Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3727/2022 11.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3400 manat məbləğində pulun və ödənilmiş 55 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi 2020-ci ilin mart ayından tanıyır. Belə ki, o yükdaşıma şirkətində işləyən zaman Veysəl adlı şəxsin qardaşının gəmiyə işə düzəltmək imkanın olmasını bildirmişdır. Danışıqlar zamanı gələcəkdə onu matros vəzifəsinə düzəldilməsi üçün lazımı sənədləri və 4000 manat pul lazım olduğunu bildirmiş, aralarındakı razılıqdan sonra Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə A.Manafov küçəsinin kəsişməsində görüşmüş və sənədlərlə birlikdə cavabdehə 4000 manat pul vermişdir. Cavabdeh təxminən 1 ay müddətində zəng edib işə çağıracaqları barədə məlumat vermişdir. Müddət başa çatdıqdan sonra o cavabdehə zəng edərək, iş alınmadığı təqdirdə vediyi sənədləri və 4000 manat pulu geri qaytarmağı tələb etmişdir. Niyaməddin ilk öncə həmin puldan 2000 manatı geri qaytarmış, qalan pulu isə yaxın zamanda qaytaracağını bildirmişdir. Bir müddət keçdikdən sonra Cavabdeh işin yaxın zaman ərzində düzələcəyini və işin yubanmasına mane olan sertifikatın, yəni gəmiyə düzəlməsi üçün lazım olan sertifikatın alınması üçün 2000 manat lazım olduğunu bildirmişdir. İddiaçı ona inanaraq yenidən 2020-ci ilin noyabr-dekabr aylarında Elit ticarət mərkəzinin yaxınlığında 2000 manat pul vermişdir. Cavabdeh 10 gün müddətində məsələnin həll olunacağını və xəbər edəcəyini bildirsə də, müddət başa çatdıqdan sonra pulu geri qaytarmamış, telefonlara cavab verməmişdir. İddiaçı bu barədə Binəqədi rayon 43-cü polis bölməsinə şikayət etdikdən sonra, cavabdeh polisdə 4000 manat pul aldığını etiraf etmiş, həmin borcdan 600 manatı qaytarsa da, qalan 3400 manatı qaytarmamışdır. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi T.Rzayeva iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə keçirilən məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ərizəsi əsasında toplanmış cinayət işi üzrə qərardan müəyyən edilir ki, toplanmış materialda hər-hansı bir cinayət tərkibi əlamətlərinin olmaması əsası ilə material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, İddiaçı vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi izah edilmişdir. Həmçinin araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, təqribən 7 ay “Makamarin” şirkətində müşavir vəzifəsində, qardaşı X3 isə Qələbə dairəsində yerləşən 166 yük daşıma xidmətində işləmişdir. O, qardaşını işə apararkən Elşəni orada tanımış, və Elşənə gəmiyə motorist kimi işə düzəlmək istədiyini bildirmişdir. O, bu barədə “Makamarin” şirkətinin rəhbəri Süleymanzadə Mətanətə demiş, sonuncu isə həmin iş üçün 4000 manat pul istəmişdir. O da bu barədə Elşənə demiş və sonuncu onunla razılaşmışdır. Elşən onunla Nizami rayonu Qara Qarayev metrostansiyasında görüşmüş ona 4000 manat pul vermiş və o həmin pulu Mətanət xanıma vermişdir. Mətanət xanım ona bildirmişdir ki, 40-45 gündən sonra praktikaya çağrılacaq və bu barədə Elşənə məlumat vermişdir. Daha sonra məlum olmuşdur ki, Süleymanzadə Mətanət dələduzluqla məşğuldur. O, bundan sonra 20 yanvar metrostansiyasının yanında özünə məxsus olan avtomobildə Elşənə 2000 manat pul qaytarmış və bildirmişdir ki, qısa zaman ərzində qalan 2000 manatıda qaytaracaq. Təqribən 1 həftə sonra onun özünə pul lazım olduğundan Elşəndən 2000 manat borc pul istəmişdir. Elşən isə cavabında ona bildirmişdir ki, bu barədə evdə anasına deyəcək ki, işdən sertifikat almaq üçün 2000 manat pul verməlidir. O Elşənlə razılaşmış, 2020-ci ilin noyabr-dekabr ayında Binəqədi rayonu Elit ticarət mərkəzinin qarşısında görüşmüş, Elşən ona 1900 manat vermişdir. O, sonuncu dəfə aldığı pulu özü üçün borc almış, işə düzəltmək üçün isə aldığı 4000 manat pulu isə işin alınmaması səbəbindən ona iş söz verən şəxsin onu aldatması olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi tərəflər arasında yaranmış münasibətlər üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı verdiyi pul vəsaitini tələb etməkdə haqlıdır və iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 4000 manat pul məbləğinin alması cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə müəyyən olunduğundan, hazırkı iş üzrə Cavabdeh iddiaçıdan pul vəsaitini alması hissəsində həmin qərar məhkəmə üçün məcburidir. Həmçinini iddiaçı həmin puldan 600 manat qaytarıldığını etiraf etmişdir. Odur ki, hazırkı iş üzrə Cavabdeh İddiaçı 3400 manat borcunun olması işin mübahisəsiz halıdır. Beləliklə, iddia tələbi Cavabdeh 3400 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi hissəsində əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Lakin iddiaçı iddia ərizəsində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini tələb etmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3400 (üç min dörd yüz) manat pul məbləği və ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-3727/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3727/2022
11.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver