Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3719/2021 20.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı 2936 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı 2936 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh D Travel MMC-də işləyən və oranın rəhbəri olaraq tanımış, cavabdeh ona ölkə xaricinə sərfəli turlar təşkil edə bildiyini bildirmişdir. 2020-ci ilin 19-29 mart tarixlərində o, qardaşı X1 ilə birlikdə təyyarə ilə Rusiya Federasiyasının Yesuntiki şəhərinə Rus sanatoriyası adlanan yerə getmək üçün cavabdehə 3520 manat pul ödəmiş, cavabdeh ona turistik vauçer verilmişdir. Məlum Covid-19 pandemiyası səbəbi ilə onların sanatoriyaya getməsi təxirə salınmışdır. O, bir neçə ay gözlədikdən sonra cavabdehdən pulunu geri qaytarmasını tələb etmiş, cavabdeh pulu yaxın günlərdə qaytaracağına söz verərək ondan möhlət verməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Apardığı araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh tur paketinə görə onlardan alaraq digər turizm şirkətinə ödədiyi pulu geri almış, lakin həmin pulu ona geri qaytarmamış, yalnız, hər biri 292 manat olmaqla iki ədəd aviabiletlər vauçerə çevrilmişdir. O, bu səbəbdən Bakı şəhəri Binəqədi RPİ-yə şikayət ərizəsi ilə müraciət etmiş, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi R.N.Cavadov onun şikayəti əsasında HK-1/1877 nömrəli 15.02.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərarda ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Araşdırma zamanı cavabdeh izahatında adam başına 292 manat qaytardığını və 1936 manat borcu qaldığını göstərmişdir. Əslində isə cavabdeh tərəfindən ona pul qaytarılmamışdır. Hər biri 292 manat olmaqla 2 ədəd aviabilet vauçerə çevrilmişdir ki, onlardan da 2 il ərzində istifadə etmək mümkündür. O, pulu Cavabdeh verdiyindən hesab edir ki, pul vəsaiti cavabdehin rəhbəri olduğu D Travel MMC tərəfindən deyil, Cavabdeh tərəfindən ona geri qaytarılmalıdır. Ona görə də Cavabdeh 2936 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 862.1.-ci maddəsinə əsasən turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur. Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi R.N.Cavadovun 15.02.2021-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı müraciəti üzrə toplanmış HK-1/1877 saylı materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və ərizəçiyə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Qərardan daha sonra müəyyən olunur ki, araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, o, qardaşı İbadətlə birlikdə Yesuntiki şəhərinin Rus sanatoriyasına getmək üçün Binəqədi rayonunda yerləşən D Travel adlı turizm müəssisəsində işləyən Cavabdeh 3520 manat ödəyərək 2020-ci ilin mart ayının 19-dan 29-na kimi vauçer və gediş-gəliş üçün təyyarə biletləri almış, lakin Covid-19 pandemiyası ilə əlaqədar olaraq gedə bilməmiş, sanatoriyaya gedə bilmədiyinə görə pulunun qaytarılmasını xahiş etmiş, lakin Cavabdeh müxtəlif bəhanələrlə ona yalan vədlər verərək pulunu verməmiş, araşdırma zamanı vauçeri verən Alean Travel tərəfindən ödənilmiş pulun Cavabdeh qaytarmasını öyrənmiş, lakin sonuncu pulu ona verməmişdir. Qərardan daha sonra müəyyən olunur ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, o, D Travel turizm şirkətinin rəhbəri olmuş, 19.03.2020-ci il tarixdə İddiaçı adına Rus sanatoriyasına paket sifariş etmiş, lakin pandemiya olduğu üçün vaxt 03.08.2020-ci il tarixə dəyişdirilmiş, pandemiya müddəti uzadıldığı üçün rezervasiyası ləğv edilmiş, həmin şəxsə adam başına 292 manat qaytarılaraq 1936 manat borclu qalmış, şirkətlər arasında olan razılığa görə aviabiletlər iki il ərzində istifadəsi mümkün olan vauçerə çevirmişdir. Alean Turne Şirkəti tərəfindən verilmiş 2237371/1 nömrəli vauçerdən müəyyən olunur ki, İbadət Hüseynovun və İddiaçı adına 19.03.2020-29.03.2020-ci il tarixləri arasında Essentuki şəhəri Rus sanatoriyasına standard 2 yerlik nömrə sifariş verilmişdir. Alean Turne Şirkəti tərəfindən verilmiş 2264424/1 nömrəli vauçerdən müəyyən olunur ki, İbadət Hüseynovun və İddiaçı adına 03.08.2020-13.08.2020-ci il tarixləri arasında Essentuki şəhəri Rus sanatoriyasına standard 2 yerlik nömrə sifariş verilmişdir. Buta Airways-in 26.02.2020-ci il tarixli 771 ********** nömrəli elektron biletindən müəyyən olunur ki, İddiaçı Bakı-Mineralnıye Vodu reysi üzrə 19.03.2020-28.03.2020-ci il tarixləri üçün təyyarə gediş-gəliş biletinə görə 291,72 manat ödəniş etmişdir. Buta Airways-in 26.02.2020-ci il tarixli 771 ********** nömrəli elektron biletindən müəyyən olunur ki, İbadət Hüseynov Bakı-Mineralnıye Vodu reysi üzrə 19.03.2020- 28.03.2020-ci il tarixləri üçün təyyarə gediş-gəliş biletinə görə 291,72 manat ödəniş etmişdir. Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında 20.05.2021-ci il tarixli çıxarışdan müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olan D Travel Company MMC-nin qanuni təmsilçisidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı S.Ə. Hüseynov turist xidmətlərinin göstərilməsi üçün D Travel MMC-nin qanuni təmsilçisi olan İ.H. Lətifliyə müraciət etmiş, lakin Covid-19 pandemiyası ilə bağlı ona göstərilməsi vəd olunan xidmətdən istifadə edə bilmədiyindən ödədiyi pul vəsaitinin hüquqi şəxsin qanuni təmsilçisi tərəfindən ona geri qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1.-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 1099.1.-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 51.1.-ci maddəsinə iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Həmin Məcəllənin 51.3.-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı hüquqi şəxsin göstərdiyi xidmətə görə pul tələbi ilə hüquqi şəxsə qarşı deyil, onun işçisinə qarşı iddia tələbi irəli sürdüyündən, hüquqi şəxs öz öhdəliklərinə, işçisinin vurduğu zərərə görə özü məsuliyyət daşıdığından, iddiaçı hüquqi şəxsin cavabdeh qismində cəlb edilməsinə razı olmadığından iddia ərizəsi təmin edilə bilməz. Məhkəmə İddiaçı hazırkı tələblə D Travel MMC-yə qarşı məhkəməyə müraciət etmək hüququnun olmasını izah edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı 2936 manat, dövlət rüsumuna görə 30 manat tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-3719/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3719/2021
20.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver