Məhkəmə qərarları › İş №2(001)-3621/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3621/2023

11.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3621/2023 11.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaranmış 2009-cu il üçün 18 manat, 2010-cu il üçün 106 manat, 2011-ci il üçün 29 manat, 2012-ci il üçün 127 manat, 2013-cü il üçün 138 manat, 2014-cü il üçün 34 manat, 2018-ci il üçün 30 manat, 2019-cu il üçün 360 manat, 2020-ci il üçün 360 manat, 2021-ci il üçün 150 manat, cəmi kommunal üçün 1352 manat, antena üçün 315 manat, qaz sayğacı üçün 300 manat, su sayğacı üçün 80 manat, krosna üçün 160 manat, cəmi 2207 manat məbləğində borcun və ödənilmiş 43 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MTK 2006-cı ildə ünvan 1 ünvanında bina inşa etmişdir. Binanın kommunal xidmətlərini, binaya xidməti, zibillərin daşınmasını, binanın və liftin saxlanılmasını MTK öz üzərinə götürmüşdür. xx.xx.2015-ci ildə İddiaçı MTK ləğv olunur və onun qanuni varisi İddiaçı MMC yaradılır, lakin MTK-nın varisi kimi kommunala və digər xidmətlərə görə xərclədikləri vəsaiti Cavabdeh geri ala bilmirlər. Belə ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən, iddiaçı inşa edilən 1 nömrəli binanın 63 saylı mənzilini cavabdehə təqdim etmiş, cavabdeh isə mənzilin dəyərini tam ödəyərək onu təhvil almışdır. Cavabdehlə həmçinin, “Kommunal Xidmətlərin göstərilməsi və ödənişi haqqında” müqavilə də imzalanmış və həmin müqaviləyə əsasən, 2 otaqlı mənzillər üçün aylıq kommunal xidmətlərə görə qış mövsümü üçün xərc 60 manat, yay mövsümü üçün isə 33 manat olaraq müəyyən edilmişdir. Cavabdeh hazırda yaşadığı mənzilə görə xidmət haqqı borcunu 2010-cu ilin noyabr aprel ayından 2021-ci ilin iyun ayı da daxil olmaqla ödəməmişdir. Dəfərlərlə müraciət olunmasına baxmayaraq, Cavabdeh borcun müəyyən hissəsini ödəsə də, borc məbləği hələ də qalmaqdadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Abdullayev iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəməyə arayış təqdim etdi və bildirdi ki, Binəqədi-26 MMMC-nin arayışı təsdiq edir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdehin heç bir kommunal borcu yoxdur və iddia müddəti tətbiq edilməsinə dair ərizəni müdafiə edərək, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı MMC tərəfindən vaxtında tələb irəli sürülmədiyindən iddia müddəti tətbiq edilməklə, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Borc bildirişindən müəyyən olunur ki, Cavabdeh ümumilikdə 2207 manat borcu vardır. - Müqavilə üzrə ödənişin tələb edilməsinə dair Xəbərdarlıq məktublarından görünür ki, dəfələrlə Cavabdeh yaranmış borcun ödənilməsinə dair müraciətlər edilmişdir. - ünvan 1 ünvanında yaşayan sakinlərin aylıq kommunal ödənişinə dair birotaqlı, ikiotaqlı və üçotaqlı mənzillərin kommunal ödəmə haqqı barədə qiymətlər müəyyən edilmişdir. - xx.xx.2005-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən, İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, 1D nömrəli evin, 63 saylı, sahəsi 67.1 kv.m olan mənzili payçı Cavabdeh verməyi, payçı Cavabdeh isə pay haqqını mərhələlərlə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürür. - arayışa əsasən, Cavabdeh həqiqətən, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, 1D nömrəli evin, 63 saylı mənzilində yaşayır və qaz və işıq sərfiyyatının pulunu ödəməmişdir. - “Kommunal Xidmətlərin göstərilməsi və ödənişi haqqında” 63 №-li müqaviləyə əsasən, İddiaçı MMC-nin İdarə Heyətinin sədri Sadıqova Faidə, digər tərəfdən Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, 1 “D” nömrəli evin, 63 saylı mənzilin mülkiyyətçisi Cavabdeh kommunal xidmətlərin göstərilməsi və ödənişi ilə bağlı öhdəlik götürmüşlər (müqavilə Cavabdeh tərəfindən imzalanmamışdır). - xx.xx.2021-ci il tarixli, GT-13/21 №-li liftlərə texniki xidmət müqaviləsinə əsasən, xidmət göstərən "xxxx" MMC 4 ədəd yük-sərnişin liftinə mövcud qayda üzrə xidmət göstərməyi, sifarişçi İddiaçı MMC göstərilən işlərin dəyərini bu müqavilənin şərtlərinə uyğun ödəməyi öz öhdələrinə götürürlər. - xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, icraçı "xxxx" MMC yaşayış kompleksində yaşayan sakinlər üçün TV və İnternet xidmətləri göstərmək məqsədilə optik kabelin çəkilməsi xidməti göstərir, sifarişçi İddiaçı MMC göstərilən işlərin dəyərini bu müqavilənin şərtlərinə uyğun ödəməyi öz öhdəsinə götürür. - İcraçı Binəqədi MKTB ilə sifarişçi İddiaçı MMC arasında xx.xx.2011-ci il tarixli, Binəqədi rayonu ərazisində fəaliyyət göstərən dövlət müəssisələri, istehsalat, xidmət obyektləri, ticarət və digər kommersiya müəssisələrindən xaric olunan bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi üzrə, birtipli 10 №-li müqavilə bağlanmışdır. - iş materiallarına əlavə edilmiş Binəqədi-26 MMMC-nin arayışına əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Binəqədi-26 MMMC-yə heç bir kommunal borcu yoxdur. Tam ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər (maddə 137.5.). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər (maddə 390.1.). Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (maddə 390.3.). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir (maddə 38.2.). Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar (maddə 135.). Göstərilənlərə baxmayaraq Məhkəmə hesab edir ki, müzakirə edilən tələb tam həcmdə təmin edilə bilməz. Çünki iş materiallarından görünür ki, kommunal xidmətlərə görə cavabdehin borcu (iddiaçı MMC-nin özünün də bildirdiyinə görə) 2009-cu ilin yanvar ayından 2021-ci ilin iyun ayınadək olan müddət üçün hesablanmışdır. İddiaçı MMC həmin borcun tutulması barədə iddia ərizəsini isə xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Mülki Məcəllənin tələblərinə görə, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər (maddə 550.). Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir (maddə 373.3). Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır (maddə 552.1.). Odur ki, qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, iddiaçı MMC tərəfindən göstərilmiş kommunal xidmətlərə görə cavabdehdən MMC-nin xeyrinə 2020-ci ilin may ayına qədər hesablanmış borc məbləği tutula bilməz, həmin tarixdən sonra isə 2021-ci ilin may ayına qədər müddət üçün hesablanmış borc isə tutula bilər. Bu mövqedən iddiaçı MMC tərəfindən məhkəmələrə təqdim edilmiş “Borc bildirişlərə” yanaşdıqda müəyyən edilir ki, 2009-cu il üçün 18 manat, 2010-cu il üçün 106 manat, 2011-ci il üçün 29 manat, 2012-ci il üçün 127 manat, 2013-cü il üçün 138 manat, 2014-cü il üçün 34 manat, 2018-ci il üçün 30 manat, 2019-cu il üçün 360 manat, 2020-ci il üçün 360 manat, 2021-ci il üçün 150 manat, cəmi kommunal üçün 1352 manat, antena üçün 315 manat, qaz sayğacı üçün 300 manat, su sayğacı üçün 80 manat, krosna üçün 160 manat, cəmi 2207 manat təşkil edir. Məkəmə hesab edir ki, fiziki şəxslərə münasibətdə qaz, elektrik və su sayğaclarının quraşdırılması üçün hər hansı vəsaitin ödənilməsi tələb edilə bilməz. Buna görə də, sayğaca görə cavabdehdən iddiaçı MMC-nin xeyrinə hər-hansı pul məbləğinin tutulması barədə tələb əsassızdır. Məhkəmə qeyd edir ki, MMC, onun tərəfindən cavabdehin mənzilində sayğacların quraşdırılmasına görə hər hansı məbləğdə ödənişin edilməsi barədə məhkəməyə sübut da təqdim edilməmişdir. Həmçinin iş üzrə tərəflər arasında bağlanmış və yuxarıda göstərilən “Kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilələrdən” görünür ki, iş üzrə tərəflər bu kimi xərcin əvəzinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə razılaşdırmamış, cavabdeh həmin xərcin əvəzinin MMC-yə ödənilməsi barədə üzərinə öhdəlik götürməmiş, MMC, onun tərəfindən cavabdehin mənzilində sayğacların quraşdırılmasına görə hər hansı məbləğdə ödənişin edilməsi barədə sübutları məhkəmələrə təqdim etməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydalarının” tələbinə görə, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir (bənd 7.9.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” tələbinə görə, istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir (bənd 6.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələbinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (bənd 4.2.). Göründüyü kimi, qanunverici, istehlakçı olan fiziki şəxslərə məxsus yaşayış sahələrində qaz, elektrik və su sayğaclarının quraşdırılması üçün hər hansı vəsaitin ödənilməsini tələb edilmir. İddiaçı MMC-nin cavabdehə qarşı irəli sürdüyü digər tələbi ondan ibarətdir ki, cavabdeh, yaşadığı binada quraşdırılmış antenadan istifadə etsə də, bu istifadəyə görə yaranmış borcu ödəmir. Buna görə də, həmin məbləğ cavabdehdən onun xeyrinə tutulmalıdır. Cavabdehin bu tələbə qarşı olan etirazı ondan ibarətdir ki, o, mənzildə yaşadığı dövrdə, binada MMC tərəfindən quraşdırılmış televiziya antenasından ümumiyyətlə istifadə etməmişdir. Məhkəmə qeyd edir ki, MMC, binada quraşdırdığı ümumi antenadan cavabdehin istifadəsinə görə cavabdehə hesablanmış 315 manat məbləğində borcun tutulmasını tələb etsə də, cavabdehin həmin antenadan istifadə etməsini təsdiq edə biləcək sübutları təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi tərəflər arasında bağlanmış müqaviləni təqdim etsə də, həmin müqavilədə Cavabdeh imzası mövcud deyil. Məhkəmə Cavabdeh məhkəmə iclasında verdiyi izahatını və etirafını (kommunal xidmətlərinin göstərilməsi üçün hər ay 20(iyirmi) manat ödəmişdir) nəzərə alaraq, aylıq ödəməninin 20 (iyirmi) manatdan hesablanmasını ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “İdeal-İnşaat Company MMC”-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 240 (iki yüz qırx) manat (12 ay =1 il(2020-ci ilin may ayından 2021-ci ilin may ayına qədər) x 20 manat=240 manat) məbləğində borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 240 (iki yüz qırx) manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar