Məhkəmə qərarları › İş №2(001)-3377/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3377/2024

03.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3377/2024 03.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Ədalət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri 26 saylı Notariat ofisinə qarşı(müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X10, X6, X11, X13 cəlb edilməklə) “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası xx.xx.1956-cı il təvəllüdlü Haqverdiyev Musa Gülayar oğlundan miras qalmış əmlakla bağlı ödənilməmiş pensiya məbləğləri üzrə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

2. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, atasına yaşa görə pensiya təyin edilmişdir, lakin atası təyin edilən pensiya məbləği ilə razı olmayaraq məhkəməyə müraciət etmiş və kartına köçürülən pensiyasına toxunmamışdır. Məhkəmə gedişində atası vəfat etmiş və vəsaitlər kartında qalmışdır. O işi ilə bağlı Bakıda çox az-az olmuş, Bakıya yalnız malları götürmək üçün ara-sıra gəlmiş və yenə də rayona getmişdir. Bundan əlavə atasının məhkəmə işinə tamamilə xitam verilməsini gözlədikdən sonra notariusa müraciət etmişdir. Bundan sonra isə vəkillə danışıb məhkəməyə müraciət etmişdir. Atasının ondan başqa 4 vərəsəsi vardır və onlar da mirası qəbul etmirlər. Kartda təxminən 1000 manat vəsait qalmışdır və hazırda həmin vəsaiti götürmək üçün vərəsəlik şəhadətnaaməsi gərəklidir. Atasından kartında olan pensiya məbləğindən başqa hər hansı miras əmlak qalmamışdır.

3. Məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclaslarının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Lazımi qaydada məlumatlandırılmış mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Haqverdiyev Musa Gülayar oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.

6. İddiaçı doğum şəhadətnaməsinin surətindən görünür ki, onun atası Haqverdiyev Musa Gülayar oğlu, anası isə X5r.

7. Bakı şəhəri 26 saylı Notariat Ofisinin Xüsusi Notariusu İ.B.X12 Gülayar oğlunun atasının ölümü ilə bağlı vərəsəlik işinin açılması barədə xx.xx.2023-cü il tarixli müraciətinə xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, vərəsəlik işinin açılması üçün qanunla müəyyənləşdirilmiş müddət buraxıldığı üçün vərəsəlik işi açıla bilmir və bunun üçün buraxılmış müddətin bərpa edilməsi barədə müvafiq orqanlara müraciət etməsi izah edilir.

8. İddiaçı Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-na müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixdə bildirilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamə verildikdən sonra Haqverdiyev Musa Gülayar oğlunun sosial ödənişi barədə məlumat verilə bilər.

9. DSMF tərəfindən məhkəmə sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2024cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.1956-cı il təvəllüdlü mərhum Haqverdiyev Musa Gülayar oğluna xx.xx.2015-ci il tarixindən ümumi xəstəlik səbəbi ilə 2-ci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir, əlillik müddətinin bitməsi səbəbindən pensiyanın ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Eyni zamanda vətəndaşın əmək pensiyasının sonuncu ödəniş məbləği 259.78 manat olmaqla xx.xx.2021-ci il tarixində müvafiq kart hesabına köçürülmüşdür.

10. İmzası təsdiq edilən X2 imzanın həqiqliyinin təsdiq edilməsi barədə notariat hərəkətinin məzmununda qeyd edilmişdir ki, atası Haqverdiyev Musa Gülayar oğlunun vəfatı ilə bağlı mirasın qəbul edilməsi üçün müddəti buraxmışdır, onun ölümündən sonra mirası nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmişdir və etmir ......

11. İmzası təsdiq edilən X1 imzanın həqiqliyinin təsdiq edilməsi barədə notariat hərəkətinin məzmununda qeyd edilmişdir ki, xx.xx.2022-ci ildə vəfat etmiş Haqverdiyev Musa Gülayar oğlunun vəfatından sonra ondan miras qalmış əmlakları qəbul etməmişdir.

12. İmzası təsdiq edilən X3 imzanın həqiqliyinin təsdiq edilməsi barədə notariat hərəkətinin məzmununda qeyd edilmişdir ki, xx.xx.2022-ci ildə vəfat etmiş Haqverdiyev Musa Gülayar oğlunun vəfatından sonra ondan miras qalmış əmlakları qəbul etməmişdir.

13. X13 tərəfindən İddiaçı verilən xx.xx.2024-cü il tarixli etibarnamədə məhkəmədə və.s orqanlarda təmsilçiliklə bağlı səlahiyyətlər etibar edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar və tərəflərin izahatları ilə müəyyən olunan faktiki hallar:

14. İddiaçı miras qoyan Haqverdiyev Musa Gülayar oğlunun oğludur. Bundan başqa miras qoyanın birinci növbədən daha 4 vərəsəsi vardır. Onlar-oğulları X10, X11, qızı X13, arvadı X5r. Miras xx.xx.2022-ci il tarixdə açılmışdır. Miras əmlak mərhumun pensiya kartına toplanan vəsaitdən ibarətdir. İddiaçı xx.xx.2023-cü il tarixdə vərəsəlik şəhadətnaməsi alması üçün notariusa müraciət etmiş və notarius mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin buraxıldığına əsaslanaraq şəhadətnamə verməkdən imtina etmişdir. Digər vərəsələr məhkəmənin təşəbbüsü ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb edilmişdir. Onlardan 3-ü mirası qəbul etməmələri barədə notarial qaydada təsdiq edilmiş ərizələrini iddiaçıya təqdim etmişlər, X13 isə iddiaçıya onu təmsil etməklə bağlı etibarnamə vermişdir. İddiaçı mirasın qəbulu müddətini üzrlü səbəbə görə ötürüldüyünü iddia edir və bunu atasının pensiya məbləğini mübahisələndirməsi ilə bağlı məhkəmə işinin yekunlaşmasını gözləməsi və tez-tez Bakı şəhərindən kənarda olması ilə əsaslandırır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

15. Məhkəmə mirasın qəbulu müddəti və mirasın qəbulu vaxtının uzadılması ilə bağlı aşağıdakı normalara və hüquqi təcrübəyə nəzər yetirilməsini zəruri hesab edir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17. 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilən 1246-cı maddəsinin mirasın açıldığı vaxt qüvvədə olan redaksiyasında qeyd edilmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

18. 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitsuiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir.

20. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.

21. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında isə qeyd edilmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.

22. Sadalanan normaların hazırki mübahisəyə tətbiqi baxımından məhkəmə o qənaətə gəlir ki, İddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti üzrlü səbəbə görə ötürmüşdür. Belə ki, məhkəmə iddiaçının miras qoyan tərəfindən məhz hazırda miras əmlak kütləsinə daxil olan pensiya məbləğini mübahisələndirməsi ilə bağlı məhkəmə çəkişməsinin yekunlaşmasını gözləməsini inandırıcı hesab edir və digər vərəsələrin də etiraz etməmələrini nəzərə alaraq iddianı əsaslı hesab edir. Məhkəmə eyni zamanda hüquqi müəyyənliyi təmin etmək üçün mirasın qəbulu üçün uzadılmış müddətin konkret olaraq göstərilməli olduğu qənaətindədir və bu əsasla qətnamənin qanuni qüvvəyə mindiyi və icraya yönəldiyi vaxtdan mirasın qəbulu müddətinin 1 ay uzadılmasını yetərli hesab edir. Tətbiq edilən prosessual normalar:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

26. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

27. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

28. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmiş Haqverdiyev Musa Gülayar oğlundan qalmış mirası qəbul etmə müddəti 1 ay (qətnamənin qanuni qüvvəyə mindiyi və icraya yönəldiyi vaxtdan) uzadılmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmiş Haqverdiyev Musa Gülayar oğlundan qalmış mirası qəbul etmə müddəti 1 ay (qətnamənin qanuni qüvvəyə mindiyi və icraya yönəldiyi vaxtdan) uzadılsın. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar