Məhkəmə qərarları › İş №2(001)-3547/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3547/2022

23.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3547/2022 23.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin müvəqqəti istifadələrinə verilmiş Binəqədi rayonu, Ş.Məmmədova 30/97 küçəsi, 369 mənzilli yaşayış kompleksi bina 4-də yerləşən 11 nömrəli mənzilə dair 02 dekabr 2009-cü il tarixli 11 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsini və cavabdehlərin 11 nömrəli mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin 02 dekabr 2009-cu il tarixli 11 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Binəqədi rayonu, Ş.Məmmədova 30/97 ünvanında məcburi köçkünlər üçün inşa edilmiş 369 mənzilli yaşayış kompleksində 4 nömrəli binada 11 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Departamentin Binəqədi rayon Mənzil Kommunal istismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh1 və Cavabdeh2 mənzildə yaşamadığı üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsədə nəticəsi olmamışdır. Əlavə araşdırma nəticəsində Cavabdeh1 adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X3 küçəsi 41 ünvanında 28 yanvar 2020-ci ildə Verilmiş 0,0232 ha torpaq sahəsində 174,4 kv metrlik tikili fərdi yaşayış evi aşkar edilmişdir. Cavabdehlərin mənzildə yaşamadıqları və elektrik enerjisindən istifadə etmədikləri də sübuta yetirilmişdir. Cavabdehlər tərəfindən “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.2-cı və 3 7-cı bəndlərinin tələbləri pozulmuşdur. Odur ki Qaydanın 3.7-ci bəndinin tələbinə uyğun olaraq onlar barəsində müvafiq tədbirlər görülməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, o və onun həyat yoldaşı Quliyeva X1 rayonu, Ş.Məmmədova 30/97 küçəsi, 369 mənzilli yaşayış kompleksi bina 4-də yerləşən 11 nömrəli mənzilə yaşamırlar. Buna baxmayaraq o, evi nə kirayəyə vermiş, nə də satmışdır. Onun Maştağada, Mərdəkanda və Ləhic bağlarında evləri var. Nə vaxt ki, öz rayonlarında – Xocavənddə ona ev verilər, o zaman da mübahisəli evi təhvil verər. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 02 dekabr 2009-cu il tarixli 11 nömrəli müqavilənin surətindən görünür ki, sonuncu onunla yaşayan 2 nəfər ailə üzvü ilə birlikdə Binəqədi rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş 2 otaqlı 11 saylı evdə, sakini olduğu Xocavənd rayonunun Hoxulu kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşdırılır. Müqavilənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin hüquq və vəzifələri: Məcburi köçkün ailələri arasında yaşayış qəsəbələrində olan evlərin bölgüsü aparıldıqdan sonra həmin ailələri 1 ay müddətinə yaşayış evlərinə köçmələrinə dair xəbərdar etmək, məcburi köçkün ailələri onlara verilmiş vaxt ərzində yaşayış evinə köçməzsə və ya başqasını köçürərsə onlar barəsində müvafiq inzibati tədbir görərək onlara verilmiş evi geri almaq, məcburi köçkün tərəfindən yaşayış evində, həyətyanı sahəsində dəyişikliklər edildikdə və əsaslı təmir işləri görüldükdə bu cür işləri razılaşdırmaq, yaşayış evlərinin saxlanması ilə əlaqədar məsələləri həll etmək. Müqavilənin 2-ci bəndinə əsasən məcburi köçkünün hüquq və vəzifələri aşağıdakılardır. 2.1 Məcburi köçkünlərin yaşayış evlərində yaşayış üçün zəruri olan məişət avadanlıqları ilə təmin olunması, habelə həmin evlərin cari təmiri onların öz hesabına keçirilir. 2.2.Məcburi köçkünün təqsiri nəticəsində onun müvəqqəti istifadəsinə verilmiş yaşayış evinə zərər vurularsa, dəymiş ziyan onun öz hesabına aradan qaldırılır. 2.3.Məcburi köçkün yaşayış evini satmaq, dəyişmək, bağışlamaq, girov qoymaq və s. vasitələrlə özgəninkiləşdirə bilməz. 2.4. Məcburi köçkün yaşayış evini kirayəyə verə bilməz. 2.5. Məcburi köçkün yaşayış evində, həyətyanı sahəsində dəyişikliklər etdikdə və əsaslı təmir işləri gördükdə bu cür hərəkətləri Komitənin aidiyyəti idarəsi ilə razılaşdırmalıdır. 2.6.Məcburi köçkün yaşadığı evdə, dam örtüyündə, çardaqda, döşəmədə, tavanda, qapı- pəncərə bloklarında konstruktiv dəyişikliklər edə bilməz. 2.7.Məcburi köçkün ailəsi sakini olduğu rayona repatriasiya edilərkən müvəqqəti istifadəsində olan evdə Dövlətqaçqınkomun aidiyyəti idarəsi ilə razılaşdırmaqla öz hesabına apardığı cari təmir işlərindən sökülüb aparıla bilənləri söküb apara bilər. 2.8. Məcburi köçkün yaşayış evindən köçərkən yaşayış evini ona təhvil verilən vəziyyətdə Dövlətqaçqınkoma təhvil verir; 07 yanvar, 22 fevral və 30 mart 2022-ci il tarixlərdə Binəqədi Rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Elxan Əliyev, mühəndisləri Asif Əzizov və Jalə Qəhrəmanova, qeydiyyatçı-kargüzar Sona Məmmədova, komputer operatoru Əntiqə Usubova və bağban Valeh Şıxıyev tərəfindən tərtib edilmiş aktlardan görünür ki, Binəqədi rayonu, Ş. Məmmədova 30/97 bina 4 m 11 - də müvəqqqəti məskunlaşmış Xocavənd rayonundan məcburi köçkün Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 mənzildə yaşamadığına dair məlumat əldə olunmuşdur. Həmin mənzilə dəfələrlə baxış keçirilmişdir. Hal-hazırda mənzildə yaşayış yoxdur; 27 aprel 2022-ci il tarixdə Binəqədi Rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Elxan Əliyev, mühəndisləri Asif Əzizov və Jalə Qəhrəmanova, qeydiyyatçı-kargüzar Sona Məmmədova, komputer operatoru Əntiqə Usubova və bağban Valeh Şıxıyev tərəfindən tərtib edilmiş aktdan görünür ki, Binəqədi rayonu, Ş. Məmmədova 30/97 bina 4 m 11 - də müvəqqqəti məskunlaşmış Xocavənd rayonundan məcburi köçkün Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 mənzildə yaşamadığına dair məlumat əldə olunmuşdur. Lakin mənzildə qeyri-qanuni yaşayış olduğu müəyyən edilmişdir; Binəqədi rayonu Enerji Təchizatı və satış idarəsi tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə ünvanlanmış 04 aprel 2022-ci il tarixli məktubdan görünür ki, vətəndaş Cavabdeh1 Mütəlim oğlunun ünvan 3 ünvanında yerləşən, abunə kodu **********40011 olan, mənzilin elektrik enerjisinin sərfiyyatına görə 31 dekabr 2016 - cı il tarixə 1951,36 manat dondurulmuş borcu vardır. 10 mart 2022 il tarixə isə 4.83 manat cari borcu var. 2020-2021-ci illər üzrə Abonent 2020-ci ilin sentyabr ayından 2021-ci ilin may ayına qədər ödənişlər etmiş, digər aylar isə tərəfindən hər hansı ödəniş edilməmişdir; **********40011 nömrəli Cavabdeh1 abonent saldosundan görünür ki, o, 2020-2022-ci illər üzrə qaz sərfiyyatına görə cəmi 208 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh1 Mütəlim oğlu iddiaçı ilə arasında bağlanmış 02 dekabr 2009-cu il tarixli müqaviləyə əsasən 2 nəfər ailə üzvü ilə birlikdə Binəqədi rayonu, Ş. Məmmədova 30/97 bina 4, 11 saylı mənzildə, sakini olduğu Xocavənd rayonunun Hoxulu kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşdırılmışdır. Digər Cavabdeh1 Mütəlim oğlunun arvadıdır. 07 yanvar, 22 fevral və 30 mart 2022-ci il tarixlərdə Binəqədi Rayon Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən qeyd olunan mənzildə baxış keçirilmiş və həmin mənzildə yaşayış olmadığı müəyyən edilmişdir. Bundan əlavə, məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 başqa yerdə evi olduğunu və orada yaşadığını bildirmişdir. Azərbayan Respublikası Mənzil Məcəlləsinin: 82.3-cü maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir; 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir; 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir; 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir; 100.1, 100.2 və 100.3-cü maddələrinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər; 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın: 3.2-ci bəndinə əsasən məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3-cü bəndinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4-cü bəndinə əsasən məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5-ci bəndinə əsasən məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6-cı bəndinə əsasən Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7-ci bəndinə əsasən Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər kirayə müqaviləsi əsasında onların müvəqqəti istifadələrinə verilmiş Binəqədi rayonu, Ş. Məmmədova 30/97 bina 4, 11 saylı mənzildən faktiki olaraq istifadə etmədiklərindən və başqa evdə yaşadıqlarından Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 02 dekabr 2009-cu il tarixli 11 nömrəli müqavilə ləğv edilməli və cavabdehlər Binəqədi rayonu, Ş. Məmmədova 30/97 küçəsi, 369 mənzilli yaşayış komleksi, bina 4, 11 saylı mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14 və 9.1.20-ci maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr, həmçinin məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 02 dekabr 2009-cu il tarixli 11 nömrəli müqavilə ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Quliyeva X1 rayonu, Ş. Məmmədova 30/97 küçəsi, 369 mənzilli yaşayış komleksi, bina 4, 11 saylı mənzildən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar