Məhkəmə qərarları › İş №2(001)-342/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-342/2022

21.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-342/2022 21.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Medera hospital klinikasına qarşı 77690 manatın və vurulmuş maddi zərərin tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Medera hospital klinikasına qarşı 77690 manatın və vurulmuş maddi zərərin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, X1 xx.xx.2020-ci il tarixdə Sumqayıt ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində müxtəlif xəsarətlər almışdır. İlkin tibbi yardım və müalicə üçün İddiaçı2 Bakı şəhərindəki Semaşko xəstəxanasına aparmış, müayinələr aparıldıqdan sonra onun ağ ciyərində sıxılma, bel və boyun fəqərəlində isə sınıq əmələ gəldiyi əməliyyat olunmasının zəruriliyi bildirilmişdir. Lakin İddiaçı2 işlədiyi Polat şirkətinin idarəçisi, Türkiyə Respublikasının vətəndaşı X19 hospital klinikasında həkim tanışı olduğunu bildirmiş və onun israrı ilə xx.xx.2020-ci il tarixdə İddiaçı2 ailəsinin iştirakı olmadan Semaşko xəstəxanasından Medera hospital klinikasına aparılmış, həmin günü gecə orada İddiaçı2 fəqərələrində əməliyyat aparılmışdır. Ağ ciyərində isə əməliyyat aparılmasına ehtiyac olmamışdır. Medera hospital klinikasında İddiaçı2 ailəsi ilə yazılı razılaşma və hər-hansı yazılı sənəd imzalamadan əməliyyat və müalicə üçün iddiaçılardan 20000 manat tələb etmişlər. İddiaçı1 İddiaçı2 adından klinikaya 20000 manat ödədikdən sonra, xəstəxananın maliyyə işlərinə rəhbərlik edən Lalə Babayeva adlı qadın ondan hədə-qorxu ilə əlavə 10000 manat da tələb etmişdir. İddiaçı1 yenə də İddiaçı2 adından klinikaya 10000 manat ödəyib müvafiq qəbz almışdır. Lalə Babayevanın hədə qorxusu ondan ibarət olmuşdur ki, əgər tələb etdiyi miqdarda ödəniş edilməzsə, İddiaçı2 müalicəsi dayandırılacaq və başqa xəstəxanaya aparılmasına imkan verilməyəcəkdir. Bu yolla may ayının 11-dək L.Babayeva iddiaçılardan ümumilikdə 77690 manat miqdarında pul almış və sonda əlavə olaraq 20000 manat da tələb etmişdir. İddiaçı1 və ailə üzvləri L.Babayevaya etiraz edərək verdikləri pulları borc aldıqlarını və borcu qaytarmaq üçün evlərini satmalı olduqlarını, evin satışından əldə edəcəkləri pulun borcu qaytarmağa belə yetməyəcəyini bildirmişlər. İstədiyi 20000 manatı isə heç bir halda ödəmək imkanları olmamışdır. Ona görə də xəstəni başqa xəstəxanaya aparmaq üçün müraciət etmişlər. Çünki L.Babayeva həkimə İddiaçı2 müalicəsinin dayandırılması barədə göstəriş vermişdir. Qohumları İddiaçı2 hospitaldan çıxarıb aparmaq istədikdə isə Babayeva bu dəfə də əlavə 20000 manat da almaq üçün İddiaçı2 verməkdən imtina etmiş və onun müalicəsini dayandırmışdır. Onlar şikayət edəcəklərini bildirib xəstəxananı tərk etmişlər. Bundan istifadə edən L.Babayeva İddiaçı2 xalasını aldadaraq ona 10200 manata qol çəkdirib və ona narahat olmamasını bu pulu Marifgildən alacağını demişdir. Yalnız bundan sonra L.Babayeva İddiaçı2 yaxınlıqdakı Güvən klinikasına aparmağa imkan vermişdir. May ayının 11-dən başlayaraq İddiaçı2 Güvən klinikasına yerləşdirilmişdir. İddiaçı2 səhhətində yaxşılaşma olmadığından o, bir ay da Güvən klinikasında müalicə aldıqdan sonra evə aparmışdır. Lakin İddiaçı2 boyun və bel nahiyyələrində dözülməz ağrılar səngimədiyindən ailəsi onu öz hesabına MRT müayinəsindən keçirmiş və müəyyən olunmuşdur ki, İddiaçı2 fəqərələrində əməliyyat düzgün aparılmadığından sınıq və çatlar olduğu kimi qalmışdır. Bu səbəbdən onlar Medera hospitala gedib etirazlarını bildirdikdə, İddiaçı2 yenidən əməliyyat olunmalı olduğu və bunun üçün Türkiyəyə aparılmalı olması iddiaçılara bildirilmişdir. Buna görə İddiaçı2 Türkiyəyə aparıb orada əməliyyat etdirmək üçün yol xərcindən əlavə xəstəxananın hesabına əlavə 30000 manat əməliyyat xərci ödəməli olduqları iddiaçılara deyilmişdir. Medera haspital əsassız olaraq iddiaçılardan aldığı 77690 manatla kifayətlənməyərək vasitəçiliyə görə də iddiaçılardan pul istəmişdir. Ona görə də İddiaçı1 bu barədə Baş Prokurorluğa, Bakı şəhər prokurorluğuna və Binəqədi rayon prokurorluqlarına, TƏBİB-ə, habelə Səhiyyə Nazirliyinə dəfələrlə yazılı şıkayətlər etmiş və əsassız alınmış pulun Medera hospitaldan alınıb ona qaytarılmasını xahiş etsə də ona müsbət cavab verilməmişdir. Səhiyyə Nazirliyi isə şikayətlərin bir qisminə ümumiyyətlə cavab verməmişdir. Baş prokurorluq və Bakı şəhər prokurorluğu isə şikayətlərin araşdırılması və müvafiq tədbir görülməsi üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon prokurorluğuna göndərmişdir. Baxmayaraq ki, Lalə Babayeva hədə-qorxu, aldatma və etibardan sui-istifadə etməklə, hər-hansı qanuni əsas olmadan iddiaçılardan 77690 manat pul almış, lakin cavabdeh tərəfindən İddiaçı2 müalicəsini düzgün aparmamış və onun səhhətində ağırlaşma baş verdiyindən məcbur qalaraq İddiaçı2 Medera hospitaldan çıxarıb əlavə xərc çəkərək əvvəlcə Güvən klinikasında, daha sonra isə Türkiyə Respublikasında müalicə etdirmişlər. Bakı şəhəri Binəqədi rayon prokurorluğu iddiaçıların məhkəməyə müraciət etməli olmalarına dair cavab vermişdir. Hal-hazırda İddiaçı2 İ qrup əlildir və müalicəsinin davam etdirilməsi üçün kifayət qədər vəsaitiə ehtiyacı vardır. Cavabdeh İddiaçı2 düzgün müalicə etmişdirsə niyə iddiaçı başqa tibb müəssisələrində yenidən müalicə olunmalı idi. İş üzrə verilən rəylərdə düzgün deyildir. Cavabdehin nümayəndəsinə dəfələrlə vaxt verilsə də, iddiaçılardan aldığı pul vəsaiti, əməliyyatın, müalicənin məbləğini təsdiq edəcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişlər. Cavabdehin tərtib etdiyi ödəniş qəbzlərdən iddiaçıların ödədikləri vəsaitin məbləği aydın müəyyən olunur. Ona görə də, cavabdeh Medera hospital klinikasından 77690 manatın və iddiaçılara vurduğu maddi zərərin əvəzinin alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Sumqayıt ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı2 müxtəlif xəsarətlər almış, ilkin tibbi yardım və müalicə üçün Fərqiyə Bakı şəhərindəki Semaşko xəstəxanasına aparılmış, müayinələr aparıldıqdan sonra Fərqiyənin ağ ciyərində sıxılma, bel və boyun fəqərəlində isə sınıq olması müəyyən olunmuşdur. Həkimlər Fərqiyənin əməliyyat olunmasını demişlər. Vüqar adlı həkim əməliyyatı Kaspianda 6000 manata edə biləcəyini demişdir. Fərqiyyənin işlədiyi Polat şirkətinin idarəçisi X19 hospital klinikasında həkim tanışı olmasını deyib Fərqiyənin həmin xəstəxanaya aparılmasını təkid etdi. Ona görə xx.xx.2020-ci il tarixdə Fərqiyyə Madera hospitalına aparıldı. Fərqiyənin anası bacısı da deyirdilər ki, Fərqiyə Madera hospitalında müalicə olunsun. Həmin xəstəxanada X6 adlı həkimi Madera hospitalına dəvət olundu. İbrahim həkim dedi ki, əməliyyata 20000 manat pul lazımdır. Fərqiyəni İbrahim həkim əməliyyat etdi, əməliyyatdan sonra İbrahim həkim dedi ki, əməliyyat 35000 manata başa gəldi. Madera hospitalda Fərqiyəni bir günü 1125 manat olmaqla bir ay reanimasiyada saxladılar. Lakin Fərqiyə sağalmadığından İbrahim həkim onun Türkiyədə müalicə olunmasını, bunun üçün 30000 manat pul tələb olunduğunu dedi. O, yenidən 17000 manat pul vermişdir. Fərqiyənin sınmış iki qabırğası, siniri bərpa olunmamışdır. Onlar Madera hospital klinikasında 77 600 manat pul xərcləsələmiş, nəticədə Fərqiyə İ qrup əlil olmuşdur. Türkiyədə Fərqiyəni müayinə edərkən onun əməliyyatının necə aparılmasını soruşmuşlar. Fərqiyənin müalicəsi hal-hazırda da davam edir. Müalicəyə kifayət qədər vəsait tələb olunur. Cavabdehin işçiləri Fərqiyəni aldaıb, onun köməksiz vəziyyətdə olmalarından istifadə edib ondan ərizə alıblar. Fərqiyənin müalicəsi və əməliyyatı üçün cavabdehə ödənilən vəsaiti onun oğlu ilə birlikdə ailə büdcəsinə daxil olan vəsait və borc olaraq aldığı vəsait hesabına ödənilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilərək qeyd olunan məbləğin cavabdehdən hər iki iddiaçı kimi onların xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə xx.xx.2022-ci il tarixinə və xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclaslarında İddiaçı2 iddia ərizəsini müdafiə edib, nümayəndəsinin izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, hadisədən sonra o, İ qrup əlil olmuş, əlil arabası olmadan gəzə bilmir. Onun müailəcə xərclərini həyat yoldaşı ödəmişdir. O, 2014-2020-ci illərdə X22 Sanayi ve Ticaret A.Ş. Azərbaycan Respublikasındakı Filialında qeydiyyatçı işləmiş, hadisədən sonra işdən çıxmışdır. Ailə üzvlərinin sözlərindən bilir ki, iş yerindən müalicəsinin haqqının bir hissəsi ödənilmişdir. Müalicə və əməliyyatı ilə bağlı Madera hospitalda aparılan sənədləşmədən onun səhhəti ilə bağlı məlumatı yoxdur. X11 İnstitunda işləyən sonradan Madera hospitalına keçən Ramazan həkimin yanına fizeoterapiyaya gedərkən Madera hospital klinikasının baş həkimi Firəngiz xanım, həkimi İbrahim, işçisi Lalə ondan şikayətinin olub olmamasını soruşmuş, o, tibb bacılarından şikayətinin olmadığını demiş və bu barədə ona yazdırmışlar. Həmin vaxt Ramazan həkim otaqdan çıxarılmış və o, otaqda ona ərizə yazdıranlarla tək qalmışdır. Cavabdehin həkimləri onu düzgün əməliyyat etmədikləri üçün onun cavabdehdən şikayəti vardır. Onun qohumlarından bu qədər pul alınsa da, o, düzgün müalicə olunmamış, ekspertlər isə onun rəy verərkən müayinə etməmişlər. O, həyat yoldaşı, qaynatası İddiaçı1 bigə təsərrüfat apardıqlarından onun müalicəsinə sərf olunan vəsait də birgə ailə büdcəsinə daxildir. Ona görə də, cavabdeh tərəfindən tələb etdikləri vəsaitin iddiaçı olaraq onların hər ikisinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında cavabdeh Medera hospital klinikasınasının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Medera hospitalına İddiaçı2 xx.xx.2020-ci il tarixdə avtoqəzadan aldığı xəsarətlərlə daxil olmuşdur. Xəstənin xx.xx.2020-ci il tarixdə keçirdiyi avtoqəza nəticəsində vəziyyəti çox ağır olmuşdur. Xəstə Medera hospitalında əməliyyat olunmuşdur. İş üzrə keçirilən ekspertiza ilə də müəyyən olunmuşdur ki, Madera hospitalında İddiaçı2 aparılmış müalicə və əməliyyatı düzgün aparılmışdır. İddiaçı2 hələdə Madera hospitalda müalicəsini davam etdirir və xəstəxanaya qarşı heç bir tələbinin olmadığını bildirmişdir. Bu barədə İddiaçı2 xx.xx.2021-ci il tarixli ərizəsi xəstəlik tarixinə əlavə olunmuşdur. Xəstəxana ilə tibbi xidmət haqqında müqavilə bağlanarkən tibbi xidmətin pullu olmasını iddiaçılar bilirdilər, qiymətlərlə tanış idilər. İddiaçı2 müalicə xərclərinin bir hissəsini, yəni 30000 manatını iddiaçının işlədiyi müəssisə ödəmişdir. Xəstənin həyat yoldaşı ilə xx.xx.2020-ci il tarixdə tibbi xidmət haqqında müqavilə bağlanmış, xəstə yaxını iltizanaməyə imza etmiş, müqavilənin şərtləri, tibbi xidmətin qiyməti xəstənin yaxınlarına izah olunmuşdur. Xəstə hal-hazırda da Madera hospitalda müalicəsini davam etdirir. Medera hospitalda müalicə və əməliyyatın qiymətləri əvvəlcədən tərtib olunan xüsusi sənədlə müəyyən edilmir. Müalicə və əməliyyatın qiymətini xəstə hospitala daxil olarkən dəvət olunan həkimin nüfuzuna və hospitalın rəhbərliyinin razılığına əsasən həmin gün müəyyən edilib xəstəyə və ya xəstə yaxınına bildirilir. Medera hospital tərəfindən məhkəməyə təqdim olunan xəstə İddiaçı2 əməliyyat və əməliyyatdan sonrakı xərclər cədvəlinə əsasən xx.xx.2020-ci il tarixdə xəstəxanaya daxil olmuş İddiaçı2 əməliyyat xərcləri 18000 manat, instrumental müayinələr 462 manat, labarotor analizlər 2957 manat, 30 gün reabilitasiya fizioterapiya 7794 manat, dərman-qan plazma 19455 manat, konsultant həkimlərin çağırışı, özəl tibb bacısının baxışı, özəl həkim təqibi 1190 manat, ambulans xidməti 150 manat, 25 günlük reanimasiyada yatış 7500 manat, 10 gün intensiv palatada yatış 1800 manat olmaqla toplam məbləğ 59308 manat təşkil etmiş, xəstə tərəfindən 50690 manat hospitala ödənilmiş, xəstə 8618 manat borc saxlayaraq Medera hospitaldan reabilitasiya məqsədi ilə başqa klinikaya köçürülmüşdür. Xəstənin Medera hospitalına borcu qaldığından, xəstənin hospitalda müalicə və əməliyyatı düzgün aparıldığından iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Medera MMC-nin tabeliyində olan Medera hospitalı ilə xəstə yaxını X13 arasında bağlanmış xx.xx.2020-ci il tarixli tibbi xidmət müqaviləsinin 1-ci bəndindən müəyyən olunur ki, bu müqaviləyə əsasən hospital əvvəlcədən razılaşdırılmış tibbi xidməti həyata keçirməyi, xəstə və xəstə yaxını isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “əlavə 1” də təqdim olunan “qiymət cədvəli”nə əsasən müəyyənləşdirilən xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən müəyyən olunur ki, xəstə və ya xəstənin yaxını göstərilən tibbi xidmətin qarşılığında “əlavə 1” də təqdim olunan “qiymət cəvəli”ndə müəyyənləşdirilən xidmət haqqını xidmətin nəticəsindən asılı olmayaraq, tibbi xidmətin göstərilməsindən əvvəl ödəyir. Müqavilənin 3.2-ci bəndindən müəyyən olunur ki, xəstə və ya xəstənin yaxını qoyulmuş diaqnoza uyğun olaraq müalicənin gedişi zamanı meydana çıxması halında zəruri olan digər tibbi xidmətlərin, o cümlədən tibbi xidmətin göstərilməsi zamanı yaranmış fəsadlarla bağlı əlavə olaraq stasionarda qalması və əlavə zəruri cərrahi əməliyyat ilə göstəriləcək tibbi xidmətlərin haqqını da əlavə olaraq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı2 həyat yoldaşı X16 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli iltizamdan müəyyən olunur ki, o, xəstə həkimi və müalicə aldığı xəstəxananı könüllü olaraq özü seçmiş, əməliyyat zamanı və əməliyyat sonrası yarana biləcək fəsadlar barəsində həkim tərəfindən tam məlumatlandırılmış, xəstəxanada müalicə alacağı dövrdə xəstənin və ya onun qohumlarının xəstəxanaya ödədiyi məbləğ müalicənin və əməliyyatın nəticəsindən asılı olmayaraq ona və yaxud qohumlarına qaytarılmayacaqdır. Xəstə və xəstənin adından hər hansı digər 3-cü şəxslər həkimə, onun köməkçisinə və Medera Hospital MMC-yə qarşı heç bir maddi-mənəvi tələb irəli sürməyəcəklər. Medera MMC-nin tabeliyində olan Medera hospitalı ilə xəstə yaxını X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli tibbi xidmət müqaviləsinin 1-ci bəndindən müəyyən olunur ki, bu müqaviləyə əsasən hospital əvvəlcədən razılaşdırılmış tibbi xidməti həyata keçirməyi, xəstə və xəstə yaxını isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “əlavə 1” də təqdim olunan “qiymət cədvəli”nə əsasən müəyyənləşdirilən xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən müəyyən olunur ki, xəstə və ya xəstənin yaxını göstərilən tibbi xidmətin qarşılığında “əlavə 1” də təqdim olunan “qiymət cəvəli”ndə müəyyənləşdirilən xidmət haqqını xidmətin nəticəsindən asılı olmayaraq, tibbi xidmətin göstərilməsindən əvvəl ödəyir. Müqavilənin 3.2-ci bəndindən müəyyən olunur ki, xəstə və ya xəstənin yaxını qoyulmuş diaqnoza uyğun olaraq müalicənin gedişi zamanı meydana çıxması halında zəruri olan digər tibbi xidmətlərin, o cümlədən tibbi xidmətin göstərilməsi zamanı yaranmış fəsadlarla bağlı əlavə olaraq stasionarda qalması və əlavə zəruri cərrahi əməliyyat ilə göstəriləcək tibbi xidmətlərin haqqını da əlavə olaraq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı2 anası X5 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli iltizamdan müəyyən olunur ki, xəstə həkimi və müalicə aldığı xəstəxananı könüllü olaraq özü seçmiş və əməliyyat zamanı və əməliyyat sonrası yarana biləcək fəsadlar barəsində həkim tərəfindən tam məlumatlandırılmışdır. Xəstəxanada müalicə alacağı dövrdə xəstənin və ya onun qohumlarının xəstəxanaya ödədiyi məbləğ müalicənin və əməliyyatın nəticəsindən asılı olmayaraq ona və yaxud qohumlarına qaytarılmayacaqdır. Xəstə və xəstənin adından hər hansı digər 3-cü şəxslər həkimə, onun köməkçisinə və Medera Hospital MMC-yə qarşı heç bir maddi-mənəvi tələb irəli sürməyəcəklər. Medera hospitalın xx.xx.2020-ci il tarixli qəbzindən müəyyən olunur ki, İddiaçı2 reanimasiya xərcləri üçün 4900 manat və 100 ABŞ dolları ödənmişdir. Medera hospitalın xx.xx.2020-ci il tarixli xidmət çekindən müəyyən olunur ki, xəstə İddiaçı2 qeydiyyat prosesi üçün 100 manat ödənmişdir. Medera hospitalın xx.xx.2020-ci il tarixli 2968 saylı qəbzindən müəyyən olunur ki, İddiaçı2 müalicəsi ilə bağlı depozitə 5000 manat ödənmişdir. Medera hospitalın xx.xx.2020-ci il tarixli 2948 saylı qəbzindən müəyyən olunur ki, İddiaçı2 müalicəsi ilə bağlı depozitə 10000 manat ödənmişdir. Medera hospitalın xx.xx.2020-ci il tarixli 2197 saylı qəbzindən müəyyən olunur ki, İddiaçı2 müalicəsi ilə bağlı depozitə 20000 manat ödənmişdir. Medera hospitalın xx.xx.2020-ci il tarixli qəbzindən müəyyən olunur ki, İddiaçı2 müalicə və müayinə prosedurları üçün 3400 manat və 900 ABŞ dolları ödənmişdir. Medera hospitalın xx.xx.2020-ci il tarixli 3196 saylı qəbzindən müəyyən olunur ki, İddiaçı2 müalicəsi üçün depozitə 9000 manat ödənmişdir. Medera hospitalın xx.xx.2020-ci il tarixli 3080 saylı qəbzindən müəyyən olunur ki, İddiaçı2 müalicəsi ilə bağlı depozitə 3400 manat ödənmişdir. Medera hospitalın xx.xx.2020-ci il tarixli 182 saylı qəbzindən müəyyən olunur ki, İddiaçı2 müalicəsi ilə bağlı depozitə 3400 manat ödənilmişdir. Medera hospitalın xx.xx.2020-ci il tarixli 189 saylı qəbzdən müəyyən olunur ki, İddiaçı2 müalicəsi ilə bağlı depozitə 790 manat ödənilmişdir. Medera hospitalın xx.xx.2020-ci il tarixli 3277 saylı qəbzindən müəyyən olunur ki, İddiaçı2 müalicəsi ilə bağlı depozitə 1521 manat ödənmişdir. Medera hospitalın xx.xx.2020-ci il tarixli 3278 saylı qəbzdən müəyyən olunur ki, İddiaçı2 müalicəsi ilə bağlı depozitə 169 manat ödənmişdir. Medera hospitalın xx.xx.2020-ci il tarixli 3349 saylı qəbzindən müəyyən olunur ki, İddiaçı2 müalicəsi ilə bağlı depozitə 1000 manat ödənmişdir. Medera hospitalın xx.xx.2020-ci il tarixli 176 saylı qəbzindən müəyyən olunur ki, İddiaçı2 müalicəsi ilə bağlı depozitə 1000 manat ödənilmişdir. Medera hospitalın xx.xx.2020-ci il tarixli 183 saylı qəbzindən müəyyən olunur ki, İddiaçı2 müalicəsi ilə bağlı depozitə 1000 manat ödənilmişdir. Medera hospitalın xx.xx.2020-ci il tarixli 29915 saylı qəbzindən müəyyən olunur ki, İddiaçı2 müalicəsi ilə üçün depozitə 1000 manat ödənmişdir. Medera hospitalın xx.xx.2020-ci il tarixli 29911 saylı qəbzindən müəyyən olunur ki, İddiaçı2 müalicəsi ilə bağlı depozitə 1000 manat ödənmişdir. Medera hospitalın xx.xx.2020-ci il tarixli 30238 saylı qəbzindən müəyyən olunur ki, İddiaçı2 müalicəsi üçün depozitə 2500 manat ödənmişdir. Medera hospitalın xx.xx.2020-ci il tarixli qəbzindən müəyyən olunur ki, İddiaçı2 reanimasiya xərcləri üçün depozitə 2000 manat ödənmişdir. Medera hospitalın xx.xx.2020-ci il tarixli 187 saylı qəbzindən müəyyən olunur ki, İddiaçı2 müalicəsi ilə bağlı depozitə 500 manat ödənilmişdir. Medera hospitalın xx.xx.2020-ci il tarixli 186 saylı qəbzindən müəyyən olunur ki, İddiaçı2 müalicəsi ilə bağlı depozitə 2000 manat ödənilmişdir. Medera hospitalın xx.xx.2020-ci il tarixli 181 saylı qəbzindən müəyyən olunur ki, İddiaçı2 müalicəsi ilə bağlı depozitə 1000 manat ödənilmişdir. Medera hospitalın xx.xx.2020-ci il tarixli 5101 saylı qəbzindən müəyyən olunur ki, İddiaçı2 müalicəsi ilə bağlı depozitə 1000 manat ödənmişdir. Medera hospitalın xx.xx.2020-ci il tarixli qəbzindən müəyyən olunur ki, İddiaçı2 müayinə və müalicə prosedurları üçün depozitə 4000 manat ödənmişdir. Medera hospitalın xx.xx.2020-ci il tarixli 177 saylı qəbzindən müəyyən olunur ki, İddiaçı2 müalicəsi ilə bağlı depozitə 4000 manat ödənilmişdir. Medera hospitalın xx.xx.2020-ci il tarixli 178 saylı qəbzindən müəyyən olunur ki, İddiaçı2 müalicəsi ilə bağlı depozitə 1000 manat ödənilmişdir. Medera hospitalın xx.xx.2020-ci il tarixli 180 saylı qəbzindən müəyyən olunur ki, İddiaçı2 müalicəsi ilə bağlı depozitə 6000 manat ödənilmişdir. Medera hospitalın xx.xx.2020-ci il tarixli kassa mədaxil orderindən müəyyən olunur ki, Səbinə Cəfərova İddiaçı2 müalicəsi ilə bağlı Medera Hospital MMC-yə 6000 manat ödəmişdir. X22 Sanayi ve Ticaret A.Ş-nin Azərbaycan və Gürcüstan Respublikalarındakı filiallarının xx.xx.2021-ci il tarixli 94 saylı məktubdan müəyyən olunur ki, X22 Sanayi ve Ticaret A.Ş-nin Azərbaycan və Gürcüstan Respublikalarındakı filiallarının direktoru Aydın Polat tərəfindən İddiaçı2 xx.xx.2021-ci il tarixində keçirilmiş əməliyyatı üçün Medera hospitala 30000 manat məbləğində ödəniş edilmişdir. Medera hospital tərəfindən məhkəməyə təqdim olunan xəstə İddiaçı2 əməliyyat və əməliyyatdan sonrakı xərclər cədvəlindən müəyən olunur ki, xx.xx.2020-ci il tarixdə xəstəxanaya daxil olmuş İddiaçı2 əməliyyat xərcləri 18000 manat, instrumental müayinələr 462 manat, labarotor analizlər 2957 manat, 30 gün reabilitasiya fizioterapiya 7794 manat, dərman-qan plazma 19455 manat, konsultant həkimlərin çağırışı, özəl tibb bacısının baxışı, özəl həkim təqibi 1190 manat, ambulans xidməti 150 manat, 25 günlük reanimasiyada yatış 7500 manat, 10 gün intensiv palatada yatış 1800 manat olmaqla toplam məbləğ 59308 manat təşkil etmiş, xəstə tərəfindən 50690 manat ödənilmiş, xəstə 8618 manat borc saxlayaraq Medera hospitaldan reabilitasiya məqsədi ilə başqa klinikaya köçürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2021-ci il tarixli 6-46/H-3608/2 saylı məktubdan müəyyən olunur ki, Səhiyyə Nazirliyinin baş cərrahının verdiyi mütəxəssis rəyinə əsasən xəstə İddiaçı2 Medera hospitalda və HB Güvən klinikasında göstərilmiş tibbi yardım zamanı səhvə və səhlənkarlığa yol verilməmişdir. Medera hospitalın icraçı direktoru Lala Babayeva tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri Sahib Səfərova verilmiş xx.xx.2021-ci il tarixli izahatdan müəyyən olunur ki, Medera hospitalına İddiaçı2 xx.xx.2020-ci il tarixdə avtoqəzadan sonra işlədiyi X22 Sanayi ve Ticaret A.Ş-nin Azərbaycan və Gürcüstan Respublikalarındakı filiallarının rəhbərliyi tərəfindən müayinə sənədləri təqdim olunmuşdur. Xəstənin xx.xx.2020-ci il tarixdə keçirdiyi avtoqəza nəticəsində danışmadığını, iflic və komotoz vəziyyətində olduğu haqqında məlumat verilmişdir. Xəstənin vəziyyətinin çox ağır olduğunu, bir neçə cərraha müraciət edildiyini, lakin xəstənin vəziyyəti ilə əlaqədar cərrahların əməliyyatdan imtina etdikləri haqqında qohumları bacısı tərəfindən məlumat verilmişdir. Medera hospitalında xəstəyə konsilium təşkil olunmuşdur. Boynunda C7-Th1 sınığı, Th7 sınığı, hər iki tərəfin hemotoroksu aşkar edilmişdir. Azərbaycanın tanınan bir neçə cərrahına müraciət edilmiş, lakin həkimlər anestezi baxımından xəstənin vəziyyətdən çıxmayacağını və əməliyyatın ağır olduğunu bildirərək imtina etmişlər. Klinikaya yüksək mütəxəssis, vertebroloq ortoped travmatoloq Dr. Elvis Qasımov dəvət olunmuş və onun rəhbərliyi altında hospitalın anestezioloq reanimotoloqu uzman Kahraman Seyfidar və neyrocərrah vertebroloq Dr.Ceyhun Əhmədov tərəfindən xəstə 8 saatlıq əməliyyata alınmışdır. Qohumlarına və şirkətin rəhbərlərinə artıq çox gec müraciət olunduğunu, xəstənin vəziyyətinin ağır olduğunu, əməliyyatdan hətta çıxmamağı haqqında məlumat verilmişdir. Ödənişin yüksək məbləğdə olacağı barədə dəfələrlə, təkrar-təkrar xəbərdarlıq edilmişdir. Ödənişin şirkət tərəfindən ödəniləcəyi, ödənilmədiyi halda özlərinin ödəyəcəkləri və heç nədən şikayətçi olmadıqları, əsas istəklərinin xəstənin həyatda qalması olduğu və nə olursa olsun xəstəyə özlərinin qulluq edəcəkləri, xəstə yeriməsə də ailəsi tərəfindən xəstəyə qulluq olunacağı və xəstə yaşamasa belə bu addımı atacaqları haqqında məlumat verilmişdir. Qohumları tərəfindən əməliyyat qərarı verilmişdir. Xəstəyə 35 gün reanimasiya və intensiv terapiya şöbəsində müxtəlif proseduralar, idman, fizioterapiya, ağ ciyər massajı və s. xidmətlər həyata keçirilmişdir. Qohumlar arasında çox münaqişələr, təhqiredici ifadələr, xoşagəlməz hallar təkrarlanmışdır. Ödənişlə bağlı klinika və ailə arasında söz-söhbətlər yaranmışdır. Məcburən dəfələrlə polis çağırılmış və yoldaşı tərəfindən dəfələrlə baş direktora hədəqorxu olunmuşdur. Klinikanın rəhbərliyi ailə arasında narazılığın olmaması üçün dəfələrlə barışığa çağırmışdır. Xəstə xx.xx.2020-ci il tarixdə reabilitasiya məqsədi ilə evə yazılmış və çox yüksək əhvali-ruhiyyə, böyük məmnuniyyət hissi ilə klinikadan ayrılmışdır. İddiaçı2 Medera hospitalın reabilitasiya şöbəsində X2 tərəfindən bərpa proqramından keçmişdir. Xəstə İddiaçı2 Medera hospitalın direktoru, uzman Dr.İbrahim Aliyev, icraçı direktor Dr.Lala Babayeva və X2nin iştirakı ilə məktuba qol çəkərək Medera hospitaldan şikayətçi olmadığını bildirmiş və bunu öz imzası ilə təsdiq etmişdir. Medera hospitalın direktoru İbrahim Əliyevin və həkim cərrah-vertebroloq Ceyhun Əhmədovun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri Sahib Səfərova verdikləri izahatdan müəyyən olunur ki, İddiaçı2 xx.xx.2020-ci il tarixdə Medera hospitalın reanimasiya şöbəsinə komatoz vəziyyətdə daxil olmuş, xəstə neyrocərrah, ümumi cərrah, vertebroloq, ortoped, reanimotoloq tərəfindən konsultasiya olunmuş, həyati göstəriş olduğuna görə xəstə əməliyyata götürülmüş, xəstəyə C7-fəqərə sınığı, T7-də yerdəyişmənin sınığı, KT-də hemotoraks, döş qəfəsinin alt qismindən başlayaraq aşağı ətraflarında hissiyyat pozğunluğu diaqnozu qoyulmuşdur. Medera hospitalın xx.xx.2021-ci il tarixli 054/ÜM saylı əmrindən müəyyən olunur ki, İddiaçı2 900 №-li xəstəlik tarixində əməliyyat protokolu hərtərəfli nizamla yazılmadığına görə neyrocərrah-vertebroloq Ceyhun Əhmədova töhmət verilmişdir. Medera hospitalın anesteziologiya şöbəsinin müdiri Kahraman Seyfidarovun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri Sahib Səfərova verdiyi izahatdan müəyyən olunur ki, İddiaçı2 xx.xx.2020-ci il tarixdə Medera hospitalın reanimasiya şöbəsinə komatoz vəziyyətdə daxil olmuş və xəstə neyrocərrah, ümumi cərrah, vertebroloq, ortoped, reanimotoloq tərəfindən konsultasiya olunmuş, əməliyyata göstəriş verilmişdir. Xəstədə paraplegiya, motor pozğunluq, döş qəfəsinin alt qismindən başlayaraq aşağı ətraflar da daxil olmaqla hərəkət pozğunluğu qeyd olunmuşdur. Tənəffüsü qarın tipli xəstə təcili cərrahi əməliyyata götürülmüş, əməliyyatdan sonra reanimasiyaya köçürülmüşdür. Lakin keçirdiyi avtoqəza nəticəsində aldığı travma ilə əlaqədar Sp O2 aşağı olduğu üçün xəstəyə traxiyanın intubasiyası olunmuşdur. Yanaşı reabilitasiya, fizioterapiya, tənəffüs gimnastikasına başlanmışdır. Xəstə xx.xx.2020-ci il tarixdə stasionara köçürülmüş, müvafiq təyinat və fizioterapiya reabilitasiya davam etdirilmişdir. Xəstə xx.xx.2020-ci il tarixində kafi vəziyyətdə özünün və yaxınlarının istəyi ilə Hb Güvən klinikasına köçürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Medera hospital MMC-nin baş həkimi F.Məhərrəmovaya ünvanlanmış xx.xx.2021-ci il tarixli xx/xx-2426 saylı məktubdan müəyyən olunur ki, Səhiyyə Nazirliyinin baş cərrahının verdiyi mütəxəssis rəyinə əsasən xəstə İddiaçı2 Medera hospitalda və HB Güvən klinikasında göstərilmiş tibbi yardım zamanı səhvə və səhlənkarlığa yol verilməmişdir. İddiaçı2 anası X5 tərəfindən imzalanmış ərizədən müəyyən olunur ki, İddiaçı2 tərəfindən ona verilən etibarnaməyə əsasən onun və qızının Medera hospitalına qarşı heç bir şikayətinin olmadığını, əksinə qızını yenidən həyata qaytardıqları üçün baş həkimə və bütün həkim heyətinə dərin təşəkkürlərini bildirməklə ömür boyu onlara və onların peşəkar həkim heyətinə minnətdar olacağını bildirmişdir. İddiaçı2 tərəfindən Medera hospitalın baş həkimi Firəngiz Məhərrəmovaya ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən müəyyən olunur ki, İddiaçı2 Medera hospitalından və Medera hospitalın həkimlərindən heç bir şikayəti və iradı olmadığını bildirmişdir. Binəqədi Rayon Prokurorluğu tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2020-ci il tarixli Ş-672 saylı məktubdan müəyyən olunur ki, ərizəsində qeyd olunan məsələlər mülki hüquq münasibətləri ilə bağlı mübahisələrə aid olduğundan həmin məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İcbari Tibbi Sığorta üzrə X18 Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2020-ci il tarixli H-239/20 saylı məktubdan müəyyən olunur ki, ərizəsində qeyd olunan məsələlər Təbibin Nizamnaməsi ilə müəyyən edilən səlahiyyətlərinə aid olmadığından cavablandırılmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli 913/KEŞ saylı rəyindən müəyyən olunur ki, Medera hospitalda İddiaçı2 adına tərtib edilmiş 900/20 saylı stasionar xəstənin tibbi kartasından görünür ki, o, xx.xx.2020-ci il tarixdə saat 2100-da reanimasiya şöbəsinə ağır vəziyyətdə daxil olmuşdur. D-Z: “Avtoqəza. C7-Th7 sınığı, hər iki tərəf hemotarks”. Daxil olarkən huşu açıq, A/T-90/60 mm.cv.st, Sp02 86%, PS-103 vurğu. Yuxarı ətrafı zəif hərəkətli aşağı ətraf tam hərəkətsiz idi. Gözlə görülən dəri selikli qişası quru və avazımışdır. Boynuna Philadefıya korseti taxılmışdır. Xəstə təcili KT olundu və laborator müayinələrdən keçdi. Boynunda C7 parçalı və yer dirilmiş sınıq, sol körpücük sümüyü yer dəyişdirilməmiş sınığı Th7 (thorakal)-döş fəqərəsi parçalı, yer dəyişdirməmiş sınıq hər iki döş boşluğu qanla dolu (hemotoraks) aşkar edildi. Xəstəyə oksigen dəstəyi damar yolunda lazım olan mayelər və dərmanlar başlanıldı. Xəstəyə əməliyyat öncəsi bütün hazırlıqlar görüldü. xx.xx.2020-ci il tarixində saat 1700-da əməliyyatxanaya alındı. Xəstə intubasiya olunaraq ümumi narkoz verildi. Xəstənin hər iki döş boşluğuna (Bilan) drenaj yerləşdirilərək 750 ml qan boşaldıldı. Femorial kateterdən lazım olan massiv qan və plazma verildi. Xəstəyə boyun nahiyəsindən kəsik aparıldı və C7-Thl sınığı vidalanıb bərpa edildi. Daha sonra xəstə üz üstə çevrilib onurğa sütünunun arxa nahiyəsindən kəsik aparılıb boyun nahiyəsində döş fəqərələrinə qədər vidalama edildi. Əməliyyat 7-8 saat davam etdi. Xəstənin əməliyyat blokundan sonra reanimasiya şöbəsinə alınaraq süni tənəffüs aparatına bağlandı. Bu zaman xəstənin A/T-100/70 mm.cv.st, Ps 80 vurğu, Sp02 99% idi. Vəziyyətə uyğun olaraq xəstəyə intensiv müalicə planı yazıldı. xx.xx.2020-ci il tarixində ektubasiya olunduqdan sonra aralıqlarla saturasiyada düşmə, öskürəkdən refleksiyanın olmaması, nəfəs alıb vermədə çətinləşmə olduğundan xəstə intubasiya oldu. Buna görədə xəstə trakeostomiya boru açılmasına qərar verildi. Lor cərrah tərəfindən xəstə əməlliyatxanaya alınaraq ümumi anesteziya altında “Troxiostomik” boru taxıldı. Sonra xəstə ST aparatına bağlanaraq köməkçi rejim tənəffüsü təyin edildi. xx.xx.2020-ci il tarixdə xəstənin torokas drenajı çəkildi. Süni tənəffüs aparatından ayrılaraq oksigen dəstəyi ilə tənəffüs və udqunma fizioterapiyasına başlandı. Bu arada aşağı və yuxarı ətrafın fizioterapiyası və elektrofarezi dama edildi. Müalicə planı bu tərzdə davam edilərək udqunma refleksi bərpa olundu və ağzından qidalanmasına başlanıldı. Bu arada aşağı və yuxarı ətrafın fizioterapiyası və elektrofezi dama edildi. Müalicə planı bu tərzdə davam edilərək udqunma refleksi bərpa olundu və ağzından qidalanmasına başlanıldı. xx.xx.2020-ci il tarixdə xəstənin vəziyyətində bəzi dəyişikliklər aşkar olundu, saturasiyasnın düşməsi, hərarətin qalxmasına görə KT çəkildi yığıntısının olduğu aşkar edildi və xəstəyə torasentez edilərək göndərildi. Xəstəyə antibiotik müalicəsi və fizioterapiya müalicəsi davam edilməkdədir. İndiki vəziyyəti orta ağır, huşu aydın, yuxarı ətrafı tam hərəkətli aşağı ətrafı hissiyatsız və hərəkətsizdir. xx.xx.2020-ci il tarixdə xəstə stasionar şöbəyə keçirildi. Stasionarda lazımı müalicə və fizioterapiya tədbirləri davam etdirildi. 11 05.2020-ci il tarixində saat 1700-da kafi vəziyyətdə HB(Güvən) klinikasına yaxınlarının istəyi ilə müalicəsini davam etdinnək üçün keçirildi. D-Z: “Avtoqəza. C7-Th7 sınığı, hər iki tərəf hemotarks”. Rəydən daha sonra müəyyən olunur ki, HB Güvən Klinikasında İddiaçı2 adına tərtib edilmiş ******* saylı xəstəlik tarixindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə saat 18-00-da “Onurğa beyin zədələnməsi” diaqnozu ilə gətirilmişdir. Şikayətləri traxeostomik borudan, tənəffüsün çətinliyindən, aşağı ətraflarda tam hərəkətsizlikdən, yuxarı ətraflarda hərəkətin zəifliyindən, gücsüzlüyündən, çiyinlərindən, boyunda ağrılardandır. Deməsinə görə, xəstə avtoqəzaya düşmüş, onurğa sütunu zədələnməsi olmuşdur. xx.xx.2020-ci ildə əməliyyata alınmış, hər iki döş boşluğuna Bilan drenajı yerləşdirilmiş, C7-Thl nahiyəsinə vidalanma edilmişdir. Traxeostomik boru taxılmışdır. Xəstənin ümumi vəziyyəti ağırdır. Huşu aydın, dəri və görünən selikli qişalar solğun, təmizdir. A/T-90/50 mm.cv.st, Ps-1 dəq. 97 vurğu. Traxeostomik boru fəaliyyət göstərir, requlyar olaraq sanasiya edilir. Xəstəyə fizioterapevt, nevropatoloq, reanimatoloq, uroloq, ginekoloq konsultasiyaları və müalicəsi təyin olundu. Reablitasiyanın 1 ayında LOR həkim müşahidəsində traxeostomik boru çıxarıldı.Tənəffüs sərbəstdir. LOR müayinəsində sol səs teli median fıksə, sağ səs teli isə tam hərəkətli, glostik açıqlıq yetərli qeyd edilmişdir. Traxeostomiya dəliyi sekundar olaraq sağalır, yara problemsiz olmuşdur. xx.xx.2000-ci il tarixdə reablitasiya tədbirlərinin davam etmək üçün fizioterapevt nəzarətində ambulator müalicəyə yazıldı, 3 ay sonra LOR kontrolu. Klinik diaqnoz: “Onurğa beyin zədələnməsi. Yataq yaraları”. Rəydən daha sonara müəyyən olunur ki, X14 Hastasnesində İddiaçı2 adına tərtib edilmiş ********** saylı tibbi sənəddən görünür ki, o, xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Xəstə və qohumlarından əldə edilən məlumata görə, 4 ay əvvəl nəqliyyat vasitəsindəki yol qəzasından sonra tetrapraktika keçirmişdir. C7-TH1 və Th-7 fraktürlərinə (qırıqlara) görə əməliyyat edildi. Xəstə əlavə müayinə və müalicə üçün kliniki şöbəyə yerləşdirildi. xx.xx.2020-ci il tarixdə əməliyyatdan əvvəlki müayinələri başa çatan xəstə əməliyyata alınaraq C7-T1 qismi korpektoıniya+asansörlü cage və plak yerləşdirilmə” əməliyyat edildi. Əməliyyatdan sonra xəstə ekstubasiya olunmuşdur. Şüuru yerindədir və əməliyyatdan sonra nevroloji müayinə ilə eyni şəkildə kliniki şöbəyə yerləşdirildi. Ümumi vəziyyəti yaxşıdır, həyat təhlükəsi yoxdur. xx.xx.2020-ci il tarixdə xəstənin vəziyyəti yaxşı, həyati təhlükəsi yoxdur. Yarası təmizdir. Əlavə problemlər müşahidə edilmədi. xx.xx.2020-ci il tarixdə xəstənin vəziyyəti yaxşıdır. 1 dəfə subfebril temperaturu oldu. Əlavə problemlər müşahidə edilmədi. Əlil arabasında mobilizə edildi (hərəkət elətdirildi). xx.xx.2020-ci il tarixdə xəstəyə servikal Kompüter Tomoqrafiya müayinə aparıldı. Korpektomiya qəfəsinin və kordonun açıldığı müşahidə edildi. Əlil arabasında mobilizə edildi (hərəkət elətdirildi). Əlavə problemlər müşahidə edilmədi. xx.xx.2020-ci il tarixdə xəstənin vəziyyəti yaxşıdır. Əlavə problemlər müşahidə edilməyən xəstə həkimlərin tövsiyələri əsasında evə buraxıldı. Rəydən daha sonra müəyyən olunur ki, 1987-ci il təvəllüdlü İddiaçı2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir. 1.2.4. “Medera Hospitalda İddiaçı2 adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, ona “C7-Th7 sınığı, hər iki tərəf hemotarks diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. 3.9. “Medera hospitalda İddiaçı2 aparılmış müayinə və müalicələr Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. 5.6. “Medera hospitalda İddiaçı2 üzərində aparılmış “C7-Thl nahiyəsinə vidalanma” cərrahiyyə əməliyyatından sonra icra edilmiş əməliyyatla əlaqədar hər hansı bir fəsad baş verməmişdir. 7.“X12 Hüseynovaya təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində “C7-Thl nahiyəsinə vidalanma” cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. 8.“Medera hospitalda İddiaçı2 üzərində aparılmış “C7-Thl nahiyəsinə vidalanma” cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. 10.11. “HB Güvən Klinikasında və “X15 Xəstəxanasında İddiaçı2 müalicəsinin davam etdirilməsinə səbəb onun almış olduğu travmanın ağırlığı olmuşdur. 12. “X12 Hüseynovaya aparılmış müalicələr zamanı tibbi sənədlərdə qeyd olunan dərman preparatlarının təyinatı düzgün seçim olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli KEŞ-154 saylı rəyindən müəyyən olunur ki, 1987-ci il təvəllüdlü İddiaçı2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. Medera hospitalda İddiaçı2 adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, ona “C7-Th7 sınığı, hər iki tərəf hemotarks” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. 3.4. Medera hospitalda İddiaçı2 üzərində aparılmış “C7-Thl nahiyəsinə vidalanma” cərrahiyyə əməliyyatından sonra icra edilmiş əməliyyatla əlaqədar hər hansı bir fəsad baş verməmişdir. Medera hospitalda İddiaçı2 üzərində aparılmış “C7-Thl nahiyəsinə vidalanma cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. 6.7. HB Güvən Klinikasında və X15 Xəstəxanasında İddiaçı2 müalicəsinin davam etdirilməsinə səbəb onun almış olduğu travmanın ağırlığı olmuşdur. 8. Medera hospitalda İddiaçı2 aparılmış müalicələr zamanı tibbi sənədlərdə qeyd olunan dərman preparatlarının təyinatı və tibbi ləvazimatlardan istifadə düzgün seçim olmuşdur. 9. Medera hospitalda İddiaçı2 göstərilən tibbi xidmətlə bağlı klinika tərəfindən qəbul edilən ödənişlərin Azərbaycan Respublikasında Özəl tibb müəssisələrində göstərilən tibbi xidmətə görə müəyyən olunmuş tariflərə uyğun olubolmamasının təyini məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətlərinə aid deyildir. TSEK-nın İddiaçı2 müayinəsinə dair xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı2 İ dərəcəli əlillik təyin edilmişdir. Məhkəmə iclasında şahid X13 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə baş vemiş yol nəqliyyat hadisəsi nəticəsində həyat yoldaşı İddiaçı2 xəsarət almışdır. İddiaçı2 işlədiyi şirkətin müdirinin məsləhətinə əsasən onlar İddiaçı2 Madera hospitalına aparmışlar. Mərkəzi Klinikadan həkim Elvis dəvət olunmuş, əməliyyata göstəriş verilmişdir. Elivisə əməliyyata görə 35000 manat ödənilmiş, lakin sonradan həkim Elvis ona Madera hospitaldan cəmi 6000 manat ödənilməsini bildirmşdir. 29 gün həyat yoldaşı reanimasiyada saxlanılmış, hər gün üçün ondan 1250 manat alınmışdır. Hər dəfə Madera hospitalın işçiləri ödəniş etməyi tələb etmiş, lakin ödənişin nəyə görə edilməsini onlara deməmişlər. Müalicə xərclərinə görə 30000 manat yoldaşının işlədiyi şirkət ödəmiş, birinci gün o, 10000 manat, ikinci gün 10000 manat, daha sonra 6000, 5000, 7000 manat ödənişlər edilmişdir. Həyat yoldaşı əməliyyata aparılarkən bütün sənədləri ona və yoldaşının anasına imza etdirmişlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarətlər alan İddiaçı2 müalicə olunması üçün Medera hospital kilinkasına gətirilmiş, xəstənin yaxın qohumları ilə klinika arasında tibbi xidmət haqqında müqavilələr bağlanmışdır. Həmin müqavilələrdə “əlavə 1” də təqdim olunan “qiymət cədvəli”nə əsasən müəyyənləşdirilən xidmət haqqını ödəniləcəyi qeyd olunsa da, qiymət cəvəli müqavilələrə əlavə edilməmiş, məhkəmə araşdırması zamanı da cavabdeh tərəfindən qiymət cəvəli məhkəməyə təqdim olunmamışdır. Məhkəmə araşdırması zamanı iş üzrə keçirilən ekspertiza tədqiqatları ilə daha sonra müəyyən olunmuşdur ki, Medera hospitalda İddiaçı2 üzərində aparılmış cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra edilmiş, HB Güvən Klinikasında və X15 Xəstəxanasında iddiaçının müalicəsinin davam etdirilməsinə səbəb onun almış olduğu travmanın ağırlığı olmuş, Medera hospitalda İddiaçı2 aparılmış müalicələr zamanı tibbi sənədlərdə qeyd olunan dərman preparatlarının təyinatı və tibbi ləvazimatlardan istifadə düzgün seçim olmuşdur. Məhkəmə araşdırması zamanı Medera hospital tərəfindən məhkəməyə təqdim olunan xəstə İddiaçı2 əməliyyat və əməliyyatdan sonrakı xərclər cədvəli ilə müəyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə xəstəxanaya daxil olmuş İddiaçı2 əməliyyat xərclərinə 18000 manat, instrumental müayinələrinə 462 manat, labarotor analizlərə 2957 manat, 30 gün reabilitasiya fizioterapiya 7794 manat, dərman-qan plazma 19455 manat, konsultant həkimlərin çağırışı, özəl tibb bacısının baxışı, özəl həkim təqibinə 1190 manat, ambulans xidmətinə 150 manat, 25 günlük reanimasiyada yatışa 7500 manat, 10 gün intensiv palatada yatışına 1800 manat olmaqla toplam məbləğ 59308 manat təşkil etmiş, xəstə tərəfindən 50690 manat ödənilmiş, xəstə 8618 manat borc saxlayaraq Medera hospitaldan çıxmışdır. Məhkəmə araşdırması zamanı tərəflərin məhkəməyə təqdim etdikləri İddiaçı2 müalicəsi və əməliyyatı ilə bağlı Medera hospital klinikasına ödənişlərin edilməsinə dair sübutlarla müəyyən olunmuşdur ki, klinikaya faktiki olaraq xəstənin əməliyyat və əməliyyatdan sonrakı xərclərinə görə cəmi 128380 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, cavabdeh tibbi xidmət göstərdiyi xəstənin əməliyyat və əməliyyatdan sonrakı xərclərinin 59308 manat təşkil etməsini bildirsə də, məhkəməyə təqdim olunan elə cavabdeh tərəfindən verilən ödəniş qəbzləri ilə faktiki ödənilən məbləğin 128380 manat olması, nəticədə cavabdehin hüquqi əsası olmadan iddiaçılara məxsus 69072 manat pul vəsaitini özündə əsassız olaraq saxlaması öz təsdiqini tapdığından iddia ərizəsi bu hissədə əsaslıdır ona görə də qismən təmin olunmalıdır. Məhkəmə cavabdehin etirazında istinad etdiyi hallara münasibət bildirib qeyd edir ki, göstərdiyi tibbi xidmətə görə özünün müəyyən etdiyi pul məbləğini alan cavabdehin məhkəməyə təqdim etdiyi sübutlar, İ dərəcəli əlildən əsassız olaraq alıb özündə saxladığı vəsaitin geri qaytarmaması üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçıların ödədikləri dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Medera hospital klinikasından maddi ziyana görə 69072 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 69102 manat İddiaçı2 və İddiaçı1 xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar