Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3676/2020 25.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçıCavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 2010-cu ildə Cavabdeh ondan Beynəlxalq Bankda krediti olduğu üçün kreditə Subaru Legacy markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobili onun adına rəsmiləşdirib verməsini xahiş etmiş, müqavilə üzrə aylıq krediti də özünün vaxtlı vaxtında ödəyəcəyini bildirmişdir. O, cavabdehə inanıb həmin avtomobili almaq üçün bankdan 14800 manat kredit götürmüşdür. Cavabdeh razılaşdıqları kimi ayda 543 manat olmaqla 5 ay krediti ödədikdən sonra işdən çıxmış və bu səbəbdən də aylıq krediti ödəyə bilməmiş, sonra cavabdeh maşını başqa şəxsə sataraq kreditin ödənilməsini təmin edəcəyini ona bildirmişdir. Daha sonra cavabdeh avtomobili Fəqan Səfərova sataraq sonuncudan 3500 manat alsa da krediti ödəməmiş və həmin pulu öz ehtiyaclarına xərcləyərək onu bank qarşısında çox ağır maddi duruma salmışdır. F.Səfərov da öz növbəsində maşını alıb krediti ödəməyə söz versə də sözünə əməl etməmişdir. Buna görə də o, polisə şikayət ərizəsi ilə müraciət etmiş, həmçinin banka müraciət edərək Baş Dövlət X11 maşının axtarışı ilə bağlı müraciət etmələri üçün məhkəməyə müraciət etmələrini xahiş etmişdir. Bank onun müraciətinə məhəl qoymamış, polis isə xeyli vaxt keçdikdən sonra maşını axtarışa vermişdir. Daha sonra Bakı şəhəri Binəqədi RPİ-nin xx.xx.2020ci il tarixli qərarı ilə onun şikayəti əsasında cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma ilə məlum olmuşdur ki, Fəqan Səfərov özbaşına maşını Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan Elnur adlı şəxsə qeyri-qanuni satmışdır. Hazırda avtomobilin axtarışı heç bir nəticə verməmiş və avtomobil tapılmamışdır. Beləliklə avtomobilin hissələrə bölünərək satıldığı ehtimal edilir. Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq şöbəsində aparılan araşdırma zamanı izahatı alınmış Cavabdeh onun izahatında qeyd etdiklərini etiraf etmişdir. Belə ki, cavabdeh izahatında 2010-cu ildə bankda girovlu maşını olduğu üçün öz adına maşın ala bilməməsini, ona görə də ona müraciət etdiyini, Subaru markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı maşını bankda ipoteka ilə yüklü etməklə onun adına aldığını, lakin daha sonra maşının kreditini ödəyə bilmədiyini, maşını Fəqan Səfərova satdığını bildirmişdir. Cavabdeh F.Səfərovun maşının pulunu ödəmədiyini və F.Səfərovun maşını Elnur adlı şəxsə satdığını, Elnur adlı şəxslə görüşdükdən sonra maşının aqibətindən xəbəri olmadığını izahatında qeyd etmişdir. Araşdırma zamanı izahatı alınmış Fəqan Səfərov onun Beynəlxalq Bankdan yüklü edilməklə Subaru markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı maşını Cavabdeh üçün aldığını, maşının pulunu Cavabdeh ödədiyini, daha sonra 3500 manat verərək maşını Cavabdeh aldığını, 3-4 ay sürdükdən sonra maşını Ramin Məmmədov vasitəsilə tanıdığı Elnur Məhərrəmova 200 manat alaraq verdiyini bildirmiş, E.Məhərrəmovun maşını götürdükdən sonra təmir etdirib sürdüyünü, etibarnamə ilə bağlı onunla S.T.Əliyev arasında mübahisə yarandığını bundan sonra E.Məhərrəmovdan xəbəri olmadığını göstərmişdir. Araşdırma zamanı izahatı alınmış Ramin Məmmədov bildirmişdir ki, 2010ci ilin sonlarında Fəqan və Elnurla Biləcəridə yerləşən kafelərin birində çay içərkən Fəqan onda Subaru markalı vuruq vəziyətdə olan maşın olmasını bildirmiş, Elnur maşını Fəqandan istəmiş, Fəqan razılaşaraq maşını Elnura vermişdir. Birlikdə Masazıra gedib maşını götürmüşlər və 1 il sonra Elnurun həmin maşını sürdüyünü görmüşdür. Araşdırma zamanı izahatı alınmış Elnur Məhərrəmov bildirmişdir ki, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobili xatırlayır, belə bir avtomobil almışdır, ancaq həmin avtomobilin aqibətindən xəbəri yoxdur. Beləliklə Cavabdeh qanunsuz əməlləri nəticəsində ona Binəqədi Rayon Məhkəməsinin 2(001)-1132/13 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən 20 347 manat məbləğində borc yazılmışdır. Qətnaməyə əsasən iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin cavabdeh İddiaçı qarşı ipotekaya qoyulmuş avtomobilin hərracdan satılması və kredit borcunun tutulmasına dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh İddiaçı 14793 manat məbləğində əsas kredit borcu, 4643 manat faiz borcu, 911 manat dəbbə pulu olmaqla cəmi 20347 manat məbləğində borcun iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulması, iddia tələbinin İddiaçı mülkiyyətində olan **-KJ-*** dövlət nömrə nişanlı Subaru Legasy markalı avtomobilə yönəldilməsi və həmin avtomobilin ilkin satış qiyməti 21200 ABŞ dolları müəyyən edilməklə açıq hərracda satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi qət edilmişdir. Dəfələrlə müracət etsə də cavabdeh həmin pulu ona qaytarmaqdan boyun qaçırmış bankın ödənişlərini vaxtında etmədiyinə görə ona faizlər hesablanmış maddi və mənəvi zərər vurulmuşdur. Halbuki cavabdeh yüksək maaşlı işdə işləyir və həmin borcu ödəmək imkanına malikdir. Lakin cavabdeh bundan imtina edir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və keçirdiyi streslər nəticəsində mənəvi ziyan da vurulmuşdur. Ona görə də Cavabdeh onun xeyrinə maddi ziyana görə 20347 manat, nümayəndəsinə verdiyi etibarnaməyə görə ödədiyi dövlət rüsumuna görə 11,50 manat, dövlət rüsumuna görə 30 manat, mənəvi ziyana görə 10000 manat olmaqla cəmi 30388,5 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini müdafiə edərək İddiaçı izahatını təsdiq etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdehin İddiaçı heç bir borcu yoxdur və iddiaçıdan heç bir müqavilə ilə pul vəsaiti alınmamışdır. İddiaçı Cavabdeh 20 illik dostu və bir məhəllədə böyüdüyü şəxsdir. X9 maşını alarkən müqavilələr cavabdehin tanıdığı bank əməkdaşı tərəfindən rəsmiləşdirilmişdir. Həmin bankda cavabdeh öz maşınını da rəsmiləşdirmişdir. Yəni, cavabdehin artıq Hyundai Sonata markalı avtomobili olmuş, İddiaçı maşını alarkən atasından qorxduğu üçün atasına əvvəldən maşının Orxanın adına olduğunu demişdir. Bir müddət sonra iddiaçı maşını satmaq istədiyini cavabdehə demiş və maşının arxa şüşəsinə satılır sözü yapışdırmış, həmin vaxtlarda maşını cavabdeh də idarə etmişdir ki, iddiaçının atası şübhələnməsin. Maşın cavabdehdə olduğu müddətdə Fəqan Səfərov şüşədə olan satılır sözünü görüb maşına yaxınlaşmış maşını neçəyə satdığını soruşmuşdur. Cavabdeh iddiaçıya zəng edərək maşını Fəqanın almaq istədiyini demiş, iddiaçı da avtomobilin satılmasına razılıq vermişdir. Fəqan Samirlə münasibəti olmadığından Orxandan avtomobilin kimə mənə məxsus olmasını soruşmuş, Orxan avtomobilin ona məxsus olmasını bildirmişdir. Samir avtomobili 3000 manata satmağı təklif etmiş, Orxan isə avtomobili Fəqana 3500 manata satmışdır. İki gündən sonra Fəqan Orxana zəng edib etibarnamə verməsini demiş, Orxan da Samirə zəng vuraraq avtomobili Fəqanın almaq istəməsini bildirmiş, notariusun qarşısında Fəqan 3500 manatı Orxana vermiş, Orxan da pulu Fəqandan alıb Samirə uzadaraq etibarnamə verməsini demişdir. Bir müddət keçdikdən soma Fəqan maşının kreditini gecikdirməyə başlamış, bankdan Samirə zəng gəldikcə, o da Orxana zəng edərək Fəqandan bankın kreditini verməsini demişdir. Orxan 2 dəfədən sonra Fəqana əsəbi halda zəng vurmuş Fəqan Orxana maşının əzildiyini, avtomobili düzəltdirib sonra bankın pulunu verəcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra X6 nömrəsini istəmiş, avtomobili əzik vəziyyətdə satmaq, Samirdən etibarnamə almaq istəməsini bildirmişdir. Orxan Fəqanın sözlərini Samirə demiş, bir müddət sonra Samirə zəng edilərək avtomobilin Şamaxinka tərəfdə olması bildirilmişdir. Orxan Samirlə birlikdə həmin yerə getmiş avtomobilin Elnur adlı şəxsdə olmasını müəyyən etmişlər. Samir avtomobilin ona məxsus olmasını, Elnur isə avtomobili Fəqandan vuruq vəziyyətdə aldığını, təmir etdirdiyini, ona etibarnamə verməsini bundan sonra bankın borcunu ödəyəcəyini demişdir. Samir Elnura bankın borcunu bağlayacağı halda ona etibarnamə verəcəyini demişdir. Bundan sonra aralarında böyük mübahisə olmuş, Samir Fəqana zəng edərək etibarnamə verməyəcəyini, maşına tutma yönəldiyini demişdir. Bundan sonra polisə müraciət olunmuş, Samir Qarabağ əlili olan atasının avtomobilin Orxana məxsus olmasını bildiyini, Daxili İşlər Nazirliyinə şikayət edə biləcəyini demişdir. Bundan sonra Samirin təklifi ilə Orxan tərtib olunan sənədi imzalamış, bir müddətdən sonra onlar 6-cı Polis Bölməsinə çağırılmış, Orxan Samirlə birlikdə bölməyə gedib danışdıqları kimi izahat vermişlər. Polisdə onlara avtomobilin Elnur adlı şəxsdə olması, mübahisənin mülki mübahisə olduğundan məhkəməyə müraciət etməsi bildirilmişdir. Sonra Samir məhkəməyə müraciət etməyi təklif etmiş, Orxan razılıq vermişdir. Bundan sonra Samir vəkilin prosedura uyğun olaraq Orxana qarşı iddia qaldırılmasını, Orxanın isə Fəqanı məhkəmə verməsini Orxana demişdir. Orxan Samirlə xeyli mübahisə etmiş, Samir Orxanın ona kömək etməsindən sui-istifadə edərək Orxanı məhkəməyə vermişdir. Ona görə də Orxanla Samir arasında olan sənəddə heç bir şahidin imzası olmadığını, tərəflər arasında notarial qaydada təsdiqlənən sənədin olmamasını, təhqiqatın və istintaqın qərarını nəzərə alaraq avtomobilin Elnurla bir başa əlaqəli olmasını nəzərə alıb iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. xx.xx.2011-ci il tarixli AB № 398509 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı Subaru Legacy minik markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair hüquqları xx.xx.2011-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası DİN-nin məlumatından müəyyən olunur ki, xx.xx.2011-ci il tarixli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan Subaru Legacy markalı ** KJ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Cavabdeh xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, X2 xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək etibarnamə verilmişdir. xx.xx.2011-ci il tarixli ƏN-İİ № 375811 saylı etibarnamənin surətindən müəyyən olunur ki, İddiaçı Subaru Legacy markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2013-cü ilədək idarə etməyi X2 etibar etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1132/13 saylı xx.xx.2013-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin cavabdeh İddiaçı qarşı ipotekaya qoyulmuş avtomobilin hərracdan satılmasına və kredit borcunun tutulmasına dair iddia ərizəsi qismən təmin edilərək cavabdeh İddiaçı 14793 manat məbləğində əsas kredit borcu, 4643 manat faiz borcu, 911 manat dəbbə pulu olmaqla cəmi 20347 manat borcun iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulması, iddia tələbinin İddiaçı mülkiyyətində olan **-KJ-*** dövlət nömrə nişanlı Subaru Legasy markalı avtomobilə yönəldilməsi və həmin avtomobilin ilkin satış qiyməti 21200 ABŞ dolları müəyyən edilməklə açıq hərracda satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, avtomobilin satışından əldə olunmuş məbləğ kredit borcunun ödənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdeh İddiaçı verilməsi qət edilmişdir. Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi T.Arazlının xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən müəyyən olunur ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh Binəqədi RPİ-nin 6-cı PB-nə verdiyi xx.xx.2019-cu il tarixli və Binəqədi RPİ-nə verdiyi xx.xx.2020-ci il tarixli izahatlarından müəyyən olunur ki, Cavabdeh 2010-cu ildə bankda girovlu maşını olduğu üçün öz adına başqa maşın ala bilmədiyindən dostu Samirə müraciət etmiş, Samir onunla razılaşmışdır. Bundan sonra o, Subaru markalı **-KJ-*** qeydiyyat nişanlı maşını bankda ipoteka ilə yüklü etməklə almışdır. Maşını Samirin adına almış, lakin aylıq krediti o ödəmişdir. O aybaay 5 ay ərzində vaxtlıvaxtında krediti ödəmişdir. Lakin sonra işdən azad edildiyi üçün maşının kreditini ödəyə bilməmiş, ona görə də maşını satmaq qərarına gəlmişdir. Maşını çoxdan tanıdığı Fəqan Səfərova 3500 manat ilkin ödəniş alaraq vermişdir. Fəqana maşını verdikdən sonra Fəqan ödənişləri gecikdirməyə başlamışdır. O, Fəqandan maşının pulunu verməsini tələb etdikdə Fəqan ödəyəcəyini vəd edərək onu aldatmışdır. Bu dövrdə o banka müraciət edərək maşını BDYPİ-nin duracağına qoymasını istəmişdir. Lakin bank əsassız yerə bundan boyun qaçırmışdır. Bundan sonra onlar maşını axtarmağa başlamış, məlum olmuşdur ki, Fəqan maşını Elnur adlı şəxsə heç bir rəsmi sənədləşmə aparmadan satmışdır. Onlar maşını taparaq Elnur adlı şəxsdən maşını qaytarmağı və ya pulunu ödəməyi tələb etmişlər, lakin sonuncu maşını qaytarmayacağını və maşını hissələrə parçalayaraq itirəcəyini bildirmişdir. Hazırda o, avtomaşının kimdə və harda olması barədə məlumatsızdır. X1 Binəqədi RPİ-nin 6-cı PB-nə verdiyi izahatından müəyyən olunur ki, o, Subaru Legacy markalı **-KJ-*** dövlət nömrə nişanlı avtomaşını xatırlamır, bu avtomobili almamış, İddiaçı adlı şəxsi tanımır, sonuncu ilə avtomaşın alışı ilə bağlı heç bir söhbət etməmişdir. 2015-ci ildə qara rəngli Subaru markalı, orta nömrə nişanı 485 olan avtomaşını olmuş, həmin avtomaşını Beynəlxalq Banka təhvil vermişdir. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-17094-29 saylı məktubundan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(001)-1132\2013 saylı icra sənədində qeyd olunan Subaru Legacy markalı **-KJ-*** dövlət nömrə nişanlı avtomobilin axtarılıb tapılması və saxlanılaraq cərimə meydançasına qoyulması barədə müxtəlif tarixlərdə Azərbaycan Respublikası DİN BDYPİ-nə müraciətlər olunmuş, lakin bu günədək qeyd olunan ipoteka predmeti olan avtomobilin tapılaraq Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, 2010-ci ilin sonlarında Fəqan və Elnurla Biləcəridə yerləşən kafelərin birində çay içərkən Fəqan onda Subaru markalı vuruq vəziyətdə olan maşının olmasını, krediti ödəyə bilmədiyindən avtomobili təmir etdirib, krediti ödəmək şərti ilə kiməsə vermək istədiyini demiş, həmin vaxt Elnur maşını ona verməsini Fəqana demişdir. Avtomobilin hansı qiymətə satılması barədə onun məlumatı olmamışdır. Həmin günün axşamı Elnur ona zəng edərək Masazıra gedərək avtomobili götürmələrini demişdir. O da Elnurla birlikdə Masazıra gedərək orada Fəqanla görüşmüş, Fəqan onları bir məhəlləyə aparmış, maşını göstərmişdir. Sonra Elnur evakuator çağırıb maşını oradan götürmüşdür. Bu hadisədən 1 il sonra o, Elnurun həmin maşını sürdüyünü görmüşdür. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, İddiaçı və Cavabdeh uzun müddətdir tanıyır. O, Beynəlxalq Bankdan götürülən kreditə alınan Subaru Legacy markalı **-KJ-*** dövlət nömrə nişanlı avtomaşının Orxana məxsus olmasını bilmişdir. Orxan bankın pulunu ödəyə bilmədiyi üçün maşını ona 3500 manata satmışdır. O, avtomobilə görə 3500 manatı Orxana vermiş, yalnız notariat kontorunda ona etibarnamə verilərkən avtomobilin Samirin adında olması ona məlum olmuşdur. Həmin avtomobil 6 ay müddətində onun istifadəsində olmuş, 2 ay banka ödəniş etdikdən sonra o da krediti ödəyə bilməmişdir. Avtomobil onun istifadəsində olarkən onun qaynı Rafiqin dostu maşınla yol-nəqliyyat hadisəsi törətmişdir. Maşın vurulduğu üçün o, maşını Masazırda qaraja qoymuşdur. Maşın vuruq olduğu üçün maşını sürə və təmir etdirə bilmədiyindən dostu Ramin Məmmədova onda Subaru markalı qəzalı vəziyyətdə olan maşının olduğunu, istəyən olarsa krediti ödəmək şərti ilə maşını təmir etdirib sürə biləcəyini demişdir. Ramin Elnur adlı tanışına zəng edərək şərtləri ona demişdir. O, əvvəllər Elnuru tanımamış, Raminin sözlərindən Elnur keçmiş polis işçisi olmasını, daha sonra Beynəlxalq Bankda problemli kreditlər şöbəsində işləməsini bilmişdir. Elnur ona avtomobilə görə 200 manat verib avtomobili götürmüşdür. O, Elnura maşını verdikdən sonra bu barədə Samirlə Orxana demişdir. Elnur maşını təmir edib sürmüş, Samir Elnura etibarnamə vermədiyindən Elnur ona zəng edərək ona etbarnamə verilməyəcəyi halda maşını doğrayacağını demişdir. Məhkəməyə çağırıldıqdan sonra o, Orxana zəng etmiş, Orxan ona dənizdə olmasını, qayıdarkən üç birlikdə, yəni o, Orxan, Samir birlikdə Samirə dəyən ziyanı aralarında bölərək mübahisəni həll edəcəyini demişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin qarşılıqlı razılığı əsasında İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-dən Cavabdeh üçün Subaru Legacy markalı **- KJ-*** dövlət nömrə nişanlı avtomaşını almağa görə kredit götürmüş, daha sonra cavabdeh vədinə əməl etmədiyindən, yəni kredit müqaviləsi üzrə ödənişləri etmədiyindən Azərbaycan Beynəlxalq Bankı ASC məhkəməyə müraciət etmiş, nəticə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1132/13 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən İddiaçı 20347 manat borcun tutulması qət edilmiş, ipoteka predmeti olan Subaru Legacy markalı **-KJ-*** dövlət nömrə nişanlı avtomaşının yerini bu günədək müəyyən etmək mümkün olmamışdır. Cavabdeh iddia tələbinə qarşı etirazında Binəqədi RPİ-də İddiaçı xahişinə əsasən izahat verməsini bildirsə də, etirazında istinad etdiyi bu halı sübuta yetirə bilməmişdir. Əksinə İddiaçı məhkəməyə təqdim etdiyi sübutlarla müəyyən olunmuşdur ki, Subaru Legacy minik markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alındıqdan bir gün sonra, xx.xx.2011-ci il tarixdə etibarnamə əsasında Cavabdeh istifadəsinə verilmişdir. Şahid F.M. Səfərov ifadəsində həmin nəqliyyat vasitəsinin ona satılması barədə Cavabdehla razılaşdığını, nəqliyyat vasitəsinə görə 3500 manatı cavabdehə verməsini göstərmişdir. Bundan başqa cavabdeh O.Ə. Şahmərdanov müxtəlif tarixlərdə, yəni 2018, 2019, 2020-ci illərdə verdiyi eyni məzmunlu izahatları bu müddət ərzində təkzib etməmişdir. Ona görə də məhkəmə cavabdehin etirazını öz əməllərinə görə məsuliyyətdən yayınmaq niyyəti ilə verilən etiraz kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin hüquqa zidd əməlləri nəticəsində iddiaçıya 20347 manat maddi ziyan vurulması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia tələbi bu hissədə əsaslıdır, ona görə də təmin edilir. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir tutarlı sübutu məhkəməyə təqdim edə bilmədiyindən, MPM-in 77.1 və 14.2-ci maddələrinin tələbləri baxımından iddia ərizəsi bu hissədə sübuta yetirilməməsi əsası ilə təmin edilə bilməz. Məhkəmə araşdırması zamanı tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin mövcud olması aşkar olunmadığından məhkəmə iddiaçının iş üzrə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair vəsatətini təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 20347 manat, məhkəmə xərclərinə görə 41,50 manat olmaqla cəmi 20388,50 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-3676/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3676/2020
25.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver