Məhkəmə qərarları › İş №2(001)-334/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-334/2022

02.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-334/2022 02.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi-mənəvi zərərin əvəzinin ödənilməsi və s. tələbinə dair mülki işə 02 fevral 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilinin təmir-bərpasına tələb olunan, eləcə də, vurulmuş mənəvi zərərin əvəzi kimi ümumilikdə 4000 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manatın Cavabdeh onun xeyrinə tutulması və cavabdehin üzərinə onun mənzilinə su axıdılmasının qarşısının alınması üçün zəruri tədbirlərin həyata keçirilməsi öhdəliyi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı Bakı şəhəri, 9-cu mkr., A.Məmmədov küçəsi, ev 11, mənzil 38-in sahibidir. 30 iyun 2021-ci il tarixdə iddiaçının mənzilindən 1 mərtəbə üstdə yerləşən, cavabdehin yaşadığı mənzildən suyun axıdılması nəticəsində iddiaçının evini su basmış, mənzilin mətbəxinin tavan hissəsində ləkələr əmələ gəlmiş, divar kağızları qopmuş, mətbəxin divarı yararsız hala düşmüşdür. Bu hal artıq uzun müddətdir ki, davam edir. Suyun axıdılması nəticəsində həm mənzil yararsız vəziyyətə düşüb, həm də evdə rütubət yarandığına görə nəfəs almaq çətinləşib İddiaçı həmin mənzildə arvadı və iki azyaşlı uşağı ilə birlikdə yaşayır. Davamlı olaraq yuxarı mərtəbədə yerləşən mənzildən iddiaçının mənzilinə suyun axıdılması nəticəsində iddiaçının məznilinin rütubətli olması mənzildə yaşayan ailə üzvlərinin səhhətinə zərərli təsir göstərir. İddiaçı dəfələrlə yuxarı mərtəbədə yerləşən mənzilin sahibinə onun mənzilinə suyun axıdılması ilə bağlı narazılığını bildirərək buna son qoyulmasını xahiş etsə də, cavabdeh tərəfindən onun narazılıq və xahişinə etinasız yanaşılmış və suyun axıdılması davam etdirilmişdir. Bununla da ona və ailə üzvlərinə maddi və mənəvi zərər vurulmuşdur. Sonda Q.A.Hüseynli məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9cu mkr., Adil Məmmədov küçəsi, 11 saylı evin 38 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdur. - İddiaçı, bina komendantının nümayəndəsi X1 və hal şahidi X5 tərəfindən tərtib edilmiş 30 iyun 2021-ci il tarixli aktdan görünür ki, İddiaçı mənzilinə baxış keçirilmiş, baxış zamanı mənzilin mətbəxinin tavan hissəsindən üst mərtəbədə yerləşən mənzildən suyun axmağı nəticəsində ziyan vurulduğu müəyyən eidlmişdir. Belə ki, suyun axması nəticəsində mətbəxin tavan hissəsində ləkələr əmələ gəldiyi, divar kağızlarının qopduğu, habelə, mətbəxin divarının yararsız hala düşdüyü müəyyən edilmişdir. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddianın qismən təmin olunması üçün əsaslar mövcuddur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(001)-6331/2021 saylı qərardadına əsasən, iddiaçıya məxsus mənzilə suyun axmasının 45 saylı mənzillə səbəbli əlaqəsinin olub-olmamasının, habelə dəymiş ziyanın nədən ibarət olması və ziyanın aradan qaldırılması üçün nə qədər vəsait tələb olunduğunun müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə tikinti - texniki ekspertizası təyin edilmişdir. Məhkəmə – tikinti texniki ekspertizasının 29 dekabr 2021-ci il tarixli, 10/5517 saylı rəyində qeyd olunmuşdur ki, tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 38 saylı mənzilin binanın 7-ci mərtəbəsində, cavabdehə məxsis 45 saylı mənzilin isə binanın 8-ci mərtəbəsində yerləşdiyini, 38 saylı mənzilin mətbəx tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin, mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən 38 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 45 saylı mənzildən su axıdıldığı və nəticədə 38 saylı mənzilin mətbəx tikilisinə qüsurlar əmələ gəldiyi və həmin qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərini orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1489 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırkı işdə də sadalanan əsaslar mövcuddur. Belə ki, işin halları ilə sübut olunur ki, iddiaçıya məxsus mənzilə zərər həmin mənzilin yuxarı qonşuluğunda yerləşən, Cavabdeh yaşadığı mənzildən suyun axıdılması nəticəsində vurulmuşdur. Azərnaycan Respublikasının Mülki Məcəlləsinin 1098.2-ci maddəsinə əsasən, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçıya vurulmuş zərərin əvəzi tutulmaqla cavabdehə mənzilindən suyun axıdılmasının qarşısının alınması üçün tədbirlər görülməsi öhdəlik kimi cavabdehin üzərinə qoyulmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” İddiaçı mənəvi zərərin əvəzi qismində pul tələb etsə də, mənəvi zərərin nədə ifadə olunmasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddia mənəvi zərərin əvəzinin tutulması hissəsində rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, vurulmuş maddi zərərin əvəzi olaraq 1489 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddiaçıya məxsus mənzilə cavabdehin yaşadığı mənzildən suyun axıdılmasının qarşısının alınmasından ötrü tədbirlərin görülməsi öhdəliyi cavabdehə təyin edilməli, qalan hissədə isə iddia rədd olunmalıdır. Həmçinin, iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi-mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddiası qismən təmin edilsin. Maddi zərərin əvəzi qismində 1489 manat və iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 15 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., A.Məmmədov küçəsi, 11 saylı evin 38 saylı mənzilinə Cavabdeh yaşadığı, həmin binanın 45 saylı mənzilindən suyun axıdılmasının qarşısının alınması üçün tədbirlərin görülməsi ilə bağlı Cavabdeh üzərinə öhdəlik qoyulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar