Məhkəmə qərarları › İş №2(001)-346/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-346/2024

08.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-346/2024 08.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh1 MMC və Cavabdeh2qarşı “maddi ziyanln ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 ona vurulmuş 12206 manat, avtoservisə ödənmiş 300 manat və dövlət rüsumu kimi ödənilmiş 130 manat məbləğin müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 10:00 radələrində idarə etdyi Hyundai Santafe markalı, **-KM-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə 20 yanvar dairəsi istiqamətindən üzü Koroğlu metrostansiyası istiqamətinə, iki zolaqdan ibarət avtomobil yolunda sağdan ikinci zolaqla saatda təxminən 40 km surətlə hərəkət edirdi. Avtomobil yolunda sıxlıq olması səbəbindən tıxac yaranmış və avtomobillər demək olar ki surətlərini tam dayanma həddinə qədər azaltmışlar. O da bu səbəbdən dayanmışdır. Həmin vaxt İsuzu markalı 99 JV- 382 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sonradan adını bildiyi Cavabdeh2, düzgün ara məsafəsi saxlaya bilmədiyi üçün idarə etdiyi avtomobilin ön hissəsi ilə, ondan arxada olan Mercedesin arxa hissəsinə çırpımışdı. İsuzu markalı avtomobilin ön hissəsi isə daha sonra onun idarə etdiyi hundai Santafe avtomobilinin arxa hissəsinə çırpılmışdı. Toqquşma nəticəsində avtomobilin arxa hissəsi sıradan çıxmışdır. Hadisə nəticəsində avtomobil yararsız hala düşmüş və işləməmiş, nəticədə evakuatorla oradan götürülmüşdür. “Auto Azərbaycan” şirkətinin servis mərkəzində avtomobilə baxış keçirilmiş, nəticədə dəyişdirilməli olan ehtiyat hissələri və zəhmət haqları hər bir hissə üzrə ayrılıqda qeyd edilməklə ümumu ziyan 15335 manat müəyyən edilmişdir. Əldə etdiyi məlumata görə Cavabdeh2 idarə etdiyi avtomobil Cavabdeh1 şirkətinə məxsusdur. Hadisə zamanl Cavabdeh2 avtomobilə dəyən ziyanın ödənilməsi təklif edilmiş, o isə bildirmişdir ki, Cavabdeh1 Şirkətində sürücü işləyir, həmin şirkətin tapşırıqlarını icra edir, həmin şirkətin ərzaq məhsullarını daşıyır, maşın indi də ərzaq məhsulları ilə yüklüdür, ayda cəmi 400 manat maaş alır, dəymiş ziyanı da ödəmək imkanı yoxdur. Xalq sığorta tərəfindən ona 3128 manat sığorta ödənişi edilmişdir. Nəticədə 12206 manat ona ziyan dəymişdir. Əlavə olaraq ziyan aktına görə 300 manat ödəniş etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, avtomobili həmin vəziyyətdə 15000 manata etibarnamə ilə satmışdır. Həmin vaxt avtomobilin dəyəri 35-37 min manat olmuşdur. Əvvəlki məhkəmə iclasında cavabdeh şirkətin 10000 manat təklifinə razılıq versələr də, şirkət sonradan imtina etmiş və məhkəmə qərarının çıxarılmasını gözləyəcəklərini demişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi izahatında bildirmişdir ki, onlar hazırda ekspert rəyi ilə razıdırlar. Çünki avtomobilə baxış keçərən zaman həqiqətən də təmirə yararsız olduğunu görmüşlər. Məhkəmədən kənar mübahisə ona görə həll edilə bilməmişdir ki, analoji mübahisə ilə bağlı başqa məhkəmə prosesi zamanı da onlardan müştərək qaydada pul tutulmuş və daha sonra onlar işçilərdən reqres qaydasında tələb etmişlər. Lakin hazırki mübahisədə onlar məhkəmənin çıxartdığı qərarın onlara düşən hissəsini, yəni 50 faizini ödəyəcəklə və ödədikləri məbləği işçidən tələb etməyəcəklər. Qalan 50 faizini isə işçinin özü ödəməlidir deyə onların 10000 manat təklifi sonradan rəhbərlik tərəfindən təxirə salınmışdır. Cavabdeh2 sözlərinə münasibətdə isə bildirir ki, avtomobilin nasazlığı ilə bağlı İntizam Komissiyası keçirilmiş, lakin tormozun işləmədiyi və.s heç bir sürücü tərəfindən bildirilməmişdir. Bundan əlavə sürücünün nasaz vəziyyətdə olan nəqliyyat vasitəsini idarə etməkdən imtina etmək hüququ vardır. Yəni əgər sürücü tormozun yaxşı işləmədiyindən narazı idisə, bununla bağlı etirazını şirkətə bildirməli idi.

5. Bundan əlavə Cavabdeh1 MMC tərəfindən iddiaya yazılı etiraz verilmiş və belə əsaslandırılmışdır ki, “Auto Azərbaycan” tərəfindən verilən rəydə əvəz olunmalı ehtiyat hissələri lüzumsuz yerə daha çox qeyd edilmiş və qiymətləri da bazar dəyərindən artıq göstərilmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiaya ona görə etiraz etmişdir ki, əvvəla yol nəqliyyat hadisəsində təqsirli olduğunu qəbul etməmişdir. O, bildirdi ki, avtomobilin tormoz və muftası işləməmişdir, bununla yanaşı zərər vurulan avtomobil də əslində yol hərəkəti qaydasına düzgün riayət etməmişdir. Lakin arxadan vuran avtomobil həmişə günahkar hesab edildiyindən, onu da təqsirli olaraq müəyyən etmişlər. Bundan əlavə avtomobilin nasazlığı ilə bağlı rəhbərliyə dəfələrlə şikayət etsə də, nəticəsi olmamışdır. Onun avtomobili idarə etməkdən imtina etmək kimi imkanı ona görə yoxdur ki, o halda da müəssisə başqa mübahisələr yaradır. Bundan əlavə o şəkər xəstəsidir, kirayədə qalır və kredit ödəyir. Onun aldığı məvacib də məlumdur və bu səbəbdən hər ay 30 manat ödəniş etmək imkanı var. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

7. xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus “Hyundai Santa FE” minik markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Hadisədə Cavabdeh1 MMC-yə məxsus “İsuzu NPR 75 L yük” markalı, **-JV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə idarə edən, şirkətin sürücüsü Cavabdeh2 təqsirli bilinmiş və barəsində İXM-nin 327.1-ci maddəsi ilə intizam tənbehi tətbiq edilmişdir.

8. Sığortalı Cavabdeh1 MMC-yə məxsus “İsuzu NPR 75 L yük” markalı, **-JV- *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə "xxxx" ASC-də sığortalandığından iki avtomobilə dəymiş zərərin məbləği 5000 manatı keçdiyinə görə mütənasib olaraq 3128.1 manat hissəsi X1 ödənilmişdir.

9. "xxxx" ASC “Hyundai Santa FE” minik markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərəri 8840 manat dəyərində qiymətləndirmişdir.

10. Zərərçəkənin sifarişi əsasında “Auto Azərbaycan” şirkətində avtomobilə dəyən zərər yenidən qiymətləndirilmiş və xx.xx.2023-cü il tarixli AKT-a əsasən “Hyundai Santa FE” minik markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 15335 manat zərərin dəydiyi müəyyən edilmişdir. Qiymətləndirməyə görə iddiaçı tərəfdən 300 manat vəsait ödənilmişdir.

11. Zərərin məbləği cavabdehlər tərəfindən mübahisələndirildiyindən məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2023-cü il tarixli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, “Auto Azərbaycan” şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən “Hyundai Santa FE” minik markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə köhnəlmə faizi tətbiq edilməklə 11569 manat zərər dəydiyi müəyyən edilmişdir. Cavabdehlər tərəfindən ekspert rəyi mübahisələndirilməmişdir.

12. Tərəflərə mübahisənin məhkəmədən kənar həlli istiqamətində təkliflər irəli sürülsə də, nəticədə razılıq əldə olunmamışdır.

13. Tərəflərin izahatları ilə işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, “İsuzu NPR 75 L yük” markalı, **-JV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 MMC-yə məxsusdur və Cavabdeh2 isə MMC-də sürücü işləyir, hadisə də sürücünün əmək vəzifələrini icra edən zaman baş vermişdir. Bundan əlavə nəqliyyat vasitəsi zədəli vəziyyətdə iddiaçı tərəfindən artıq satılmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

14. Əvvəla hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

16. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

17. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

18. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

19. - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;

20. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;

21. -1097.5-ci maddəsinə əsasən əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər;

22. -1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun;

23. -1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

24. Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.

25. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.

26. Odur ki, Cavabdeh2 delikt törətməsi, bunun nəticəsində “Hyundai Santa FE” minik markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəyməsi məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan Nərimanov RPİ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında qeyd edilmişdir ki, sürücü Cavabdeh2 barəsində hadisə ilə bağlı AR İXM-nin 327.1-ci maddəsinə əsasən İXP ******* saylı protokol tərtib edilərək TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərarla kifayətlənilməlidir.

27. Nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı isə məhkəmə tərtib edilən hesabatlarla kifayətlənməmiş və əmtəəşünaslıq ekspertizası keçirmişdir. Daha mötəbər sübut kimi qəbul edilən ekspert rəyi ilə isə nəqliyyat vasitəsinə 11569 manat zərər dəydiyi müəyyən edilmişdir. Odur ki, sığorta şirkəti tərəfindən ödənilən 3128.1 manat nəzərə alındıqda iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş zərərə görə ödənilməli olan məbləğ 8440.9(11569-3128.1) manat təşkil edir.

28. Məhkəmə həmin məbləğin həm yüksək təhlükə mənbəyinə qanuni əsasla sahiblik edən şəxsdən(Cavabdeh2 avtomobili yol vərəqəsi ilə idarə etmişdir), həm də yüksək təhlükə mənbəyinin mülkiyyətçisindən (avtomobil Cavabdeh1 MMC-nin mülkiyyətindədir) tutulmalı olduğu qənaətinə ona görə gəlmişdir ki, yüksən təhlükə mənbəyini idarə edən şəxs (Cavabdeh2) mülkiyyətçinin (Cavabdeh1 MMC) işçisi olmuşdur və işəgötürənin tapşırıqlarını icra edərkən delikt törətmişdir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.

30. Odur ki, iddia qismən təmin edilməli və cavabdehlərdən müştərək qaydada həm nəqliyyat vasitəsinə vurulan zərərə görə 8440.9 manat, həm də zərərin qiymətləndirilməsi ilə bağlı çəkilən xərcə görə 300 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

32. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

33. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

34. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

35. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

36. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

37. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 8740.9 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 130 manat müştərək qaydada tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

38. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat vəsait də cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir.

39. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada 8740.9 (səkkiz min yeddi yüz qırx manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti və 130 (yüz otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat vəsait cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar