Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3533/2025 10.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsinin cavabdehin üzərinə qoyulması və kompensasiya ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilədə göstərilən öhdəliyin yerinə yetirilməsi olaraq onun mənzil sahəsi ilə təmin olunması və çəkdiyi mənəvi zərərə görə 20.000 manat kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MMC-nin əsasnaməsinə əsasən fəaliyyət göstərən direktoru X9 ilə digər tərəfdən paylı mülkiyyətçi kimi bacısı X3 və o - İddiaçı Bakı şəhərində xx.xx.2019-cu il tarixdə aşağıdakı məzmunda müqavilə bağlamışlar. Müqavilənin şərtlərinə əsasən ünvan 1 ünvanda yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və onlara məxsus 17 nömrəli mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan Dövlət Reyesterindən çıxarışda göstərilmiş 61,5 kv.m faktiki sahəsi, 4 otaqlı 79 kv.m mənzilin ümumi sahəsinə əlavə etməklə 2-ci giriş, 3-cü mərtəbənin təmirli, 2 otaqlı 77 kv.m mənzilə və 1-ci giriş, 4-cü mərtəbənin təmirli, 1 otaqlı, 26 kv.m-lik mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh1 MMC-yə təhvil verməyi və müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə uyğun olaraq söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borcdan tam ödəmək şərtilə mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin notariat qaydada təsdiq edilmiş razılıq ərizələrini Cavabdeh1 MMC-yə təhvil verilməsini təmin etmək, mənzilinin tam boşaldılaraq yüklü olmaması haqda arayış təqdim etmək şərtilə Cavabdeh1 MMC-yə təhvil vermək şərtləndirilir. Barəsində bəhs etdiyi müqavilənin digər şərtlərini mübahisələndirmir və həmin şərtlərlə razı olaraq mülkiyyətində olan və qeydiyyatda olmaqla yaşadığı 26 kv.m mənzil sahəsini boşaldaraq müqavilənin şərtlərində göstərilmiş bütün sənədləri hazırlayıb cavabdeh təşkilata vermişdir. Bundan sonra ailəsinin kirayədə yaşadığı mənzilin kirayə pulunu cavabdeh təşkilat müqavilə şərtlərinə uyğun olaraq ödəmişdir. Sonradan Cavabdeh1 MMC ilə "xxxx" MMC Cavabdeh1 MMC-nin hüquqi varisi kimi tikinti işlərini davam etdirmişdir və Cavabdeh1 MMC ilə bağlanmış müqavilənin şərtlərini olduğu kimi yerinə yetirmişdir. Yaşayış evinin tikintisi və təmiri başa çatdıqdan sonra cavabdeh təşkilat tikilmiş evin layihəsində 26 kv.m uyğun gələn yaşayış sahəsinin olmadığını əsas götürərək ona ayrıca yaşayış sahəsi verməkdən imtina etmişdir. İndi ailəsi ilə birlikdə heç yerdən heç bir kompensasiya və ödəniş almadan və heç bir təqsir sahibi olmadan kirayələrdə yaşamağa məcbur olmuşdur. Beləliklə, xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin şərtlərinə əməl etdiyi halda, cavabdehlər müqavilədən irəli gələn öhtəliklərini yerinə yetirməkdən imtina edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan: Cavabdeh1 MMC-nin direktoru X9 ilə mülkiyyətçilər X4 və İddiaçı arasında imzalanmış 20 noyabr 2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh1 MMC Nərimanov rayonu, Təbriz küçəsi, ev 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan Mülkiyyətçiyə məxsus 17 nömrəli mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirirək, bu binada “Mülkiyyətçi”-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan, dövlət reyestrindən çıxarışda göstərilmiş 61.5 kv.m, faktiki sahəsi 79 kv.m. 4 otaqlı mənzilin ümumi sahəsinə əlavə etməklə 2-ci giriş, 3-cü mərtəbənin, təmirli 2 otaqlı, 77 kv.m. mənzili və 1-ci giriş, 4-cü mərtəbənin, təmirli 1 otaqlı, 26 kv.m. mənzili “Mülkiyyətçi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Mülkiyyətçilər isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh1 MMC-yə təhvil verməyi və bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşlər. Həmin müqavilənin 2.1.1-ci bəndinə görə, söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini Cavabdeh1 MMC-yə təhvil verilməsini təmin etmək, mənzili tam boşaldaraq, yüklü olmaması haqda arayış təqdim etmək şərtilə Cavabdeh1 MMC-yə təhvil vermək, 2.1.2-ci bəndinə görə, yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 4 otaqlı mənzil üçün aylıq 800 (səkkiz yüz) manat kirayə haqqını tələb etmək, təyin olunmuş kirayə haqqı məbləğinin 300 (üç yüz) manat məbləğini X1 ödəmək, 2.1.5-ci bəndinə əsasən isə, müqavilədə göstərilən müddətdə Cavabdeh1 MMC-dən müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun şəkildə mənzili tələb etmək mülkiyyətçilərin hüquq və vəzifələrindəndir. Həmin müqavilənin 2.2-ci bəndində göstərilmişdir ki, Cavabdeh1 MMC-nin hüquq və vəzifələri: 2.2.1.Yaşayış üçün təhlükəli olan mövcud binadakı mənzildən “Mülkiyyətçi”nin müvəqqəti yaşayış yerinə köçürülməsini təmin etmək; 2.2.2. Müqavilədə göstərilən şərtlər əsasında yaşayış üçün təhlükəli olan mövcud binanın söküntüsü üçün şəraitin yaradılması və süküntüsünü təmin etmək; 2.2.3. Müqavilənin 2.1.2. bəndinə nəzərdə tutulmuş ödənişin 1 (bir) dəfə hər ayın 1-də “Mülkiyyətçi”-yə ödənilməsini təmin etmək; 2.2.4. Hər hansı bir səbəb üzündən tikinti işləri müqavilə müddətində başa çatdırılmadığı təqdirdə 2.1.2. bəndində nəzərdə tutulmuş ödənişin müddətnin uzadılmasını təmin etmək; 2.2.5. Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçi”yə mənzili təmir edib təhvil vermək; 2.2.6. Binanın tikintisi başa çatdırıldıqda aşkar olunmuş nöqsanları, görülməyən işləri tamamlamaq; 2.2.7. Yaşayış binasını müvafiq qaydada dövlət Komissiyasına təhvil vermək və 2.2.8. Bina tikilib təmir edildikdən sonra “Mülkiyyətçi”dən mənzilin təhvil alınmasını tələb etməkdən ibarətdir. Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 24 fevral 2025-ci il tarixli 5-14/2-255/2025 saylı məktubunda məhkəmənin 2(001)-1507/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq göstərilmişdir ki, ...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li Qərarına uyğun olaraq C.Hacıbəyli və Təbriz küçələrinin kəsişməsində yerləşən qəzalı evlərin sökülərək, həmin ərazidə yeni binaların layihələndirilməsi və tikintisi üçün Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 529 №-li Sərəncamı ilə Cavabdeh1 MMC-yə icazə verilmişdir. Uzun müddət öncə inşa edilmiş, istismar müddəti bitmiş, həmin evlərin qəzalı və texniki vəziyyətinin məhdud işlək olması barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə X2 tərəfindən xx.xx.2018-ci il tarixli rəy verilmişdir və 2019-cu il tarixdən Cavabdeh1 MMC-nin təşəbbüsü ilə qarşılıqlı razılaşma əsasında Cavabdeh2 MMC və Cavabdeh1 MMC birlikdə müştərək qaydada tikinti işlərini davam etdirir. Yaşayış evlərinin nə vaxt sökülməsi ilə bağlı Nərimanov RİH-də dəqiq məlumatlar yoxdur. Cavabdeh1 MMC və Cavabdeh2 MMC tikinti şirkətləri tərəfindən hər biri 1 girişli olmaqla 16 mərtəbəli 3 yaşayış binasının tikintisi hazırda davam etdirilir. Belə ki, 1 giriş yaşayışa tam təhvil verilmiş, bütün kommunal xidmətlərlə (qaz, su, işıq) təchiz edilmiş, digər 2 girişdə isə dəmir-beton işləri başa çatdırılmış, hazırda hörgü, qapı-pəncərələrin yerləşdirilməsi və fasadda təmir işləri aparılmaqdadır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, İddiaçı paylı mülkiyyətçisi olduğu 17 nömrəli mənzilin olduğu binanın da yerləşdiyi ərazidə (C.Hacıbəyli və Təbriz küçələrinin kəsişməsində) qəzalı evlərin sökülərək, həmin ərazidə yeni binaların layihələndirilməsi və tikintisinə Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 529 №-li Sərəncamı ilə Cavabdeh1 MMC-yə icazə verilmiş, o cümlədən oradakı sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi həmin cəmiyyətə tapşırılmışdır. Bu məqsədilə həmin MMC ilə mülkiyyətçilər X4 və İddiaçı arasında 20 noyabr 2019-cu il tarixli müqavilə bağlanmış, həmin müqavilədə Süleymanovlara aid çıxarışla 61.5 kv.m, faktiki sahəsi 79 kv.m olan 4 otaqlı mənzilin təhvil verilməsinin (sökülməsinin) müqabilində mülkiyyətçilərə yeni inşa ediləcək yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində təmirli 2 otaqlı, 77 kv.m. mənzilin və 1-ci giriş, 4-cü mərtəbəsində təmirli 1 otaqlı, 26 kv.m. mənzilin verilməsi nəzərdə tutulmuşdur. Həmçinin həmin il Cavabdeh1 MMC vəCavabdeh2 MMC arasında müqavilə bağlandığı və həmin ildən onların müqavilə əsasında müştərək qaydada tikinti işlərini davam etdirdikləri də işin mübahisəsiz halıdır. İşin bu halı iddiaçının izahatı ilə yanaşı, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 24 fevral 2025-ci il tarixli məktubu ilə də öz təsdiqini tapır. İddiaçı mənzilinin 2019-cu ildən sökülməsinə rəğmən, cavabdehlərin 1-ci giriş, 4-cü mərtəbəsində təmirli 1 otaqlı, 26 kv.m. mənzili ona verməkdən imtina etdiklərini, bununla da cavabdehlərin müqavilədən irəli gələn öhtəliklərini yerinə yetirmədiklərini iddia edərək hazırkı iddia tələblərini irəli sürmüşdür. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 389.1-ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 405.1-ci maddəsinə müvafiq olaraq, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı). Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. 20 noyabr 2019-cu il tarixli müqavilədə iddiaçıya verilməsi nəzərdə tutulan mənzilin yeni inşa ediləcək yaşayış binasının 1-ci girişində olduğu qeyd edilmişdir. Həmin müqavilədə həmçinin nəzərdə tutulmuşdur ki, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işləri 24 ay müddətinə başa çatdırılmalı və müqavilə şərtlərinə əsasən mənzil təmir edilib “Mülkiyyətçi”yə təhvil verilməlidir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 24 fevral 2025-ci il tarixli məktubunda isə, Cavabdeh2 MMC və Cavabdeh1 MMC-nin 2019-cu il tarixdən birlikdə müştərək qaydada tikinti işlərini davam etdirdikləri, o cümlədən 1 girişin yaşayışa tam təhvil verildiyi və bütün kommunal xidmətlərlə (qaz, su, işıq) təchiz edildiyi göstərilmişdir. Bu o deməkdir ki, iddiaçıya verilməsi nəzərdə tutulan mənzilin olduğu giriş hazırdır. Lakin cavabdehlər mənzili təhvil verməmiş, bununla da müqaviləni icra etməmişlər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, 20 noyabr 2019-cu il tarixli müqavilədə göstərilən öhdəliyin icrası kimi C.Hacıbəyli və Təbriz küçələrinin kəsişməsində Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən birgə inşa edilən yeni yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbəsində təmirli 1 otaqlı, 26 kv.m. mənzilin İddiaçı verilməsi vəzifəsi Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə həvalə edilməlidir. Məhkəmə, iddiaçının iddia tələbinin “20000 manat mənəvi ziyanın ödənilməsi” hissəsini də qismən əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, o, mənzilini 2019-cu il tarixdə təhvil verməsinə rəğmən, hələ də yeni mənzillə təmin edilməmişdir. Cavabdehlər iddiaçını könüllü olaraq yeni mənzillə təmin etmədiklərindən tərəflər arasında hazıkı mübahisə yaranmış və iddiaçı məhkəmə çəkişməsinin tərəfi olmağa məcbur qalmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsinə görə, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Həmçinin qeyd edilməlidir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Ali Məhkəmənin Plenumunun qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit olunmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (2-ci bənd). Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci mad-dəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qərarın 11-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarına əsasən, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Qeyd edilənləri nəzərə alan məhkəmə, hüququn ümumi prinsiplərini və daxili hüquq düşüncəsini rəhbər tutaraq cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı olan məbləğin ağlabatanlıq meyarından irəli gəlməklə 500 manat məbləğində müəyyən edilməsini hazırki mübahisənin halları baxımından daha ədalətli və ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 181 manat dövlət rüsumunun 130 manat hissəsi cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-dən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 20 noyabr 2019-cu il tarixli müqavilədə göstərilən öhdəliyin icrası kimi C.Hacıbəyli və Təbriz küçələrinin kəsişməsində Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən birgə inşa edilən yeni yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbəsində təmirli 1 otaqlı, 26 kv.m. mənzilin İddiaçı verilməsi vəzifəsi cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə həvalə edilsin. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-dən müştərək qaydada mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 130 (bir yüz otuz) manat hissəsi müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3533/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3533/2025
10.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver