Məhkəmə qərarları › İş №2(001)-376/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-376/2022

12.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-376/2022 12.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə və qeyrilərinə qarşı “etibarnamələrin ləğv edilməsi və alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə, 30 saylı Notariat Ofisinə və 48 saylı Notariat Ofisinə qarşı “etibarnamələrin ləğv edilməsi və alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının vərəsəsi olduğu mərhum oğlu X8 tərəfindən verilmiş nəqliyyat vasitələri üzrə 48 saylı notariat kontoru tərəfindən verilmiş 7E-8170 saylı reyestr, 7E-5189 saylı reyestrlə verilmiş etibarnamələrin, 30 saylı notariat ofisi tərəfindən verilmiş 7E-1502 və 7E-1503 saylı etibarnamələrin ləğv edilməsi, mərhum X5 adına olmuş 2009-cu il buraxılışlı **-UA-*** dövlət qeydiyyat nişanlı “Honda İnsight” minik markalı avtomobilin, 2001-ci il buraxılışlı **-KH-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220” minik markalı avtomobilin, 2010-cu il buraxılışlı **-VT-*** (yeni nömrə **-OR-***) dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobilin, 2005-ci il buraxılışlı **-ZM-*** dövlət qeydiyyat nömrəli “Chevrolet Cruze” minik markalı avtomobilin, 2007-ci il buraxılışlı **-UT-*** dövlət qeydiyyat nişanlı “Hyundai Santafe” minik markalı avtomobillərə dair aparılmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının oğlu X8 xx.xx.2020-ci il tarixdə “xroniki böyrək xəstəliyi” diaqnozu ilə vəfat etmişdir. İddiaçının müraciəti əsasında 9 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. Vərəsəlik işinin rəsmiləşdirilməsi ilə bağlı DİN-nin BDYP-yə verilmiş sorğuda X5 adına nəqliyyat vasitələri aşkar edilmişdir. Avtomobillərlə bağlı verilmiş etibarnamələrin ləğv edilməsi ilə bağlı iddiaçı tərəfindən DİN-nin BDYP-yə rəsmi müraciət edilmişdir. Bununla da iddiaçı ölmüş şəxsin adından verilmiş etibarnamələrin ləğv ediləcəyini düşünmüşdür. Lakin sonradan X9 mərhum oğlunun adına olan avtomobillərdən birini alqı-satqı etmək üçün baş etibarnamə verdiyini aşkar etmişdir. Bundan sonra araşdırma zamanı məlum olmuşdur ki, mərhum oğlu R.Məmmədov öldükdən sonra adına olan avtomobillərə dair etibarnamə verilmiş, bəziləri isə adından çıxarılaraq özgəninkiləşdirilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Baş X21 İdarəsinə avtomaşınlarla bağlı etibarnamələrin qüvvədən düşməsi bildirilsə də, sonuncu bu hallara əhəmiyyət verməyərək avtomobillər üzrə alqı-satqı apararaq avtomobillərə dair qeydiyyat şəhadətnamələri verilmişdir. Bu səbəbdən də iddiaçı verilmiş etibarnamələrin və avtomobillərə dair aparılmış alqı-satqı müqavilələrin ləğv edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 izahatında bildirmişdir ki, mərhum Rövşən Məmmədovla biznes münasibətləri olmuş, uzun müddət birlikdə avtomobil alqı-satqısı ilə məşğul olmuşlar. Mübahisə predmeti olan avtomobillər ilkin olaraq etibarnamə əsasında satılmışdır, daha sonra isə alqı-satqı olunaraq özgəninkiləşdirilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X11 eyni məzmunlu izahat verərək, avtomobilləri etibarnamə əsasında alqı-satqı yolu ilə əldə etdiklərini bildirdilər. Tərəflər və üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - ölüm haqqında şəhadətnaməyə görə X12 xx.xx.2020-ci il tarixdə xroniki böyrək xəstəliyindən vəfat etmiş və akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 900 nömrə ilə qeyd edilmişdir. - qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi anası X1 və o miras əmlakından 1/3 hisəsədə pay almalıdır. Miras əmlakının 2/3 payı isə açıq saxlanılmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7062/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən, “Mercedes Benz C230” minik markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı, “Honda İnsight” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E220” minik markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” minik markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Santafe” minik markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. - AR DİN BDYPİ-nin xx.xx.2021-ci il tarixli məktubda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7062/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının icrası ilə əlaqədar bildirilmişdir ki, “Hyundai Sonata” minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə; “Honda İnsight” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə; “Mercedes Benz C230” minik markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə; “Mercedes Benz E220” minik markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə X5 adından qeydiyyatda çıxarılaraq özgəninkilşdirildiyindən, həmin nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması mümkün olmamışdır. Digər avtomobillər “Chevrolet Cruze” minik markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Santafe” minik markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair isə mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. - AR DİN BDYPİ-nin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarından müəyyən edilir ki, X5 adına qeydiyyata alınmış “Honda İnsight” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxarılaraq X3 adına; “Hyundai Sonata” minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxarılaraq X4 adına; “Mercedes Benz E220” minik markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə tarixdə ilkin olaraq qeydiyyatdan çıxarılaraq X2 adına, xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılaraq isə X6 adına qeydiyyata alınmışdır. Həmçinin AR DİN BDYPİ-nin məktublarından müəyyən edilir ki, X5 adına qeydiyyatdan keçən avtomobillər üzrə ilkin olaraq etibarnamələr X9 adına verilmiş, daha sonra digər şəxslərə etibarnamələr verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 365.1.7-ci maddəsinə əsasən, etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması halında etibarnaməyə xitam verilir. Qeyd edilən Məcəllənin 366-cı maddəsinə əsasən, etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. Etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlər 30 saylı Notariat Ofisi və 48 saylı Notariat Ofisi, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 Məmmədovun öldüyünü və etibarnamələrin qüvvədən düşdüyünü bildikləri (və ya bilməli olduqları) halda, qanuna zidd olaraq, mübahisəli avtomobillərə dair alqısatqı müqaviləsi bağladığından, iddiaçı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır və onun haqlı iddiası təmin edilərək, mübahisəli avtomobilə dair bağlanmış alqısatqı müqavilələri etibarsız hesab edilməlidir. Belə ki, alqı-satqı müqavilələri bağlanarkən qanunla müəyyən edilmiş şərtlərə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, mübahisəli avtomobillərə dair bağlanmış alqısatqı müqavilələri və verilmiş etibarnamələr qanunun tələblərinə müvafiq qaydada bağlanmamışdır. Buna görə də göstərilən alqı-satqı müqavilələri etibarsız hesab edilməlidir. Məhkəmə iddia tələbinin X8 tərəfindən verilmiş nəqliyyat vasitələri üzrə 48 saylı notariat kontoru tərəfindən verilmiş 7E-8170 saylı reyestr, 7E-5189 saylı reyestrlə verilmiş etibarnamələrin, 30 saylı notariat ofisi tərəfindən verilmiş 7E-1502 və 7E-1503 saylı etibarnamələrin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, X8 tərəfindən verilmiş bütün etibarnamələrə xx.xx.2020-ci il tarixdən sonra (ölüm tarixi) xitam verilmişdir. Odur ki, artıq xitam olmuş etibarnamələrin ləğv edilməsi yolverilməzdir və iddia tələbi bu hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə iddia tələbinin **-ZM-*** dövlət qeydiyyat nömrəli “Chevrolet Cruze” minik markalı avtomobilin və 2007-ci il buraxılışlı **-UT-*** dövlət qeydiyyat nişanlı “Hyundai Santafe” minik markalı avtomobillərə dair aparılmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, hal-hazırda həmin avtomobillərin sahibi kimi X8 qeydiyyatdan keçmişdir və həmin avtomobillərə dair heç bir alqı-satqı əməliyyatı aparılmamışdır. Odur ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmaqla və onlardan istifadə etməklə öz qətnaməsini əsaslandırır. Həmçinin qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “Honda İnsight” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi,“Hyundai Sonata” minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi, “Mercedes Benz E220” minik markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. - “Honda İnsight” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. - “Hyundai Sonata” minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. - “Mercedes Benz E220” minik markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar