Məhkəmə qərarları › İş №2(001)-343/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-343/2022

19.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-343/2022 19.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Mebel Şirkətinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 11 dekabr 2021-ci il tarixdə iddiaçı tərəfindən "Aydınoğlu” mebel şirkətinin Sumqayıt şossesi, "Riyad” Ticarət Mərkəzindəki Bizim Ev Mebel Şəhərində sıra 24, mağaza l-25-dən 6200 manata qonaq mebel dəsti əldə edilmişdir. Bu alqı-satqı ilə bağlı 11.12.2020-ci il tarixli müqavilə tərtib edilmişdir. Müqavilə digər tərəfdən 1-25 saylı mağazanın müdiri Cavabdeh tərəfindən imzalanmışdır. “Aydınoğlu" mebel mağazasının əməkdaşları mebel dəstini iddiaçının faktiki yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivindəki mənzilə gətirib quraşdırarkən, mebel dəstinin komod deyilən hissəsinin ustaların əlindən düşməsi nəticəsində çatlar əmələ gəlmişdir. İki gün sonra mağazanın işçiləri həmin komodu dəyişmək əvəzinə gəlib çatları müvaviq doldurucu maye ilə doldurdular və iddiaçının etirazlarına baxmayaraq çıxıb getdilər. Həmçinin iddiaçı tərəfindən "xxxx" mağazasının əməkdaşlarına mebel quraşdırılarkən şkafın arxa hissəsindəki şüşə-güzgülərin tutacaqlarının cox balaca və zəif olduğunu bildirilsə və onların digər daha iri və möhkəm materialdan olan tutacaqlarla əvəz edilməsi tələb edilsə də, mağazanın işçiləri tərəfindən iddiaçının tələbinə məhəl qoyulmamış, mağazanın işçiləri tutacaqların möhkəm olduğunu bildirərək işlərini davam etdirmişlər. Mebelin komod hissəsində əmələ gəlmiş çatların sonradan bir daha gəlib üstündə müvafiq işlər görüləcəyini bildirsələr də, mebel mağazasının əməkdaşları həmin tarixdən sonra bir daha iddiaçının evinə gəlməmişlər. Daha sonra isə pandemiya və müvafiq karanlin rejimi ilə bağlı iddiaçı mebel mağazası ilə əlaqə saxlaya bilməmişdir. 05 aprel 2021-ci il tarixdə səhhətində müvafiq problem olduğundan iddiaçı X1 daxil olmuş, oradan 07 aprel 2021-ci il tarixdə çıxaraq evə gəldikdə görmüşdür ki, şkafın arxa şüşə-güzgü bağlayıcı hissələri onları saxlayan tutacaqlar qırıldığından həmin şüşə güzgülər aşağı düşüb iddiaçıya məxsus servizləri sındırmışlar. İddiaçı mövcud hadisəni telefon ilə fiksasiya etmiş və dərhal həmin günü mebel mağazasına telefon vasitəsilə məlumat vermişdir. Bir gün sonra mebel mağazasının əməkdaşları gəlmiş və bildirdikləri o olmuşdur ki, onlar ancaq tutacaqları dəyişə və güzgüşüşələri qaldırıb yerinə qoya bilərlər. İddiaçı etiraz etmişdir ki, arxa şüşə örtükləri elə düzəltmək lazımdır ki, bir daha belə hal təkrar baş verməsin. Mağazanın işçiləri iddiaçı ilə razılaşmayaraq heç bir tədbir görmədən çıxıb getdilər. Bir gün sonra yenə digər əməkdaşlar gəlib iddiaçıya bidirdilər ki, silikon ilə güzgü-şüşəni yerinə yapışdıra bilərlər. İddiaçı onlardan tələb etdi ki, mebel dəstinin arxa hissəsinin şüşə hissəsini parca örtük ilə dəyisdirsinlər. Mağazanın əməkdaşları isə ona bildirdilər ki, bunu həyata keçirmək mümkün deyil. Həmin hadisə nəticəsində əmələ gəlmiş qırıntıların aradan qaldırılması və arxa örtüklərin parça örtüklər ilə dəyişdirilməsi başqa şəxslər tərəfindən icra edilmiş və iddiaçı buna 210 manat pul xərcləmişdir. 17 aprel 2021-ci il tarixdə iddiaçı atası ilə birlikdə həmin mebel maqazasına gedib ona dəymiş ziyanın ödənilməsini tələb etdikdə, ona laqeyid şəkildə bidirdirildi ki, hara istəyir şikayət edə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. 21.10.2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iştirak etmiş cavabdeh Mustafayev Namı̇ q Vələddı̇ n oğlunun vəkili Vəkil izahatında məhkəməyə bildirmişdir ki, iddia ərizəsinin heç bir qanuni əsası yoxdur. Mebel mağazada hazırlanmır, mağaza sadəcə vasitəçidir və hazır mebeli müştəriyə satır. Belə olan halda Cavabdeh mebelin keyfiyyətinə, yığılma qaydasına və tərkib hissələrinin möhkəmliyinə görə məsuliyyət daşıya bilməz. İddiaçı mağazaya gəlib, mebeli bütün mövcud olan hissələri ilə görüb, bəyənib və eynliklə mağazada gördüyü mebel onun evinə gətirilmişdir. Bundan sonra da iddiaçı mebeli bəyənmədiyi və mebeldə hər hansı qüsur olduğu halda pulunu ödəməyə də bilərdi. Lakin iddiaçı mağazada 200 manat, mebel evinə gətiriləndə isə 6000 manat pulu tam olaraq ödəmiş və sonrakı aylar ərzində hər hansı narazılığını cavabdehə bildirməmişdir. Hadisə artıq baş verəndən sonra da o, nə cavabdehə rəsmi qaydada, nə də ki, istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan müvafiq qurumlara müraciət etməmişdir. Nəticə etibarilə iddiaçıya cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində zərərin vurulması öz təsdiqini tapmır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. ... Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Həmin Qanunun 7-ci maddəsinə görə, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: - lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; - malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; - malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; - müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. ... Azərbaycan Respublikasından kənarda istehsal olunmuş və ya vasitəçilərdən alınmış mallar barəsində bu maddənin birinci bəndində müəyyən edilmiş tələblər satıcının hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Məcəllənin 567-ci maddəsinə müvafiq olaraq, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 581.1-ci maddəsinə görə, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Mülki Məcəllənin 581.2-ci maddəsinə müvafiq olaraq, alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında 11.12.2020ci il tarixdə mebel dəstinin alqı-satqısına dair münasibətlər yaranmış, mebel dəstinin 6200 manata satılması razılaşdırılmış, alıcı həmin dəyərin 200 manatını mağazada, 6000 manatını isə mebel dəsti evinə gətirilərkən ödəmişdir. Mebel dəsti mebel mağazasının əməkdaşları tərəfindən iddiaçının evində quraşdırılmış, bir neçə müddət sonra isə (2021-ci ilin aprel ayında) mebel dəstinin qab-qacaq yığılan şkafının şüşə rəflərindən biri düşmüş və bunun nəticəsində şkafa yığılmış qablar qırılmışdır. İddiaçı həmin hadisənin şkafın arxa hissəsindəki şüşə-güzgülərin tutacaqlarının cox balaca və zəif olduğu səbəbindən baş verməsini iddia edir, cavabdeh isə onun hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya hər hansı ziyanın dəyməsini qəbul etmir. Qeyd olunan məsələlərin aydınlarşdırılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli, 2(001)-6607/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.02.2022-ci il tarixli, 9/7966 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... mebellərə baxış zamanı aşkar olunmuş güsurlar aradan qalxdığı halda güzgülü şkaf standartlara və (və ya) texniki şərtlərə uyğundur. ... Şüşə rəflərin vertikal güzgünü saxladığı halda şkafın təhlükəsiz istismarı üçün şkafın iç divarına bərkidilməsinə ehtiyac olmaması müəyyən edilir. ... Qab-qacağın yığılması üçün nəzərdə tutulmuş şkafa baxış zamanı şüşə rəfləri saxlayan plastik tutacaqlar şüşə rəfləri və üzərlərinə yığılmış qabları adi gündəlik istismar şəraitində saxlamaq üçün nəzərdə tutulmamışdır. ... Şüşə rəflərin birinci düşmə səbəbi də düzgün montaj olunmamasıdır, ikinci səbəb isə şkaf arxalığının laminat rəfə bərkidilməməsidir. O səbəbdən də vertikal güzgü arxalığın arasına düşərək şüşə rəfləri aşırıb. ... Ekspertiza tədqiqatına təqdim edilməyən əşyalara dəymiş ziyanın orta bazar qiyməti nəzəri qaydada təxminən 1540 manat müəyyən olunur”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.02.2022-ci il tarixli, 9/7966 saylı ekspert rəyində qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 1540 manat məbləğində dəymiş maddi ziyanın əvəzi tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia ərizəsinin vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: ziyanın vurulması; ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; əvvəlki iki elementlər arasında səbəbli əlaqə; ziyanvuranın təqsiri. Hazırkı işin materialları ilə isə sadalanan elementlərin hamısının mövcudluğu öz təsdiqini tapmır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 18,09% hissədə təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 5,43 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 1540 (min beş yüz qırx) manat məbləğində dəymiş maddi ziyan və ödənilmiş dövlət rüsumunun 5,43 (beş manat qırx üç qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 24,57 manat hissəsi iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar