Məhkəmə qərarları › İş №2(001)-3487/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3487/2023

06.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3487/2023 06.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, onların nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 27 saylı Notariat ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onun əsasında alınmış çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 27 saylı Notariat ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onun əsasında alınmış çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının babası X7 22 aprel 1980-cı il tarixdə, atası X15 isə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Babası (miras qoyan) Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Z.Fərzəliyev küçəsi, keçid 1, ev 1 (bəzi sənədlərdə 1-ci keçid) ünvanında qeydiyyatda olmuşdur. Onunla birgə iddiaçının atası Elxan İsmayılov, İddiaçı və hazırkı iş üzrə cavabdehlər pasport qeydiyyatında olmuşlar. Qanun üzrə şəhadətnamə hazırkı üç cavabdehə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 21 saylı Notariat ofisi tərəfindən verilmişdir. İş aparılarkən vərəsə olan hazırkı iş üzrə iddiaçı nəvə İddiaçı (vəfat edən Elxan İsmayılovun qızı) gizlədilmiş və bu barədə məlumat verilməmişdir. Halbuki iddiaçı həmin ünvanda qeydiyyatda olmaqla faktiki olaraq vərəsəliyi qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə Cavabdeh1 iddiaya etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin mərhum atası X7 özü sağlığında cavabdehin mərhum qardaşı X12 ev almışdır. Elxan İsmayılov həmin evdə uzun müddət yaşamış və həmin evdə də qeydiyyatda olmuş, həmin evdə də vəfat etmişdir. Elxan İsmayılov atasından miras qalmış əmlakı faktiki olaraq miras aktivi kimi qəbul etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən notariat ofisinə müraciət edilərkən, onlardan başqa digər vərəsənin - İddiaçı olması qərəzli surətdə gizlədilmişdir. İddiaçı mübahisəli mənzildə qeydiyyatdadır, həmişə həmin mənzildə yaşamaq istəmiş, lakin Cavabdeh1 buna imkan vermirdi. İddiaçı həttta mübahisəli mənzilə köçürülməsinə dair müvafiq məhkəmə aktlarının qəbul edilməsinə də nail olmuş, lakin məhkəmə qətnaməsi əsasında mənzilə köçürüldükdən sonra həmin mənzildə yaşamamışdır. Belə ki, o, cavabdehlər tərəfindən şərlənməkdən qorxurdu. Əvvəllər Cəmilə mübahisəli mənzildə Cavabdeh1 ilə yaşayırdı. X3 harada yaşaması barədə onda dəqiq məlumat yoxdur. Yaqin o da həmin mənzildə yaşayıb. Ola bilsin gedib-gəlib. Buna dair hal-hazırda hər hansı sübutun təqdim edilməsi mümkün deyil. Əsas məsələ ondan ibarətdir ki, cavabdehlər notariusa yalan məlumat vermiş və nəticədə İddiaçı onlarla bərabər qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq imkanından məhrum etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 izahatında məhkəməyə bildirdi ki, iddia ərizəsinin hər hansı qanuni əsası yoxdur və təmin edilə bilməz. Belə ki, iddiaçı iddia ərizəsində vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsini tələb etsə də, etibarsızlığın əsaslarını göstərməmişdir. Cavabdehlər atalarından qalmış daşınmaz əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün notariat ofisinə müraciət etmiş, qardaşları X9 ölüm haqqında şəhadətnaməni, tələb olunan digər sənədlər və məlumatları təqdim etmişlər. Onların üzərinə hər hanası əlavə vəzifələrin qoyulması qanunvericiliyin tələblərinə ziddir. Əgər iddiaçı notariat hərəkətlərinin qanuna uyğun aparılmadığını hesab edirsə, bu barədə inzibati məhkəməyə müvafiq iddia ilə müraciət etmək daha məntiqli olardı. Hazırkı iş üzrə İddiaçı o halda babasından qalmış əmlaka vərəsə kimi tanına bilərdi ki, atası X16 babası öləndən sonra həmin mənzildə yaşamış və mirası faktiki olaraq qəbul etmiş olsun. Halbuki bu belə deyil. Elxan İsmayılov hələ valideynlərinin sağlığında – 70-ci illərin axırında ailə quraraq mübahisəli mənzildən atasının ona aldığı digər mənzilə köçmüş və ölənədək həmin mənzildə yaşamışdır. X9 həmin mənzildə yaşamaması tərəflər arasında olan çoxsaylı mübahisələr üzrə məhkəmə aktlarından da görünür. Belə ki, bütün məhkəmə çəkişmələrində X16 İddiaçı nümayəndəsi kimi çıxış etmiş və hər proses çərçivəsində əsas arqumenti ondan ibarət olmuşdur ki, İddiaçı Cavabdeh1 övladlığına verilib, onun qızıdır və anası ilə birlikdə yaşamalıdır. O, özünün həmin mənzildə yaşamasına və ya yaşamalı olmasına dair bir dəfə də olsun arqument səsləndirməyib. Hal-hazırda iddiaçı da buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilmir. Belə ki, mübahisəli mənzildə valideynləri öləndən sonra həmişə yalnız Cavabdeh1 yaşamışdır. Cavabdeh1 ailə qurmadığına və uşaqları olmadığına görə atası evində qalmış və vaxtilə elə həmin mənzilin qızına qalması üçün Elxan İsmayılov qızını bacısının övladlığına vermişdir. Bu fakt bu gün də dəyişməz olaraq qalır – Cavabdeh1 öldükdə Cəmilə İsmayılova onun vərəsəsi olacaq, lakin bu onun babasından da atasının yerinə vərəsə olmasına dəlalət etmir. Eyni zamanda, etibarsızlığa dair iddiaçının dəlilləri onun tərəfindən qəbul edilməsə də, qeyd edilməlidir ki, etibarsızlıqla bağlı qanunverici kəsici müddət nəzərdə tutub və iddiaçı həmin müddəti də ötürüb. Cavabdeh Bakı şəhəri 27 saylı notariat ofisinin xüsusi notariusu məhkəməyə ərizə ilə müraciət edərək, işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Bakı şəhəri 27 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak X4 xüsusi mülkiyyətindədir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X7 xx.xx.1980-ci il tarixdə, X15 isə xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xx.xx.1980-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlakdan (ünvan 1) hərəsi 1/3 payda irs almışlar. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-725/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı X14 Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, atası X15 məhkəmə iclasında nümayəndəsi qismində çıxış etmiş və izahatında göstərmişdir ki, Cəmilə İsmayılova 1996-cı ildən etibarən mübahisəli evdə yaşamağa başlamış, həmin tarixdən etibarən də daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməmişdir. Cəmilə İsmayılovanın həmin iş üzrə iddiasının ana xətti ondan ibarətdir ki, Cavabdeh1 onun anasıdır və o, anası ilə birlikdə mübahisəli mənzilə qeydiyyata alınmış, onunla birgə təsərrüfat aparmış, hal-hazırda isə anası onu həmin evə buraxmır. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-1032/2019 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh Binəqədi rayon Polis İdarəsinə və üçüncü şəxs X10 qarşı “qeydiyyatın verilməsinə dair qərarın ləğv edilməsi barədə” iddia ərizəsi ilə müraciət etmiş və həmin icraatda da X11 atası X15 təmsil edərək izahatında göstərmişdir ki, “ ... qızı İsmayılova Cəmiləni uşaq vaxtında Binəqədi rayon icra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 346 saylı sərəncamına əsasən bacısı Cavabdeh1 Bəhrəm qızına övladlığa vermişdir. İsmayılova Cəmilə anası sayılan Cavabdeh1 ilə birlikdə ünvan 2 ünvanda yaşayır. xx.xx.2007-ci il tarixdə həmin evə pasport qeydiyyatına alınmaqla ailə üzvü kimi birgə təsərrüfat idarə etmişlər. Lakin buna baxmayaraq Cavabdeh1 son vaxtlar Cəmiləni evə buraxmır, dəfələrlə mənzilə köçüb yaşamaq istəsədə iddiaçı buna imkan vermir və onun hüquqlarını pozur”. Məhkəmə iclasında şahid qismində dindirilən X19 ifadəsində məhkəməyə bildirdi ki, o, Cavabdeh2 dostu və eyni zamanda qonşusudur. Evlərinə daim gedib-gəlib. Bilir ki, Bəxtiyarın qardaşı Elxan hələ atasının sağlığında başqa mənzilə köçüb getmişdir. O, “sümbüllü” binada yaşayırdı. Elxanın həmin evdə yaşamasını ondan bilirdi ki, Elxan prokurorluq işçisi idi və avtomobili seçilirdi – üstündə xüsusi antenası var idi. Həmin maşın daim “sümbüllü” binanın qarşısında olurdu. Bəxtiyarın atası öləndə iştirak edib, lakin anası ölən vaxtı xatırlamır. Düşünür ki, həmin vaxt onun əsgərlikdə olan müddətə düşüb. Elxanın qızı Cəmiləni tanımır. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, mübahisəli mənzil İddiaçı babası, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 atası - X5 məxsus olmuş, X7 xx.xx.1980-ci il tarixdə ölmüşdür. X7 öləndən sonra adına vərəsəlik işi açılmamışdır. İddiaçı mübahisəli mənzildə yaşayan bibisi Cavabdeh1 övladlığına verilmiş və X8 hələ sağlığında iddiaçının həmin mənzilə köçürülməsinə dair məhkəmə mübahisələri olmuşdur. X15 isə xx.xx.2021-ci il tarixdə ölmüşdür. xx.xx.2022-ci il il tarixli ərizədən görünür ki, Cavabdeh1 Bakı şəhəri 27 saylı notariat ofisinə ərizə ilə müraciət etmiş və atası X2 qalmış əmlakları qəbul etməsini bildirmişdir. Nəticə etibarilə X4 üç sağ olan övladına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2000-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinə istinad etmiş, halbuki, X7 xx.xx.1980-ci il tarixdə ölmüş və ondan qalmış miras əmlaka münasibətdə həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən, vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 554-cü maddəsinə müvafiq olaraq, qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən iddia ərizəsinin dəlillərini əsaslı hesab etmir. Belə ki, X8 ölümündən sonra irsi transmissiya baş verməmişdir. İrsi transmissiya o halda baş verir ki, vərəsə miras açıldıqdan sonra 6 ay (*həmin müddətdə qüvvədə olan qanunvericiliyə görə) keçməmiş ölsün. X15 (mülkiyyətçinin oğlu) mülkiyyətçinin ölümündən 41 il keçdikdən sonra ölmüşdür. X8 mülkiyyətçinin ölümündən sonra mirası qəbul etməsi iş materialları ilə təsdiq olunmur. Belə ki, qanun mirasın qəbulunun iki formasını müəyyən etmişdir: 1) vərəsənin notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi; 2) vərəsənin miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi. Müəyyən olunur ki, X15 birinci formadan istifadə etməmiş, yəni notariat orqanına ərizə verməmiş, bunu iddiaçı özü də inkar etmir. İddiaçı ümumiyyətlə irsi transmissiyaya istinad etmir, özünün hal-hazırda qüvvədə olan Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən vərəsə olmasını iddia edir. Həmin maddəyə əsasən, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Göründüyü kimi, həmin maddə mübahisəli hüquq münasibətinə tətbiq edilsə idi belə, “mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın” müddəası maddənin iddiaçının xeyrinə şərh edilməsinə imkan vermir. Belə ki, xx.xx.1980ci il tarixdə mübahisəli mənzilin mülkiyyətçisi olan babası öldükdə (*miras isə fiziki şəxsin ölümü ilə açılır) atası sağ olmuş, o özü isə (xx.xx.1991-ci il təvəllüdlü olmaqla) heç doğulmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin əsaslandırmadan çəkilərək ona istinad etmişdir ki, iddiaçının atası mirası ikinci formadan istifadə etməklə qəbul etmişdir. Belə ki, atası mülkiyyətçinin ölümündən sonra mənzildə yaşamışdır. X6 mirası ikinci formadan istifadə etməklə qəbul etdiyi müəyyən olunmur. Belə ki, mirasın qəbulu müddəti 6 aydır, bu müddət mirasın açıldığı gündən başlayır. Odur ki, X15 ikinci formadan 6 ayın daxilində (xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək olan müddətdə) istifadə etdiyi təqdirdə, onun bu hərəkəti mirasın qəbulu kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. X8 miras əmlakı qanunvericilikdə nəzərdə tutulmuş müddət daxilində faktiki qəbul etməsini sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz tələblərini sübuta yetirə bilməmiş, onun tərəfindən bu xüsusatla bağlı ümümiyyətlə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, vərəsənin miras mənzildə yaşaması faktı öz-özlüyündə mirasın qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Əgər şərti olaraq belə hesab olunsa ki, X15 mirasın qəbulu müddətində mənzildə yaşamış, onun bu hərəkəti hələ mirasın qəbulu hesab olunmur. Belə ki, mənzildən təbii ki, yaşayış sahəsinə olan ehtiyacın ödənilməsi üçün istifadə edilir, lakin inkar oluna bilməz ki, vərəsə mirasın açılmasından sonra mənzildə onu miras kimi qəbul etmək niyyəti olmadan da yaşaya bilər. Mülki Məcəllənin 552-ci maddəsində qeyd olunub: “ ... vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o … mirası qəbul etmiş hesab olunur”. Göründüyü kimi, bu maddədə “ faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə” ifadəsindən istifadə olunmuşdur. Bu isə o deməkdir ki, vərəsə əmlakı mülkiyyətinə qəbul etdiyini şəksiz nümayiş etdirməlidir, bunun üçün isə vərəsənin evdə yaşaması kifayət deyil, vərəsə evə sahiblik etməli, evi idarə etməli, evə yiyələnməlidir. Odur ki, bu kimi mübahisələrin həlli zamanı yalnız evdə yaşama faktına əsaslanmaqla mirasın qəbul edilməsi faktı müəyyən edilə bilməz, vərəsənin evi öz mülkiyyətinə qəbul etməsi barədə iradə ifadə edib-etmədiyi araşdırılmalıdır. İş materiallarında olan məhkəmə aktlarından isə açıq aydın görünür ki, X1 mübahisəli mənzillə hər hansı bağlılığını, mənzilə dair hər hansı hüququnun olmasını iddia etməmiş, qızının məhz evin sahibi hesab etdiyi bacısının övladı olaraq mənzilə hüququnun olmasını ifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, “miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun”. Bununla yanaşı məhkəmə qeyd edir ki, X15 qanunvericilikdə nəzərdə tutulmuş müddətdə miras əmlakı faktiki qəbul etmiş olsaydı belə, iddiaçı – qızı İddiaçı öz növbəsində qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iş materiallarından göründüyü kimi, X15 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı atasının ölümündən məlumatlı olması işin mübahisəsiz halıdır. Buna baxmayaraq, İddiaçı atasının ölümündən sonra müvafiq addımları atmamış, ümumiyyətlə miras əmlakla bağlı hər hansı tələblə çıxış etməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 27 saylı Notariat ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onun əsasında alınmış çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 27 saylı Notariat ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onun əsasında alınmış çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar