Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3658/2025 25.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19128 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmasına baxmayaraq, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. 2024-cü ildə ev almaq məqsədi ilə “Evlərin alqı-satqısı və kirayəsi” ilə məşğul olan şəxslərlə maraqlanarkən, həmin şəxslərdən X3 ilə rastlaşmış və Novruz Cahangirov Bakı şəhəri, Xətai rayonu ərazisində 3 mərtəbəli binanın üçüncü mərtəbəsində satılası evi olduğunu və bəyəndikləri təqdirdə evin sahibi ilə razılaşacaqlarını bildirmişdir. O, əri, X4 ilə evə baxdıqdan sonra, evi almaq qərarına gəlmişlər. Bundan sonra əri, Vasif Bəbirovla birlikdə evin sahibi, hazırki iş üzrə Cavabdeh ilə görüşüb evi almağa razılıq vermişlər. Cavabdehlə aralarında olan 25 oktyabr 2024-cü il tarixdə evlərin alqı-satqısı müqaviləsinə əsasən evi 42000 manata almışlar. Cavabdehlə aralarında olan müqaviləyə əsasən 42000 manat məbləğin 20000 manat hissəsini bir ay müddətində, qalan 22000 manat hissəsini isə hər ay 500 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə həmin evi 1 ay müddətində, yəni 25 noyabr 2024-cü il tarixə kimi pəncərələrini yerinə otuzdurub, içərisini normal qaydada təmir elətdirib ona verməyi öhdəsinə götürmüşdür. O, Cavabdeh beh olaraq 2000 manat vermiş, lakin sonradan özünü sığortalamaq üçün qalan 17000 manatı Bakı şəhəri 6 saylı notariat ofisində Cavabdehlə aralarında borc müqaviləsi bağlayaraq cavabdehə vermişdir. Bundan başqa, həmin alqı-satqı müaviləsinin gerçəkləşməsi üçün notariat xidmətləri üçün 128 manat pul vəsaiti xərcləmişdir. Cavabdehlə aralarında razılaşdıqları 1 ay müddət bitdikdən sonra o, gedib evə baxmış və görmüşdür ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Belə ki, cavabdeh həmin evi 1 ay müddətində, yəni 25 noyabr 2024-cü il tarixə kimi pəncərələrini yerinə otuzdurub, içərisini normal qaydada təmir elətdirib ona verməli olduğu halda, bunu etməmişdir. Bundan sonra o, əri, Vasif Bəbirovla birlikdə evin sahibi ilə əlaqə saxlayıb, niyə belə elədiyini və üzərinə götürdüyü öhdəliyə əməl etməsini tələb etmişlər. Lakin cavabdeh bu məsələyə biganə yanaşaraq onların bu narazılığına əhəmiyyət verməyərək məsələnin həll edəcəyini bildirmişdir. O, cavabdehdən borclu olduğu pulu qaytarmasını dəfələrlə tələb etsə də, cavabdeh hər dəfə bəhanələr gətirərək borcunu qaytarmaqdan yayınmışdır. Bundan sonra o, onun bu hərəkətləri barədə hüquq-mühafizə orqanlarına müraciət etmiş, lakin bu məsələnin məhkəmə qaydasında həll olunması ona izah edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirmişdir ki, cavabdehlə ev alqı-satqısı ilə məşğul olan Cahangir adlı şəxsin vasitəsilə tanış olmuşdur. Cavabdeh Xətai rayonunda yerləşən özünə məxsus mənzili göstərmiş və onlar həmin mənzilin 42000 manata alınmasında razılıq əldə etmişlər. xx.xx.2024-cü il tarixdə mənzilə baxış keçirmişlər. Mənzil təmirsiz olmuş və cavabdeh mənzilə pəncərələr yerləşdirildikdən, qapı qoyulduqdan və yüngül təmir işləri gördükdən sonra 1 ay müddətində təhvil verəcəyini və bundan sonra aralarında alqı-satqı müqaviləsi bağlanacağına dair söz vermişdir. Həmin günü ilkin olaraq 2000 manat beh verilməsi barədə müqavilə bağlamışlar. Həmin zaman 1000 manat pulu cavabdehin özünə şəxsən vermişlər, 1000 manat pulu isə cavabdehin onlara təqdim etdiyi qadına aid kart hesabına köçürmüşdür. Növbəti günü xx.xx.2024-cü il tarixdə notariusa getmişlər və orada 17000 manat pulu cavabdehə vermişlər və bu barədə borc müqaviləsi bağlamışlar. Evin dəyərinin qalan hissəsini cavabdeh evi təmir etdikdən sonra alqı-satqı müqaviləsi bağlanan zaman verilməli idi. xx.xx.2024-cü il tarixdən bir neçə gün sonra mənzilə baxmağa gedəndə orada iki nəfər şəxsin yalandan iş gördüyünü görmüşlər. Sonradan isə mənzilin təmir edilmədiyini görmüşlər. Cavabdehlə əlaqə saxlamışlar və cavabdeh razılaşdıqları kimi mənzili onlara təhvil verəcəyini bildirmişdir. Lakin yenədə evin təmir edilmədiyini görmüşlər. Onlara bildirilmişdir ki, cavabdeh onları aldadır. Bundan sonra cavabdehdən pulunu tələb etmişlər. Cavabdeh onun evlərinin, obyektlərinin olduğunu və onların pullarının ona lazım olmadığı demişdir. Bir müddətdən sonra pulu qaytarmadığından əri cavabdehlə əlaqə saxlayaraq pulu yenə geri qaytarmasını tələb etmişdir. Cavabdeh isə ərinə kimə istəyirlər şikayət edə biləcəklərini söyləmişdir. Daha sonra isə müəyyən etmişlər ki, mənzil başqa şəxslərə satılmışdır. Bundan sonra onlar polisə şikayət etmişlər. Lakin bir cavab olmamışdır. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişlər. Həmçinin bildirmişdir ki, onun tərəfindən cəmi 128 manat məbləğində notariat haqqının ödənilməsində xərc çəkmişdir. Pul cavabdehə borc kimi verilməmiş, aralarında olan mənzilin alqı-satqı ilə bağlı şifahi razılaşmaları əsasında verilmişdir.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
5. Cavabdeh iddiaya qarşı yazılı etirazla məhkəməyə müraciət etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan sübutlar:
6. Borc verən İddiaçı və borcalan Cavabdeh arasında xx.xx.2024-cü il tarixli notarial qaydada bağlanmış borc müqaviləsinin surətindən görünür ki, bu müqavilə, borc verən tərəfindən borcalana 17000 manat məbləğində pulun borca verilməsi, boralan tərəfindən borcun xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarması barədə öhdəlik götürməsi haqqında bağlanılmışdır.
7. Evlərin alqı-satqı müqaviləsinin surətindən görünür ki, bu müqavilə, mənzilin sahibi Cavabdeh ilə mənzili alan şəxs İddiaçı arasında Xətai rayonu, Rəşid Bağırov küçəsində yerləşən mənzilin 42000 manat qiymətinə satılması, mənzilin alqı-satqı gününün xx.xx.2024-cü il tarix olması, mənzilin 25 günə təhvil verilməsi, 2000 manat behin ödənilməsi barədə razılıq əldə edilməsi haqqında bağlanılmışdır. Bu müqaviləni satıcı Cavabdeh Elbrus oğlu, alıcı İddiaçı və şahidlər X3, X1 tərəfindən imzalanmışdır.
8. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, 1000 manat məbləğində pul Ə***G***Ə***qızına aid kart hesabına köçürülmüşdür.
9. xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qəbzlərin surətindən görünür ki, notariat xidməti üçün 116 manat və 12 manat, cəmi 128 manat məbləğinə pul iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
10. İş üzrə tərəflər arasında xx.xx.2024-cü il tarixdə Xətai rayonu ərazisində yerləşən mənzilin alqı-satqısı barədə şifahi qaydada razılıq əldə olunmuşdur. Lakin mənzil təmirsiz olduğundan cavabdeh 1 ay müddətində mənzilə pəncərələrin yerləşdirilməsi, qapının qoyulması və mənzildə yüngül təmir işlərinin görülməsi barədə öhdəlik götürərək bu işlərin yerinə yetirildikdən sonra mənzilin alqı-satqısının həyata keçiriləcəyi barədə tərəflər arasında razılıq əldə edilmişdir.
11. Qeyd olunan şifahi razılaşma əsasında iddiaçı tərəfindən ilkin olaraq 2000 manat məbləğində beh verilmiş, daha sonra isə iddiaçı tərəfindən cavabdehə mənzilin dəyərindən 17000 manat məbləğində pul verilmiş, lakin bu hal xx.xx.2024-cü il tarixdə tərəflər arasında borca pulun verilməsi kimi rəsmiləşdirilmişdir.
12. Həmçinin aralarında yaranmış münasibətlərin notarial qaydada rəsmiləşdirilməsi üçün iddiaçı tərəfindən notariat xidməti üçün cəmi 128 manat xərc çəkilmişdir. Tətbiq edilən maddi hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
14. 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. 144-1.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir.
16. 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
17. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır;
18. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
19. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
20. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
23. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
24. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
26. 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.
27. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
28. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.
29. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
30. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir.
31. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
32. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
33. 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
34. 770-1.4. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların alqı-satqı müqavilələrinə bu Məcəllənin daşınmaz əşyaların alqı-satqısı haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
35. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
36. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
37. 648.3. Alqı-satqı müqaviləsinin predmetini digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar təşkil edirsə, alıcının üzərinə həmin payların alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyi qoyula bilməz. Bu zaman ödəmələr bu Məcəllənin 770-1-ci maddəsində nəzərdə tutulmuş şərtlər nəzərə alınmaqla və tikintinin mərhələləri üzrə hissələrlə həyata keçirilməlidir. Tətbiq edilən prosessual normalar və qaydalar:
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
39. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
40. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
42. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:
44. İşin müəyyən edilmiş hallarına görə tikintisi başa çatmayan binadan mənzilin satılması ilə bağlı tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, cavabdeh mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının tərkib hissəsini 25 gün müddətində sifarişçiyə təhvil verəcəyi barədə xx.xx.2024-cü il tarixdə öhdəlik götürmüşdür. Bununla belə, tərəflər arasında olan podrat münasibətləri “borc” müqaviləsi və “evlərin alqı-satqısı” müqavilələri ilə rəsmiləşdirilmişdir. Həmin müqavilələr çərçivəsində iddiaçı cavabdehə 19000 manat pul ödəmişdir. Lakin cavabdeh öhdəliyini icra etməyərək, nəzərdə tutulan mənzili iddiaçıya təhvil verməmişdir.
45. Məhkəmənin qənaətinə görə “borc” və “evlərin alqı-satqısı” müqavilələri yalan əqd olmaqla tərəflər arasında olan podrat müqaviləsini pərdələmək məqsədilə bağlanmışdır. Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlarında da qeyd edilmişdir ki, yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqazidd bir hərəkətdir. Qanunverici görüntü üçün bağlanan müqavilə tərəflərinin həqiqi iradə ifadəsi olan digər bir müqaviləni pərdələdiyi halda (yalan əqd halında), pərdələnən əqdə aid qaydaların tətbiqini mümkün hesab etmişdir. Həqiqi niyyət, əsl iradə ifadəsi isə müqavilənin bağlanmasına əsas olmuş şərait və motivin, müqaviləyə qədərki danışıqların, tərəflər arasındakı gerçək münasibətlərin araşdırılması əsasında təsbit edilə bilər.
46. Odur ki, tərəflər arasında bağlanmış “borc” və “evlərin alqı-satqısı” müqavilələri yalan əqd olmaqla etibarsızdır və hazırki iş üzrə tərəflərin əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilməlidir. Hansı ki, cavabdeh mənzildə tamamlama işləri gördükdən sonra 25 gün ərzində mənzili iddiaçıya təhvil vermək barədə, iddiaçı isə mənzilin dəyərinin bir hissəsini, yəni 19000 manat ödənilməsi barədə öhdəlik götürmüşdür. İddiaçı öhdəliyini icra etsə də, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməyərək, mənzili razılaşdırılmış qaydada və müddətdə iddiaçıya təhvil verməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı müqavilədən imtina etməklə ödədiyi 19000 manat məbləğində vəsaiti və öhdəliyin pozulması nəticəsində düşdüyü 128 manat zərəri cavabdehdən tələb etməkdə haqlıdır. Hansı ki, iş materialları ilə də sübut edilir ki, iddiaçı həmin müqavilə münasibətləri çərçivəsində cavabdehə 19000 manat pul vermiş və müqavilələrin rəsmiləşdirilməsi ilə bağlı 128 manat xərc çəkmişdir. Nəticə:
47. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 19128 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
48. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 19128 (on doqquz min yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən İlkin Əliyev