Məhkəmə qərarları › İş №2(001)-357/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-357/2025

09.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-357/2025 09.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) “valideynlik hüququndan məhrumetmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “valideynlik hüququndan məhrumetmə” tələbinə dair iddia ərizəsi ilə, daha sonra texniki yanlışlığın aradan qaldırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 dair valideynlik hüququndan məhrum edilməsi, 60 manat mediasiya xərclərini cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2016-cı il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2016-cı il təvəllüdlü X5 dünyaya gəlmişdir. Cavabdeh Şirbəy Fəxrəddin oğlu ilə ailəyə və uşağına laqeyd münasibət bəslədiyindən, maddi-mənəvi diqqət və qayğı göstərmədiyindən, zərərli vərdişlərə aludəçi olduğu üçün ailədə tez-tez mübahisə və münaqişələr baş vermişdir. Həmçinin fiziki və psixoloji şiddətlərinə məruz qalmışdır. Narkotik vasitələrindən istifadə edib satdığı üçün məhbusluq həyatı yaşayıb və hal-hazırda da yaşamaqdadır. Buna görə də cavabdehlə ailə kimi yaşamağı mümkün olmamışdır. xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı nikahın pozulması və aliment tələbi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. 2(027)-856/2019 saylı xx.xx.2019-cu il tarixli qətnamə ilə onlar arasında xx.xx.2016-cı il tarixdə bağlanmış nikah pozulmuşdur. Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay 190 manat olmaqla xx.xx.2019-cu il tarixindən etibarən uşağın yetkinlik yaşına çatana qədər aliment tutulması və uşağın ona verilməsi qət edilmiş və Binəqədi rayon icra və probasiya şöbəsinə yönəldilmişdir. Cavabdeh 5 ildi ki, aliment ödəməkdən yayınır və ödəmir. Binəqədi rayon icra və probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X6 rəsmi qaydada müraciət etdikdə, gələn məktubun məzmununda Cavabdeh Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq azalıqdan məhrumetmə cəzasına məhkum edildiyi və halhazırda Qaradağ rayonu ərazisində yerləşən Umbakı penitensiar müəssəsində cəza çəkdiyi, xx.xx.2019-cu ildən bu günə qədər aliment pulu ödənilmədiyi üçün, ümumilikdə 190 ay üzrə 11400,00 manat məbləğində aliment borcu yaranmışdır. Belə ki, Cavabdeh öz validenlik borcunu yerinə yetirmir, uşağın sağlamlığı və təlim-tərbiyəsi ilə maraqlanmır. Onun aliment öhdəliyi məhkəmə tərəfindən müəyyən edilsə də, ödəməkdən boyun qaçırır. Nəzərə çatdırır ki, övladının səhhətində müəyyən problemlər yaranıb. 2023-cü ildə alimentin məbləğinin artırılması barədə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 5683/2023 nömrəli qətnaməsi ilə onun iddiasını təmin edərək xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin 2(027)- 856/2019 nömrəli qətnaməsi ilə qət edilmiş 190 manat məbləğində alimentin artırılaraq və hər ay 220 manat olmaqla sabit pul məbləğində qət etmişdir. Lakin cavabdeh bu günə qədər heç bir aliment ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmişlər və üçüncü şəxsin nümayəndəsi gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh isə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan: AZ-İV seriyalı, 089080 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə anadan olmuş X3 atası Cavabdeh, anası İddiaçıdır. Quba Rayon Məhkəməsinin 2(027)-856/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-ci il tarixində bağlanmış və 5 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən həmin tarixli 2065 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulmasından sonra xx.xx.2016-cı il təvəllüdlü uşaq X3 anası İddiaçı yanında qalması, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2019-cu il tarixindən başlayaraq hər ay uşağa görə 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, xx.xx.2019-cu il tarixindən başlayaraq Cavabdeh uşağı X5 üçün çəkilməsi zəruri olan əlavə xərclərə görə 50 (əlli) manat sabit pul məbləğinin tutularaq X2 verilməsi qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(001)-398/2019 saylı hökmündən görünür ki, Cavabdeh CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlandığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cavabdeh üzərinə yaşayış yerini hər gün saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(001)-171/2020 saylı qərarından görünür ki, məhkum Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli 1(001)-398/2019 saylı hökmü ilə təyin olunmuş 2 (iki) il 1 (bir) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi, yəni 01 (bir) il 07 (yeddi) ayı, 09 (doqquz) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi qərara alınmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5683/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, xx.xx.2016-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin 2(027)-856/2019 nömrəli qətnaməsi ilə qət edilmiş 190 manat məbləğində alimentin artırılması və hər ay 220 (iki yüz iyirmi) manat olmaqla sabit pul məbləğində aliment və ödənilmiş 50 (əlli) manat mediasiya xərclərinin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-517/2024 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Cavabdeh cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və onun, ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. (AZEMİS-ə əsasən hökm qanuni qüvvəyə minmişdir) Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-856/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Cavabdeh 14 saylı cəzacəkmə müəssiəsində cəza çəkdiyindən həmin icra sənədi də borclunun cəza çəkdiyi yerdə yəni 14 saylı cəzaçəkmə müəssiəsində icraatda olmuşdur. 14 saylı cəzaçəkmə müəssiəsi tərəfindən həmin icra sənədi Binəqədi rayon İcra şöbəsinə göndərilmiş və xx.xx.2021-ci il tarixdə icraata daxil olmuşdu. Elektron icra sistemində borclunun adında əmlak, nəqliyyat vasitəsi, əmək haqqı, pensiya, təqaüd və digər gəlirlər aşkar edilməmişdir. Aparılmış icra hərəkətləri zamanı borclunun yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi və hal-hazırda Qaradağ rayonu ərazisində yerləşən Umbakı penitensiar müəssəsində cəza çəkdiyi müəyyən edilmişdir. Həmin illər ərzində borclu tərəfindən aliment ödənilməmişdir. Bakı 3 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Cavabdeh qarşı valideynlik hüququndan məhrumetmə tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş və bunun üçün cəmi 60 manat məbləğində mediasiya xərci ödəmişdir; Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli “valideynlik hüquqlarından məhrumetmənin uşağın mənafelərinə uyğunluğu haqqında” rəyindən görünür ki, komissiya uşağın mənafeyinin üstünlüyü baxımından Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 münasibətdə valideynlik hüququndan məhrum edilməsini məqsədəmüvafiq hesab etmir. 6 saylı Cəzaçəkmə Müəssisəsinin məhkəməyə ünvanladığı sorğuya cavab məktubundan görünür ki, məhkum Cavabdeh 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyi müddətdə əmək fəaliyyəti ilə məşğul olmadığından heç bir gəliri olmamışdır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın verilməsi üçün məhkəmənin hesabına 40 manat məbləğində rüsum ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 1.2-ci maddəsinin tələblərinə görə Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. 49.2-ci və 49.3-cü maddələrə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 64-cü maddəsinə əsasən öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; alimenti qəsdən ödəmədikdə; heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə; valideynlik hüquqlarından sui-istifadə etdikdə; uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə; xroniki alkoqol və narkomaniya xəstəsidirsə; uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə; uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə valideynlik hüquqlarından məhrum edilə bilərlər. Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” Qanununun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. 18-ci maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. 27-ci maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr 1989-cu il tarixində qəbul olunmuş və 1990-cı ilin sentyabrda qüvvəyə minmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın: 9-cu maddəsinə əsasən iştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı düşmüş uşağın hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyirlər, amma bu münasibətlərin və əlaqələrin uşağın ən yaxşı mənafeyinə zidd olduğu hallar istisna təşkil edir. 18-ci maddəsinə əsasən, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X5 doğulmuşdur. Quba Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaq anasının himayəsində saxlanmış və uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmuş, daha sonra isə məhkəmə qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmışdır. Hazırda iddiaçı cavabdehin uşağına mənəvi qayğı göstərmədiyini, onun sağlamlığı və tərbiyəsi ilə maraqlanmadığını, ən əsası isə alimenti ödəməkdən qəsdən yayındığını əsas gətirərək, cavabdehin valideynlik hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin valideynlik hüququndan məhrum edilməsinin uşağın mənafeyinə uyğunluğunun yoxlanılması üçün Binəqədi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi alınmışdır. Müvafiq komissiyanın rəyindən görünür ki, cavabdehin uşağına münasibətdə valideynlik hüququndan məhrum edilməsi uşağın mənafeyi baxımından məqsədəuyğun hesab edilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, valideynlərin qayğısından yararlanmaq uşaqların hüququ olduğu kimi, uşaqların təlim-tərbiyəsi, onların şəxsiyyət kimi formalaşması və inkişaf etməsi üçün zəruri şəraitin yaradılması təmin etmək valideynin borcudur. Bu vəzifənin yerinə yetirilməsini valideynlər birgə yaşaması şəraitindən əlavə ayrı yaşadıqları halda da təmin etməlidirlər. Çünki övladın kamil şəxsiyyət kimi formalaşmasına, fiziki cəhətdən sağlam mənəvi inkişafına görə hər iki valideyn məsuliyyət daşıyır. Valideynlər öz valideynlik vəzifələrini yerinə yetirmədikdə, valideynlik hüququndan sui-istifadə etdikdə və bunlar uşağın şəxsiyyət kimi formalaşmasına mənfi təsir etdikdə həmin valideyn valideynlik hüququndan məhkəmə qaydasında məhrum edilir. Digər valideynin valideynlik hüququndan məhrum edilməsini xahiş edən valideyn, hüquqdan məhrum etməyə əsas olan halları sübut etməlidir. Belə ki, valideynlik hüquqlarından məhrumetmə əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsində göstərilmişdir. İddianın faktiki əsası kimi iddiaçı həmin maddədə nəzərdə tutulan valideynin öz valideynlik vəzifələrini yerinə yetirməməsinə, alimenti ödəməkdən qəsdən yayınmasına söykənmişdir. İddiaçı alimenti ödəməkdən qəsdən yayınmasının sübutu kimi icra şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna istinad etmişdir. Vurğulanmalıdır ki, həmin məktubda eyni zamanda qeyd olunmuşdur ki, cavabdeh 2019-cu ildə 14 saylı cəzaçəkmə müəssisəsində, hazırda isə Umbakı penitensiar müəssisəsində cəza çəkir. Cavabdehin ondan aliment tutulduğu vaxtdan hazırki vaxta qədər azadlıqdan məhrum olması səbəbindən işləməməsi obyektiv hal kimi qiymətləndirilir. Çünki, cavabdeh aliment ödəmək üçün iqtisadi imkanlara sahib olmalıdır. Cavabdeh isə azadlıqdan məhrum edilməklə hazırda hər hansı gəlirə malik deyil. Əgər şəxs aliment ödəmək iqtidarına üzürlü səbəbdən malik deyilsə, onun bu hərəkətləri məsuliyyətsizlik kimi qəbul edilməyə bilər. Əgər həqiqətən cavabdeh gəlir mənbəyi olduğu halda alimentin ödənilməsindən qəsdən və davamlı olaraq boyun qaçırsaydı bu halda, onun valideynlik hüququndan məhrum edilməsi üçün əsas yaranmış ola bilərdi. Hazırki işdə bu hal mövcud deyil. Nəzərə alınmalıdır ki, valideynlik hüququndan məhrum etmə çox ciddi qərardır və yalnız ağır hallar mövcud olduqda tətbiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, qəyyumluq orqanının rəyi sübut növlərindən biri olmaqla işə baxan məhkəmə tərəfindən ayrılıqda deyil, işdə olan digər sübutlarla əlaqəli şəkildə öyrənilir və qiymətləndirilir. Həmin rəyin məhkəmə üçün hər hansı məcburi hüquqi qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) “valideynlik hüququndan məhrumetmə” tələbinə dair iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar