Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3468/2021 30.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxslər Maraqlı şəxs və Həsənova Təhminə Əlisəfa qızının iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şhəri 20 saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxslər qismində Maraqlı şəxs və Həsənova Təhminə Əlisəfa qızı cəlb edilməklə) “mirasdan imtina barədə ərizələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlar tərəfindən 20 saylı Notariat Kontoruna verilmiş 16 aprel 2015-ci il tarixli, 7E-2596 reyestr nömrəli və 16 aprel 2015-ci il tarixli, 7E-2597 reyestr nömrəli vərəsəlik payından imtina barədə ərizələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırmışdır ki, ataları X12 22 fevral 2015-ci il tarixdə vəfat etmişdir. Atalarından miras olaraq, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 19, 9 nömrəli mənzil, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi və **-UN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz-180” markalı nəqliyyat vasitəsi miras qalmışdır. Atasının onlar daxil olmaqla 7 vərəsəsi vardır. Atalarının vəfatından sonra bacılarının və onların birgə müraciəti əsasında 20 saylı Notariat Kontorunda 2015-ci ildə vərəsəlik işi açılmışdır. Onlar **-UN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz-180” markalı nəqliyyat vasitəsini istəmədiklərindən 2015-ci ilin aprel ayında 20 saylı notariat kontoruna ataları X4 övladlarına qalmış mirasın bir hissəsindən bacıları Maraqlı şəxs xeyrinə imtina olunması məqsədilə ərizələr vermişlər. Bundan sonra, digər miras əmlakların əldə olunması üçün 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisində vərəsəlik şəhadətnamələri alınsa da, sonradan həmin şəhadətnamələr məhkəmə qətnaməsi ilə etibarsız hesab olunmuşdur. 2021-ci ilin mart ayında digər əmlaklara vərəsəlik şəhadətnaməsi alınması üçün yenidən 20 saylı Notariat Kontoruna müraciət edən zaman məlum olmuşdur ki, onların 2015-ci ildə verdikləri ərizə bütün miras əmlakdan imtina kimi qəbul olunmuşdur. Halbuki, ərizələrin məzmununda bütün əmlak qeyd olunmur və ərizələrdə “miras” deyil “vərəsəlik payı” ifadələrindən istifadə edilmişdir. Həmin ərizələr bacıları Maraqlı şəxs təkidi ilə yazıldığından onlara indi məlum olmuşdur ki, bacıları onları aldadaraq əslində bütün əmlaka sahib olmaq istəyir. Onlar yazdıqları ərizələri məzmunu barədə yanılmışlar. Onlar atalarının vəfatından sonra digər miras əmlaklara faktiki olaraq sahiblik edirlər. Həmin mənzildə yaşayırlar və başqa yaşayış yerləri yoxdur. Belə olan halda yeganə yaşayış yerləri olan mənzildən imtina onların həqiqi iradələrinin ifadəsi ola bilməz. Nəzərə alınmalıdır ki, “ərizə yazılması” hərəkət olaraq bir iradə ifadəsidir. İradənin ifadə edilməsi üçün əvvəlcə iradə formalaşmalı, daha sonra isə formalaşmış iradə ifadə edilməlidir. Onların yeganə yaşayış yerləri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 19, 9 saylı mənzildən imtina ilə bağlı iradələrinin formalaşması üçün heç bir məntiqi əsas və ya şərait olmamışdır və mövcud deyildir. Belə olan halda verdikləri ərizələr də onların iradələrini düzgün ifadə etməmələri səbəbindən hüquqi əhəmiyyətə malik deyildir. Həmçinin ərizələrin məzmunundan da göründüyü kimi notarius tərəfindən onlara ərizələrin doğuracağı hüquqi nəticələr izah olunmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, atası öləndən sonra miras payının müəyyən olunması üçün bacısı Həsənova Sevinc Oqtay qızı miras payının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Binəqədi rayonu, R.İsmayılov küçəsində yerləşən ev, qaraj, torpaq miras əmlak kimi qalmışdır. Həmin evdə bacısı Ülviyyə, anası, özü və Maraqlı şəxs birlikdə yaşayırlar. Badamdar qəsəbəsində olan torpaq sahəsində digər bacısı Həsənova Rövşanə yaşayır. Anası ilə atasının arasında olan nikah münasibətləri pozulmuşdur. Həsənova Sevinc və Həsənova Raya onun ögey bacılarıdır. Merabi ilə münasibətləri pozulmamışdan əvvəl aralarında olan razılıq əsasında onlar öz adlarına olan miras payından imtina etmişdilər. Razılaşmaya əsasən bütün miras bir nəfərdə olduqdan sonra hamını payı müəyyən edilməli idi. Lakin daha sonra Merabi ilə münasibətləri pozulduqdan sonra pay bölgüsündə ziddiyyət yaranmışdır. Hal-hazırda anası ilə də münasibətləri pozulmuşdur. O, uşaq olanda bacısı Sevincə 3 otaqlı ev alınıb verilmişdir. Rayaya isə 1 otaqlı ev verilmişdir. Ona isə heçnə verilməmişdir. Payında imtina etdikdən sonra aralarında mübahisə yaranmışdır. Onları imtina barədə ərizə alınması üçün aldatmışlar. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Anası bacıları Könül, Rövşanə, Merabi ilə birlikdə hərəkət edir. Ögey bacıları onlara qarşı məhkəmədə iddia qaldırmışdır. Evə dair olan bütün sənədlər anasındadır. Məhkəmə iclasında iştirak edən digər İddiaçı2 izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, onlar 7 bacıdırlar. Atasının birinci Şərqiyyə xanımla olan nikahından Həsənova Raya doğulmuşdur. 2-ci həyat yoldaşı Əfruzə xanımla olan nikahından isə X9 doğulmuşdur. Sonuncu nikahından isə 5 bacısı doğulmuşdur. Onlar ərizə yazarkən məqsədləri ogey bacılarını mirasdan məhrum etmək olmuşdur. Lakin sonradan istədiklərinə nail ola bilməmişlər. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən Həsənova Təhminə izahatında bildirmişdir ki, yaşadıqları ev 4 mərtəbəlidir. 2 otaqda Ülviyyə ilə Pərvanə yaşayır. Miras əmlakı birgə nikah dövründə alınmışdır. Rayanın özünə 1 otaqlı ev verilmişdir. Sevincə isə 2 otaqlı ev verilmişdir. Daha sonra evləri satmışlar. Miras qalan torpaq və maşın ½ hissədə pay hüququ ilə ona məxsusdur. Miras payı kimi qalmış əmlakın bölünməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ifadəsində bildirmişdir ki, miras payı kimi qalmış əmlakın bölünməsinə etiraz etmir. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən Maraqlı şəxs izahatında bildirmişdir ki, hazırda iddiaçılarla birlikdə kirayə yaşayır. Bacıları mirasdan onun xeyrinə imtina etmişlər. Mirasdan imtina barədə razılığı özləri vermiş və bunu notariusda təsdiq etmişlər. Həmin vaxtlarda aralarında mübahisə olmamışdır. O isə anasına miras əmlakla bağlı etibarnamə vermişdir. Bölünəcək əmlakdan ona da pay verilməli idi. Doğma bacılar razılaşmışdırlar ki, bütün mirası birimizin adına rəsmiləşdirək və sonradan bölək. Anası onlara bu formada digər bacılara əmlak düşməməsi üçün təklif irəli sürmüş və sonradan razılıq əsasında bütün bacılar mirasdan onun xeyrinə imtina etmiş və onun özü də Azərbaycanda olmadığından anasına etibarnamə vermişdir ki, əmlakları öz adına keçirtsin. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq 2(001)-3468/2021 saylı mülki iş üzrə məhkəmə prosesində nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən 04 mart 2015-ci il tarixli, AZ-İ seriyalı 721874 saylı ölüm haqqında şəhadənamədən görünür ki, Həsənov Oqtay Mirzə oğlu 22 fevral 2015-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 04 mart 2015-ci il tarixində 216 № ilə qeyd edilmişdir. Ölüm səbəbi kimi, asistaliya qeyd edilmişdir. İddiaçı1 20 saylı notariat kontorunda yazmış olduğu 16.04.2015-ci il tarixli ərizəsindən görünür ki, o, 22.02.2015-ci ildə vəfat etmiş atası X4 qanun üzrə ona düşən vərəsəlik payından bacısı Maraqlı şəxs Oktay qızının xeyrinə imtina edir və gələcəkdə həmin işlə əlaqədar heç bir iddia tələbi olmayacaq. İddiaçı2 20 saylı notariat kontorunda yazmış olduğu 16.04.2015-ci il tarixli ərizəsindən görünür ki, o, 22.02.2015-ci ildə vəfat etmiş atası X4 qanun üzrə ona düşən vərəsəlik payından bacısı Maraqlı şəxs Oktay qızının xeyrinə imtina edir və gələcəkdə həmin işlə əlaqədar heç bir iddia tələbi olmayacaq. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1104/2017 saylı, 17 mart 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X3 və X5 cavabdehlər 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində xüsusi notariat kontoruna, Abdullayeva Rövşanə Oqtay qızına, X6, İddiaçı2, İddiaçı1, Maraqlı şəxs və Həsənova Təhminə Əlisəfa qızına qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin, həmin şəhadətnamələr əsasında verilmiş payın bağışlama müqavilələrinin, bunun əsasında verilmiş çıxarışların, eləcə də nəqliyat vasitəsinə dair nəqliyyat vasitəsinin qeydiyyat şəhadətaməsinin etibarsız hesab edilməsi və həmin əmlaklara dair qeydiyyatların etibarsız hesab edilməsi barədə iddiaları təmin edilmiş, Bakı şəhəri 3 saylı “ASAN Xidmət” Mərkəzinin Notariat Kontorunun xüsusi notariusu X7 tərəfindən verilmiş 06.06.2016-cı il tarixli, 2V/375, 2V/376 və 2V/377 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələr, həmin şəhadətnamələr əsasında bağışlanmış 03 iyun 2016-cı il tarixli , 3M-324, 3M-325 və 3M-326 reyestr nömrəli miras payın bağışlanması barədə müqavilələr, həmin müqavilələr əsasında Həsənova Təhminə Əlisəfa qızının adına verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, 19 saylı evin 9 saylı mənzilinə və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və “Mercedec Benz-180 minik” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi və həmin əmlaklara dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı şəhər Ərazi İdarəsində və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-də aparılmış rəsmi qeydiyyatların ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6839/2017 saylı, 25 iyul 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabeh X2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1104/2017 saylı, 17 mart 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2017-ci il tarixli, 2(102)-9076/2017 saylı qərarından görünür ki, cavabeh Həsənova Təhminə Əlisəfa qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6839/2017 saylı , 25 iyul 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Beləliklə iş materialları ilə müəyyən edilir ki, X14 3 rəsmi nikahı olmuşdur. Quliyeva Əfruzə ilə olan nikahından Yusubova Sevinc, Təhminə Həsənova ilə olan nikahından Maraqlı şəxs, İddiaçı1, Həsənova Könül, İddiaçı2, Abdullayeva Rövşanə, Həsənova Şərqiyyə ilə olan nikahından isə Həsənova Raya adında qızları doğulmuşdur. Həsənov Oqtay 22 fevral 2015-ci il tarixində vəfat etmişdir. Oqtay Həsənovdan miras kimi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, 19 saylı evin 9 saylı mənzili, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi və “Mercedes Benz 180” markalı avtomobil qalmışdır. Miras qalmış əmlak üstündə tərəflər arasında mübahisə yaranmışdır. Tərəflər arasında olan şifahi razılıq əsasında İddiaçı1 və İddiaçı2 miras əmlakdan onlara çatacaq vərəsəlik payından bacıları Maraqlı şəxs Oktay qızının xeyrinə imtina etmişlər. Razılaşmanın əsas məqsədi Oqtay Həsənovdan qalan miras əmlakın Həsənova Təhminə və ondan olan övladları arasında bülünməsi olmuşdur. Belə ki, razılaşmaya əsasən tərəflər onlara çatacaq miras əmlakdan öz bacıları Maraqlı şəxs xeyrinə imtina etməli, daha sonra miras əmlakı onlar arasında bölünməli idi. Bu faktı Maraqlı şəxs özü və tərəflərin anası Həsənova Təhminə məhkəmə iclasında təsdiq etmişlər. Onlar həmçinin ərizələrin etibarsız hesab edilməklə, mirasın aralarında bölünməli olmasına da etiraz etməmişlər. Məhkəmə əvvəla mübahisə ilə bağlı qeyd edir ki, İddiaçı1 və İddiaçı2 tərəfindən yazılmış mirasdan imtina barədə ərizələrə birtərəfli əqd kimi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Ərizələrin mahiyyətindən görünür ki, həmin ərizələr bir tərəfin hüquqlarına xitam verməklə başqa şəxsə münasibətdə hüquq münasibəti yaradır.Yəni həmin ərizələr əsasında mülki hüquq münasibəti yaranır, eyni zamanda xitam olunur. Bu baxımdan məhkəmə iddia tələbinə münasibətdə Mülki Məcəllənin “əqdlərin etibarsızlığı” ilə bağlı fəslinə müraciət edilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 339.3-cü maddəsinə əsasən Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər; 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçılar mirasdan digər vərəsənin xeyrinə imtina etməklə, faktiki olaraq miras əmlakın doğma bacılar və anaları arasında bölünməsini təmin etmək və ogey bacıların mirasın bölüşdürülməsindən kənarda saxlamağa nail olmaq olmuşdur. Yəni faktiki olaraq iddiaçılar həmin ərizəni görünüş üçün yazmışlar və əslində mirasdan imtinanın hüquqi nəticələrini arzu etməmişlər. Bu halın mövcudluğunu, yəni əqdin görünüş üçün bağlandığını miras əmlakın xeyrinə imtina edilən vərəsəsi və mirasın bölgüsündə əsas iştirakçı olan iddiaçıların anası da təsdiq edir. Məhkəmə qeyd edir ki, qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Hazırki mübahisədə isə iddiaçıların ərizə yazarkən arzu etdikləri hüquqi nəticə bu olmamış, həmin əqdi görünüş üçün bağlamışlar. Bu səbəbdən həmin əqdlər əhəmiyyətsiz olmaqla bağlandığı andan etibarsız hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri 20 saylı notariat kontoru tərəfindən 16 aprel 2015-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 7E-2597 № ilə qeydiyyata alınmış İddiaçı1 miras əmlakdan ona çatası paydan bacısı Maraqlı şəxs xeyrinə imtina edilməsi barədə ərizəsi və Bakı şəhəri 20 saylı notariat kontoru tərəfindən 16 aprel 2015-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 7E-2596 № ilə qeydiyyata alınmış İddiaçı2 miras əmlakdan ona çatası paydan bacısı Maraqlı şəxs xeyrinə imtina edilməsi barədə ərizəsi etibarsız hesab edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 20 saylı notariat kontoru tərəfindən 16 aprel 2015-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 7E-2597 № ilə qeydiyyata alınmış İddiaçı1 miras əmlakdan ona çatası paydan bacısı Maraqlı şəxs Oktay qızının xeyrinə imtina edilməsi barədə ərizəsi və Bakı şəhəri 20 saylı notariat kontoru tərəfindən 16 aprel 2015-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 7E-2596 № ilə qeydiyyata alınmış İddiaçı2 miras əmlakdan ona çatası paydan bacısı Maraqlı şəxs Oktay qızının xeyrinə imtina edilməsi barədə ərizəsi etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3468/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3468/2021
30.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver