Məhkəmə qərarları › İş №2(001)-3332/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3332/2022

22.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3332/2022 22.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Zəhmət-Ruzi MMC-nin Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Zəhmət-Ruzi MMC Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Zəhmət-Ruzi MMC-nin nümayəndəsi Nümayəndə Zeynalabdin qızı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Zəhmət Ruzi MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi cəmiyyətdə satış təmsilçisi vəzifəsində işləmişdir. Daha sonra cavabdeh ilə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. Cavabdeh cəmiyyətdə satış təmsilçisi kimi işləyən zaman onun cəmiyyətdən aldığı malların qalıq borcları ödənilməmiş qalmışdır. Belə ki, qeyd olunan dövrdə Cavabdeh satışdan müxtəlif tarixlərdə müəyyən məbləğdə pulu cəmiyyətin kassasına təhvil vermiş və ya malı anbara qaytarmışdır, geri qalan 125602,77 manat məbləğində pulu bu günə kimi ödəməmişdir. İddiaçı Zəhmət-Ruzi MMC tərəfindən dəfələrlə Cavabdeh şifahi və rəsmi qaydada xəbərdarlıq edilərək ondan maddi məsuliyyətində olan borc qalığın ödənilməsi tələb olunmasına baxmayaraq Cavabdeh bu günə kimi heç bir ödəniş həyata keçirməmişdir. Öhdəliyində olan borcun iddiaçının hesabına ödənilməsi barədə cavabdehə pretenziya göndərilmiş, bundan sonra mübahisənin həlli üçün mediasiya prosesinin keçirilməsi barədə mediasiya bildirişi göndərilmiş, lakin cavabdeh heç birinə əhəmiyyət verməmişdir. Həmin vəsait vaxtında qaytarılmış olsaydı, cəmiyyət dövriyyədən xeyli fayda əldə etmiş olardı. Cavabdehin öhdəliklərini vaxtında icra etməməsi nəticəsində cəmiyyətə xeyli miqdarda ziyan dəymişdir. Məhkəməyə müraciət edildikdən sonra cavabdehin borcunda azalmalar müşahidə edilmiş, belə ki, cavabdehlə əmək müqaviləsinə xitam verildikdən sonra onun adına olan sistem koduna ödənişlər daxil olmuşdur. Hazırda cavabdehin yekun borcu 110369,93 manat təşkil edir. Ona görə də, Cavabdeh maddi ziyana görə 110369,93 manatın, dövlət rüsumuna görə 415 manatın iddiaçı Zəhmət-Ruzi MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəməyə məlum ünvanları üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). İşəgötürən Zəhmət-Ruzi MMC ilə işçi Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsindən müəyyən olunur ki, Cavabdeh aylıq 250 manat olmaqla Zəhmət-Ruzi MMC-yə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200-cü maddəsinin 1-ci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşəgötürən Zəhmət-Ruzi MMC ilə işçi Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən müəyyən olunur ki, işçi əmək müqaviləsinə əsasən, icrası nəzərdə tutulmuş işlərə görə ona (vəzifə öhdəliklərinin icrası üçün) verilmiş maddi dəyəri olan bütün növ əşyalara, ... pul vəsaitlərinə görə işəgötürənə vurduğu maddi ziyan üçün tam maddi məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zəhmət-Ruzi MMC-nin sürücü-ekspeditorunun vəzifə təlimatından müəyyən olunur ki, rüblük debitor borcların üzləşdirilməsini aparmaq, təsdiq etmək, satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə hesabatları hazırlayıb mütəmadi bölgə müdirinə təqdim etmək sürücü-ekspeditorun vəzifəsidir, o şirkətdən satış üçün aldığı məhsulun ödənişinə görə tam maddi məsuliyyət daşıyır. Zəhmət-Ruzi MMC ilə Cavabdeh arasında tərtib olunmaqla imzalanmış xx.xx.2020-ci il tarixli qarşılıqlı üzləşmə aktından müəyyən olunur ki, Cavabdeh Zəhmət-Ruzi MMC-yə xx.xx.2020-ci il tarixə qalıq borcunun 130399,49 manat olmasını imzası ilə təsdiq etmişdir. Cavabdeh xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə müştərilərlə hesablaşma cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixə Zəhmət-Ruzi MMC-yə olan cəmi borcu 147599,41 manat təşkil edir. Cavabdeh xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə müştərilərlə hesablaşma cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixə Zəhmət-Ruzi MMC-yə olan cəmi borcu 110369,93 manat təşkil edir. Zəhmət-Ruzi MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2021-ci il tarixli 722 saylı pretenziyadan müəyyən olunur ki, işəgötürən işçiyə şirkətə olan 147599,41 manat borcunu 10 gün müddətində ödəmədiyi halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdar etmişdir. Zəhmət-Ruzi MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixə Zəhmət-Ruzi MMC-yə ödənilməli olan yekun borcu 110369,93 manat təşkil edir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, Cavabdeh Zəhmət-Ruzi MMC ilə bağladığı əmək müqaviləsinə işəgötürənin 28K xx.xx.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilələr əsasında iddiaçıdan aldığı əmlakın dəyəri olan 110369,93 manatı iddiaçıya qaytarmamaqla işəgötürənə maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli) və ya narkotik maddələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, işçi cavabdehin işəgötürən iddiaçıya 110369,93 manat maddi ziyan vurması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddia ərizəsi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh maddi ziyana görə 110369,93 manat, dövlət rüsumuna görə 415 manat olmaqla, cəmi 110784,93 manat Zəhmət-Ruzi MMC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar