Məhkəmə qərarları › İş №2(001)-3698/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3698/2023

29.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3698/2023 29.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Binəqədi rayonu X11, X17, X7 cəlb edilməklə “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh və X12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 9000 manat pulun, 360 manat faiz məbləğin, 1000 manat mənəvi zərərin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2014-cü ilin ortalarında fərdi mənzil tikintisi üçün torpaq sahəsi axtarırdı, bu məqsədlə Binəqədi qəsəbəsi, mərkəz adlanan ərazidə yerləşən makler ofisinə yaxınlaşmışdır. Orada cavabdeh Sarvan digər cavabdeh Lalə adlı xanımın torpaq sahəsinin olduğu və satmaq istədiyini ona bildirdi. Lalə gəldikdən sonra torpağa baxmağa getdilər, torpağın alqı-satqısına dair razılıq əldə edildikdən sonra 1000 manat pulu poçt vasitəsilə Sarvana, 8000 manatı isə sənədləşmə qurtardıqdan sonra Sarvana vermişdir. Lakin cavabdehlər alınmış pulun müqabilində mübahisəsiz torpaq sahəsi vermək öhdəliyini pozmuş ona ziyan vurmuşlar. 9000 manat pulun qaytarılmasının qanuni əsasını Mülki Məcəllənin 1091,10920ci maddələri təşkil edir. Eyni zamanda Mülki Məcəllənin 449-cu maddəsinə görə ona bank uçot dərəcəsinə görə 360 manat faiz, hüquq pozuntusu törədildiyinə görə dəymiş mənəvi zərərin əvəzi qismində 1000 manat kompensasiya tələb edir.

3. İddiaçı daha sonra X12 münasibətdə tələbini azaldaraq, onu cavabdehlər sırasından çıxartmış və qeyd edilən məbləğin Cavabdeh tutulmasını xahiş etjmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, Rafiq onu məhkəməyə verərək ondan pul tutduğu üçün o da hazırki cavabdehdən tələb etməyə məcbur qalmışdır. Bundan əlavə iddiaçı bildirmişdir ki: “2016-ci ildə Binəqədi rayonu, Binəqədi qəsəbəsində makler kimi fəaliyyət göstərən X12 torpaq sahəsi almaq üçün müraciət etdim. X3 qəsəbəsində 1.7 sot torpaq sahəsinin satıldığını bildirdi, mən Sarvanla birlikdə həmin torpaq sahəsinə baxdım və ona torpaq sahəsini almaq istədiyimi bildirdim. Bundan sonra mən rayona getdim və oradan Sarvana 1000 manat beh göndərdim və Bakıya gələndə qalan pulu da verəcəyimi bildirdim. Mən rayondan qayıtdıqdan sonra Sarvana torpağı satan şəxsi çağırmasını və qalan pulu da verib, torpağı almağımı bildirdim. Sarvan torpağın yiyəsinin ərini dəvət etdi, mən 8000 manat pulu da əlbəəl Cavabdeh əri X9 verdim. Mən torpaq sahəsin alan zaman torpaq sahəsi üç tərəfdən hasara alınmış və içərisində 5 daş hündürlüyündə kürsülü yarımtikili olmuşdur. Torpağı aldıqdan sonra X5 işçisi həyatyanı sahəni ölçdü və mənə Daşınmaz Əmlakın Qiymətləndirmə rəyini təqdim etdi. Torpaq sahəsi təxminən 1 il yarım, 2 ilə yaxın məndə olmuşdur. Daha sonra mən torpağı satmaq qərarına gəldim və torpağı X13 elə aldığımı qiymətə yəni 9000 manata satdım. Torpağı satdıqdan təxminən iki il sonra Rafiq Abbasov torpağın başqa sahibinin olduğunu bildirdi və məni həmin yerə çağırdı. Mən ora getdikdə orada bir nəfər Rövşən adlı şəxsin torpağın ona məxsus olmasını bildirdi. Bu zaman Rafiq Abbasov mənə verdiyi pulunu geri tələb etdi. Mən Rafiqin pulunu qaytara bilmədiyim üçün o, mənim barəmdə Polis Bölməsinə şikayət etmişdir. Daha sonra Ağdam Rayon Məhkəməsində mənə qarşı iddia qaldırdı və iddiası təmin olundu. Bir müddət sonra məni Binəqədi rayon İcra şöbəsinə pulun ödənilməsi ilə bağlı dəvət etdilər. Halbuki mənim Ağdam Rayon Məhkəməsinin qətnaməsindən xəbərim yox idi. Mən Ağdam Rayon Məhkəməsindən qətnaməni rəsmi şəkildə alıb, qətnamədən apellyasiya şikayəti verdim, lakin apellyasiya şikayətim müddəti ötürdüyüm üçün geri qaytarılmışdır. Mən torpağı aldığım şəxsə torpağın sahibinin başqa şəxs olduğunu bildirdim və mənim pulumu geri qaytarmağımı tələb etdim. Pulumu qaytarmadıqlarına görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişəm. Mənim Sarvana qarşı iddiam yoxdur, sadəcə olaraq 9000 manat pulun Laləyə verdiyimi təsdiq etmək üçün onu da cavabdeh kimi qoymuşam. Mən torpağı alanda da, satanda da torpağın sahibi kimi özünü təqdim edən Siboş adlı şəxs olmuşdur. Siboş və onun arvadı bizə torpaq sahəsinin onlara məxsus olduğunu, torpağı alan zaman Siboş onun həyətinə tərəf pəncərə açmamağımı və həyətin aşağı hissəsində su turbasının təmir olunmasını bildirmişdir. Torpaq sahəsini mənə verilən Daşınmaz Əmlakın Qiymətləndirmə rəyi ilə öz aramızda yazılı müqavilə ilə satmışam. Yazılı müqavilə şahidlər tərəfindən də imzalanmışdır.”

5. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında bildirmişdir ki, yoldaşım, qayınatam və qayınanam Binəqədi qəsəbəsində yerləşən torpaq sahəsini Siboş adlı şəxsdən 10000 manata almışıq. Siboş torpaq sahəsini öz həyətindən kəsib bizə satmışdır. Hətta torpağın pulun verən zaman orada Siboşun arvadı da olmuşdur. Biz torpağı alandan sonra Siboş torpağa sənəd düzəltdi. Bundan sonra mən torpaq sahəsinin içərisində 6 daş kürsülü ev qaldırdım və təxminən həyətə 1400 manat xərc çəkdim. Bir müddət sonra mən torpaq sahəsinə gələn zaman orada bir nəfər adını sonradan bildiyim Rövşən adlı şəxsi gördüm. Bu zaman mənim həyətimdə taxta və materiallar gördüm, həmin şəxs bizim həyətdən 100-150 metr kənarda təpənin üstündə ev tikdiyini və materialların ona məxsus olduğunu bildirdi. Mən Rövşəni görən zaman hətta mənə xeyir-dua vermişdir. Torpağı iddiaçıya 9000 manata satmışlar, 9000 manatı Siboşa isə qaynatası vermişdir. Bununla belə o iddiaçını başa düşür və düşünür ki, ya Siboşun ailə üzvlərinə qarşı iddia qaldırmalı, ya da torpaq sahəsini Rövşəndən tələb etməlidir.

6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 əvvəlki məhkəmə iclaslarında bildirmişdir ki, torpaq sahəsi mənə məxsusdur. Torpaq sahəsini qayınatam və qayınım dəfələrlə müxtəlif şəxslərə satıblar. Mənim həmin ərazidə ümumilikdə 14 sot torpağım var, lakin torpağın 2 sotunun sənədi var.Təxminən 2016-ci ildə mən torpaq sahəmə baxarkən orada əslən Masallı rayonundan olan Rafiq adlı şəxsi gördüm. Həmin şəxsə torpaq sahəsinin mənə məxsus olduğunu bildirdim. Rafiq torpağı Kamil adlı şəxsdən aldığını bildirdi və həmin şəxsi oraya dəvət etdi. Mən Kamilə və Rafiqə mənim torpağımdan çıxmaqlarını bildirdim. 2004-cü ildə torpaq almaq üçün X8 rəsmi qaydada müraciət etmiş və 2005-ci ildə ona torpaq sahəsi ayrılmışdır. Sübahir onun qaynatasıdır və vəfat etmişdir. Qaynanası əri, yəni Sübahir kişi rəhmətə getdikdən sonra Naxçıvana getmişdir, qaynı isə hal-hazırda Cəzaçəkmə Müəssisəsində çəza çəkir. Sübahirin həmin ərazidə qaldığı evi də o tikmişdir, Sübahir ailəsi ilə birlikdə müvəqqəti yaşayırdı. İxtiyarı torpaq sahəsində görmüşdür və ona torpağı alanda qonşulardan torpağın əsl sahibinin kim olmasını araşdırmasını bildirmişdir. Həmin torpağa dair Bələdiyyə qərarı və torpağın çertyoji var. O torpaq sahəsini 1999-cu ildə almışdır və alan zaman ailə üzvləri ilə birgə videoçəkilişlə qurban kəsdirmişdir. Həmin ildə hasarı çəkmiş. Lakin torpağa dair sənədi 2005-ci ildə almışdır. Torpaq sahəsini qayınatası müxtəlif şəxslərə 5 dəfə satıb və o geri almışdır. Onun həmin ərazidə ümumilikdə 14 sot torpağı var, lakin torpağın 2 sotunun sənədi var. Təxminən 2016-ci ildə torpaq sahəsinə baxarkən orada əslən Masallı rayonundan olan Rafiq adlı şəxsin qayınanasını görmüş. Həmin şəxsə Rafiqi çağırmasını bildirmişdir. Rafiq ora gələn zaman onlara torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş. Həmçinin Rafiqə aldığı torpaq sahəsinin neçə sot olduğunu soruşduqda Rafiq heç torpağın neçə sot oluduğunu bilməmişdir. Rafiq torpağı Kamil adlı şəxsdən aldığını bildirdi və həmin şəxsi oraya dəvət etdi. O Kamilə və Rafiqə onun torpağından çıxmaqlarını bildirmişdir. Bu zaman Kamil maşına oturub oranı tərk etmişdir. Daha sonra Rafiq, Rafiqin bacanağı və qayınanası torpaq sahəsinə gəlmişdirlər. Onların yanında qayınatasına ona məxsus torpağı nə üçün satdığını soruşmuş, qayınatası sualına cavab vermədən oradan getmişdir. Onun qayınatası narkotik istifadəçisi olub, hətta həyətindən ona məxsus samovarı satmışdır.

7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri X5 nümayəndəsi X14 əvvəlki məhkəmə iclaslarında bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 124 ünvanında yerləşən torpaq sahəsi onların ərazisində yerləşir.

8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 əvvəlki məhkəmə iclaslarında bildirmişdir ki, Möhtərəm hakim, mən torpağı internet səhifəsindəki elandan görmüşəm. Kamil adlı şəxslə telefon vasitəsilə əlaqə saxlayaraq onunla görüşdüm.Mən torpaq sahəsinə baxdım və torpağı 9000 manata 2017-ci ildə aldım. Torpağı alan zaman Siboşdan və qonşulardan torpağın problemli olub-olmamasını soruşmuşam, Siboş mənə torpaqla bağlı heç bir problemin olmamasını bildirmişdir. Siboş mənə də torpağı alan zaman həyətinə pəncərə açılamasını bildirmişdir. Mən qızılımı, heyvanımı satıb torpaq sahəsini almışam. Torpaq sahəsinə mən də xərc çəkmişəm. Belə ki, oraya daş tökmüşəm, hasar çəkmişəm. Mən bir müddət sonra torpaq sahəsinə baxmağa gəldim və hasarın söküldüyünü gördüm. Mən bu barədə polisə şikayət etdim. Lakin hasarın kimin tərəfindən söküldüyü aşkar olunmadı. Mən yenidən əlavə 1200 manat xərc qoyaraq hasarı çəkdim. Lakin 10-15 gün sonra torpaq sahəsinə gəldikdə yenidən hasarın və həyətdə olan 6 daş kürsü sökülmüşdür. Daha sonra Rövşən adlı şəxs əlində sənəd ilə gələrək torpağın ona məxsus olduğunu bildirmişdir. Mən Kamili torpaq sahəsinə çağıraraq torpağa görə ona verdiyim pulu geri qaytarmağı tələb etdim. Hətta bir nəfər əlil Masallıya gələrək torpağın ona məxsus olduğunu bildirmiş və məndən torpağa görə pulda tələb etmişdir. Mən iddiaçıdan pulumu tələb etdim, lakin iddiaçı pulumu vermədiyi üçün iddiaçının qeydiyyatda olduğu Ağdam Rayon Məhkəməsinə müraciət etdim. Ağdam Rayon Məhkəməsinin qətnaməsinə əsasən Kamildən mənim xeyrimə 9000 manat pulun tutulması qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin müddəti ötürdüyü üçün şikayəti geri qaytarılmışdır. Bu barədə mənə məhkəmədən qərardad gəlmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

9. Mübahisə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən korpus 124(şərti ünvanında) yerləşən torpaq sahəsinin alqı-satqısı ilə bağlı yaranmışdır. İddiaçı 2016-cı ildə 9000 manat pul ödəməklə həmin torpaq sahəsini Cavabdeh almışdır. Torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd olmamışdır.Belə ki, "xxxx" MMC adlı şirkətin Qiymətləndirmə rəyini tərəflər torpaq sahəsinə dair sənəd kimi məhkəməyə təqdim etmişlər. 9000 manat məbləğdə vəsaitin cavabdeh tərəfindən alınmasını onun nümayəndəsi(əri) təsdiq edir. Belə ki, nümayəndəsi də həmin prosesdə iştirak etmişdir. Torpaq sahəsinin sənədi olmadığından tərəflər şifahi alqı-satqı müqaviləsi bağlamışlar. Həmin alqı-satqı prosesində Sarvan Əmrahov da iştirak etmiş, tərəflərin izahatları üst-üstə düşür. Bununla yanaşı cavabdehin nümayəndəsi bildirmişdir ki, onun, arvadının, qaynatasının, qaynanasının iştirakı ilə qeyd edilən torpaq sahəsini hazırki mülki işdə üçüncü şəxs kimi cəlb edilmiş Salmanov Rövşənin qaynatası Sübahir adlı şəxsdən 10000 manata almışdılar. Sübahirə pulu onun qaynatası vermişdir. Onlar torpağı alandan sonra cavabdehin adına Sübahir tərəfindən sənəd düzəldildi(qiymətləndirmə rəyi). Bundan sonra torpaq sahəsinin içərisində 6 daş kürsülü ev qaldırmış və həyətə təxminən 1400 manat xərc çəkilmişdir. Hansı ki, bu proseslər aparılan zaman həmin üçüncü şəxs Salmanov Rövşən də həyətdə tikinti aparıldığını görmüş və ona xeyir dua vermişdir. Daha sonra onlar torpaq sahəsini satmaq qərarına gəlmiş və nəticədə qeyd edildiyi kimi 9000 manata iddiaçıya satmışlar. İddiaçı isə həmin torpaq sahəsini üçüncü şəxs kimi cəlb edilmiş X1. Bundan sonra Salmanov Rövşən həmin torpaq sahəsinə gəlmiş və torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş və R.Abbasovu torpaq sahəsindən çıxartmışdır. Salmanov Rövşənin bu məsələ ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, artıq vəfat edən Sübahir adlı şəxs onun qaynatasıdır və mərhum ona məxsus torpaq sahəsini ondan xəbərsiz və qanunsuz olaraq satmışdır. İddiaçı və cavabdeh Salmanov Rövşənin bu prosesdən xəbərdar olduğunu, qeyd edilən torpaq sahəsində tikinti aparıldığına şahid olduğunu, hətta xeyir dua verdiyini bildirsələr də, Salmanov Rövşən deyilənləri qəbul etməmişdir. İddiaçının torpaq sahəsini satdığı X4 Salmanov tərəfindən torpaq sahəsindən çıxarıldıqdan sonra polisə müraciət etmiş və Bu barədə Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılmışdır. Binəqədi RPİ-nin müstəntiqi Ramil Məmmədovun cinayət işinin başlamasının rədd edilməsi barədə xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, vətəndaş X13 torpaq sahəsinin alınması ilə bağlı 10200 manat ziyan dəymişdir və vətəndaş bununla bağlı məhkəməyə müraciət etməlidir. Bundan sonra X2 Kamil Abdulla oğluna qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(013)-961/2022 saylı qətnaməsi ilə ilə iddiası təmin edilmiş və cavabdeh İddiaçı 9000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X13 ödənilməsi qət edilmişdir. Bunun davamı olaraq hazırda iddiaçı da ona torpaq sahəsini satmış şəxsə qarşı iddia qaldıraraq ondan ödədiyi 9000 manat pulun, gecikdirilməsi üçün 360 manat faizin, mənəvi zərərə görə isə 1000 manat kompensasiya tələb edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

11. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

12. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

13. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.

14. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

15. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

16. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

17. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

18. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin;

19. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

20. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

21. İşin müəyyən edilmiş hallarından göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış torpaq sahəsi ilə bağlı tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Halbuki, həmin müqavilə Mülki Məcəllənin tələbinə uyğun olaraq əhəmiyyətsiz olmaqla etibarsız əqddir. Hansı ki, həmin torpaq sahəsinin alınması üçün iddiaçı tərəfdən cavabdehə 9000 manat ödənilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsinin cavabdehə məxsusluğu ümumiyyətlə mübahisə doğurmuşdur. Bu səbəbdən də əqdin ikitərəfli restitusiyası mümkün deyildir və əhəmiyyətsiz əqdin etibarsızlığının nəticəsinə uyğun olaraq iddiaçının cavabdehdən əsassız varlanma qaydasında ödədiyi pulu tələb etməsi əsaslı hesab edilməlidir.

22. Odur ki, işin mübahisəsiz halı olan alqı-satqı müqaviləsi üzrə ödənilmiş 9000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. İddia ərizəsinin pul öhdəliyinin icra edilməməsinə görə cavabdehdən 360 manat məbləğində faiz tələb etməsi hissəsini məhkəmə əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsində qeyd edilmişdir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Lakin işin müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdehin özgəsinin pul vəsaitini qanunsuz saxlaması halı yoxdur, belə ki, cavabdeh də torpaq sahəsini iddiaçı ilə eyni formada əldə etmiş və o da iddiaçı ilə eyni qaydada zərərə düşmüşdür.

24. İddianın mənəvi zərərin tutulması hissəsində isə məhkəmə tələbi əsassız hesab edir.

25. Belə ki, iddiaçı yaranmış mübahisədən dolayı hansı mənəvi sarsıntı keçirməsi və ya hansı iztirablara məruz qalması barədə sübut təqdim etməmiş və işin halları ilə isə bu fakt müəyyən edilməmişdir.

26. Halbuki mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Tətbiq edilən prosessual normalar:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

30. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

31. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

32. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

33. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

34. Ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən özünə aid edilməlidir.

35. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 9000(doqquz min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar