Məhkəmə qərarları › İş №2(001)-3386/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3386/2024

15.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3386/2024 15.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə 3 ədəd sırğasını, 1 ədəd üzüyünü, 1 ədəd sepini və 1 ədəd qolbağını, ümumilikdə 40.9 qram, 585 əyyar, ümumi dəyəri isə 5112 manat məbləğində olan qızıllarını Cavabdeh satmışdır. O həmin məbləğdən hissə-hissə, cəmi 1162 manat ödəmiş, 3950 manat məbləğdə borcu qalmışdır. Cavabdeh axırıncı ödənişi 2023-cü ilin avqust ayında etmişdir. Halbuki, çavabdeh qızılları iddiaçıdan alarkən, 4 ay müddətinə hər ay 987,50 ödəməyi öhdəsinə götürmüşdür. Bunu səs yazıları və mesajları da təsdiq edir. Cavabdeh xeyli müddətdir ki, ödəniş etməkdən boyun qaçırır, ümumiyyətlə iddiaçının zənglərinə cavab vermir və beləliklə məsələnin həllini uzatmağa çalışır. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh ona olan 3950 manat məbləğində borcun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, o, ümumi dəyəri 5112 manat olan özünə məxsus qızıl-zinət əşyalarını cavabdehə satmış, cavabdeh həmin məbləğdən cəmi 1162 manat ödəniş etmiş və 3950 manat borcu qalmışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi whatsapp yazışmaları ona məxsusdur. Əlyazmanı da o özü yazıb. Həmin əlyazmada cavabdehin hər ay nə qədər pul ödəməsi qeyd olunur. Cavabdeh həmin qaydada riayət etməyib, borcu vaxtında qaytarmayıb, ona görə də ona əlavə olaraq maddi ziyan dəymişdir. Belə ki, onun banka və digər şəxslərə verəcəyi var, cavabdeh ona pulunu vaxtında vermədiyindən həmin şəxslərin də pulunu verə bilməyib, faiz yaranıb. Cavabdeh əsas borcdan pul ödəməyib. Yalnız ilkin ödənişi ödəyib. Pul ödəyəndə də elə formada az-az ödəyib ki, həmin pulu o özünə dəymiş ziyana çıxıb. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, onun bu günə iddiaçıya 2850 manat məbləğində borcu var. İddiaçı ona dəyəri 5112 manat olan qızıl-zinət əşyaları vermiş, o, həmin qızıllara görə ilkin ödəniş olaraq 1162 manat və birinci ayın ödənişlərini etmişdir. Birinci ayın ödənişlərini etməsi iddiaçı tərəfindən ona yazılmış mesajlardan da görünür. Belə ki, iddiaçı ona yazmışdır ki, “Ay müəllimə, 6 günə 3-cü ayın pulu gəlir e, 2-ci ay ödənilməyib hələ, bu nə deməkdir”. Göründüyü kimi birinci ayın ödənişinin olunmasını iddiaçı özü qəbul edir. O, həmin vaxta ilkin ödənişi etmiş olmasaydı, birinci ay da heç ödənilmiş hesab edilməzdir. Hal-hazırda iddiaçının məqsədi ondan əlavə faiz tutmaqdır. Ödənişləri vaxtında etməməsinin səbəbi anasının yataq xəstəsi olması, eyni zamanda özünün də yüksək təzyiqlə reanimasiyaya düşməsi olmuşdur. Özü məktəbdə müəllimə işləyir. Dərslər başlayan kimi 2850 manat məbləğində borcunu ödəmək niyyətindədir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı cavabdehə dəyəri 5112 manat olan qızıl-zinət əşyaları vermiş, cavabdeh isə hamın əşyaların dəyərini hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Hal-hazırda cavabdeh borcu 2850 manat hissədə qəbul edir, iddiaçı isə ondan 3950 manat məbləğində pul tələb edir. Sübut qismində tərəflər məhkəməyə whatsapp tətbiqindən çıxarışları təqdim etmiş və həmin çıxarışlarda yazışmanın iddiaçı ilə cavabdeh arasında olması hər iki tərəf qəbul etmişdir. Həmçinin cavabdeh məhkəməyə 7 adda qızıla dair ilkin ödəniş və hər ay ediləcək ödənişlərə dair əlyazmanı təqdim etmiş və iddiaçı həmin əlyazmanın onun tərəfindən icra edilməsini etiraf etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqeyi nəzərə alaraq tərəflər arasında mövcud olmuş yazışmaları iş üçün əhəmiyyətli sübut kimi qiymətləndirir. Belə ki, həmin qərarda Konstitusiya Məhkəməsi Plenumu telefon danışıqlarının və yazışmaların mülki məhkəmə icraatında istifadə olunmasına dair göstərmişdir ki, “Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Məhkəməyə təqdim edilmiş yazışmalardan görünür ki, iddiaçı fərqlı tarixlərdə cavabdehə aşağıdakı məzmunda mesajlar göndərmişdir: - Ay müəllimə, 6 günə 3-cü ayın pulu gəlir e, 2-ci ay ödənilməyib hələ, bu nə deməkdir; - 1325 manat ödənişiniz var; - (*xx.xx.2023-cü il) Müəllimə, axşamınız xeyir. Ödənişi gözləyirik. Atmadız karta. Bu gün üç gün oldu. Müqaviləyə əsasən ümumi məbləğin 1%-i gəlir, o da hardasa günlük 50 manat edir. Sabahdan günlük 50 manat hesablanacaq. 3-5 gün sonra da problem yaranacaq. Mənim əlimdə olan bir şey deyil. Özünüz bilirsiz. - (*xx.xx.2023-cü il) Siz nə fikirləşirsiniz, neynirsiz. Nə yığmadız, nə pul atmadız. Belə gecikmə faizləri yığıla-yığıla gedir günü-gündən. - (*xx.xx.2023-cü il) Salam, müəllimə. Ayın 10-a 3 gün qalıb da. Borc bağlanmalıdır. Faizlər yığılıb gecikmə üst-üstə. - Müəllimə, səhər keçən ayı, bu ayı və iki ayın gecikmə cəriməsini ödəyin mütləq. 2 ayın ödənişi bağlanmalıdır təcili. - 3950 manat borcu belə düz demirsiz. Mən indidən belə 1 il gözləyəcəm. 6 aydır belə gözləyirəm. 1100 manat da ziyan edəcəm ki, hələ. - Müəllimə, məndən pul gözləyirlər. Mən bu 100 manatları necə verim ona. Qalıq da atın, çıxarım verim də. - 130 manat? Bu nədi? Bu qızıl ödənişi deyil. Belə ödəniş olmaz”. İddiaçı tərəfindən tərtib edilmiş əlyazmada aşağıdakılar göstərilmişdir: - Sırğa 3 halqalı – 7,9 qr – 987,50 manat İlk – 187,50 4 ay – 200 manat - Üzük gül – 5,2 qr - 650 manat İlk – 150 manat 1-ci ay – 200 manat 2-ci ay – 150 manat 3-cü ay – 150 manat - Sırğa kəpənək – 7,5 qr – 937,50 manat İlk – 137,50 manat 4 ay – 200 manat - Sırğa gül – 5,4 qr – 675 manat İlk – 175 manat 2 ay – 200 manat 1 ay – 100 manat - Sep – 5,4 qr – 675 manat İlk – 175 manat 2 ay – 200 manat 1 ay – 100 manat - Qolbaq – 3,1 qr – 387,50 manat İlk – 137,50 manat 2 ay – 125 manat - Sırğa şarikli – 6,4 qr – 800 manat İlk – 200 manat 3 ay – 200 manat. İlkin ödəniş olaraq tərəflər arasında 1162 manatın ödənilməsi razılaşdırılmış və məhz həmin məbləğdə pulun ödənilməsi iddiaçı tərəfindən iddia ərizəsində göstərilmişdir (5112 – 1162 = 3950). Tərəflər arasında olan whatsap yazışmadan göründüyü kimi, cavabdeh birinci ayın ödənişini icra etmişdir. Bu 7 adda qızıl üçün cəmi 1325 (200+200+200+200+200+125+200) manat edir və həmin məbləğdə ödənişin edilməsi həmçinin iddiaçı tərəfindən cavabdehə yazılmış mesajda (“1325 manat ödənişiniz var”) da öz əksini tapır. Qeyd olunan ödənişlər nəzərə alındığı təqdirdə cavabdeh tərəfindən iddiaçıya 5112 manatdan cəmi 2625 manat ödənilmiş, lakin məhkəmə cavabdehin iddia tələbini 2850 manat hissəsində qəbul etməsini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən – 2850 manat hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında hər hansı müqavilənin bağlanması və iddiaçıya borca gündəlik faiz hesablamağa hüquq verən hər hansı qanuni əsasın mövcud olması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmır. İddiaçı məhkəmə iclaslarında borca faizin hesablanmasını inkar etsə də, tərəfindən cavabdehə yazılmış mesajlarla faizlərin hesablanması öz əksini tapır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 2850 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 2850 (iki min səkkiz yüz əlli) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 48,50 (qırx səkkiz manat əlli qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar