Məhkəmə qərarları › İş №2(001)-3694/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3694/2022

14.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3694/2022 14.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borc və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı borc və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, yaxından tanıdığı Cavabdeh xx.xx.2021-ci il tarixdə faizsiz 1000 manat borc vermişdir. Borc verərkən o, cavabdehdən hər hansı bir sənəd almamışdır. Cavabdeh bir ildən çox vaxt keçməsinə baxmayaraq hələ də borcu qaytarmaqdan imtina edir. Cavabdeh aldığı borcu vaxtında qaytarmadığına görə ona 300 manat maddi ziyan vurmuşdur. Bundan başqa cavabdeh aldığı borcu qaytarmadığı üçün ona mənəvi ziyan vurulmuş və bu ziyanı o, 200 manat dəyərində qiymətləndirir. Ona vurulan maddi ziyanın, borcun qaytarılmaması nəticəsində mənəvi istirab, sarsıntı keçirməsini təsdiq edən sübutları yoxdur. Cavabdeh ona borcdan 120 manat qaytarmasını, borcu faizə almasını bildirsə də,bu həqiqət deyildir. Ona görə də, Cavabdeh borca görə 1000 manat, maddi ziyana görə 300 manat, mənəvi ziyana görə 200 manat, dövlət rüsumuna görə 35 manat olmaqla cəmi 1235 manatın onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə xx.xx.2022-ci il tarixinə təyin olunan hazırlıq məhkəmə Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı 500 manat borc almış, borc ona 10% verilmiş, həmin borcdan 120 manat qaytarmış, lakin bu barədə qəbz almamışdır. Aldığı borc məbləğini hissə-hissə qaytaracaqdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddia tələbində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı cavabdehə 1000 manat borc verməsini iddia etsə də, məhkəmə araşdırması zamanı verilmiş borcun məbləğinin 1000 manat olmasını sübuta yetirə bilməmiş, cavabdehin etirafı ilə borcun 500 manat olması öz təsdiqini tapmışdır. Daha sonra iddiaçı verdiyi borca görə ona 300 manat maddi ziyan, 200 manat mənəvi ziyan vurulmasını, cavabdeh isə aldığı borcdan 120 manat qaytarmasını, borcun ona faizlə verilməsini bildirsələrdə, bu hallar məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Belə ki, iddiaçı vurulmuş 300 manat maddi ziyanın hansı qaydada hesablanmasını, nədə ifadə olunmasını, özünün veridiyi borca görə keçirə biləcəyi mənəvi sarsıntıların, istirabların nədə ifadə olunmasını, cavabdeh isə borcun faizə almasını, 120 manat qaytarmasını təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, araşdırma zamanı tədqiq olunmuş sübutlarla iddiaçının cavabdehə 500 manat borc verməsi, cavabdehin isə aldığı 500 manat borcu qaytarmaması öz təsdiqini tapdığından iddia ərizəsi bu hissədə təmin edilərək cavabdehdən borca görə 500 manat iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh borca görə 500 manat, dövlət rüsumuna görə 35 manat olmaqla cəmi 535 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar