Məhkəmə qərarları › İş №2(001)-3516/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3516/2022

20.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3516/2022 20.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 2020-ci ilin fevral ayında oğlu Hüseynli Ağa-X14 rayon ərazisində yerləşən 9 saylı məktəbin idman zalında sinif yoldaşı X13 tərəfindən futbol oyunu oynayarkən Hüseynli Ağa-Nihad Nurməmməd oğlunun ayağına qəsdən badalaq vuraraq onu yerə yıxmış nəticədə Hüseynli Ağa-Nihad Nurməmməd oğlu xəsarət almışdır. Bunu təsdiq edən video görüntünü məhkəməyə təqdim etmişdir. Həmin çəkiliş məktəbdə aparılmışdır. Hüseynli Ağa-Nihad Nurməmməd oğlunun aldığı ağır xəsarətlərlə bağlı 1 saylı KTM-nə müraciət etmişlər. Belə ki, məktəbin idman müəllimi ona xəbər vermədən uşağı xəstəxanaya aparmışdır. Həkim əvvəllər Nihadın sınmış qolunun yenidən həmin yerdən iki sümükdən qırıldığını və yeni yerdəyişmiş qırıq oduğunu bildirmişdir. Oğlunun qolu düz bir il gipsdə qalmış və gipsdən çıxdıqdan sonra oğlu həmin qolun sərbəst işlədə bilmir, hətta dərs də yaza, yük qaldıra bilmir, idmanla məşğul ola bilmir. Bu səbəbdən oğlu təhsildən də geri qalıb. O, oğlunun müalicəsi ilə bağlı müxtəlif tibb müəssisələrinə müraciət etmişdir. Oğlunun müalicəsinə, müayinəsinə, dərmanlarına cəmi 3000 manat xərci çəkmişdir. Həmçinin oğlunun başına gələn bu hadisədən sonra o və qızları da sarsıntı keçirmişlər. Bu hadisə nəticəsində ona və ailəsinə mənəvi ziyan dəymişdir. Cavabdeh yetkinlik yaşına çatmayan övladının hərəkətlərinə görə valideyn kimi məsuliyyət daşıyır. Ona görə də, oğlunun müalicəsi üçün sərf etdiyi 3000 manat pulun və ona və ailəsinə dəyən 5000 manat mənəvi ziyanın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddia ərizəsində qeyd olunanlar tamamilə şər və böhtan xarakterli məlumatlardır. Belə ki, iddia ərizəsində qeyd olunan məlumatlara əsasən orta məktəbdə, bədən tərbiyəsi dərsi zamanı futbol oyununda iddiaçının oğlunun yıxılması göstərilir. Futbol aktiv oyundur, onun 2 övladı dəfələrlə futboldan ya ayağı, ya da əli-qolu zədələnmiş halda gəlmişlər. Onun oğlu belə bir hadisənin baş vermədiyini bildirir. İddiaçının oğlunun qolu çox daha əvvəlcədən əməliyyat olunmasını onun oğlu, həmin məktəbin müdürü və bir çox insan şahidlik edə bilər. Belə ki, İddiaçı xx.xx.2020-ci il tarixdə ona zəng edərkən 2018-ci ildə də oğlunun həmin qolunun sınmasını demişdir. Oğlunun 14 yaşı var və onun bu cür haqsız vəziyyətə düşməsi onda inamının sarsılmasına gətirib çıxaracaqdır. xx.xx.2020-ci il tarixində Nəsimi rayonunda 9 saylı məktəbin idman zalında baş verən hadisə qəsd xarakterli olmamışdır. Nihadın valideyninin sözlərinə görə bu hadisədən təxminən 2-3 ay əvvəl Nihadın qolu eyni yerdən başqa səbəbə görə qırılmışdır. Hadisədən dərhal sonra o və övladı Pünhan Nəsimi rayonu 19-cu polis bölməsinə dəvət olunmuş və dindirilmə zamanı oğlu hadisənin onun tərəfindən qəsdən törədilmədiyini və Nihadın topa ilişərək yıxıldığını izahatında bildirmişdir. Lakin Nihadın valideyni İddiaçı təkrar Nəsimi RPİyə şikayət etmişdir. Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Nicat Sadıqov onun və övladının izahatını almamış və tədqiqatda olan izahatı təhrif etmişdir. Müstəntiq onun oğlunun Nihadı qəsdən zədələdiyini yazmışdır. Onun məhkəməyə təqdim etdiyi video görüntülərdən müəyyən olunur ki, Nihad tam sağalmış, şərbəst vəziyyətdə idmanla məşğul olmaqda davam edir. Ona görə də iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Maddə 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Maddə 28.3. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Maddə 28.5. Valideynlər, övladlığa götürənlər və himayəçi tam fəaliyyət qabiliyyətli sayılmış yetkinlik yaşına çatmayanın öhdəlikləri üçün, o cümlədən onun ziyan vurması nəticəsində əmələ gəlmiş öhdəliklər üçün məsuliyyət daşımırlar. Maddə 1103.1. On dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Maddə 1104.1. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Maddə 1104.2. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Tibbi ərazi bölmələrini idarəetmə birliyi PHŞ-nin kliniki tibbi mərkəz X28in ambulator, stasionar xəstənin tibb kartasından 506 saylı çıxarışından müəyyən olunur ki, X7 xx.xx.2020-ci il 12:00 tarixində sağ said sümüklərin orta hissəsinin yerdəyişən sınıqları diaqnozu qoyulmuşdur. Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi N.Sadıqovun xx.xx.2020-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan daha sonra müəyyən olunur ki, araşdırma zamanı 2007-ci il təvəllüdlü X11 anası İddiaçı iştrakı ilə izahat verərək bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixdə Nəsimi rayonu ərazisində yerləşən 9 saylı idman zalında sinif yoldaşı Şəmmədov Pünhan tərəfindən futbol oyunu oynayarkən qəsdlə onun ayağına vuraraq yerə yıxmış və nəticədə xəsarət almışdır. Futbol oyunu zamanı sinif yoldaşı Şəmmədov Pünhan qəsdlə onu yerə yıxmaq üçün ayağını uzatmış, ona badalaq atıb yerə yıxmışdır. O, aldığı xəsarətlə bağlı 1 saylı KTM-nə müraciət etmiş, orada ona tibbi yardım göstərib evə buraxmışlar. Hadisə dərs zamanı baş vrmişdir. Qərardan daha sonra müəyyən olunur ki, araşdırma zamanı xx.xx.2007-ci il təvəllüdlü X18 atası Cavabdeh iştrakı ilə izahat verərək bildirmişdir ki, o, 9 saylı tam orta məktəbdə 7 B sinifində oxuyur, xx.xx.2020-ci il tarixdə məktəbin idman zalında, idman dərsində sinif yoldaşları ilə birlikdə futbol oynayarkən sinif yoldaşı Nihad oyun zamanı onun yanından keçərək topu ayağı ilə vurarkən qəflətən ayağı sürüşmüş və yerə yıxılmışdır. O, Nihadla birlikdə oxuyur, aralarında heç bir mübahisə olmamışdır. Qərardan daha sonra müəyyən olunur ki, iş üzrə Məhkəmə-tibbi ekspertizanın 214 saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, 2007-ci il təvəllüdlü X6 bədənində aşkar edilmiş xəsarət-sağ said sümüklərinin qapalı, yerdəyişən sınıqları küt əşyanın təsirindən, onun tibbi yardım üçün Bakı şəhər baş Sİ-nin X24 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir N.N.Hüseyinlinin bədənində aşkar olunmuş xəsarət xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Qərardan daha sonra müəyyən olunur ki, araşdırma zamanı 2007-ci il təvəllüdlü X12 futbol oyunu zamanı sinif yoldaşı 2007-ci il təvəllüdlü X6 ayağına vuraraq qəsdən onun sağlamlığına az ağır zərər vurmuşdur. 2007-ci il təvəllüdlü X12 cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən onun 13 yaşı olduğundan, bu yaş həddi isə onun törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb etməyə imkan vermədiyindən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun xx.xx.2021-ci il tarixli № 830-ş-22 saylı məktubundan müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası DİN-in 102 xidmətinə verdiyi məlumatı əsasında toplanmış 528/20 saylı material üzrə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Ruhid Tağıyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan rayon prokurorluğu tərəfindən xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Ruhid Tağıyevin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, İddiaçı şikayəti üzrə daxil olmuş məlumat Nəsimi RPİ-nin 19-cu PŞ-də törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında 471 sayla qeydiyyata alınaraq icrası təhqiqatçı, polis kapitanı Elxan Qasımova həvalə edilmişdir. Material Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı Elxan Qasımov tərəfindən araşdırılaraq, hadisə yerinə baxış keçirilmiş, X5, X12 izahatları alınmış və məhkəmə tibbi ekspertizası keçirilməsi üçün qərar qəbul edərək rəy alınaraq xx.xx.2020-ci il tarixdə materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul etmişdir. Material xx.xx.2020-ci il tarixdə Nəsimi RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis baş leytenantı Nicat Sadıqovun icraatına daxil olmuş və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 20.2 və Azərbaycan Respublikası CPM-nin 39.1.4-cü maddələrini rəhbər tutaraq material üzrə cinayət işinin başlanmasını rədd edilməsi barədə qərar qəbul etmişdir. İddiaçı Nəsimi rayon prokurorluğuna ərizə ilə müraciət edərək məktəbli oğlu Nihad Hüseyinlini qəsdən ayağından vuraraq yerə yıxan sinif yoldaşı Pünhan Şəmmədovun cinayət məsuliyyətinə cəlb olunmasını, müstəntiq tərəfindən düzgün araşdırma aparırlmamasını, materialın ləğv edilərək təkrar araşdırma aparılmasını bildirmişdir. xx.xx.2021-ci il tarixdə Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri Həsən Hənəfiyev tərəfindən Nəsimi RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis baş leytenantı Nicat Sadıqovun İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilərək əlavə araşdırma aparılmasından ötrü Nəsimi RPİ-nin İŞ-nə qaytarılaraq xx.xx.2021-ci il tarixdə icraatıma qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.4-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2022-cı il tarixdə Nəsimi rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Fərdi Dadaşov tərəfindən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilərək əlavə araşdırma aparılmasından ötrü Nəsimi RPİ-nin İŞ-nə qaytarılaraq xx.xx.2022-ci il tarixdə icraata qəbul edilmişdir. İlkin araşdırma zamanı azyaşlı X8 izahatında xx.xx.2020-ci il tarixdə Nəsimi rayon ərazisində yerləşən 9 nömrəli orta məktəbin idman zalında futbol oynayan zaman sinif yoldaşı Pünhan Şəmmədovun qəsdən onun ayağına vuraraq yıxmasını va yıxılaraq xəsarət almasını, həmin yerdə kamera görüntüsünün də olmasını bildirmişdir. İlkin araşdırma zamanı azyaşlı X18 izahatında 9 saylı orta məktəbin 7 B sinifində oxumasını, xx.xx.2020-ci il tarixdə məktəbin idman zalmda futbol oynayan zamanı sinif yoldaşı Nihadın onun yanından keçərkən topa vurub ayağı sürüşərək yerə yıxılmasını, idman müəllimin Nihada tibbi yardım göstərməsini, idman müəllimi ilə birlikdə Nihada kömək edərək ona avtomobilə minməsinə qədər kömək göstərməsini, Nihadın yalan danışmasını, Nihadı itələməməsini və yerə yıxmamasını bildirmişdir. İlkin araşdırma zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekpertiza və X10 X28 Nəsimi Rayon Şöbəsindən verilmiş 214 saylı rəyindən görünür ki, N.Hüseyinlinin sağ said sümüklərinin qapalı, yerdəyişən, sınıqları küt əşyanın təsirindən əmələ gələ bilərdi və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Göründüyü kimi, 2007-ci il təvəllüdlü X18 futbol oynayan zaman sinif yoldaşı 2007-ci il təvəllüdlü X5 ayağına qəsdən vuraraq onun sağlamlığına az ağır xəsarət yetirmişdir. Azərbaycan Respublikası CM-nin 20.2-ci maddəsində göstərilmişdir ki, on dörd yaşı tamam olmuş şəxs qəsdən sağlamlığa az ağır zərər vurmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.4-cü maddəsində göstərilmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu törətmiş şəxs cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqda cinayət işi başlanıla bilməz. Toplanmış materiallardan görünür ki, 2007-ci il təvəllüdlü X18 cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən onun 13 yaş vardır, bu yaş həddi isə onun törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb etməyə imkan vermədiyinə görə material üzrə cinayət işinin başlanması rədd edilməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, FsClub-a 700 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, Default Clerk-ə 1400 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, Bakı Tennis Akademiyası idman istirahət məkəzinə 85 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, Dokta MMC-yə 139,30 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan Audiomed eşitmə mərkəzinin xx.xx.2022-ci il tarixli saf səs audiometriyasına dair çıxarışından müəyyən olunur ki, 2007ci il təvəllüdlü X3 hər iki tərəfdə eşitmə həddi normal olmaqla yanaşı, hər iki tərəfdə 6000, 8000 hz sensonevral enmə mövcuddur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan Audiomed eşitmə mərkəzinin xx.xx.2022-ci il tarixli timpanometriyaya dair çıxarışından müəyyən olunur ki, 2007-ci il təvəllüdlü X3 hər iki tərəfdə timpanoqam alınmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan Avrasiya Hopitalının xx.xx.2022-ci il tarixli ********** nömrəli qaiməsindən müəyyən olunur ki, 2007-ci il təvəllüdlü X4 qollarının miostimulyasiyası, qollarının hissəvi masajı və sağ ayağının limfodrenajı üçün ümumilikdə 789,89 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan Avrasiya Hopitalının xx.xx.2022-ci il tarixli ********** nömrəli qaiməsindən müəyyən olunur ki, 2007-ci il təvəllüdlü X1 sümüyünün sağ, lateral və ön arxa, iki proyeksiyalı rentgenoqrafiyası üçün 38 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan Bioloji Təbabət klinikasının xx.xx.2022ci il tarixli qəbzindən müəyyə olunur ki, 2007-ci il təvəllüdlü X4 həkim məsləhətinə görə 50 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan Bioloji Təbabət klinikasının xx.xx.2022ci il tarixli qəbzindən müəyyə olunur ki, 2007-ci il təvəllüdlü X4 qanının ümumi analizinə, vitamin D-yə, kalsium ionlaşmışa görə ümumilikdə 52,7 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X17 X28inin xx.xx.2022-ci il tarixli T 453/2022 saylı rəyindən müəyyən olunur ki, azyaşlı A.N.Hüseynli xx.xx.2020-ci il tarixdə MTE və PA Birliy phş-in Nəsimi rayon şöbəsində müayinədən keçirilmiş və bu haqda 214 saylı rəy tərtib edilmişdir. Müayinə olunanın deməsinə görə, xx.xx.2020-ci il tarixdə saat 10-11 radələrində Nəsimi rayonu ərazisində yerləşən 9 saylı məktəbin idman zalında keçirilən idman dərsində futbol oynayarkən sinif yoldaşı Şəmmədov Pünhan qəsdən onun ayağına badalax qoyaraq onu yerə yıxmışdır. Tibbi yardım üçün Bakı şəhəri St-nin X25 müraciət edib. Şikayəti sağ yuxarı ətrafında olan ağrılardandır. Müayinə olunan düzgün bədən quruluşlu, kafi qidalı, orta boyludur. Sağ yuxarı ətraf bazunun orta 1/3-dən başlayaraq barmaqlara qədər davam edən gips longet sarğı ilə fıksə olunmuşdur. Təqdim olunmuş rentgen şəkilləri təsvir olunması üçün Birliyin məsləhətçi rentgenoloquna göndərildi. xx.xx.2020-ci il tarixdə alınmış, 214 saylı rentgenoloji rəydə qeyd olunur ki, 2007-ci il təvəllüdlü X5 adına təqdim edilmiş xx.xx.2020ci il tarixdə çəkilmiş sağ said sümüklərinin iki proyeksiyalı R-qrammalarında sağ said sümüklərinin yerdəyişən sınıqları qeyd edilir. xx.xx.2020-ci il tarixdə alınmış, Bakı şəhəri Baş St-nin X22 tərtib olunmuş 506 saylı tibbi arayışdan görünür ki, 2007-ci il təvəllüdlü A.N.Hüseynli xx.xx.2020-ci il tarixdə saat 12:00-da xəstəxanaya müraciət etmiş və ona “sağ said sümüklərinin orta 1/3-nin yerdəyişən sınıqları” diaqnozu qoyularaq ambulator tibbi yardım göstərilmişdir. Xəstənin anasının deməsinə görə, uşaq 9 saylı məktəbin dəhlizində yıxılıb. Rentgenoqramma olundu. Yerli keyləşdirmə altında repozisiya olundu, gips langet sarğı ilə fıksə olundu. Kontrol rentgen müayinə olundu. Ekspert nəticəyə gəlmişdir: 1. N.N.Hüseyinlinin bədənində aşkar olunmuş xəsarət-sağ said sümüklərinin qapalı, yerdəyişən sınıqları küt əşyanın təsirindən onun tibbi yardım üçün Bakı şəhər Baş Sİ-nin X25 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. N.N.Hüseyinlinin bədənində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Rəydən daha sonra müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Hüseynli Ağa-X9 Təkrari ekspertizalar şöbəsində müayinədən keçirildi. Deməsinə görə, xx.xx.2020-ci il tarixdə məktəbin idman zalında futbol oynayarkən sinif yoldaşı Pünhan badalaq verərək onu yerə yıxmışdır. İlkin tibbi yardım üçün X27 müraciət etmişdir. Hal-hazırda şikayəti sağ qolunda iş görərkən ağrıdan, gecələr sızıltıdandır. Deməsinə görə, sağ said sümükləri 2018-ci ildə də sınmışdır. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdədir. Müayinə olunanın bədəni üzərində xəsarət və ya onun izi aşkar edilmədi. Beləliklə, A.N.Hüseynlinin adına tərtib edilmiş sənədlərin təhlilindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə sağ said sümüklərinin orta 1/3-nin yerdəyişən sınıqları diaqnozu ilə X27 müraciət etmiş, sümüklər yerli keyitmə altında repozisiya olunmuş, gips langet sarğı ilə fıksə edilmişdir. Qeyd edilən xəsarətlər küt əşyanın təsirindən törənmiş, yetirilmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Rəydən daha sonra müəyyən olunur ki, 2007-ci il təvəllüdlü Hüseynli Ağa-Nihad Nurməmməd oğlunun adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir ki, azyaşlı A.N.Hüseynlidə sağ said sümüklərinin qapalı, yerdəyişən sınıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yıxılma nəticəsində yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azyaşlı A.H.Hüseynlinin bədənində olan xəsarətlər tam sağalmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə Nəsimi rayonu ərazisində yerləşən 9 saylı idman zalında 2007-ci il təvəllüdlü X2 yoldaşı 2007-ci il təvəllüdlü X18 tərəfindən, futbol oyunu oynayarkən qəsdən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. Hadisənin baş verdiyi vaxt 14 yaşı tamam olmayan X12 atası Cavabdeh zərərin onların təqsiri üzündən yaranmadığını bildirsə də, məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır. Belə ki, tədqiq olunmuş sübutlarla hadisənin X12 hərəkətləri nəticəsində baş verməsi, zərərçəkənin sağlamlığının həmin hadisə nəticəsində uzun müddətə pozulması, sağlamlığına az ağır zərər vurulması müəyyən olunmuşdur. Məhkəmə iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayanın müalicəsi ilə bağlı çəkdiyi maddi ziyanla bağlı sübutlara münasibət bildirib qeyd edir ki, məhkəməyə təqdim edilən ödəniş qəbzləri 2022-ci ilə aid olduğundan, həmin qəbzlərlə hansı dərmanların və kimin istifadəsi üçün alınmasını müəyyən etmək mümkün olmadığından, yalnız Avrasiya Hopitalına məxsus xx.xx.2022-ci il tarixli ********** nömrəli və ********** nömrəli qaimələrə görə ödənilmiş cəmi 827,89 manat vəsaitin 2007-ci il təvəllüdlü X4 müalicəsinə sərf olunması öz təsdiqini tapdığından iddia ərizəsi maddi ziyanla bağlı bu hissədə təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, iddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsinə, bunların cavabdehin və onun yetkinlik yaşına çatmayan övladının hərəkətləri nəticəsində baş verməsinə dair hər hansı bir tutarlı sübutu məhkəməyə təqdim edə bilmədiyindən, MPM-in 77.1 və 14.2-ci maddələrinin tələbləri baxımından iddia ərizəsi bu hissədə də sübuta yetirilməməsi əsası ilə təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 827,89 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar