Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3633/2022 13.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “miras qalmış əmlakdan payların müəyyən olunması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras qalmış əmlakdan payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X2 küçəsi, ev 4, mənzil 30 ünvanında yerləşən mərhum nənəsi X1 məxsus olan mənzildən yəni miras mülkdən ona çatası payın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində cavabdehlər Cavabdeh2 və Cavabdeh3, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin ünvanlarını göstərməmişdir. Halbuki, iddia ərizəsi və digər sənədlər, habelə məhkəmə bildirişlərinin işdə iştirak edən şəxslərin ünvanına göndərilməsi üçün onların ünvanının göstərilməsi olduqca zəruridir. Bundan başqa, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli Təlimatın mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Plenumu Qərarında qeyd etmişdir ki, Mirasın vərəsələr arasında miras qoyan tərəfindən bölüşdürülməsi də mümkündür. Bu halda miras hələ miras qoyanın sağlığında qoyulmuş vəsiyyətnamə üzrə vərəsələr arasında bölüşdürülür. Belə ki, Mülki Məcəllənin 1275‐ci maddəsinə əsasən, miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər. Mirasın miras qoyanın təyin etdiyi şəxs tərəfindən bölüşdürülməsi halı da qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 1275‐ci maddəsinə əsasən, miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsini üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı; mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyrimümkün olsun. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi, vərəsələr vərəsəlik hüquqlarını təmin etmək üçün qanunla müəyyən olunmuş zəruri hüquqi hərəkətləri etməyə borcludurlar. Həmin hərəkətlərdən biri miras açıldıqdan sonra mirasın qəbulu və miras əmlakın bölüşdürülməsi barədə ərizə ilə notariusa müraciət etmələridir. Hazırki ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən isə müəyyən olunur ki, iddiaçı notariat orqanına müraciət etmədən birbaşa məhkəməyə müraciət etmiş, bununla da mülki prosessual qanunvericiliyin məhkəməyə qədər (pretenziya) nizama salınma tələbinə riayət etməmişdir. Ona görə də, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, iddia ərizəsində işdə iştirak edən şəxslərin yaşayış yerini və ya olduğu yeri göstərməklə, habelə iddia ərizəsinə hazırki xahişi ilə əlaqədar notariat orqanına müraciət edilməsi və həmin müraciətin hansı səbəblərdən təmin edilməməsi barədə sübutları əlavə etməklə təkrarən məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ M: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “miras qalmış əmlakdan payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, iddia ərizəsində işdə iştirak edən şəxslərin yaşayış yerini və ya olduğu yeri göstərməklə, habelə iddia ərizəsinə hazırki xahişi ilə əlaqədar notariat orqanına müraciət edilməsi və həmin müraciətin hansı səbəblərdən təmin edilməməsi barədə sübutları əlavə etməklə təkrarən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3633/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3633/2022
13.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver