Məhkəmə qərarları › İş №2(001)-3654/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3654/2021

14.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3654/2021 14.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Baksol küçəsi 17 a saylı 2 otaqlı fərdi evin giriş-çıxış hissəsinin təcrid olunması məqsədi ilə həyət hissəsinin onun vəsaiti hesabına bölünməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Baksol küçəsi 17 a saylı 2 otaqlı fərdi evin giriş-çıxış hissəsinin təcrid olunması məqsədi ilə həyət hissəsinin onun vəsaiti hesabına bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Baksol küçəsi 2 otaqlı özbaşına inşa olunan 17a saylı evə o, 2010-ci ildə gəlin köçmüş, özbaşına tikilinin kommunal xidmətləri keçmiş qaynatası Cavabdeh1 adına olmuşdur. Onun 02.03.2011-ci il tarixdə ikinci cavabdeh N.Q. Səfərovla bağlanmış nikahından oğlu Ayxan doğulmuşdur. Cavabdeh2la nikahı ləğv edilmiş və onun köçdüyü ünvana istifadə hüququ tanınmaqla köçürülməsi, həmin ünvana pasport qeydiyyatına alınmasına dair iddia tələbi təmin edilmişdir. Hazırda yaşadığı ünvanda yerləşən iki otağın birində azyaşlı övladı ilə o, digərində cavabdehlər ailə üzvləri ilə yaşayırlar. Nümayəndə qızı ilə birlikdə həmin evdə yaşamır, onun özünə məxsus evi vardır. Yaşayış evinin giriş hissəsi, həyəti təxminən 25- 30 m2 olmaqla ümumi istifadədədir. Bundan başqa evin mətbəxi və sanitar normaların nizamlanmasına xidmət edən digər sahələr ümumi istifadədədir. Demək olar ki, hər gün birgə yaşayış normaları pozulur, münasibətlər gərgin olaraq qalmaqdadır. Dəfələrlə münasibətlər inzibati orqanlar tərəfindən araşdırılmışdır. Baş verən hadisələr azyaşlı övladının sağlamlığına, psixoloji durumuna olduqca mənfi təsir edir. O, Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək yaşayış sahəsinin giriş-çıxış hissəsinin yenidən planlaşdırılmasını xahiş etsə də, cavabdehlər tərəfindən buna razılıq verilməmiş, 18.03.2021-ci il tarixli məktubla məlum sualın həlli ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdehlər faktiki olaraq digər yaşayış sahəsi ilə təmin olunmuşlar. Belə ki, cavabdehin böyük oğlunun fərdi evi Mehdiabad qəsəbəsində mövcuddur. Həmçinin 07.11.1994-cü il tarixli orderlə cavabdeh Nizami rayon 8 km Qəsəbəsi H.Zərdabi küçəsi 4 saylı evin 5 otaqlı, 87 saylı mənzilinin sahibidir. Buna baxmayaraq cavabdeh və ailə üzvləri bu ünvanda pasport qeydiyyatında qalmağa üstünlük verirlər. Ona görə də Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Baksol küçəsi 17 a saylı 2 otaqlı fərdi evin giriş-çıxış hissəsinin təcrid olunması məqsədilə fərdi evin həyət hissəsinin bölünməsinə, bu zaman çəkiləcək maliyyə vəsaitinin onun tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Baksol küçəsi 17a saylı ev ona məxsusdur. Həmin ev özbaşına tikilidir və iddiaçının həmin evə dair hər hansı hüququ yoxdur. Həmin 2 otaqlı evdə iddiaçı ilə yanaşı, o, arvadı, oğlu, qızı və nəvələri yaşayır və ev kiçik olduğundan fərdi həyət evinin düzgün bölünməsi mümkün deyil və evdə yaşayanlar buna razı deyillər. O, iddiaçının dediyi kimi Nizami rayonu 8 km, H.Zərdab küçəsi 4 saylı evin 5 otaqlı 87 saylı mənzilinin sahibi deyildir. Ona order verilsə də, mənzil tikilməmiş, tikili yarımçıq saxlanılmışdır. Hal-hazırda o, ailə üzvləri ilə 2 otaqlı evdə yaşayır, başqa yaşayış sahəsi yoxdur. 2 otaqlı evdə 2 tualet, 2 hamam 2 mətbəxin düzəldilməsi üçün yer belə yoxdur. 2 otaqlı evin giriş-çıxış hissəsinin yenidən planlaşdırılması üçün icazə alınmalıdır. Belə icazə isə evə mülkiyyət hüququ olan şəxslərə verilir. Lakin halhazırda yaşadıqları ev özbaşına tikinti olmaqla həmin mülk üzərində onun və ailə üzvlərinin belə hər hansı subyektiv hüququ yoxdur. Ona görə də iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsi Baksol küçəsi 2 otaqlı özbaşına inşa olunan 17a saylı evin bir otağında iddiaçı övladı ilə, digər otağında isə o, qızı, qardaşı Cavabdeh2, anası və atası birlikdə yaşayırlar. Ev özbaşına tikili olduğundan, iddiaçının da evə hər hansı bir hüququ olmadığından həmin evdə, torpaq sahəsində bölgü aparılmasını tələb etmək hüququ da yoxdur. Onlar iddiaçıya övladı ilə birlikdə yaşaması üçün başqa yaşayış sahəsi almaq istəsələr də, bunun hələ müsbət nəticəsi əldə olunmamışdır. Belə ki, iddiaçı yaranmış aliment borcunu, onun yaşayış sahəsi ilə təmin edilməsini tələb edir, buna isə onların maddi imkanı yoxdur. İddiaçının köçürüldüyü evə heç bir hüququ yaranmadığından, həmin ev özbaşına tikili olduğundan iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş 29.03.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2, X3, X7, X4, X5, Nümayəndə, X1, X2, X6 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin 15.10.2021-ci il tarixli **********18 saylı məktubundan müəyyən olunur ki, mülki iş üzrə mütəxəssis rəyinin təqdim edilməsi üçün tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyinin hazırlanması təmin edilmişdir. Azərbaycan Respublikası Tarif Şurasının 04.01.2021-ci il tarixli 02 nömrəli qərarına uyğun olaraq iş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc barədə tərtib olunmuş smetada nəzərdə tutulmuş xidmət haqqı ödəniləcəyi təqdirdə mütəxəssis rəyinin məhkəməyə göndərilməsi təmin ediləcəkdir. Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin 15.10.2021-ci il tarixli **********18 saylı məktubunun və smetanın surəti 26.10.2021-ci il tarixdə İddiaçı təqdim olunmuş, lakin iddiaçı xidmət haqqını ödəməsi barədə sübutunu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 97.5.-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə Ekspertizası Mərkəzinin 22.10.2021-ci il tarixli 10\2664 saylı rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq mütəxəssis rəyi mərkəzə təqdim olunmadığına görə qərardadın bu suallarını cavablandırmaq mümkün olmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Baksol küçəsi 17 a saylı 2 otaqlı fərdi yaşayış evinin giriş çıxışınıntəcrid olunması məqsədi ilə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin həyətyanı sahə kimi istifadə olunan hissəsinin təcrid olunmuş şəkildə bölgüsünün aparılması mümkündür. Bunun üçün sözügedən sahənin tən ortasından sərhəd hasarı çəkilməlidir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən tikili özbaşına inşa olunan tikili olmaqla iddiaçının bu tikiliyə və tikilinin yerləşdiyi torpaq sahəsinə dair hər hansı bir hüququ mövcud deyildir. Məhkəmə qeyd edir ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının yaşadığı özbaşına tikiliyə, tikilinin yerləşdiyi torpaq sahəsinə hər hansı bir hüququ yaranmadığından, mövcud olmayan hüququn pozulması mümkün olmadığından, hər hansı bir hüququ olmayan daşınmaz əmlakla bağlı cavabdehlərə qarşı tələb irəli sürməyə iddiaçının subyektiv hüququ olmadığından iddia tələblərinin təmin edilməsi qeyrimümkündür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Baksol küçəsi 17 a saylı 2 otaqlı fərdi evin giriş-çıxış hissəsinin təcrid olunması məqsədi ilə həyət hissəsinin onun vəsaiti hesabına bölünməsinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı dövlət nəfinə iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar