Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3424/2023 12.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,onun barəsində şər və böhtan dolu, şərəf və ləyaqətini alçaldan məlumatların “Facebook”, “Youtube”, “Dövlət TV”, qeyri-qanuni yaradılmış “YDDİB-nın ümumi yığıncağı” adlı Whatsapp qrupunda yayılmasına görə ona vurduğu mənəvi ziyana görə ona vurduğu mənəvi ziyana görə 100 000(yüz min) manat pulun X1 tutularaq ona ödənilməsi və “Facebook”, “Youtube”, “Dövlət TV”, qeyri-qanuni yaradılmış “YDDİB-nın ümumi yığıncağı” adlı Whatsapp qrupunda təkzib edilməsi və silinməsi, həmçinin bu hərəkətlərinə görə ondan üzr istəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində və iddia tələbində digər tələblərlə yanaşı cavabdeh tərəfindən “Dövlət TV”-də yayılan məlumatların təkzib edilməsi və silinməsini xahiş etmiş olsa da, həmin məlumatları iddia ərizəsində və iddia tələbində qeyd etməmişdir. Göründüyü kimi, iddiaçının tələbi aydın və dəqiq deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi, tələblər konkret və aydın olmalıdır. Başqa sözlə, prosessual qanunvericiliyin cavabdehə qarşı yönəlmiş tələbin iddia ərizəsində dəqiq və aydın göstərilməli olması onu nəzərdə tutur ki, cavabdeh ona qarşı yönəlmiş tələbin konkret nədən ibarət olduğunu müəyyən etməlidir. Təsadüfü deyildir ki, Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Bu isə yalnız o halda mümkündür ki, iddiaçı öz tələbini konkret şəkildə iddia ərizəsində göstərmiş olsun. Qeyd olunan Məcəllənin 151.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Eyni zamanda iddiaçı qismində İddiaçı qeyd edilmiş olsa da, iddia ərizəsi Azərbaycan Respublikası “X3” İctimai Birliyinin blankında tərtib edilərək, iddia ərizəsinin imzalayan şəxs qismində “X3” İctimai Birliyi sədri İddiaçı qeyd edilmiş və həmin Birliyin möhürü vurulmuşdur. Belə olan halda iddiaçının İddiaçı və ya Azərbaycan Respublikası “X3” İctimai Birliyinin olmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessaul Məcəlləsinin -50.1 və 50.2-ci maddələrinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3424/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3424/2023
12.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver