Məhkəmə qərarları › İş №2(001)-353/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-353/2025

16.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-353/2025 16.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7 oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 2018-ci ildə uğursuz diş müalicəsi nəticəsində yuxarı sağ damağında ağrılar əmələ gəlmiş, müxtəlif diaqnozlar ilə müalicələr bir nəticə verməmişdir. Yanlış müalicə nəticəsində (güya diş köklərində kista olması səbəbindən) yuxarı damağın sağ tərəfində dörd ədəd diş çıxarılmışdır ki, nəticədə çənəsinin sağ tərəfində çeynəmə pozulmuşdur. Sonradan ona məlum olmuşdur ki, ağrının səbəbi üçlü sinirin zədələnməsi ilə əlaqədardır. Bu yöndə uzun müddət müalicə aldıqdan sonra ağrılar azalsa da, tam səngiməmişdir. Həkimlərin müayinələrindən sonra həmin tərəfə iki implant üzərində qapaq qoyulması məsləhət olunmuşdur. Bu səbəbdən o, həkim-implantoloqa müraciət etmiş, sonuncu isə üçlü sinirin zədələnməsi diaqnozunu gördükdə, əməliyyatdan öncə nevroloq ilə məsləhət etməyi tövsiyə etmişdir. Sosial şəbəkələrdə və “Youtube” sosial şəbəkəsində bir sıra axtarışlardan sonra Binəqədi rayonu, Əcəmi ünvan 1 ünvanında yerləşən “Medera Hospitalında” çalışan nevroloq-alqoloq Cavabdeh müraciət etmişdir. Həkim ilk görüşdə bildirmişdir ki, o, bu vəziyyətdə implant qoydursa ağrısı onu öldürər, mütləq üçlü sinirin yuxarı sağ damağına ayrılan şaxəsindən əməliyyat olunmalıdır, həkim bu sahənin mütəxəssisi olduğunu və onu 100% ağrıdan xilas edəcəyini, əməliyyat edərək müalicəyə məxsus iynə vurub üçlü sinirin yuxarı sağ damağa ağrıyan hissəsini blok edəcəyini bildirmişdir. Əməliyyat Medera hospitalında keçirilməli imiş. Əməliyyatın qiymətini 1000 manata razılaşmış, bundan sonra cavabdeh həkim onu müxtəlif analizlər verməyə göndərmişdir. Əməliyyat günü yaxınlaşdıqda isə bildirmişdir ki, “Medera Hospitalda” təmir gedir və əməliyyat Nəsimi rayonu, C.Məmmədquluzadə 101A ünvanında yerləşən “Kəpəz Hospitalda” olacaqdır. Danışdıqları vaxt, yəni xx.xx.2023-cü il tarixdə həyat yoldaşı ilə qeyd edilən xəstəxanaya getmiş, foyedə təqribən bir saat gözlədikdən sonra həkimə zəng etmiş, sonuncu isə telefonu qəbul şöbəsində oturan qıza verməyi xahiş etmiş, onunla danışdıqdan sonra isə boş blanklara imza atmışdır, o, soruşanda isə nəyə imza atır, ona həkim sonra izah edəcəkdir cavabı verilmişdir. Bundan sonra tibb bacısı onu yuxarı, əməliyyat otağına aparmışdır. Əməliyyatdan (əməliyyat isə bir iynədən ibarət olub) əvvəl Cavabdeh ondan pul barəsində soruşmuş, o, isə demişdir ki, pul yoldaşındadır. Ondan yoldaşının telefon nömrəsini istəmişdir. Əməliyyat otağı həkimin reklamlarında nümayiş etdirdiyindən tam fərqli, bəsit, yəni həmin otaqda cəmi bir narkoz aparatı var idi. Əməliyyatdan əvvəl o, bir daha həkimdən xahiş etmişdir ki, yalnız ağrı olan yeri əməliyyat etsin, hətta əli ilə də göstərmişdir. Onun dediyinə görə əməliyyat zamanı video çəkiliş edilmişdir. O, hesab edir ki, əgər bu doğrudursa, bu səhnəni orada görmək mümkündür. Əməliyyat bitəndən sonra cavabdeh həmin məbləği foyedə gözləyən həyat yoldaşından götürərək getmişdir. Əməliyyatdan bir neçə saat sonra, keyləşdirici iynənin təsiri keçən kimi ağrılar başlamışdır. Ən əziyyətli ağrılar sol tərəfdə, qulaq nahiyəsində olmuşdur. Buna görə həkimə zəng etmiş, həkim isə bildirmişdir ki, narahat olmasınlar, proses belə getməlidir, hər bir şey nəzarətdədir, lap əgər birdən nəticə olmasa tam təmənnasız yenidən əməliyyat edəcəkdir. O, isə bildirmişdir ki, onlar belə danışmamışlar, həkim yalnız yuxarı sağ damağa gedən şaxəni blok etməli idi. Cavab olaraq həkim bildirmişdir ki, əməliyyatın üsulu belədir. Əvvəl kökdən, sonra ağrı olan yerdən blok olunur. Ondan sənəd tələb etdikdə həkim soruşmuşdur ki, onun nəyinə lazımdır. O, bildirmişdir ki, digər həkimlərə göstərmək istəyir. Həkim isə bunun mümkünsüz olduğunu bildirmişdir. Yalnız “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə onun üzərində hansı növ əməliyyatın aparıldığını yazmışdır: “Sağ tərəfdə Gasser ganglionun radiofrekansla ablyasiyası”. Bir müddət sonra sağ qulağı tutulmuş, eşitmə zəifliyi, disfunksiya yaranmış, dəyişik ağrılar başlamış və kənar səslər yaranmışdır. O, yenə həkimin yanına getmiş və yaranan fəsadlar barəsində soruşmuşdur. Həkim qaş düzəldən yerdə vurub gözü də çıxartmışdır. Cavab olaraq isə ona bildirilmişdir ki, əməliyyatın qulaqla bir əlaqəsi yoxdur, ağrıların keçməməsinə səbəb isə qoruyucu sümük qatının olmamasıdır və həmin hissəyə mütləq sümük əkilməlidir. Həmçinin həkim bildirmişdir ki, eyni zamanda implant qoydursa, daha məqsədəuyğun olar. Məsləhət üçün onları həmin klinikada çalışan stomatoloqimplantoloqun yanına göndərmişdir. Həmin implantoloq həkim də müayinədən sonra Cavabdeh dediklərini təsdiqləyərək, problemin həllini qoruyucu sümüyün artırılmasında görmüşdür. Qiymətin iki min manat (min manat sümük əkilməsi və min manat da iki implantın qoyulması) olduğunu bildirmiş, lakin oradakı sanitar vəziyyət onun xoşuna gəlmədiyi üçün digər xəstəxanada daha yüksək peşəkar həkim tərəfindən (sümük əkdirmə və eyni zamanda iki implantın qoyulması) əməliyyat olunmuşdur. Sümük əkilməsindən sonra da ağrı keçməmişdir. Yenidən Cavabdeh yanına getmişdir. O, isə narahat olmamasını, 5 aydan (yuxarı damağa implant qoyulduqdan sonra qapağı yalnız 5 aydan sonra qoymaq olar) sonra implant üstü qapaq qoydurmasını tövsiyyə etmiş və ağrı olsa, yenidən əməliyyat olunmasının lazım olacağını bildirmişdir. İddiaçı həkimin dediyi kimi əməliyyatın tam ödənişsiz olacağını soruşmuş, o, isə ikinci əməliyyatın bir ay ərzində edildiyi zaman ödənişsiz olduğunu, daha sonra ödənişli olduğunu bildirmişdir. O, qiymətini soruşduqda, həkim əməliyyatın ən azı 400 manat olacağını bildirmişdir. O, özünü aldadılmış saymış, çünki həkim ikinci əməliyyatın ancaq bir ay ərzində ödənişsiz olunacağını ona deməmişdir. Belə olacağını əvvəlcədən bilsə idi, ilk əvvəl implant və qapaq qoydurardı, sonra əməliyyat olunardı. Ən çox narazı qaldığı məqam isə, onun razılığı olmadan sinir kökünə iynənin vurulması olmuşdur. Çünki cavabdehə bunu dönə-dönə tapşırmışdır. Bir daha qulağında yararan problemlər barəsində danışmış, həkim isə yenə də inadla bildirmişdir ki, onun etdiyi əməliyyatla bu ağrılar arasında bir əlaqə yoxdur. Qulağının müalicəsinə görə bir çox həkimlərə müraciət etmiş, müxtəlif diaqnozlar qoyulmuş, müxtəlif müalicələr təyin olunmuşdur. Amma heç birinin xeyri olmamışdır. Nəhayət bir çox mütəxəssislərin məsləhəti ilə “Caspian Hospitalda” çalışan həkim Aydın Talışınskiyə müraciət etmiş, o, da burun boğaz qulaq nahiyələrini əsaslı müayinə etdikdən sonra qulağında fiziki bir qüsurun olmadığını bildirmişdir. Səbəb kimi problemin böyük ehtimalla sinirlə bağlı olduğunu bildirmiş, amma daha əmin olmaq üçün onu “X6”nə müayinəyə göndərmişdir. Müayinə edən həkim də problemin sinir ilə bağlı olduğunu demişdir. O, yenidən Cavabdeh yanına getmiş, həkimlərin qulağında olan problemin sinir ilə bağlı olduğunu dediklərini bildirmişdir. Həkim isə demişdir ki, bu əməliyyat zamanı belə fəsadlar olur, amma sonra düzəlir və əgər belə idisə niyə bunu həkim əvvəlcədən demir, niyə etdiyi əməliyyatla qulağında olan problemin bir əlaqəsinin olmadığını demişdir Hal-hazırda keçirilən əməliyyata, sümük əkilməsinə, 2 implanta, analizlərə, dərmanlara və sair xərclərə 3000 manatdan artıq pul xərcləmiş, lakin heç bir nəticə də olmamışdır. Əməliyyat olduğu haqda nə xəstəxanadan, nə də həkim tərəfindən ona heç bir sənəd verilməmişdir. Ondan əməliyyatlara, müayinələrə, dərmanlara xərclədiyi pula, keçirdiyi iztirablara görə kimin cavab verəcəyini soruşmuşdur. Cavab olaraq təkrar əməliyyat, ya da 700 manat qaytaracağını təklif edərək qulaqla olan problemin isə özbaşına keçəcəyini demişdir. Göründüyü kimi həkim onu müalicə etmək əvəzinə, səhhətini daha da ağırlaşdırmış, ona maddi və mənəvi zərər vurmuşdur. O, aylardır fiziki ağrılardan iztirab çəkir, bu da mənəvi olaraq ona əlavə ağır əzablar verir. Həkimin səhlənkarlığı nəticəsində ona vurulmuş zərərlərə görə Nəsimi Rayon Prokurorluğuna müraciət etmişdir. Prokurorluğun xx.xx.2024-cü il 74-C-24 saylı qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət edilməsi ona məsləhət görülmüşdür. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi zərərə görə 3500 manat, mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 4500 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maddi və mənəvi zərərin açıqlaması - Cavabdeh onu əməliyyat etməsinə görə 1000 manat, Cavabdeh məsləhəti və göstərişi ilə implant və sümük əkmə əməliyyatı üçün 2000 manat, Cavabdeh əməliyyatının qüsurlu olmasına görə qulağında yaranmış ağrılarla bağlı müayinə və müalicələrə görə 500 manat, cavabdehin etdiyi əməliyyatdan sonra uzun müddət keçirtdiyi şiddətli ağrılarla bağlı mənəvi iztirablara görə 1000 manat olmaqla cəmi 4500 manat; Onun daha çox xərci çıxmışdır ki, onları dəqiq sübut edə bilmədiyi üçün qeyd etməmişdir. O, hesab edir ki, yuxarıda göstərdiyi məbləğ cavabdeh həkimdən tutularaq ona ödənilməlidir. Çünki sırf cavabdehin səhlənkarlığı və yanlış müalicəsi nəticəsində ona zərər vurulmuş, əlavə olaraq onun məsləhəti və göstərişi ilə implant və sümük əməliyyatı etdirmiş, onun yanlış müalicəsi ilə bağlı olaraq qulağında yaranmış şiddətli ağrılara görə əlavə müalicə almış və ağrılardan dolayı mənəvi iztirablar çəkmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh uğursuz əməliyyat etməsi nəticəsində ona vurulmuş maddi ziyana görə 3500 manat, mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 4500 (dörd min beş yüz) manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, tərəfindən həyata keçirilmiş “Sağ qasser qanqlionun radiofrekans ilə ablasiyası” cərrahiyyə əməliyyatının taktiki və texniki cəhətdən düzgün icra edilməsini əsas gətirərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və onun vəkilinin, həmçinin cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Nəsimi rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X4 tərəfindən qəbul edilmiş 10 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında 74-c-24 nömrəli material üzrə hər hansı cinayət tərkibi olmadığından Cavabdeh barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, komisyon məhkəmə tibb ekspertizasının 30 may 2024-cü il tarixli KEŞ-404 nömrəli rəyində qeyd olunmuşdur ki, İddiaçı üzərində əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. Həmin rəyə əsasən müəyyən olunmuşdur ki, "xxxx"da İddiaçı adına tibbi sənədlər olmadığından Hospitalda ona müayinə və müalicələrin aparılıbaparılmaması barədə fikir söylənilməsi mümkün olmamışdır. “Kəpəz Hospital”da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi ona “Sağ tərəfli trigeminal nevralgiya” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmiş və diaqnoza uyğun olaraq onun üzərində 24 fevral 2023-cü il tarixdə venadaxili anesteziya altında “Sağ qasser qanqlionun radiofrekans ilə ablasiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı onda vizual olaraq heç bir patologiyanın olmadığı müəyyən edilmiş və onun cərrahi müalicəyə ehtiyac yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 tərəfindən verilmiş 145/KEŞ nömrəli ekspert rəyindən görünür ki, “Kəpəz Hospital”da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, ona “Sağ tərəfli trigeminal nevralgiya” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmiş və diaqnoza uyğun olaraq onun üzərində 24 fevral 2023-cü il tarixdə venadaxili anesteziya altında “Sağ qasser qanqlionun radiofrekans ilə ablasiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. İddiaçı mütəxəssis nevropatoloqun müayinəsi zamanı onda “Üz və üçlü sinirlərin posttravmatik nevropatiyası”nın olduğu müəyyən edilmişdir ki, bunun da aparılmış “Sağ qasser qanqlionun radiofrekans ilə ablasiyası” cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi istisna edilir. Hal-hazırda onun cərrahi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” X8 tərəfindən vətəndaş İddiaçı ünvanlanmış 08 aprel 2024-cü il tarixli məktubdan görünür ki, onun "xxxx" MMC-yə məxsus özəl tibb müəssisəsi və "xxxx" MMC-yə məxsus “Kəpəz Hospital” ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ünvanlanmış şikayət ərizəsinə aidiyyəti üzrə baxılmış və bildirilmişdir ki, şikayət ərizəsində adı qeyd edilmiş "xxxx" MMC-yə məxsus özəl tibb müəssisəsində çalışan həkim-nevroloq Cavabdeh tibbi səlahiyyətləri araşdırılan zaman onun dövlət sertifikasiya şəhadətnaməsi əsasında praktiki fəaliyyət göstərməsi təsdiqlənmişdir. Bu baxımdan da əməliyyatının həmin ixtisaslı mütəxəssis tərəfindən icrası məqsədəmüvafiq hesab edilir. Müraciətdə qeyd olunan məsələnin ətraflı araşdırılması və qanunla nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə "xxxx" MMC-yə məxsus “Kəpəz Hospital” adlı klinikada plandankənar (növbədənkənar) yoxlama keçirilmişdir. Yoxlama zamanı məsul şəxs tərəfindən aidiyyəti üzrə təqdim edilən sənədlər araşdırılmışdır. Yoxlama nəticəsində aşkar edilmiş fakt üzrə müvafiq tədbirin görülməsi məqsədi ilə yoxlama materialları aidiyyəti üzrə göndərilmişdir. Müraciətdə qeyd olunan faktın mülki məsələ olması, sağlamlığında yaranmış problemlərin məhkəmə-tibb ekspertizası tərəfindən qiymətləndirilməsinin zəruriliyi nəzərə alınaraq, təsdiqedici sənədlərlə birlikdə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, mülki işdə olan sübutlarla və ekspertizanın rəyləri ilə təsdiq edilir ki, İddiaçı üzərində cavabdeh tərəfindən aparılmış cərrahiyyə əməliyyatı texniki və taktiki cəhətdən düzgün yerinə yetirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, eyni zamanda cavabdehin təqsirli olmasını sübut edə bilmədiyindən iddia tələbi təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar