Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-366/2025 04.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı üçüncü şəxslər Binəqədi rayonu Xocasən Bələdiyyəsi, X13 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı olmaqla Cavabdeh qarşı “gediş-gəliş yolunda maneənin sökülməsi və pul” tələbinə dair mülki işə (açar sözlər: sahiblik, maneələrin aradan qaldırılması, subyektiv hüquq) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, Cavabdeh və etibarnamə üzrə nümayəndəsi X4 Üçüncü şəxs Binəqədi rayonu Xocasən Bələdiyyəsinin nümayəndəsi X1 Üçüncü şəxs X13 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı nın nümayəndəsi X5 iştirakları ilə, İddiaçı üçüncü şəxslər Binəqədi rayonu Xocasən Bələdiyyəsi, X13 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı olmaqla Cavabdeh qarşı “gediş-gəliş yolunda maneənin sökülməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı X7 üçüncü şəxslər Binəqədi rayonu Xocasən Bələdiyyəsi, X13 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı olmaqla Cavabdeh qarşı “gediş-gəliş yolunda maneənin sökülməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə əsasən Cavabdeh Firudin oğlunun Nərmin Zeynalovanın yaşadığı fərdi yaşayış evinə gedən gediş-gəliş yolunun üzərində tikdiyi maneənin sökülməsi, Cavabdeh Firudin oğlunun su çənini satdıqdan sonra həmin su çəninin alınması üçün Nərmin Zeynalovanın ona verdiyi 350 AZN pulun sonuncuya qaytarılması, 30 AZN məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq Nərmin Zeynalovaya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi əsl olmayan iddiaçının əsl olan İddiaçı ilə əvəz edilməsi barədə ərizə ilə müraciət etmiş, ərizəsi əsasında əsl olmayan iddiaçı əsl olan İddiaçı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X7 2007-ci ildən etibarən ailə üzvləri- həyat yoldaşı, övladları Sabir, Sadiq və Əlağa Zeynalovla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə yaşayış massivi, R.Allahverdiyev küçəsində fərdi yaşayış evində yaşayır. Qeyd etdiyi ailə uzun müddətdir maddi çətinliklərinə baxmayaraq birlikdə, birgə səylərinin nəticəsində həmin daxma tipli yaşayış evində üç övlad boya-başa çatdırmış, böyük oğlu Sabir Zeynalov ikinci qrup əlil olmağına baxmayaraq “Takevandoo” döyüş sənəti üzrə (hətta tək qolu ilə) Azərbaycan Respublikasının adını şərəflə dünya ölkələrində uca tutmuş, sonuncu dələ isə Koreyada keçirilən yarışda finalda qızıl medal almış, dünya avropa mükafatçısı, əməkdar idman ustası, “Qran-Pri” və Asiya çempionudur. Hal-hazırda “Paris 2024” Olimpiadasına lisenziya qazanmışdır. Lakin kasıbçılıqla Azərbaycan dövlətinə, millətinə faydalı övlad yetişdirən, sakit təbiətli bu ailə uzun müddətdir hələ də öz həllini tam tapa bilməyən bir problemlə üzləşmiş, çıxış yolunu isə qanunvericiliyin gücünə, məhkəmə sisteminin ədalətinə güvənərək məhkəməyə müraciət etməkdə görmüşlər. Belə ki, yaşadıqları evə bitişik fərdi yaşayış evində yaşayan Cavabdeh Firudin oğlu 2010-cu ildə digər qonşusunun boş torpaq sahəsində icazəsiz və qanunsuz tikinti aparmış, nəticədə həmin torpaq sahəsinin sahibi ilə münaqişələri yarandığından məcburiyyət qarşısında 4000 manat pul ödəməklə həmin torpağı almışdır. Bundan sonra o, Cavabdeh ilə şərikli pulları ilə 700 (yeddi yüz) manat dəyərində su çəni alıb iki yaşayış evinin həyətinin ortasına qoymaqla birlikdə istifadə etmişlər. Bir müddət sonra Cavabdeh onun və ailəsinin səmimi qonşuluq münasibətindən sui-istifadə etməklə sonuncunun yaşadığı evin arxa tərəfindən qapısına gedən, həmin torpağın üzərində şiferlə qanunsuz tikili tikdikdə, buna öz etirazını bildirdikdə tikilini müvəqqəti tikdiyini, ən qısa zamanda isə sökəcəyini bildirir. Lakin sonralar münasibətləri pisləşdiyinə görə Cavabdeh həmin tikilini sökməkdən imtina edir, nəticədə isə Nərmin Zeynalovanın və ailəsinin yaşadığı fərdi yaşayış evinə gedən əsas gediş gəliş yolunda hərəkətə maneəçilik yaradır. Bununla bağlı iddiaçı bir neçə dəfə Bakı şəhəri, Binəqədi RPİ-nə, Binəqədi RİH-nə və Binəqədi rayonu, Sulutəpə bələdiyyəsinə müraciət etmiş, nəticədə Cavabdeh Elniz və Nərmin Zeynalovadan xəbərsiz həmin dəmir su çənini doğramaqla dəmirçilərə satmış, su çəninə verilən pulun yarısını, yəni 350 AZN məbləğində pulu isə iddiaçıya qaytarmamışdır. Buna baxmayaraq onun yaşadığı fərdi yaşayış evinə gediş-gəliş yolunu bağlamaqla hərəkətə maneə törədən qeyd edilən tikilini də hal-hazıradək sökməmiş, hazırda sökməkdən imtina edərək qanuni haqqını tələb edən zaman onu təhqir edir, əxlaqsız təkliflər irəli sürür. Bütün bunlara baxmayaraq Cavabdeh normal, sivil qonşuluq münasibətlərində yaşamaq əvəzinə, onun yaşadığı fərdi yaşayış evinin hərətinə zibil tullamış, dəfələrlə sonuncunun yetkin oğlunun qarşısında onu təhqir etmiş və digər qeyriqanuni hərəkətlərə yol verməkdə davam edir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirmişdir ki, tərəflər qohumdurlar. Bir neçə il əvvəl cavabdeh tərəf iddiaçıya torpaq vermiş və əvəzində də pul almışdır. Sonra bir müddət sonra iddiaçının evinə gedən yolun üstündə bir tikili tikilmişdir. Nə üçün tikildiyi hələdə bəlli deyildir. Buda iddiaçının evinə gediş-gəlişini çətinləşdirmişdir. Əgər hər hansı bir hadisə baş verərsə, nə yanğın söndürən maşın, nədə ki, təcili-tibbi yardım maşını daxil ola bilməyəcək. Həmin tikili cavabdehin özünə də maneə yaradır. Əlavə olaraq da həyətlərində su çəni var idi. Həmin su çənini cavabdeh tərəfindən sökülüb satılmışdır. Amma iddiaçıya düşən pul geri verməmişdir. Hesab edir ki, iddiası əsaslıdır və məhkəmədən təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında və yazılı etirazında bildirdi ki, 2004-cü ildə anası ilə 5 sot torpaq almış, 14 m-33.6m almışdır. 6 metrn 33.60 iddiaçıya hədiyyə vermiş, satmamışdır. Cavabdeh ona 500 ABŞ dolları borca pul versə də, lakin torpağı onun qarşılığında verməmişdir. Buna baxmayaraq iddiaçı ona torpağı verdiyinə görə borc verdiyi 500 dollarını istəmədiyini bəyan etmişdir. Ona torpaq verdiyi sahədə iddiaçı 2008-ci ildə ev tikdirmişdir. O isə su çənini 2006-cı ildə almışdır. Həmin su çənini 300 ABŞ dolları ödəməklə almışdır. Ondan öncə də evinin qabağında maşın yolu olmadığı üçün mağaza açmışdır. Evinin qabağında 4000 manata torpaq almış, həmin torpağa ayda 400 manat ödəniş edir. İddiaçı isə ondan əvvəlki torpağında yol üçün yer istəyir. Belə olan halda onun özünün istifadəsi üçün torpaq sahəsi qalmır. O, iddiaçıdan torpaq sahəsi verdiyi üçün pul almamışdır. 2004-2007-ci ilə kimi iddiaçı onun yanında qalmışdır. İcra Hakimiyyətinin əməkdaşlar su çənin götürülməsini tələb etiyindən götürmüşdür. Həmin çəni götürməyindən iddiaçı xəbəri olmamasını bildirsə də, yalan məlumatdır. Belə ki, hər iki evin arasında bir daşdan ibarət hasar olduğundan bilməməsi mümkünsüzdür. Qaraj üçün tikdiyi tikilinin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətidir. Məhkəmə iclasında iştirk edən üçüncü şəxs Binəqədi rayonu Xocasən Bələdiyyəsinin nümayəndəsi X6 iddia tələbi ilə bağlı bildirmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyə tərəfindən tərəflərin qanuni istifadəsinə verilməmiş, həmçinin üçüncü şəxslərin də istifadəsində deyil. Həmin ərazidə tikilən tikililər özbaşına olmaqla tərəflərin torpaq sahəsi üzərində hər hansı hüquqları yoxdur. Belə olan halda iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmə mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirk edən üçüncü şəxs X13 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı nın nümayəndəsi X8 iddia tələbinə etiraz edərək bildirmişdir ki, qeyd edilən torpaq sahəsi kontrkt ərazi hüdudları daxilində yerləşməklə neft hasilatı üçün nəzərdə tutulmuş və X13 Şirkətinin balansındadır. Hər iki tərəfin tikilisi mühafizə zonasına aid olan ərazidə yerləşir. Hesab edir ki, iddia tələbi rədd edilməlidir. İİİ.İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Hesab fakturanın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən ev üçün "xxxx" ASC tərəfindən hesablanmış məbləğ İddiaçı adına göndərilmişdir. - Bildirişin surətindən görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən ev üçün "xxxx" ASC tərəfindən hesablanmış məbləğ Zeynalov Elnurun adına göndərilmişdir. - Binəqədi rayonu Xocəsən bələdiyyəsinin qəbzindən görünür ki, vergi qəbulu İddiaçı tələb edilmişdir. - Binəqədi rayonu Xocəsən bələdiyyəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 756 saylı arayışdan görünür ki, X7 və onun ailəsi bələdiyyənin inzibati ərazisi olan Sulutəpə qəsəbəsində qeydiyyatsız yaşayır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/3688 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-cü il tarixli, 3-21-3-30/2-2161/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, göstərilən ərazidə iki ədəd yaşayış evi mövcuddur. Göstərilən torpaq sahəsinə və üzərində mövcud olan tikililərə dair sənəd təqdim edilməyib. Mübahisəli olan 200.0 kv.m sahənin koordinantları əlavə olunur. X 1. 394543.400 2. 394534.603 3. 394536.650 4. 394545.198 Y 4475053.688 4475054.634 4475077.571 4475076.438 Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsinin" nin hüdudları daxilində yerləşir (Binəqədi Oil Ə.Ş). Həmçinin ərazidən 33.0 m şimal istiqamətdə, 61.0 m şərq istiqamətdə və digər yaxın ətrafda ləğv olunmuş neft quyularının məlumatı var. Sahəyə dair sənəd təqdim edilmədiyindən ətraflı qeyd aparmaq mümkün olmadı. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. İlk növbədə məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Göründüyü kimi göstərilən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən belə halların mövcudluğu ilə bağlı iddiaçılar tərəfindən də mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, sübutetmə yükü baxımından mübahisəli əmlakın hansı hissəsinin cavabdehlərin qanunsuz sahibliyində olması və s. bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından iddiaçının üzərinə düşür. Çünki, görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçıların hazırki iddianı verərkən subyektiv hüququnun olması ilə bağlı istinad etdiyi dəlillər mövcud deyildir. Həmçinin məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmiş şəxs özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. - Mülki iş materiallarından aydın olur ki, iddiaçının mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontakt sahəsi”nin hüdudları daxilində yerləşməklə (Binəqədi Oil) Dövlət mülkiyyəti torpağıdır. Sahənin yaxınlığında fəaliyyətsiz neft quyusu məlumatı mövcuddur. Bundan əlavə sahəyə dair təqdim edilmiş cizgidə heç bir istinad, istinad məsafəsi, perimetrik ölçülər göstərilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Bundan başqa məhkəmə iclasında bələdiyyənin nümayəndəsi tərəfindən tələb edilən sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Bu onu deməyə əsas verir ki, iddiaçının hazırki tələblə bağlı, hazırki cavabdehə qarşı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı X3 üçüncü şəxslər Binəqədi rayonu Xocasən Bələdiyyəsi, X13 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı olmaqla Cavabdeh qarşı “gediş-gəliş yolunda maneənin sökülməsi və pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul cavabdeh X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elnarə vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-366/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-366/2025
04.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver