Məhkəmə qərarları › İş №2(001)-3385/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3385/2025

04.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3385/2025 04.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X7 ilə Cavabdeh arasında Binəqədi rayonu, Xutor qəsəbəsi, sıra 1, keçid 1-də yerləşən 3A saylı evə dair 18 yanvar 1989-cı tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində yaşayan erməni əsilli Cavabdeh məxsus olan və ailəsi ilə yaşadığı Binəqədi rayonu, Xutor qəsəbəsi, sıra 1, keçid 1-də yerləşən 3A saylı evi anası 1989-cu ildə məlum hadisələrlə bağlı onların Vardanes (Basarkeçər) rayonunda yerləşən evləri müqabilində və həmin dövrün məzənnəsi ilə 3500 manata anası X7 ilə mübadilə edərək faktiki olaraq alqı-satqı müqaviləsi bağlamışlar. Ondan sonra Cavabdeh öz ailəsi ilə Vardanes rayonunda yerləşən evə, onlar isə Binəqədi rayonu, Xutor qəsəbəsi, sıra 1, keçid 1-də yerləşən 3A saylı evə köçmüşlər. Həmin dövrdən indiyə kimi mübahisəsiz olaraq orada yaşayırlar. Bütün komunallar öz adlarınadır. Anası 12 mart 2024-ci il tarixdə vəfat etmişdir. Anası vəfat edəndən sonra evin sənədləşmə işlərini həyata keçirmək qərarına gəlmiş və notariusa müraciət etmişdir. Ordan bildirmişlər ki, həmin evin sənədləri qaydasında olandan sonra evin onun adına keçirilməsi mümkün olacaqdır. Həmin sənədləri başqa formada əldə etmək mümkün deyildir. Bu baxımdan məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayənədsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirmişdir ki, iddiaçı anası X7 1989-cu ildə, özlərinə məxsus Ermənistan Respublikası Vardenis rayonunda yerləşən evlərini, Binəqədi rayonu, Xutor qəsəbəsi, sıra 1, keçid 1-də yerləşən 3A saylı evi əvəzləşdirmə yolu ilə erməni əsilli Cavabdeh almışdır. X12 ölmüş və ondan miras qalmış əmlakın vərəsəlik qaydada rəsmiləşdirilməsi zamanı evin onun adına rəsmi qaydada qeydiyyata alınmadığı müəyyən edilmişdir. Evin alınmasını əsdiq edən Cavabdehy məxsus əlyazma və digər sənədlər mövcuddur. Ev, 1989-cu ildən halhazıradək X4 və onun ailə üzvlərinin sahiblik və istifadələrində olmuşdur.

4. Lazımi qaydada məlumatlandırılmış müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. “Qol kağızı” adlı əlyazmanın surətindən görünür ki, bu əlyazmda qeyd olunmuşdur ki, “Mən Cavabdeh Avenis qızı, pos. 11 ЖГ N 514150, verilib Nərimanov r-n DİŞ-dən. Verirəm həmin qol kağızını Er.CCR Vardenis r-n Şəfəq kənd sakini X5 ona görə ki, evləri dəyişdirir, onun-Qədirovanın evinin təmir ehtiyacı olduğu üçün mən ondan 3500 / üç min beş yüz/ manat pul aldım”. Həmçinin bu əlyazmadan görünür ki, əlyazma Cavabdeh, Qədirova Maral, Xaliqov Məhərrəm, Mehtiyev Kazım və digər şəxs tərəfindən imzalanmışdır.

6. Azərbaycan SSR Daxili İşlər Nazirliyi X9 təkliflər məktubunun surətindən görünür ki, sıra 1, keçid 1-də yerləşən 3A saylı evin xx.xx.1992-ci ildə yanğın-texniki müayinəsi keçirilmişdir. Nəticədə evin sahibi X5 yanğın təhlükəsizliyi qaydalarının pozulmasının xarakteri və onların aradan qaldırılmasına aid tədbirlərin görülməsi barədə təkliflər verilmişdir.

7. Sığorta şəhadətnaməsinin surətindən görünür ki, bu şəhadətnamə xx.xx.1990-cı ildə verilmiş, şəhadətnamənin nömrəsi 017765-23-dür. Şəhadətnamə, “Osipova Yaşa” adın üzərindən xətt çəkilməklə Qədirova Marala verildiyi göstərilmişdir. Bu şəhadətnamə Bakı şəhəri, Kirov rayonu, Xutor qəsəbəsi, 1 keçid, 3A nömrəli evin məcburi dövlət sığortası üçün verilmişdir.

8. 11 nömrəli Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1989-cu il tarixli etibarnamənin surətindən görünür ki, bu etibarnamə, Ermənistan SSR, Vardenis rayonu, Şəfəq kəndində yaşayan X7 tərəfindən Ermənistan SSR, Vardenis rayonu, Şəfəq kəndində yerləşən evinin əvəzləşdirilməsi üçün sənədlərin hazırlanmasından ötrü 6 ay müddətində, xx.xx.1989-cu il tarixədək Cavabdeh verilmişdir.

9. Sənəddən çıxarışdan görünür ki, Xutor qəsəbəsi, sıra 1, keçid 1, 3a nömrəli evdə X10, arvadı Zina Avanecovna, oğlu Kamo Yakovleviç və qızı Alla Yaşaevna qeydiyyatda olmuşlar.

10. 7 saylı Bakı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X7, xx.xx.1949-cu ildə Ermənistan Respublikası, Basarkeçər rayonunda doğulmuş, əri, xx.xx.1940-cı il təvəllüdlü X8 (ölüb), oğlu, xx.xx.1993-cü il təvəllüdlü İddiaçıdur.

11. XİX-ЖГ seriyalı, 325195 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, atası X8, anası isə X6r.

12. AZ-İİ seriyalı, 378476 nömrəli şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə ölmüşdür.

13. Bakı şəhəri 44 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin müvafiq İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, bu məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 maddəsinə əsasən xx.xx.1949-cu il təvəllüdlü, xx.xx.2024-cı ildə ölmüş -X4 (FİN: 3T0T914) qanun üzrə vərəsəsi oğlu- İddiaçı müraciətinə əsasən Bakı şəhəri 44 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Məlum olduğu kimi, Mülki Məcəllənin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış təqdim edildikdən sonra verilə bilər. Eyni zamanda "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2 maddəsində göstərildiyi kimi müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin huququ təsdiq edən çıxarışı almadan öldükdə, onun qanunu və ya vəsiyyəti üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Qeyd olunanlara bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum- X5 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair arayışı (çıxarışı) sorğunu təqdim etmiş şəxs vasitəsilə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallar:

14. İş üzrə iddiaçı, X4 oğludur. Sonuncu xx.xx.2024-cü il tarixdə ölmüşdür. Onun ölümdən sonra miras qalmış Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 1, keçid 1-də yerləşən 3A nömrəli evi (Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, sıra 1, keçid 1-də yerləşən 3A nömrəli evi) vərəsəlik qaydasında rəsmiləşdirilməsi üçün iddiaçı tərəfindən müvafiq notariat ofisinə müraciət olunmuşdur.

15. Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, sıra 1, keçid 1-də yerləşən 3A nömrəli ev erməni əsilli Cavabdeh məxsus olmuşdur.

16. 1989-cu ildə X7, özlərinə məxsus Ermənistan SSR, Vardenis rayonu, Şəfəq kəndində yerləşən evi və əlavə olaraq 3500 manat pulu verməklə Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, sıra 1, keçid 1-də yerləşən 3A nömrəli evi Cavabdeh alınmasına dair aralarında razılıq əldə olunmuşdur.

17. Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, sıra 1, keçid 1-də yerləşən 3A nömrəli evin əldə edilməsi barədə X7 ilə Cavabdeh arasında rəsmi qaydada alqı-satqı müqaviləsi bağlanmamışdır.

18. Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, sıra 1, keçid 1-də yerləşən 3A nömrəli ev, 1989-cu il tarixdən hal-hazıradək X4 və onun ailə üzvlərinin sahiblik və istifadəsində olmuşdur. Tətbiq edilən maddi hüquq normaları:

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

20. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

21. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

22. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

23. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir

24. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

25. Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli Qanununa görə qüvvədən düşmüş Azərbaycan SSR Mülki Məcəlləsinin(1964):

26. 39.1-ci maddəsinə əsasən Vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir.

27. 39.3-cü maddəsinə əsasən əqdlər şifahi və ya yazılı bağlana bilər. Yazılı əqdlər iki cür olur: sadə əqdlər və notariat qaydasında təsdiq edilməli olan əqdlər.

28. 41.2-ci maddəsinə əsasən bu Məcəllənin 40-cı maddəsində göstərilən əqdlər, SSR İttifaqı və ya Azərbaycan SSR qanunvericiliyində göstərilən sair əqdlər istisna olmaqla, vətəndaşlar arasında minimum əmək haqqının iki mislindən artıq məbləğə bağlanan əqdlər yazılı formada bağlanmalıdır.

29. 41.3-cü maddəsinə əsasən vətəndaşlar arasında, qanunla yazılı formada olması tələb edilən digər əqdlər yazılı formada bağlanmalıdır.

30. 42-ci maddəsinə əsasən əqdin qanunla tələb edilən sadə yazılı formasına (bu Məcəllənin 41-ci maddəsi) riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə, bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin etibarsızlığına səbəb olur.

31. 43.1-ci maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur.

32. 43.2-ci maddəsinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.

33. 228-ci maddəsinə əsasən alğı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

34. 230-cu maddəsinə əsasən tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alğı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır.

35. 244-cü maddəsinə əsasən dəyişmə müqaviləsinə əsasən, tərəflər arasında bir əmlak digəri ilə dəyişdirilir. Dəyişmə müqaviləsinə, alğı-satqı müqaviləsinə dair müvafiq qaydalar tətbiq edilir. Dəyişmə müqaviləsinin hər bir iştirakçısı, dəyişdirdiyi əmlakın satıcısı, aldığı əmlakın isə alıcısı hesab olunur. Dəyişmə müqaviləsində tərəflərdən biri və ya hər ikisi dövlət təşkilatı olduqda, həmin müqavilə ancaq SSR İttifaqı və ya Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən edilmiş hallarda bağlana bilər.

36. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, MM-in 335.2ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasını Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2006-cı il tarixli qərarında oxşar hüquqi mövqe sərgilənərək, bundan əlavə göstərilmişdir ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir.

38. C.Abdullayeva və digərlərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Əvvəlki MM-in 43-cü maddəsinin İ hissəsinə görə əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də mütləq notariat qaydada təsdiq edilməli olan əqdlərdəndir. Belə ki, yuxarıda qeyd olunan Məcəllənin 230-cu maddəsinə görə tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğı-satqı müqaviləsi notariatda təsdiq edilməlidir. Göründüyü kimi, sonuncu norma tərəflərdən heç olmasa biri vətəndaş olduğu halda alğı-satqı müqaviləsinin etibarlılığı üçün onun notariatda təsdiq edilməsini nəzərdə tutur, bu da yalnız o halda mümkündür ki, onun yazılı formasına riayət edilmiş olsun. Bununla belə, əvvəlki MM-in 43-cü maddəsinin İİ hissəsi əqdin notariatdan kənar bağlanmış hesab olunması qaydasını əks etdirir. Belə ki, bu normaya əsasən tərəflərin biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Həmin normanın tətbiqi ilə bağlı «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, bu normanın konstitusiya hüquqi mənasına görə əqdi (yaşayış evinin alğı-satqısı haqqında müqaviləni) tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Əvvəlki mülki qanunvericilik əqdin yazılı formasına riayət edilmədiyi halda tərəfləri səhv məhkəmə aktlarından qorumaq məqsədilə bir sıra digər təminatları da nəzərdə tutmuşdur. Belə təminatlardan biri həmin Məcəllənin 42-ci maddəsində öz əksini tapmışdır. Bu normaya görə əqdin qanunla tələb olunan sadə yazılı formasına riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir. Məhkəmənin mövqeyi

39. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

40. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmetinə daxil olan ev - Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, sıra 1, keçid 1-də yerləşən 3A nömrəli ev erməni əsilli Cavabdeh məxsus olmuşdur. 1989-cu ildə başlamış məlum hadisələrə görə Ermənistan SSR, Vardenis rayonu, Şəfəq kəndində yaşayan X7 Bakı şəhərinə gəlmişdir. Həmin vaxtı X7 ilə Bakı şəhərində yaşayan Cavabdeh arasında özlərinə məxsus evlərin dəyişdirilməsi barədə razılıq əldə edilmişdir. X3 özünə məxsus Ermənistan SSR, Vardenis rayonu, Şəfəq kəndində yerləşən evi, həmçinin əlavə olaraq 3500 manat məbləğində pulu Cavabdeh vermiş, Cavabdeh isə bunun əvəzində özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, sıra 1, keçid 1-də yerləşən 3A nömrəli evi X5 vermişdir. Bununla da müəyyən olunur ki, X7 özünə məxsus evin satıcısı olmaqla Cavabdeh məxsus evin alıcısı olmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, sıra 1, keçid 1-də yerləşən 3A nömrəli ev faktiki olaraq 1989-cu ildən X4 istifadəsinə və sahibliyinə verilmişdir. Ev, mülkiyyətçi olan Cavabdeh tərəfindən faktiki olaraq X4 istifadəsinə və sahibliyinə verilməsinə baxmayaraq həmin dövrdə baş verən məlum hadisələrin axımı səbəbindən bu münasibətlərin notarial qaydada rəsmiləşdirilməsi baş tutmamışdır.

41. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, sıra 1, keçid 1-də yerləşən 3A nömrəli ev, Cavabdeh tərəfindən X1 iş üzrə müəyyən olunur və bu münasibətin baş verdiyi vaxtda qüvvədə olan Mülki Məcəllənin 43-cü maddəsinin tələbi baxımından həmin evin Cavabdeh tərəfindən X2 ilə bağlı razılıq (müqavilə) bağlanmış hesab edilməlidir.

42. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə iddiaçı, X4 vərəsəsi olduğundan və bununla da mərhum Maral Qədirovadan qalmış miras əmlakı sahiblənməklə mülkiyyət hüququ əldə etdiyindən hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Tətbiq edilən prosessual normalar:

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

44. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

45. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

46. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

47. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır;

48. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

49. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, sıra 1, keçid 1-də yerləşən 3A nömrəli evə dair Cavabdeh (satıcı) ilə X7 (alıcı) arasında 1989-cu ildə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

50. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, sıra 1, keçid 1-də yerləşən 3A nömrəli evə dair Cavabdeh (satıcı) ilə X7 (alıcı) arasında 1989-cu ildə alqı-satqı(dəyişmə) müqaviləsi bağlanmış hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar