Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3577/2023 30.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdeh X8 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 104.000 ABŞ dolları məbləğində borc ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dolllarının manatla məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 467 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh X5 tələbə yoldaşı olan Azər Hüseynovun xalası oğlu kimi 2005-ci ildən tanıyır, bu vaxta qədər normal münasibətləri olmuşdur. 2018-cu ildə cavabdeh öz şəxsi ehtiyacları üçün ondan bir neçə dəfə borc pul almış və qaytarmışdır. 2020-ci ilin ortalarından sonra isə cavabdeh onun gördüyü iş üçün pul verməsini təklif etmiş və qazanc verəcəyini bildirmişdir. O, xarici ölkələrdən sifariş etdiyi texnologiya mallarını Azərbaycanda satıb gəlir əldə etdiyini, həmçinin Azərbaycanda müxtəlif obyektlərə müşahidə kameraları quraşdırılması işini həyata keçirdiyini demişdir. Onun təklifi ilə razılaşaraq bir heçə dəfə hissə-hissə pul vermiş, verdiyi pulların müqabilində bir neçə dəfə qazanc adı ilə pul vermiş, lakin verdiyi pulu qaytarmamışdır. Ona hissə-hissə cəmi 106.000 ABŞ dolları pul vermişdir. Pulu demək olar ki, həmişə Binərədi rayonu, Azadlıq prospektindəki müxtəlif kafelərdə vermişdir. 2020-ci ilin payız aylarında cavabdeh problemləri olduğunu bildirib, ona qazanc məqsədi ilə pul verə bilmədiyini bildirmişdir. Onu uzun müddət tanıdığına görə, inanıb bir müddət gözləmişdir. Lakin sonradan cavabdehin müxtəlif bəhanələrlə vaxt uzatmasını başa düşərək ondan pulunu geri tələb etmişdir. 2021-ci ilin dekabr ayında ona cəmi 2.000 ABŞ dolları pul qaytarmışdır. Sonradan isə ümumiyyətlə imkanı olmadığını bildirmişdir. 2021-ci ilin iyun ayında tələbə yoldaşı və dostu olan X3 da ondan xəbərsiz cavabdeh eyni məqsədlə cəmi 33.000 ABŞ dolları pul aldığını, 6000 ABŞ dollarını qaytardığını, qalan hissəssini ona qaytarmadığını öyrənmişdir. Hazırda cavabdehin ona 104.000 ABŞ dolları borcu vardır. Cavabdeh istintaqda öz izahatında da etiraf edərək göstərmişdir ki, 1994- 1995-ci illərdə xalası oğlu Azərin vasitəsi ilə onunla tanış olmuş, 2018-ci ildən Elçin onun layihələrinə pul vəsaiti ayırmış, o da layihəni icra edib Elçinin pulunu qaytarmış, əldə olunan qazancı bölmüşdür. Son illərdə onun işləri yaxşı getmədiyindən Elçindən aldığı pulları geri qaytara bilməmişdir. Elçindən umumilikdə 100.000 ABŞ dollarından artıq pul alıb, lakin ona pullar qaytarmış, hazırda 40.000 ABŞ dolları borcu qalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh onunla heç bir iş birliyi yaratmamış, pulu hissə-hissə ona borc vermiş, o, da bunun müqabilində ona qısa müddət ərzində qazanc vermişdir. Onun hər hansı layihəsi olmamış, məsuliyyətdən yayınmaq və görüntü yaratmaq üçün belə bir izahat vermişdir. İstintaq orqanında müstəntiq tərəfindən cavabdehdən həyata keçirdiyi layihələrdən hər hansı birini təqdim etməsi tələb olunsa da, təqdim edə bilməmişdir. Çünki belə bir layihə olmayıb, onunla iş birliyi yaratmamış, ona borc vermiş, özünün isə heç bir layihəsi olmamışdır. Ona olan etibarımdan istifadə edərək pullarını ələ keçirmişdir. Bunu izahatında da etiraf edərək göstərmişdir ki, aldığı pulları bir neçə il bundan əvvəl müxtəlif layihələrə sərf etmiş, konkret ünvanları bilmir. Bununla bağlı verdiyi şikayət üzrə Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə mübahisə mülki xarakter daşıması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh ondan 100.000 ABŞ dollarından artıq pul almasını izahatinda etiraf etmişdir. Yuxarıda göstərdiyi kimi cavabdeh ondan 106.000 ABŞ dolları borc almış və 2000 ABŞ dollarını qaytarmış, qalan 104.000 ABŞ dollarını qaytarmamışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdehdə olan borcu 106000 ABŞ dolları olmuşdur. Həmin borcdan 2000 abş dollarını qaytarıb. Borc məbləğini ona hissə-hissə vermişdir. Belə ki, ilk olaraq cavabdehə 2020-ci ilin iyun ayından sonra birdəfəlik 46000 abş dolları vermiş, daha sonra 2020-cı ilin avqustundə isə ondan 60000 abş dolları istəmiş, Həmin 60000 olları isə 20000, 20000, 10000 və 10000 abş dolları olmaqla hissə-hissə vermişdir. Cavabdehə cəmi 106000 dollar pul vermişdir. Ümumiyyətlə cavabdehə çox əvvəldən müxtəlif səbəblərdən borc versə də, cavabdeh həmin borclarını ona qaytarmışdır. 20 ildir ki, cavabdehlə bir-birlərini tanıyırlar. İşgüzar münasibətləri də, 2020-ci ildən başlamışdır. Belə ki, cavabdeh ona aldığı pulun kabel işi üçün lazım olduğunu iddia etsə də, verdiyi pulların müqabilində cavabdeh tərəfindən onun iştirakı ilə hər hansı bir iş görülməmişdir. Hətta ona hər hansı qazanc belə verməyib. 2021-ci ildən isə demək olar ki, cavabdehi görməmişdir. Yalnız atasının dəfnində onu görmüşdür. Bir dəfəsində ona qəza etdiyini, pulun maşında Səlyanda qaldığını bildirmişdir. 2020-ci ilin avqust ayında Sabunçu rayonunda danışıqları olmuş, pulu isə ondan sentyabr ayında götürmüşdür. Hətta ona demişdir ki, əgər nəsə olsa, evini satıb, pulunu ödəyəcək. Ortaq dostları da, Yunusa təklif etmişdilər ki, evini onun adına keçirsin. 2 il ərzidə borcunu qaytarana qədər ev onun adında qalsın, borcunu qaytaracağı təqdirdə evini geri ala bilsin. Lakin cavabdeh dostlarının təklifi ilə razılaşmamışdır. “Secret” kafedə o, Yunus, Nofəl, Əfqan olmuşlar. Həmin söhbət əsnasında borcu barədə özü də, etiraf etmişdir. Cavabdeh ümumiyyətlə borcundan cəmi 5000 abş dolları ona pul vermiş. Həmin puldan isə 2000 abş dolları onun özünə, 2000 abş dolları Nofələ, 1000 abş dolları isə Tağıyev Eminə çatmalı idi.
4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, cavabdeh 2020-ci ildən iddiaçıdan hissə-hissə borc pul almışdır. Həmin puldan 2000 dollarını qaytarıb. Hətta bu barədə etirafı belə var. Məhkəmə iclasında dindirilən şahidlər də, bu faktı təsdiq etdilər.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, tərəflər uzun müddətdir ki, bir-birilərini tanıyırlar. Cavabdeh iddiaçıdan bir neçə dəfə öz şəxsi ehtiyacları üçün borc pul almış və qaytarmışdır. 2020-ci ilin ortaralarında cavabdeh gördüyü iş üçün iddiaçıdan borc pul istəmiş, cavabdeh bunun əvəzində isə iddiaçıya qazanc verəcəyini təklif etmişdir. İddiaçı cavabdehin təklifi ilə razılaşaraq ona bir neçə dəfə hissə-hissə olaraq cəmi 106000 ABŞ dolları pul vermiş, verdiyi pulların müqabilində cavabdeh qazanc adı ilə iddiaçıya hissə-hissə olaraq 2000 ABŞ dolları pul qaytarmışdır. Cavabdeh iddiaçıya qalan borcunu ödəməkdən boyun qaçırır. Cavabdeh iddiaçıdan başqa X9 da aldatmışdır. Bununla bağlı iddiaçı və digər şəxs Nofəl Əsədov cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə şikayət etmişlər, Polis İdarəsində cavabdehin izahatı alınmış, cavabdeh izahatında iddiaçıdan 100000 ABŞ dolları məbləğində pul vəsaitini aldığını etiraf etmiş, lakin guya 40000 ABŞ dolları borcunun qalmasını bildirmişdir. İddiaçının şikayəti üzrə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə mübahisə mülki xarakter daşıması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir. Nofəl Əsədov bununla bağlı mülki qaydada məhkəməyə pul tələbi ilə bağlı iddia ilə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1305/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir.
6. Məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, 2017- 2018-ci illərdə iddiaçı ilə dollar valyutasının alışı və satışı ilə məşğul olmuşlar. İddiaçıya 2000, 3000, 6000, 4000 dollar ödənişləri olmuşdur. 2020-ci ilin axırı, 2021-ci ilin əvvəllərində ağır qəza keçirmişdir. Hətta iddiaçının yoldaşı onun yoldaşına zəng edərək, 40000 abş pulun qaytarılmasını istəmişdir. Ümumiyyətlə aralarında olan borc məbləği 40000 abş dollardır. Ola bilsin ki, iddiaçı qalan hissədəki borcu, qazanacağı xeyir kimi düşündüyündən, ondan tələb edir. İddiaçıdan borc alsa da, aldığı pulları ona qaytarmışdır. Belə ki, ondan ev alanda 15000 manat alıb, sonra qaytarmış, atasının əməliyyatı üçün 3000 manat almış, sonradan onu da, qaytarmışdır. Hətta iddiaçının atasının yasına getdiyi vaxt maşında ona 6000 abş dolları pul vermişdir. Bundan başqa polisə vermiş olduğu izahatnda deyildiyi kimi, o iddiaçıya 100000 abş dolları borcunun olduğunu etiraf etməmiş, lakin 100000 abş dollarından çox işlər gördüklərini demişdir. İddiaçını heç vaxt aldatmaq niyyətində olmamışdır. İddiaçı ilə “Secret” kafedə olan söhbət yadına gəlmir.
7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, o, iddiaçını uzun müddətdir ki tanıyır və 1996-cı ildən aralarında dostluq münasibətləri olmuşdur. O, informasiya texnonolgiyası sahəsi üzrə mühəndisdir və bu sahədə müxtəlif layihələr işləmişdir. İddiaçı həmin layihələrə maliyyə vəsaiti yatırmış və o da layihələri icra edərək Elçinin pulunu qaytarmaqla bərabər qazancı da bölmüşdür. Onların arasında olan hesablaşmalarla bağlı hər hansı sənəd olmasa da, lakin ondan ümumilikdə 100000 ABŞ dollarından çox vəsait aldığını və hazırda ona 40000 ABŞ dolları borcunun olduğunu təsdiq edir. Hətta iddiaçının yoldaşı onun yoldaşından pul tələb edərkən, yalnız 40000 ABŞ dollarını mübahisələndirmişdir. Borcun yaranmasına səbəb isə Moskva şəhərində iş gördüyü Suliddin İsmayılov adlı şəxsin vəfat etməsi və bundan sonra pulunu ala bilməməyi olmuşdur.
8. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirmişdir ki,1993-cü ildən Elçinlə birlikdə oxumuşdur. Yunus onların qrup yoldaşı olan Azərin xalası oğludur. Onu da, 2002-2003-cü ildən tanıyır. Bundan başqa aralarında ailəvi gediş-gəliş olmuşdur. Cavabdehin ona da, borcu var idi. Belə ki, ona verdiyi borcun müqabilində cavabdeh həm iş görməli, həmin işdən qazandığı ilə həm borcunu ödəməli, həmdə ona müəyyən qədər xeyir verməli idi. Lakin cavabdehin hansı işlə məşğul olduğundan məlumatı olmamışdır. Belə ki, cavabdehin ona ümumi borcu 33000 abş dolları idi. Borcu birinci mərhələdə 17000 abş dolları həcmində vermişdir. Həmin puldan ona çatacaq xeyri almadan, cavabdeh ondan yenidən 16000 abş dolları borc istəmiş və görəcəyi işdən 11000 manat xeyri götürə biləcəyini demişdir. Yəni, həmin xeyrin 6000 manatı ona çatmalı idi. Bütün borcu isə 2021-ci ilin iyunun 22-23-ündə qaytarmalı idi. Cavabdeh borcdan hissə-hissə 4000 abş dolları və 2000 abş dolları qaytarmış, 27000 abş dolları borcu qalmışdır. Ona olan borcu ilə bağlı sübut kimi vatsap yazışmaları var. Bununla bağlı hətta məhkəmə qətnaməsi də var. Dostlar arasında vatsap sosial şəbəkəsində olan qruplarında cavabdeh kimə nə qədər borcu varsa qaytaracağını desə də, məbləği deməmişdir. 2021ci ilin iyununda borcu qaytara bilmədiyindən, cavabdeh iddiaçı ilə ona olan borcunu uzadaraq, 2021-ci ilin oktyabr ayında bankdan götürməklə ödəyəcəyini vəd etmişdir. 7-ci mikrorayonda “Secret” kafedə oturub söhbət edəndə Yunus ona demişdir ki, kvartalın sonunda bankdan 200000 abş dolları pulu çıxarıb, bütün borclarını qaytaracaq. Hətta Elçinə olan borcunun 100000 abş dollarından çox olduğunu demişdir. Bundan başqa cavabdehin iddiaçıya ona verilən borcun əvəzində qazanc verdiyini görməmişdir. Dost olsalar da, cavabdehin borclarından gec xəbərdar olmuşlar.
9. Məhkəmə iclasında şahid qismində dindirilən X12 izahatında bildirmişdir ki, özəl şirkətdə lahiyəçi-mühəndis vəzifəsində işləyir. İş üzrə tərəfləri tanıyır. Elçinin dayısı oğludur. Digərlərini isə onun vasitəsi ilə tanımışdır. Yunusun özünü dayısı oğlu Elçinin, dayısı oğkunun qrup yoldaşları olan, Nofəl və Azər vasitəsilə tanımışdır. Cavabdehin borcundan ilk vaxtlar məlumatı olmayıb. Bütün prosesin sonunda borcdan məlumatlı olmuşdur. Ümumiyyətlə, Elçin tərəfindən cavabdehə verilən borcun məbləğində məlumatsızdır. Lakin son söz-söhbətlərdə məlum oldu ki, dostları olaraq, hamısı Yunusa bir-birlərindən xəbərsiz borca pul vermişdir.
10. Elçin tərəfindən cavabdehə pul veriləndə onların yanında olmamışdır. “Secret” kafedə Elçin, o, Yunus, Nofəl, Əfqan və Vasif olmuşlar. Həmin söhbət əsnasında cavabdehin iddiaçıya 100000 abş dollarından çox borcu olduğunu öyrənmişdir. Hətta Yunus dedi ki, haqq-hesabını kitaba yazmışdır. Elçin həmin kitabın gətirilməsini tələb etsə də, Yunus kitabı gətirə bilməyəcəyini, kitabı gətirərsə, pulu ala bilməyəcəyini bildirmişdir. Aralarında olan söhbət əsasında 106000 abş dolların borcun olduğunu eşitmişlər. Hətta başqa obyektlərdə birlikdə oturanda da, bu söhbət olub. Bundan başqa cavabdehin ona da 1500 abş dolları borcu olmuş, o, isə həmin məbləği ona bağışlamış və cavabdehdən şikayətçi olmamışdır. İddiaçının cavabdeh barəsində polisə şikayətindən məlumatı var. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
11. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X2 icraatında olan HK-1/850 saylı yoxlama materialı üzrə qəbul edilən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, yoxlama materialı zamanı Cavabdeh əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X10 və İddiaçı mülki mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır.
12. Qərarda göstərilir: araşdırma zamanı izahatı alınan Cavabdeh izahatında göstərmişdir ki, X11 və İddiaçı onun barəsində yazdıqları şikayət ərizələri ilə tanış olmuşdur. Bildirir ki, onlarlar təxminən 1994-1995–ci illərdə xalası oğlu azər vasitəsilə tanış olmuşdur. Onlar Azərin universitet yoldaşları olmuşlar. 2018-ci ildən başlayaraq, Elçinlə müəyyən sahələrdə iş birlikləri olmuşdur. Belə ki, o, özü informasiya texnologiyaları mühəndisidir, o sahədə lahiyələri olmuş, Elçin həmin lahiyələrə maliyyə vəsaiti ayırmış, o da, lahiyəni icra edib, Elçinə pulunu qaytamış, həttə əldə olunan qazancı da, bölmüşlər. Son illərdə onun işləri yaxşı getmədiyindən Elçindən aldığı pulları qaytara bilməmişdir. Hazırda Elçinə 40000 ABŞ dolları borcu qalmışdır. Həmçinin o Nofəl Əsədovdan da, eyni məsələ ilə bağlı iş görüb, pul qazanmaq məqsədilə hissə-hissə olmaqla, 33000 ABŞ dolları pul almış və sonradan 6000 ABŞ dolları borcu ona qaytarmışdır. Hazırda onun Nofələ 27000 ABŞ dolları borcu qalıb. Bildirir ki, o, İddiaçı ərizəsi ilə razı deyildir. Ondan aldığı pul ümumilikdə 100000 ABŞ dollarından artıq ola bilər. Lakin ona pulları qaytarmış və hazırda Elçinə 40000 ABŞ dolları borcu qalmışdır.
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1305/2023 saylı, xx.xx.2023-cü il tarixi qətnaməsindən görünür ki, X1 Yunus Bəhmən oğluna qarşı “pul” tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 27000 ABŞ dolları məbləğindən borcun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manat məzənnəsi nəzərə alınmaqla, manat hesabı ilə və iddianın verilməsi üçün ödənilmiş 228 manat məbləğində dövlət rüsumunun iddiaçı X6 xeyrinə tutulması qət edilmişdir.
14. İddiaçı tərəfindən məhkəmədə hazırki iddianın qaldırılması üçün 470 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
15. İddiaçı Hümbətov X4 Yunus Bəhmən oğlunu tələbə yoldaşının xalası oğlu kimi tanımış, aralarında uzun müddət dostluq münasibəti olmuşdur. Bununla paralel onlar arasında işgüzar münasibətlər də yaranmış və cavabdeh iddiaçıya onunla birlikdə ticarət etmək təklifi vermişdir. İddiaçı isə cavabdehin təklifi ilə razılaşaraq, onun ticarətinə sərmayə qoymuşdur.
16. İddiaçı iddia edir ki, o, 2020-ci ildən etibarən cavabdehin ticarətinə hissəhissə olmaqla 106000 abş dolları məbləğində vəsait qoymuş və hər hansı gəlir əldə etməmiş və həmin vəsaitdən ona yalnız 2000 abş dolları qaytarılmışdır.
17. Cavabdeh isə iddiaçı ilə dostluqdan əlavə işgüzar münasibətlərinin olduğunu təsdiq etmiş, iddiaçının onun ticarətinə hissə-hissə olmaqla 100000 abş dollardan çox vəsait qoyduğunu qəbul etmiş, lakin qalıq borcun 40000 abş dolları məbləğində olmasına əsaslanaraq iddianı qismən qəbul etmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından o qənaət formalaşır ki, tərəflər arasında ticarət fəaliyyətindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçı cavabdehin ticarətlə məşğul olduğu sahəyə hissə-hissə olmaqla sərmayə qoymuşdur. Tərəflərin razılaşmasına görə iddiaçı razılaşdırılmış məbləğdə vəsait verməli, cavabdeh isə üçüncü şəxslərlə muzd müqabilində görəcəyi işdən əldə edəcəyi qazancdan ona pay verməli idi. Lakin cavabdeh özünün də etiraf etdiyi kimi onun ticarəti uğurlu alınmamış, üzləşdiyi çətinliklərə görə razılaşdırılmış öhdəliyini icra edə bilməmişdir. Mülki Məcəllədə tərəflər arasında olan müqavilənin şərtlərinə uyğun konkret müqavilə növü müəyyən edilməsə də, lakin mülki qanunvericiliyin tələbinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
20. Belə ki, Mülki Məcəllənin 390.1-ci maddəsində qeyd edilmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
21. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
22. Eyni zamanda Mülki Məcəllənin 14.2-ci maddəsinin tələbi baxımından qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi çıxış edir.
23. Hazırki mübahisədə isə yuxarıda qeyd edildiyi kimi qanuna zidd olmayan şərtlərlə tərəflər arasında müqavilə münasibətləri yaranmış və bunun əsasında tərəflər mülki hüquq və vəzifələr əldə etmişlər. Hansı ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir.
24. Hazırki halda isə iddiaçı cavabdehin müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyinə əsaslanaraq müqavilədən imtina etməklə müqavilə üzrə verdiklərini geri tələb edir. Belə ki, mülki Məcəllənin 447.1-ci maddəsində göstərilmişdir ki, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Hansı ki, “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir.
25. İşin mübahisələndirilən halı isə cavabdehin qaytarmalı olduğu vəsaitin həcmi ilə bağlıdır. Çünki iddiaçı cavabdehdən 104000 abş dolları vəsait tələb edir, cavabdeh isə iddianı 40000 abş dolları hissəsində qəbul edir.
26. Məhkəmənin işin mübahisələndirilən halı ilə bağlı mövqeyi cavabdehin polis orqanında verdiyi izahatı ilə məhkəmə iclasında verdiyi izahatlarının müqayisəli tədqiqi və şahid ifadələri əsasında formalaşmışdır.
27. İddiaçı cavabdehə 106000 abş dolları verdiyini və 2000 abş dollarının qaytarıldığını bildirir, cavabdeh isə onunla 100000 abş dollarından çox dövriyyəsinin olduğunu etiraf edir və qalıq borcunun 40000 abş dolları olduğunu bildirir. Şahidlər həm cavabdehin, həm də iddiaçının bir yerdə müzakirə elədikləri məsələdə iştirak etdiklərini və mübahisənin 106000 abş dolları ilə bağlı olduğunu təsdiq edirlər. Mülki-Prosessual Məcəllənin 76.2-ci maddəsinin tələbi baxımından işdə iştirak edən şəxslərin izahatları və şahid ifadələri sübutun növlərindəndir. Tədqiq edilən sübutlardan müəyyən edildiyi kimi, hər 3 sübut üzrə ortaq cəhət 100000 abş dollarının iddiaçı tərəfindən cavabdehə verilməsidir. Odur ki, sübut etmə yükünün bölgüsü baxımından hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iddiaçı 100000 dən əlavə 6000 verdiyini, cavabdeh isə 100000-dən 60000-ni qaytardığını sübut etməlidir.
28. Göstərilənlərlə bağlı məhkəmə hesab edir ki, iddiaçı cavabdehin borcunun 104000 ABŞ dolları olmasını konkret dəlillərlə sübut edə bilmədiyindən, cavabdeh də öz növbəsində 60000 abş dollarını qaytardığını sübut edə bilmədiyindən, cavabdehdən tutulmalı olan məbləğin həcmi 100000 ABŞ dolları məbləğdə müəyyən edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
29. Eyni zamanda öhdəliyin xarici valyuta ilə yaranmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan pul məbləği qətnamənin icra edildiyi gün Mərkəzi bankın müəyyən etdiyi məzənnəyə uyğun manat ekvivalentində ödənilməlidir.
30. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
31. 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.
32. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Tətbiq edilən prosessual normalar
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
34. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
35. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur;
36. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir;
37. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
38. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
39. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə
40. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 100000 ABŞ dolları məbləğində pul vəsaiti qətnamənin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
41. Bundan əlavə iddia qismən əsaslı olduğundan iddianın təmin edilmiş hissəsinə münasibətdə ödənilmiş dövlət rüsumunun 448 manat məbləğində hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
42. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. 100000 (bir yüz min) ABŞ dolları məbləğində pul vəsaiti qətnamənin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 448 (dörd yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev