Məhkəmə qərarları › İş №2(001)-364/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-364/2025

17.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-364/2025 17.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8 oğlunun katibliyi, İlkin iddia tələbi üzrə İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, məhəllə 3123, ev 63F, giriş 2, mənzil 190 ünvanında yerləşən iki otaqlı mənzil onun, yəni İddiaçı, şəxsi mülkiyyətindədir. AR ƏMDK yanında DƏDRX tərəfindən həmin mənzilə onun mülkiyyət hüquqlarını təsdiq edən ********** qeydiyya nömrəli çıxarış xx.xx.2020-ci il tarixdə verilmişdir. O, Cavabdeh ilə xx.xx.2020-ci tarixdə nikaha daxil olmuşdur. Cavabdehlə birgə nikahlarından X5 adlı bir övladı dünyaya gəlmişdir. Ailə qurduqdan sonra daima kirayədə yaşaslar da, o, həyat yoldaşı olduğuna görə Cavabdeh şəxsi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, məhəllə 3123, ev 63F, giriş 2, mənzil 190 ünvanında yerləşən mənzilə qeydiyyata götürülməsinə razılıq vermişdir. Cavabdeh ilə münasibətləri əvvəllər normal olsa da, sonradan, onun anasının ailə işlərinə qarışması səbəbindən pozulmuşdur. Cavabdeh təqribən bir il əvvəl birgə yaşadıqları evdən azyaşlı uşaqları ilə birlikdə çıxıb getmişdir. Cavabdeh qaldırdığı iddia əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-503/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə aralarındakı nikaha xitam verilmişdir. X4 artıq onun ailə üzvü olmadığından, onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, məhəllə 3123, ev 63F, giriş 2, mənzil 190 ünvanda yerləşən mənzildən istifadə hüququnun saxlanmasının heç bir faktiki və hüquqi əsası qalmadığından və onun mülkiyyət hüquqlarını pozduğundan, o, hesab edir ki, onun həmin ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməlidir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5 və 157.2-ci maddələri, həmçinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə əsaslandıraraq, onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, məhəllə 3123, ev 63F, giriş 2, mənzil 190 ünvanda yerləşən mənzilə dair Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, o, İddiaçı ilə 01 noyabr 2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onların rəsmi nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X5 adlı bir övladları vardır. Cavabdeh nikahlarından 3 gün əvvəl, yəni xx.xx.2020-ci il tarixdə təmirsiz ev almışdır. İddiaçı bildirmişdir ki, təmirə ehtiyac olan mənzilləri var və birlikdə onu təmir edərək köçməlidirlər. Cavabdeh ona Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, məhəllə 3123, ev 63F, giriş 2, mənzil 190 ünvanında yerləşən 79.30 kv.m sahədən ibarət olan iki otaqlı mənzilin ailələrinə məxsus olduğunu bildirmişdir. Cavabdeh İddiaçı bundan başqa ona bildirmişdir ki, müvəqqəti kirayə ev tutub yaşasınlar, evi təmir etdirib bitirəndən sonra evə köçərlər. O, da razılaşmışdır və hər ay əmək haqqını cavabdehin bank hesabına köçürmüşdür ki, mal-material və digər təmir işlərinə xərcləsin. Belə ki, nikaha daxil olandan sonra 2020-ci ildən 2021-ci ilin dekabr ayınadək pulu onun “Nikoyl” bank kart hesabına keçirtmişdir. 2022-ci ilin yanvar ayından isə pulu ondan nağd şəkildə almışdır. 2022-ci ilin mart ayında analıq məzuniyyətinə çıxmışdır. Analıq məzuniyyətində 1800 manat almış və gətirib yoldaşına vermişdir. Hələ analıq məzuniyyətində olarkən dövlətin ona ödədiyi 44 manat pulu kartdan əri çıxartmışdır. Ona məxsus bütün qazancı onun əlində idi. O, nikahdan əvvəl də mühasib vəzifəsində çalışmış və hal-hazırda da həmin vəzifədə çalışır. Həyat yoldaşı ona bildirmişdir ki, öz mənzillərini təmir etməlidirlər, kirayə xərcləri onların ailə büdcələrinə zərər vurur. Dəfələrlə cavabdehə yəni İddiaçı nə vaxt mənzilin hazır olacağını və nə vaxt köçəcəklərini soruşduqda ona bildirmişdir ki, “tələsməyək ailəmizə uyğun bir mənzilimizin olmasını istəyirəm”. Mənzilin hazır olduğunu bilsə də, ailədə əlavə söz söhbət olmasın deyə onun dedikləri ilə razılaşmağa məcbur olmuşdur. Ailədə yaranacaq söz söhbətin qızının uşaq psixogiyasına tez təsir edəcəyindən və hər hansı travma almağından ehtiyat edirdi. 2023-ci ilin iyul ayında cavabdeh İddiaçı daha kəskin aqressivləşməyə başlamış, onu tez-tez körpə övladı ilə qapıdan çölə atmış və qapını daxildən bağlamışdır. Bu hal onda tez-tez özünü göstərməyə başlamışdır. Belə ki, onun bu hərəkətləri ilə ailəni qoruyub saxlamağın mümkünsüz olduğunu görmüşdür. Son dəfə qızı ilə onu evdən qovmuş və onlar binanın soyuq pilləkənlərində saatlarla oturmalı olmuşlar. Gəlin köçdüyü vaxtdan yuxarıda adı çəkilən ünvanda yerləşən mənzildə o, və bir azyaşlı qızı Fatimə Cəfərova qeydiyyatdadırlar və hal-hazırda həmin mənzildə onların istifadə hüquqları vardır. O, 2020ci ildən 2023-cü ilin iyul ayına qədər cavabdehlə birgə yaşamaqla, onun ailə üzvü kimi qəbul edilmiş, həmin müddət ərzində davamlı olaraq ümumi təsərrüfatı birlikdə aparmışlar. Cavabdeh İddiaçı ilə aralarında nikah məhkəmə qətnaməsi ilə pozulsa da, qətnamə hüquqi qüvvəsini almamışdır. Ailə münaqişəsi zəminində yəni ərinin təhqir və böhtanlarına dözməyərək bir azyaşlı uşağı ilə birlikdə çıxmış və müvəqqəti olaraq qardaşının evində qalır. O, Bakı 9 saylı X1 ölkə xaricinə çıxarılması və mənzilə köçürmə haqqında Mediasiya sessiyasında vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 tərəfindən təmsil olunmuşdur. Cavabdeh hər iki məsələni mediatorun iştirakı ilə müzakirə etməyə razılıq vermişdir. Ondan əlavə olaraq cavabdeh bildirmişdir ki, o, 79 kv.m mənzili ona layiq görməmiş və onu kirayədə yaşatmışdır. Eyni zamanda o, güya onun işləməsinə narazı olduğunu, işlədiyi təqdirdə isə əmək haqqının hamısını ona verməsi şərtini irəli sürmüşdür. Əmək haqqını da ailə ehtiyacları üçün xərcləmişdir. Cavabdeh özü etiraf etmişdir ki, bütün pul ona verilmişdir. Cavabdeh göstərilənləri nəzərə alaraq, onun, yəni Cavabdeh və övladı xx.xx.2022-ci il təvəllüdlü X2 Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, məhəllə 3123, ev 63F, giriş 2, 190 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 hər biri ayrı-ayrılıqda ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 cavabdehə qarşı irəli sürülmüş ilkin iddia tələbini qəbul etməməklə yanaşı, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilkin iddia tələbi üzrə iddiaçının, onun nümayəndəsinin və qarşılıqlı iddia tələbi üzrə cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 503/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikaha xitam verilməsi, aliment və uşaq” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1765 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında saxlanılması və İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, giriş 2, 190 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, giriş 2, mənzil 190 ünvanında Cavabdeh qeydiyyatdadır. İş materiallarında olan ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB\9\2024-01143 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 14:45-də keçirilmiş ilkin mediasiya sessiyasında Cavabdeh və İddiaçı iştirak etmişlər və Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin İddiaçı mediasiya prosesini davam etdirməyə razılıq verməmiş, iddiaçının tələblərini qəbul etməmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 6189/2024 saylı 30 oktyabr 2024-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürmə” tələbinə dair iddiası üzrə olan e-2(001)-6189/2024 saylı mülki işlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə 2(001)-4880/2024 saylı mülki iş birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı Elvin Bəşirov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, izahatı alınmış Cavabdeh bildirmişdir ki, 2020-ci il tarixdə İddiaçıla ailə həyatı qurmuş və onların bu evlilikdən bir azyaşlı övladları olmuş, son zamanlar Adillə münasibətləri pozulduğundan xx.xx.2023-cü il tarixdə evdə açıq olan seyfdən özünə məxsus toyda və əlamətdar günlərdə ona hədiyyə edilmiş qızılları götürərək çıxıb getmiş, bundan əlavə seyfdə həmin zaman qayınanasına məxsus qızıllar olsa da, onlara əl vurmamış, seyfdə heç bir pulun olmadığını, Adilin onun barəsində yazdıqlarının şər və böhtan olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, giriş 2, 190 saylı mənzil ünvanında İddiaçı və X5 qeydiyyatdadırlar. İş materiallarında olan “Ceyhun-3” İKF tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh həqiqətən “Ceyhun-3” İKF-da mühasib vəzifəsində işləmişdir. Onun xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək ştat cədvəlinə uyöun olaraq aylıq vəzifə maaşı 700 manat məbləğində hesablanmış və ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında Plenum qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin qərarda Plenum qeyd etmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93) Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, bu Qərarda müəyyən edilmiş konstitusiya-hüquqi mənasına uyğun olaraq Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları özü-özlüyündə yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermənin hüquqi tənzimlənməsinə dair konstitusiya prinsipləri ilə uzlaşmayan və konstitusion hüquq olan mənzil hüququnun müdafiəsini təmin etməyən norma kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 22 yanvar 2015-ci il qərardadında məhkəmə qeyd etmişdir ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi) Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, giriş 2, 190 saylı mənzil İddiaçı adına nikahdan əvvəl xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuşlar və tərəflər arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, qətnamə qanuni qüvvəsi almasa da, faktiki olaraq tərəflər arasında ailə münasibətlərinə xitam verilmiş, cavabdeh həmin mübahisəli mənzildə yaşamamış, kirayədə qaldığı mənzili tərk edərək getmişdir. İlkin iddia tələbi üzrə İddiaçı isə ilkin iddia tələbi üzrə cavabdehin mübahisəli mənzilə olan istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mənzil məcəlləsinin müvafiq normalarına görə ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır. Bununla yanaşı ilkin iddia tələbi üzrə Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisinin keçmiş ailə üzvü olmaqla maddi vəziyyəti və özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməyən diqqətə layiq digər hallar barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə qeyd olunan qanunvericilik normalarını, həmçinin Konstitusiya Məhkəməsinin mövqeyini əsas tutaraq, hesab edir ki, tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulduğundan, bununla da Cavabdeh İddiaçı arasında ailə münasibətlərinə xitam verildiyindən ilkin iddia tələbi əsaslı olduğundan təmin olunmalı və Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, giriş 2, 190 saylı mənzilə dair istifadə hüququna xitam verilməli, ilkin iddia tələbi təmin edildiyinə görə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair ilkin iddiası təmin edilsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürmə” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, giriş 2, 190 saylı mənzilə dair istifadə hüququna xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar