Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3455/2020 27.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı Binəqədi rayon Binəqədi Bələdiyyəsinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Binəqədi rayon Binəqədi Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsinə digərlərinin hüquqlarının pozulmasının aradan qaldırılması, vurulmuş zərərin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Binəqədi rayon Binəqədi Bələdiyyəsi Cavabdeh qarşı 40.000 manat məbləğində pul tələbinə dairiddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İHB-nın xx.xx.2000-ci il tarixli, 809 saylı sərəncamı ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətinə verilmiş, 9cu mkr., M.Cəlal küçəsi ilə Cavadxan küçəsinin kəsişdiyi ünvanda 8000 kv.m. torpaq sahəsi vətəndaş Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xx xxxxxxxx 2006cı il tarixli 251 saylı qərarla hər kv.m üçün 5 manat ödəmək şərti ilə onun mülkiyyətinə verilmişdir. Lakin Məmmədov X2 Rayon Bələdiyyəsinin hesabına ödəməli olduğu 40.000 manat pul ödənişini kassaya mədaxil etməmişdir. Eyni zamanda 2006-cı ildən bu günədək sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, illik hər-hansı ödəniş etməmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ünvan 1 Cavadxan küçəsinin kəsişdiyi ünvanda yerləşən 8000 kv.m. torpaq sahəsini Binəqədi rayonu Binəqədi Bələdiyyəsindən xx xxxxxxxx 2006-cı il tarixdə dəyərini ödəyərək 251 saylı alqı-satqı müqaviləsinə əsasən almışdır. Qeyd edilən alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi onun mülkiyyətində olmaqla yanaşı bu günədək faktiki sahibkarlıq fəaliyyəti ilə bağlı istifadəsindədir. Həmin alqı-satqı müqaviləsinin bağlanmasından 14 il müddət keçməsinə baxmayaraq, iddiaçı Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ona qarşı hal-hazırda qərəzli qanunsuz və əsassız şəkildə iddia qaldırmışdır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı həmin torpaq sahəsinin cavabdehə satılmasını, mülkiyyətinə verilməsini və sahibkar olaraq istifadəsində olması faktını qəbul edir. xx.xx.2020-ci il tarixdə iddiaçı Binəqədi rayon Binəqədi Bələdiyyəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə “iddia ərizəsinə əlavə” ilə müraciət etmiş və ərizəsində “Cavabdeh digərinin hüquqlarının pozulması ilə müşaiyət olunan hərəkətlərinin qarşısının alınmasına, istinad etdiyi torpağa və üzərində inşa etdiyi tikililərə ilkin hüquq müəyyənedici (və səlahiyyət verici) sənədlərin təqdim edilməsi vəzifələrinin cavabdehin üzərinə qoyulması; torpağa və üzərində inşa etdiyi tikililərə ilkin hüquq müəyyənedici (və səlahiyyət verici) sənədlərin hüquqi əsaslığı müəyyən edildikdə, cavabdehin faktik istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi ilə Cavadxan küçəsinin kəsişdiyi yerdə 8000 kv.m. torpaq sahəsinə görə ******* manat və itirilmiş faydalar olan 11200 manat, ümumilikdə ******* manat vurulmuş zərərlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, iddiaçı Binəqədi rayon Binəqədi Bələdiyyəsinin nümayəndəsi X3 iddia ərizəsinə əlavənin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda X3 məhkəməyə bildirdi ki, tərəflər arasında hər hansı müqavilə bağlanmamış, Bələdiyyəyə pulödənilməmiş, istinad olunan qərarın verilməsi sual altındadır və Binəqədi rayonBinəqədi Bələdiyyəsində həmin sənədlər mövcud deyil. Ona görə də, cavabdehinüzərinə həmin sənədlərin əslinin məhkəməyə təqdim edilməsi öhdəliyiqoyulmalıdır.Bundan əlavə,Bələdiyyə tərəfindən verilməsi iddia edilən sənədlərdəki imza həmin vaxt Binəqədi rayon Binəqədi Bələdiyyəsinin sədri olan Namiq Məmmədovun imzasından fərqlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil “iddia müddətinin tətbiq edilməsi barədə” ərizənin məzmununa uyğun izahat verdi və eyni zamanda məhkəməyə bildirdi ki, iddiaçının nümayəndəsinin izahatı iddia ərizəsində qeyd olunanlarla ziddiyyət təşkil edir. Belə ki, ilkin olaraq verilmiş iddia ərizəsində iddiaçı özü Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx xxxxxxxx 2006-cı il tarixli, 251 saylı qərarına istinad etmiş və iddia ərizəsinə həmin qərarın və tərəflər arasında bağlanmış “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” xx xxxxxxxx 2006-cı il tarixli, 459 saylı müqavilənin surətlərini əlavə etmişdir. Belə olan halda hal-hazırda tərəflər arasında müqavilənin bağlanmasının inkar edilməsi anlaşılan deyil. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxxxx 2006-cı il tarixli, 251 saylı qərarının notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, həmin qərarla “ ... Cavabdeh 9 mkr., M.Cəlal küçəsi ilə Cavadxan küçəsinin kəsişdiyi yerdə 2 №-li sovxoz ilə xx.xx.1997-ci il, X5 təsərrüfatı ilə xx.xx.1999-cu il tarixli bağlanmış icarə müqavilələrinə əsasən və eləcə də X5 təsərrüfatının xx.xx.2006-cı il tarixli 0013 saylı xahişini nəzərə alaraq istifadə etdiyi 0,8 ha torpaq sahəsi sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün onun mülkiyyətinə (hər kv.m. üçün YAM ilə 5 man. Ödəmək şərti ilə) veril”məsi və “Bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinə Cavabdeh ilə müvafiq alqı-satqı müqaviləsinin bağlanmasının tapşırıl”ması qərara alınmışdır. İş materiallarında olan “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” xx xxxxxxxx 2006-cı il tarixli, 459 saylı müqavilənin təsdiq olunmuş surətindən görünür ki, həmin müqavilə Binəqədi rayon Binəqədi Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən, 9-cu mkr., M.Cəlal küçəsi ilə Cavadxan küçələrinin kəsişdiyi yerdə 0,8 ha torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ümumi iclasının xx xxxxxxxx 2006-cı il tarixli 9 saylı qərarına əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün Cavabdeh təklif edilmiş, o da öz növbəsində təklif edilən sahəni hər bir kv.m-i üçün 5 manat ödəmək şərti ilə qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx xxxxxxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxxxx 2006-cı il tarixli, 251 saylı qərarı, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” xx xxxxxxxx 2006-cı il tarixli, 459 saylı müqavilə və 9 mkr., M.Cəlal küçəsi ilə Cavadxan küçələrinin kəsişdiyi hissədə Cavabdeh sahibkarlıqla məşğul olmaq üçün xx xxxxxxxx 2006-cı il tarixli Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən 251 saylı qərarla ayrılmış torpaq sahəsinin (0,8 ha) situasiya planı Dövlət Arxivinin Bakı filialında mövcuddur. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx xxxxxxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, “mahiyyəti üzrə baxılan iş üzrə Cavabdeh adına torpaq sahəsinin ayrılmasına (alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi) dair nə arxiv baza sənədlərinin, nə də, protokol tərtibatının tərkibində heç bir məlumat aşkar edilmədi. Məhkəmə iddia ərizəsinin məzmununda “... 9-cu mkr., M.Cəlal küçəsi ilə Cavadxan küçəsinin kəsişdiyi ünvanda 8000 kv.m. torpaq sahəsi vətəndaşı Cavabdeh sahibkarlıq məqsədi ilə məşğul olmaq üçün xx xxxxxxxx 2006-cı il tarixli, 251 saylı qərarla hər kv.m. üçün 5 (beş) YAM-ı ödəmək şərti ilə onun mülkiyyətinə verilmişdir” qeyd olunduğu və iddia ərizəsinə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxxxx 2006-cı il tarixli, 251 saylı qərarının; Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” xx xxxxxxxx 2006-cı il tarixli, 459 saylı müqavilənin və 9 mkr., M.Cəlal küçəsi ilə Cavadxan küçələrinin kəsişdiyi hissədə Cavabdeh sahibkarlıqla məşğul olmaq üçün xx xxxxxxxx 2006-cı il tarixli Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən 251 saylı qərarla ayrılmış torpaq sahəsinin (0,8 ha) situasiya planının surətlərinin əlavə edildiyi təqdirdə, iddiaçı tərəfindən məhkəməyə qeyd olunan məzmunda cavabınverilməsini ağlabatan hesab etmir. Məhkəmə eyni zamandan qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən iddia tələbinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, cavabdeh tərəfindən hüquqmüəyyənedici sənədlər olmadan torpaq sahəsindən istifadə edilməsi, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında saxlanılan sənədlərin saxta olması və ya tərəflər arasında müqavilə olsa belə, cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş torpaq sahəsinin dəyərinin ödənilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçının nümayəndəsi qeyd olunanları əsaslandıra bilməmişdir. Bundan əlavə iş materialları ilə müəyyən edilir ki, “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” xx xxxxxxxx 2006-cı il tarixli, 459 saylı müqavilənin təsdiq olunmuş surətindən görünür ki, həmin müqavilə Binəqədi rayon Binəqədi Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən, 9-cu mkr., M.Cəlal küçəsi ilə Cavadxan küçələrinin kəsişdiyi yerdə 0,8 ha torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ümumi iclasının xx xxxxxxxx 2006-cı il tarixli 9 saylı qərarına əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün Cavabdeh təklif edilmiş, o da öz növbəsində təklif edilən sahəni hər bir kv.m-i üçün 5 manat ödəmək şərti ilə qəbul etmişdir. İddiaçı iddia edir ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş ödənişləri həyata keçirməmiş və üzərinə düşən öhdəlikləri icra etməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüş və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən aslı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə iddia müddətinin keçdiyini nəzərə alaraq, hesab edir ki, mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə, iddia tələbi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-3455/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3455/2020
27.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver