Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3707/2021 26.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.700 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehin Banka kredit borcu olmuşdur. Həmin borcu ödəmək üçün cavabdeh ondan pul istəmişdir. O, da cavabdehə köməklik etmiş və ona borc qismində 4.700 manat məbləğində pul vermiş və həmin məbləğə görə hər hansı məbləğdə faiz tələb etməmişdir və hazırda da etmir. Cavabdeh də bu məbləği ondan götürərək, banka olan kredit borcunu ödəmişdir. Lakin hazırda onun pulunu qaytarmaqdan imtina edir. Həqiqətdə cavabdehin ona daha yüksək məbləğdə borcu var. Sadəcə olaraq həmin məbləğlərlə bağlı məhkəməyə hər hansı sənəd təqdim edə bilmir. Bu səbəbdən həmin məbləğləri tələb etmir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddia tələbinin dəlillərinə və iddiaçının izahatına uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş əlyazmalarda göstərilən məbləğlər ona tam şəkildə verilməmişdir. Belə ki, 2.000 manat göstərilsə də ona 1.700 manat, 2.200 manat göstərilsə də ona 1.800 manat və 500 manat göstərilsə də ona 350 manat, cəmi 3.850 manat məbləğində pul verilmişdir. Qalan məbləğlər faiz kimi hesablanmışdır. Bu borcun da bir hissəsini ayından asılı olaraq, 100 manat, 120 manat, 150 manat və digər məbləğlərdə pul ödəməklə qaytarmışdır. Lakin ödəniş tarixlərini və məbləğlərini, habelə hazırda qalıq qalmış borc məbləğini dəqiq xatırlamır və hazırda hər hansı məbləğdə ödəniş etmək üçün maddi imkanı yoxdur. Maddi imkanı olan kimi borcunu qaytaracaqdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 08.02.2019-cu il tarixdə 2.000 manat, 14.07.2020-ci il tarixdə 500 manat və 2020-ci il tarixdə 2.200 manat məbləğində pulu borc almış və bu məbləğlərin qaytarılmasını öhdəsinə götürmüşdür. Bununla bağlı tərəflər arasında həmin tarixlərdə sadə yazılı formada borc müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı həmin borc müqavilələrində göstərilən məbləğləri tələb etməsinə baxmayaraq, bugünədək ona qaytarılmadığını, hətta bununla bağlı Binəqədi rayon Polis idarəsinə müraciət etdiyini bildirir və bu məbləğlərin, habelə iddia qaldırmaq üçün tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin ondan tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, müqavilələrdə 2.000 manat göstərilsə də ona 1.700 manat, 2.200 manat göstərilsə də ona 1.800 manat və 500 manat göstərilsə də ona 350 manat, cəmi 3.850 manat məbləğində pulun verildiyini, qalan məbləğlərin faiz kimi hesablandığını, bu borcun da bir hissəsini ayından asılı olaraq, 100 manat, 120 manat, 150 manat və digər məbləğlərdə pul ödəməklə qaytardığını, lakin ödəniş tarixlərini və məbləğlərini, habelə hazırda qalıq qalmış borc məbləğini dəqiq xatırlamadığını, hazırda hər hansı məbləğdə ödəniş etmək üçün maddi imkanının olmadığını, maddi imkanı olan kimi borcunu qaytaracağını bildirir və iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçıdan borc qismində pul götürdüyünü etiraf edir. Lakin borc məbləğinin 4.700 manat deyil, 3.850 manat olduğunu, 3.850 manat pulun da bir hissəsini qaytardığını, o cümlədən ayından asılı olaraq 100 manat, 120 manat və ya 150 manat ödədyini bildirir. Qalan 850 manat pulun da faiz əvəzi hesablandığını qeyd edir (08.02.2019-cu il tarixdə verilmiş 2.000 manat qaytarılmadan, yenidən 2020-ci ildə 2.200 və 500 manat məbləğində pulun verilməsinin iddiaçının hansısa, o cümlədən maddi marağına bağlı olması da istisna deyil, lakin bu halın da sübuta ehtiyacı var). Lakin məhkəməyə bu halların mövcud olmasını təsdiq edən hər hansı sübut təqdim edə bilmir. Hər bir halda, bu barədə qeyq aparmaqla və imza etməklə iddiaçıdan 4.700 manat pulu aldığını yazılı şəkildə təsdiq edən cavabdeh həmin kağız üzərində faiz barədə ayrıca qeyd apara bilərdi (aparmalı idi), habelə iddiaçıya qaytardığı məbləğləri də eyni qaydada rəsmiləşdirə bilərdi (rəsmiləşdirməli idi). Bu səbəbdən məhkəmə cavabdehin dəlillərini əsassız hesab edir. Bununla belə, məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı borc müqavilələri bağlanmışdır. Həmin borc müqavilələrinə əsasən iddiaçı cavabdehə 08.02.2019-cu il tarixdə 2.000 manat, 14.07.2020-ci il tarixdə 500 manat və 2020-ci il tarixdə 2.200 manat, cəmi 4.700 manat məbləğində pul vermiş və bununla da həmin müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cavabdeh həmin məbləğlərdə pulu iddiaçıdan almış, lakin bu məbləğlərin qaytarılması barədə vəd versə də bugünədək qaytarmamış və bununla da həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, hüquqi nəticə etibarı ilə müqavilələrin şərtlərini pozmuşdur. Belə ki, həmin müqavilələrdə borcun qaytarılması tarixi göstərilməsə də, cavabdeh bu pulu lazım olduğu tarixdə, habelə ümumiyyətlə qaytarmağa hazır olduğunu bildirmişdir. Bununla da həmin müqavilələrdən irəli gələn öhdəliklərin icra müddətini tələbetmə anı ilə məhdudlaşdırmışdır. İddiaçı da pulun ödənilməsini ondan tələb etmiş, o cümlədən ödənişin təmin edilməsi məqsədi ilə 2021-ci ilin fevral ayında Bakı şəhəri BPİnin Binəqədi rayon Polis idarəsinə müraciət etmişdir. Lakin cavabdeh nəinki 7 gün və ya ümumiyyətlə ağlabatan müddətdə, hətta bügünədək iddiaçıya olan borcunu ödəməmişdir. Buna görə, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4.700 manat məbləğində borc, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4.700 (dörd min yeddi yüz) manat məbləğində borc, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-3707/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3707/2021
26.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver