyətini, yəni 8 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşdiyini, yalnız bir giriş-çıxış qapısı olduğunu, mənzilin tərkibində yalnız bir mətbəx, bir hamam, bir tualet olduğunu nəzərə alaraq, həmin mənzilin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsinin “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”nın 5.2, 5.5, 5.6, 5.7 və 5.8 bəndlərində göstərilənlərə və “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş CVN/S 65-356/25 saylı, xx.xx.2025-ci il tarixli hesabatdan görünür ki, mütəxəssis qarşısında qoyulmuş suallara uyğun olaraq, ünvan 3 ünvanına baxış keçirilmiş, ərazi üzrə monitorinq aparılmışdır. Aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 80.45 kv.m təşkil edən 4 (dörd) otaqlı mənzilin 30 sentyabr 2025-ci il tarixinə bazar dəyəri 133000 (bir yüz otuz üç min) manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (İ-İİİ hissələr) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. (maddə 214.1) Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. (maddə 214.2) Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. ( maddə 214.3.) Paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur. (maddə 214.4.) Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. (maddə 215.1.) Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. (maddə 215.2.) Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.3.1-cü maddəsinə əsasən əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; Həmin Məcəllənin 215.3.2-ci maddəsinə əsasən əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147- 148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları 6 dekabr 2024-cü il tarixli 02/2024 №li qərardadına əsasən müəyyən edilmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. İdeal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. İdeal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir. Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2- 220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həm müllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur. Bu baxımdan məhkəmələr bu kateqoriyadan olan işlərə baxarkən bütün payçıların qanunla qorunan hüquq və mənafelərinin bərabər müdafiəsi məqsədilə ilk növbədə tərəflər arasındakı mübahisəli vəziyyətin nədən irəli gəldiyini, iddiaçının hazırkı iddia ilə əldə etmək istədiyi hüquqi nəticənin nədən ibarət olduğunu, çatmaq istədiyi hüquqi mənafeyə uyğun düzgün hüquqi mexanizm seçib-seçmədiyini aydınlaşdırmalı, uyğunsuzluq halında qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi müdafiə vasitələrindən istifadənin mümkünlüyünü tərəflərlə müzakirə etməlidirlər. Bu yolla paylı mülkiyyətçilər mülkiyyət hüquqlarının daha real və effektiv şəkildə realizəsinə nail olmaqla, aralarındakı mübahisənin buna zərurət olmadığı halda paya və ya bütünlükdə ümumi mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnəcək şəkildə həllindən qorunmuş olurlar. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 04 aprel tarixli qərarında göstərilir ki, ...əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Naturada ayrılma mümkün olmadıqda ikinci mərhələnin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 4 aprel tarixli qərarında göstərilmişdir ki, ...mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Göründüyü kimi, payın naturada ayrılması mümkün olmadıqda ikinci mərhələ üzrə məhkəmə araşdırmasının aparılması iddiaçının iradəsindən asılı olmaqla, yalnız o, digər mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiyanın ödənilməsini tələb etdiyi halda mümkündür. İddiaçı payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla ümumi mülkiyyətdən payın naturada ayrılması barədə iddiası rədd olunmalı və ona gələcəkdə ikinci mərhələdən başlanmaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə araşdırması zamanı cavabdehlərdən heç biri kompensasiya ödəmək istəmədikdə və ya hər hansı səbəbdən ödəyə bilmədikdə iddiaçının tələbi əsasında məhkəmə üçüncü mərhələyə keçid etməklə əşyanın birbaşa açıq hərracdan satılmasını qət etməlidir. İddiaçının əşyanın açıq hərracdan satılmasını tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və ona gələcəkdə yalnız üçüncü mərhələ üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Beləliklə, İddiaçı cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 qarşı “miras əmlakın naturada bölünməsi və sair” tələbinə dair iddia irəli sürsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının naturada bölünməsini tələb etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən 19 saylı evin 9 saylı mənzili və “Mercedes Benz C-180” minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi paylı mülkiyyətdə olan əmlaklardır və müvafiq ekspert rəyi ilə təsdiq edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən 19 saylı evin 9 saylı mənzilin yerləşmə vəziyyətini, yəni 8 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşdiyini, yalnız bir giriş-çıxış qapısı olduğunu, mənzilin tərkibində yalnız bir mətbəx, bir hamam, bir tualet olduğunu nəzərə alaraq, həmin mənzilin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsinin “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”nın 5.2, 5.5, 5.6, 5.7 və 5.8 bəndlərində göstərilənlərə və “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün deyildir. Eyni zamanda, tərəflər ümumi paylı əmlaklar üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmirlər və tərəflər arasında iddia tələbində göstərilən əmlakların məhkəmədənkənar satılması barədə razılıq əldə olunmamışdır. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına, həmçinin işdə olan sübutlara əsaslanaraq, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, sözügedən mübahisənin həllinin çıxış yolu kimi yalnız sözügedən fərdi yaşayış evinin – daşınmaz əmlakın və avtomobilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 qarşı “miras əmlakın naturada bölünməsi və sair” tələbinə dair iddiası təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən 19 saylı evin 9 saylı mənzili ilkin satış qiyməti 133000 manat və “Mercedes Benz C-180” minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilkin satış qiyməti 6600 manat müəyyən edilməklə açıq hərracda satılsın. Həmin əmlakların satışından əldə edilmiş pul məbləği ümumi mülkiyyətin mülkiyyətçilərinə onların paylarına mütənasib surətdə, o cümlədən 1/7 hissədə İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar