Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3338/2021 01.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “zaminliyə xitam verilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 ASC və mərhum X6 arasında bağlanılmış 28 iyul 2015-ci il tarixli, 106.CL.280715.00001/c nömrəli üçtərəfli zaminlik müqaviləsi üzrə zaminliyin xitam edilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh2 ASC və mərhum X6 arasında bağlanılmış 28 iyul 2015-ci il tarixli, 106.CL.280715.00001/c nömrəli üçtərəfli zaminlik müqaviləsinə əsasən, o, borcalan X6 ilə borc verən Cavabdeh2 arasında illik 20 % dərəcəsi ilə 104500 ABŞ dolları verilməsi ilə bağlı bağlanılmış 28 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə borc alan X4 həmin kreditin borcverən Cavabdeh2 ASC-yə qaytarması barədə öhdəliklərinə zamin olmuşdur. Qeyd edilə 28 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcalan X6 11 may 2019-cu il tarixində ölmüşdür. Binəqədi Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(001)-21/2020 saylı qərardadına əsasən birgə cavabdeh Dadaşov Natiq Qənbər oğlu X4 hüquqi varisi hesab edilmişdir. X4 ölməsi və birgə Cavabdeh1 onun hüquqi varisi olması faktı ilə öhdəlikdə şəxslər dəyişmiş, X6 ilə borcverən Cavabdeh2 ASC arasında illik 20 % dərəcəsi ilə 104500ABŞ dolları verilməsi ilə bağlı 28 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə borc Cavabdeh1 keçmiş, o, hazırda borcverən Cavabdeh2 ASC qarşısında yeni borclu kimi çıxış edir. Bu səbəblə də, onunla Cavabdeh2 ASC və mərhum X6 arasında bağlanılmış 28 iyul 2015-ci il tarixli, 106.Cl.280715.00001/c nömrəli üçtərəfli zaminlik müqaviləsinə əsasən onun zaminliyinə xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.2-ci maddəsinə əsasən gər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində razılıq verməmişsə. Zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə zaminliyə xitam verilir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. İddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək, mübahisənin mahiyyətini nəzərə alaraq məhkəmə o qənaətə gəlir ki, hazırki mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, hazırki iddia tələbində iddiaçı Cavabdeh2 ASC ilə mərhum X6 arasında bağlanmış 28 iyul 2015-ci il tarixli kredit müqaviləsinin təminatı olan və onunla kreditor və borcalan arasında eyni tarixdə bağlanmış üçtərəfli zaminlik müqaviləsinə xitam verilmiş hesab edirlməsini xahiş edir. İddiasını da onunla əsaslandırır ki, borcalan ölmüşdür və Mülki Məcəllənin 477.0.2-ci maddəsinin tələbi baxımından onun zaminliyinə xitam verilməlidir. Hazırki iddia üzrə tələb həmin borcalanın oğlu və varisi Cavabdeh1, həm də Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı yönəlmişdir. Lakin iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2(001)-21/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 ASC-nin ilkin iddia üzrə cavabdehlər X4 hüquqi varisi Cavabdeh1 və İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair” ilkin iddia ərizəsi və iddiaçı X4 hüquqi varisi Cavabdeh1 cavabdehlər Cavabdeh2 ASC-yə və İddiaçı qarşı “ipoteka müqaviləsinin və 05.07.2013cü il tarixli, 1 saylı və 28.07.2015-ci il tarixli, 02 saylı əlavə razılıqlarının etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilmişdir. Həmin qətnamədən müəyyən edilir ki, ilkin iddiada Bank məhkəmədən borcalan və zamindən kredit borcunun tutulmasını və tələbin ipoteka predmetinə yönəldilməsini və.s xahiş etmişdir. Qarşılıqlı iddiada isə borcalanın hüquqi varisi kredit, ipoteka müqaviləsinin və əlavə razılıqların etibarsız hesab edilməsini xahiş etmişdir. Həmin qətnamənin əsaslandırılması hissəsindən görünür ki, işə baxan məhkəmə yuxarıda qeyd edilən kredit müqaviləsinin yalan əqd olması qənaətinə gələrək, kredit öhdəliyinin X7 ilə bağlanmış hesab edilməsini və kredit borcunun İddiaçı tutulmalı olmasını müəyyən etmişdir. O cümlədən ipoteka müqaviləsini də etibarsız hesab etmişdir. Həmin qətnamədən həm kreditor, həm də hazırki iddia üzrə iddiaçı ayrı-ayrılıqda apellyasiya şikayəti vermişdir. Həmin mülki iş hazırda apellyasiya məhkəməsinin icraatındadır. Hazırki iddia üzrə iddiaçının həmin qətnamədən vermiş olduğu apellyasiya şikayətinin dəlillərindən biri zaminlik müqaviləsinin etibarsızlığıdır. Həmin dəlil onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi, ipoteka müqaviləsi etibarsız hesab edilsə də, zaminlik müqaviləsinin etibarlılığına qiymət verilməmişdir. Halbuki, Mülki Məcəllənin 460.3-cü maddəsində qeyd edilmişdir ki, Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. Göründüyü kimi yuxarıda qeyd olunan mülki işdə bir tərəf etibarlı hesab etdiyi müqavilələr(kredit, ipoteka, zaminlik) əsasında öhdəliyin icrasını tələb edir, digər tərəf ona aid olan müqavilələrin(kredit, ipoteka) etibarsızlığını tələb edir, bir tərəf də onun barəsində olan müqavilənin(zaminlik) etibarlılığına qiymət verilmədiyinə etiraz edir. Bütün bunlarla yanaşı hazırki iddia tələbində iddiaçı digər mülki işdə cavabdeh olan İddiaçı isə Mülki Məcəllənin 477.0.2-ci maddəsinin tələbi baxımından zaminlik müqaviləsinin xitamını tələb edir. Hər iki iddiada zaminlik müqaviləsinin mübahisələndirilməsi açıq aşkardır. Baxmayaraq ki, bir mübahisədə zaminlik müqaviləsinin etibarlılığı, digərində zaminliyin xitamı mübahisələndirilir, məhkəmənin bununla bağlı mövqeyi ondan ibarətdir ki, zaminlik müqaviləsinin xitamı üçün əsasların yoxlanılması bununla bağlı müstəqil qaydada iddia tələbi irəli sürülməsindən asılı deyildir. Belə ki, məhkəmə zaminlik müqaviləsinə əsasən zamindən hər hansı məbləğ tutarkən zaminin öhdəliklərinin faktiki olaraq mövcudluğuna qiymət verməlidir. Belə ki, zaminin öhdəliyi onun məsuliyyətinin ölçüsündən asılıdır. Zaminin məsuliyyətinin ölçüsü isə müqavilədə zaminin qanunvericiliyin tələblərinə uyğun bütün zəruri şətlərə razılıq verməsi ilə bağlıdır. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsindən verilən apellyasiya şikayətində də zamin həmin hallara dair etiraz etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib o qənaətə gəlir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla başqa məhkəmənin icraatında iş olduğundan və həmin mülki iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəsini almadığından hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, məhkəmə yaranmış məsələ ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hüquqi müəyyənlik prinsipinin mahiyyəti digər məsələlərlə yanaşı həmçinin, onu nəzərdə tutur ki, qanuni qüvvəyə minmiş qətnamə ilə həll olunmuş mübahisələr üzrə ikinci dəfə məhkəmədə eyni iddianın qaldırılması ona mahiyyəti üzrə baxılması, həmçinin həmin işlər üzrə qəbul edilmiş qətnamədən verilmiş şikayətlərin mahiyyəti üzrə yoxlanılması yolverilməzdir. Ona görə ki, bu hal qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyini və işlərə baxılmasının səmərəliliyini şübhə altına qoyur. Eyni zamanda bu qayda artıq həll olunmuş mübahisənin yenidən ayrı icraatda mübahisələndirilməsinə yol açmaqla şəxslərin ədalət mühakiməsinin mötəbərliyinə olan inamını pozur. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili mülki işin baxılmamış saxlanılmasına etiraz etmiş və bildirmişdir ki, apellyasiya instansiyasında olan mübahisə hazırki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanması üçün əsas deyildir. Hazırki iddianın hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.2-ci maddəsi təşkil edir. Şirinov X1 münasibətdə zamin kimi çıxış edir. Belə ki, İddiaçı zaminliyi şəxsə münasibətdə qüvvədədir. Zamin öldüyündən iddiaçı ölən şəxsin hüquqi varisinə münasibətdə zamin kimi məsuliyyət daşımır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 noyabr 2018-ci il tarixli plenum qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.2-ci maddəsinə şərh verilməmişdir. Həmin plenum qərarında borclu öldükdə zamin məsuliyyət daşıyır ifadəsinə yer verilməyib. Eyni zamanda göstərilən məsələ də Azərbaycan Konstitusiyasına ziddir. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh1 deyil, onun atasının öhdəliklərinə zamin olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı mülki işin baxılmamış saxlanılmasına etiraz etmiş və əlavə olaraq bildirmişdir ki, onun məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi mülki işin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, apellyasiya instansiya məhkəməsində baxılan mülki iş üzrə hazırki iddiaçı cavabeh qismində çıxış edir. Əsas borc məbləğini götürən İddiaçıdur. Çıxarılmış məhkəmə qətnaməsində də bu qeyd edilmişdir. Beləliklə məhkəmə mübahisələrin mahiyyətini nəzərə alaraq o qənaətə gəlir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla digər məhkəmənin icratında artıq mülki iş olduğundan hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa iddia ərizəsi baxılmamış saxlanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “zaminliyə xitam verilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3338/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3338/2021
01.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver