Məhkəmə qərarları › İş №2(001)-3756/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-3756/2021

21.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3756/2021 21.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilələrə xitam verilməsi, borcun və nəqliyyat vasitəsinin qaytarılması” tələbinə dair mülki işə 21 may 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 05 yanvar və 18 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsinin ilkin alğı-satqı müqavilələrinin ləğv edilməsi, “Toyota Prius” minik markalı, **- OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq iddiaçıya qaytarılması, 4750 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış 05 yanvar 2021-ci il tarixli “nəqliyyat vasitəsinin ilkin alğı-satqı müqaviləsi”nə əsasən, “Toyota Prius” minik markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədi ilə cavabdeh ilkin ödəniş qismində 1200 manat ödəyərək qalan 27000 manatı aylıq 750 manat ödəmək şərti ilə tərəflər razılığa gələrək müqavilə bağlanmışdır. Həmçinin, tərəflər arasında Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış 18 yanvar 2021-ci il tarixli “nəqliyyat vasitəsinin ilkin alğı-satqı müqaviləsi”nə əsasən, “Toyota Prius” minik markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomoilin alınması məqsədi ilə ilkin ödəniş qismində 1450 manat ödəyərək qalan 27000 manatı aylıq 750 manat ödəmək şərti ilə tərəflər razılığa gələrək müqavilə bağlanmışdır. Cavabdeh müqavilələr üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş, 05 yanvar 2021-ci il tarixli müqavilə üzrə gecikdirilmiş borcu 2500 manat, 18 yanvar 2021-ci il tarixli müqavilə üzrə isə 2250 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilələrin 5-ci bəndinə əsasən, müqavilənin şərtləri cavabdeh tərəfindən pozulduğu halda və ya ödənişdə 14 gün müddətində gecikmə olarsa müqaviləyə xitam verilir və nəqliyyat vasitəsi iddiaçıya qaytarılır. Həmçinin, cavabdeh ödəniş ilə bağlı öhdəliklərini yerinə yetirməməsi ilə yanaşı, müqavilənin digər şərtlərini də kobud şəkildə pozmuşdur. Belə ki, şifahi əldə edilən məlumata əsasən, iddiaçının mülkiyyətində olan və müqavilə predmeti təşkil edən avtomobilləri qanunsuz olaraq naməlum şərtlər ilə 3-cü şəxslərin istifadəsinə vermişdir, bunun müqabilində həmin şəxslərdən pul vəsaiti almışdır. Hazırda **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobil yl kənarında iddiaçı tərəfindən aşkar edilmişdir. Lakin, digər avtomobil hələ də 3-cü şəxlərin istifadəsindədir və iddiaçıya qayatılmamışdır. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsinin izahatına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən səlahiyyətli nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İş materiallarında olan: - İddiaçı ilə Cavabdeh MMC arasında Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış 05 yanvar 2021-ci il tarixli, reyestrdə 3M-9 nömrə ilə qeyd edilmiş “nəqliyyat vasitəsinin ilkin alğı-satqı müqaviləsi”ndən görünür ki, İddiaçı mülkiyyətində olan “Toyota Prius” minik markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili 28200 manata Cavabdeh MMC-yə satmış, müqavilənin şərtlərinə əsasən 1200 manat pul ilkin ödəniş kimi verilmiş, qalan 27000 manatı isə aylıq 750 manat (10 gündən bir 250 manat) olmaq şərti ilə ödənilməsi nəzərdə tutulmuşdur. - İddiaçı ilə Cavabdeh MMC arasında Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış 18 yanvar 2021-ci il tarixli, reyestrdə 3M-90 nömrə ilə qeyd edilmiş “nəqliyyat vasitəsinin ilkin alğı-satqı müqaviləsi”ndən görünür ki, İddiaçı mülkiyyətində olan “Toyota Prius” minik markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobili 28450 manata Cavabdeh MMC-yə satmış, müqavilənin şərtlərinə əsasən 1450 manat pul ilkin ödəniş kimi verilmiş, qalan 27000 manatı isə aylıq 750 manat (10 gündən bir 250 manat) olmaq şərti ilə ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iddiaçını, onun nümayəndəsini dinləyib mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Cavabdeh MMC 05 yanvar və 18 yanvar 2021-ci il tarixli müqavilələr üzrə borcunu müqavilədə nəzərdə tutulmuş şərtlərlə ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyə lazımınca əməl etməmiş, beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, Cavabdeh MMC İddiaçı qarşısında götürdüyü öhdəliklərə tam etmədiyinə görə iddianın təmin olunması üçün hüquqi əsaslar mövcuddur və buna görə də, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə İddiaçı məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış 05 yanvar 2021-ci il tarixli, reyestrdə 3M-9 nömrə ilə qeyd edilmiş və 18 yanvar 2021-ci il tarixli, reyestrdə 3M-90 nömrə ilə qeyd edilmiş nəqliyyat vasitəsinin ilkin alğısatqı müqavilələrinə xitam verilsin. “Toyota Prisu” minik markalı, (tip: sedan, buraxılış ili 2007, ban nömrəsi JDTKB20U4********) **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC-dən alınaraq İddiaçı qaytarılsın. 05 yanvar 2021-ci il tarixli, reyestrdə 3M-9 nömrə ilə qeyd edilmiş müqavilə üzrə 2500 manat, 18 yanvar 2021-ci il tarixli, reyestrdə 3M-90 nömrə ilə qeyd edilmiş müqavilə üzrə 2250 manat olmaqla ümumilikdə 4750 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar