Məhkəmə qərarları › İş №2(001)-377/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-377/2025

27.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-377/2025 27.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlar arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi, cavabdehdən 5150 manat məbləğində pul vəsaitinin və ödədiyi 71,5 manatın, ümumilikdə isə 5221,5 manat məbləğində pul vəsaitinin tutularaq ona (iddiaçıya) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə mətbəx mebeli sifaris vermiş, mətbəx mebelin ümumi dəyəri 14150 manat məbləğində pul vəsaiti olmaqla, cavabdehdən 9.000 manat ilkin ödəniş alınmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə və qarşılıqlı razılaşmaya uyğun olaraq, mebelin çatdırılması xx.xx.2023-cü il tarixə nəzərdə tutulmuşdur. Həmin tarixdə mebel tam hazırlanmış, sifarişçi ilə əlaqə saxlanılıb, mebelin quraşdırılması barədə ona məlumat verilmişdir. Sifarişçi təmirin bitmədiyini bildirərək, mebelin bir neçə müddət anbarda saxlanılmasını xahiş etmişdir. Beləliklə, sentyabr ayının əvvəlləri sifarişçi ofislə əlaqə saxlayaraq mebelin qurasdırılmasını tələb etmişdir. Nəticədə mebel sifarişçinin mənzilinə göndərilmişdir. Mebeli quraşdıran usta əməkdaşları X1 ilə əlaqə saxlamış, divarların əyri olduğunu bildirərək, bu səbəbdən işin zəif surətlə getdiyini bildirmişdir. Nəhayət ki, sentyabr ayının sonu iş yekunlaşmış, xırda-para işlər qalmışdır. Həmin kiçik həcmli işlərin də, yerinə yetirilməməsinin səbəbi hazırkı iş üzrə cavabdehin təcili Rusiyaya getməsi olmuşdur. Cavabdeh ofislə əlaqə saxlayaraq, 2023-cü ilin oktyabrın 3-ü Azərbaycana qayıdacağını bildirmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixdə işə yenidən start verilmiş və qısa bir zamanda yekunlaşmışdır. Həmin tarixdə şəxsi işi ilə əlaqədar olaraq o, Naxçıvanda olmuşdur. Cavabdeh güzgünün rəngini bəhanə edərək qalıq ödənişi etməkdən boyun qaçırmışdır. Cavabdeh bildirmişdir ki, “Fəxrəddin müəllim gəlsin, mən güzgü məsələsini aydınlaşdırıb sonra ödəniş edəcəm”. xx.xx.2023-cü il tarixdə Cavabdeh zəng edərkən o, şəhərdən kənarda olduğunu bildirərək, özü zəng edəcəyini bildirdi. Bundan sonra bir həftə keçsə də, cavabdehdən xəbər çıxmadı və yenidən cavabdehlə əlaqə saxlanıldı. Cavabdeh bildirdi ki, “ağır xəstəyəm, sağalım, mən sizinlə mütləq əlaqə saxlayacam”. Beləliklə, daha on gün sonra yenidən sifarişçi (hazırkı iş üzrə cavabdeh) ilə əlaqə saxlanıldı və o, bildirdi ki, “mətbəx otağında təmir işləri başlatmışam. Mətbəx mebelini də xüsusi qoruyucu materialla bağlatmışam ki, toz olmasın və həmçinin bildirdi ki, mən icazə vermirəm ki, siz onu açasınız”. Məsul əməkdaşları X1 mebeli təhvil verməyi və qalıq ödənişi götürməli olduğunu bildirdikdə, cavabdeh yenə on gün vaxt istədi. On gün keçdikdən sonra, X1 usta ilə birlikdə cavabdehin mənzilində olarkən, o, güzgü rənginin fərqli olduğunu bildirdi və usta həmin güzgünü yerindən söküb çıxardı və yeni güzgü sifariş verildi. Sifarişçi (cavabdeh) ilə əlaqə saxlayıb güzgünün hazır olduğu bildirildi. Cavabdeh, əməkdaşlarını və ustanı mənzilə dəvət etdi ki, “burda bəzi nüanslar var, gəlin onları da qeyd edin, aradan qaldırın”. Məsul əməkdaşları F.M.Novruzov və usta yenidən cavabehin mənzilinə gələrkən qoruyucu materialı açıb mebelə baxış keçirdilər, mebeldə olan bir neçə kiçik nöqsanları qeyd edib, onların aradan qaldırılacağına söz verdilər. Bu zaman mənzildən çıxarkən cavabdehin bacısı müdaxilə etməyə başladı və bacısına bildirdi ki, “Xatın, sən bu mebeli çox baha yığdırmısan. Mən sənə bunun yarı qiymətinə mebel yığdırardım” və sair bu səpkili lüzumsuz və gərəksiz ifadələr işlətdi. Əməkdaşları F.M.Novruzov həmin vaxt orada bildirdi ki, “xanım sifariş verdiyi zaman siz də, bacınızın yanında idiniz. Biz heç kimə zorla, məcburən mebel yığmırıq, hər kəs öz istəyi, öz könüllü sifarişi ilə yığdırır”. Uzun-uzadı söhbətdən sonra cavabdeh əməkdaşlarına bildirdi ki, “nüansları aradan qaldırdığınız zaman ödənişi tam həcmdə yerinə yetirəcəm”. Başqa sözlə, cavabdeh söz verdi. Mütəxəssisləri qayıdıb orada işləmək üçün alətləri götürüb yenidən mənzilə qayıdarkən cavabdeh “ödənişi tam ödəməyəcəyini bildirdi”. Səbəbini soruşduqda isə, o, əməkdaşlarına bildirdi ki, “oğlum elə bilib ki, bəlkə biz 14150 rus rubluna (puluna) danışmışıq, onun üçün də, biz qalıq pulu tam ödəməyəcəyik”. Əməkdaşları cavabdehə izah etmişlər ki, “biz sizinlə, yəni, sifarişçi ilə danışmışıq, oğlunuz və ya bacınız buna müdaxilə edə bilməz”. Cavabdehin oğlu bu sözləri eşitdiyi zaman işçiləri F.M.Novruzovun və ustanın ünvanına təhqir edici sözlər, həmçinin, qeyriadekvat ifadələr işlədərək, onları mənzildən qovmuşdur. Həmçinin, bildirmişdir ki, “mən polisə şikayət edəcəm”. Beləliklə, əməkdaşları xx.xx.2023-cü il tarixdə 37-ci polis şöbəsinə dəvət olundu. Polis şöbəsində polisin verdiyi suallar əməkdaşları tərəfindən tam səkildə cavablandırıldı və onun izahatı alındı. Məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, cavabdehlə aralarında bağlanmış müqaviləyə əsasən o, öz öhdəliyini layiqincə yerinə yetirməmiş, hər gün eyni bəhanələrlə onları aldadaraq “yola vermiş”, ən əsası isə ona olan borcunu bundan sonra da, ödəmək fikrində deyil. Beləliklə də, bu günə qədər sifarişçinin-cavabdehin ödəməli olduğu pul vəsaiti 5150 manat həddindədir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, ona qarşı qaldırılan iddia tələbi əsassızdır. Aşağıdakılara əsasən hesab edir ki, mülki iş üzrə məhkəmə əmtəəşünaslıq və mühasibatlıq ekspertizası keçirilməlidir, mənzilinə quraşdırılmış mebelin qiyməti müəyyənləşdirilməlidir və iddiaçının onun dili bilməməyindən sui-istifadə edərək bağladığı və ona heç izah etmədiyi müqaviləsi etibarsız sayılmalıdır və iddiaçının ondan aldığı 9000 manat məbləğində pulun əvəzinin və 6000 manat məbləğində mənəvi zərərin əvəzinin Velioğlu mebelin rəhbəri İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Bununla yanaşı məhkəmənin nəzərinə çatdırır ki, o, Rusiya vətəndaşıdır, qızı Azərbaycanda mənzil almışdır. 2023-cü ildə gəlib qızının mənzilinə baxmış, sonra qızının mənzilinə mətbəx mebeli sifariş etmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2023-cü ildə Ağ şəhərdə fəaliyyət göstərən sahibkar İddiaçı məxsus olan Velioğlu mebel mağazasına bacısı X5 ilə yaxınlaşmış və boyaq MDF materialından “mokrıy asfalt” maşın kraskası rəngli, ortası bulud rəngli mətbəx mebeli sifariş etmişdir. Onlara söz verdilər ki, mebelin iç predmetləri, yəni açıbbağlanan konstruksiyaları “İtaliya” firması məhsulu olacaq və xx.xx.2023-cü il tarixə qədər, yəni bir ay ərzində sifariş etdiyi mətbəx mebelini gətirib mənzilə quraşdıracaqlar. Lakin, üstündən 1-2 ay keçsə də, onlar gətirib mebelini mənzilinə quraşdırmadılar. Xeyli zənglərindən, təkid etdikdən 8-9 ay sonra Velioğlu mebel gətirib mənzilinə mebel quraşdırdı, mebeli quraşdıranda gördü ki, quraşdırılan mebel onun sifariş etdiyi mebel deyil, o, ustalara etirazını bildirmiş, mebeli quraşdırmamağı onlardan tələb etmişdir. Həmçinin firmaya zəng edib nümayəndəsini çağırmışdır, onlar gəlib gördülər ki, həqiqətən mebel onun sifariş etdiyi mebel deyil, onlar dedilər ki, gedib rəhbərliyə məlumat verəcəklər, lakin onlar getdilər bir daha qayıtmadılar. Eyni zamanda o, polisə şikayət etdi ki, Velioğlu mebel onu aldadıb, 9000 manatını alıb, lakin sifariş etdiyi mebelin əvəzinə başqa mətbəx mebeli gətirib quraşdırıblar. Cavabdehin bu kimi qanuna zidd hərəkətləri nəticəsində onun rahatlığı pozulmuşdur, o, yollarda qalmış, hər dəfə Rusiyadan təyyarə ilə bilet alıb Azərbaycana gedib-gəlməli olmuş, ona 9000 manat maddi ziyan vurulub və 6000 manat məbləğində isə mənəvi zərər yetirilib. Həmçinin iddiaçının gördüyü qüsurlu işin nəticəsində və qanuna zidd hərəkətləri nəticəsində ona 1000 manat məbləğində mənəvi zərər yetirilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək etiraz ərizəsində qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, izahatında həmçinin bildirmişdir ki, təhvil verilən mebel onun sifarişinə uyğun olmamışdır. Həmçinin mebeldə çoxlu qüsurlar vardır. İddia ərizəsində bu halı iddiaçının özü də qəbul edir. Bundan başqa, təqdim etdiyi fotoşəkillərdən və iş üzrə əldə edilən qiymətləndirmə hesabatından da mebeldə qüsurların olduğunu görmək mümkündür. Dəfələrlə tələb etmişdir ki, həmin qüsurların aradan qaldırılsın. Lakin bu tələbi təmin edilməmişdir. Qüsurlar aradan qaldırılmadığına görə iddia təmin oluna bilməz. Cavabdeh məhkəmə iclasında iştirak edən nümayəndəsi X5 da oxşar məzmunda izahat verərək iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilən İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq səhhətinin pisləşməsi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə baxış iclasının başqa vaxta təxir edilməsini xahiş etmiş olsa da, məhkəməyə gəlməməsinin mümkünsüzlüyü barədə sübutlar təqdim etmədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.1-ci və 185.5-ci maddələrinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi kimi ********** eyniləşdirmə nömrəsi ilə uçota alınmış fərdi sahibkar İddiaçı (iddiaçıya) aid “Velioğlu Mebel” mağazasından mətbəx mebeli sifariş etmişdir. Tərəflər arasında imzalanmış 4142 nömrəli müqavilədən görünür ki, həmin müqavilədə sifariş edilən mətbəx mebelinin xx.xx.2023-cü il tarixdə təhvil verilməsi nəzərdə tutulmaqla yanaşı, mətbəx mebelinin ölçüləri, istifadə ediləcək materiallar, aksessuarlar və onların markaları haqqında razılıq əldə edilmişdir. Müqavilədən həmçinin aydın olur ki, ümumi dəyəri 14150 manat olaraq müəyyənləşdirilmiş mətbəx mebelinə görə Cavabdeh 9000 manat ödəniş etmiş və onun 5150 manat borcu qalmışdır. İddiaçı xx.xx.2024-cü il tarixili Pretenziya məktubundan görünür ki, aralarında bağlanılmış müqavilə üzrə 5150 manat məbləğində pul vəsaitinin ödənilməsi Cavabdeh tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Tərəflər mübahisələndirmirlər ki, sözügedən mətbəx mebelinin quraşdırılması müəyyən qüsurlarla həyata keçirilmişdir. İşin qeyd edilən halı iş materiallarına əlavə edilmiş fotoşəkillər və "xxxx" MMC-nin 0146 saylı qiymətləndirmə hesabatı ilə də öz təsdiqini tapır. İddiaçının əvvəlki məhkəmə iclaslarında iştirak etmiş nümayəndəsi (vəkili) də işin qeyd olunan halını təkzib etməmiş, cavabdeh tərəfindən şərait yaradıldığı halda, həmin qüsurları aradan qaldırmağa hazır olduqlarını bildirmişdir. Həmin qiymətləndirmə hesabatında məhkəmə tərəfindən qoyulan suallara cavab olaraq göstərilmişdir ki, “...aparılmış tədqiqat nəticəsində qiymətləndirmə obyekti olan mətbəx mebelinin tədqiqi hissədə qeyd edilən qüsurla son tamamlama işləri icra edilmədən tam şəkildə quraşdırıldığı müəyyən edilmişdir. Tədqiqi hissədə göstərilən səbəblərdən qiymətləndirmə obyekti olan mətbəx mebelinin bazar dəyərini konkret rəqəmlə ifadə etmək çətindir. Lakin, tədqiqat zamanı müxtəlif mənbələrdən əldə edilən məlumatlar əsasında baxış keçirilən mebelə bənzər qüsursuz mebelin ərsəyə gətirilməsi üçün satıcıdan asılı olaraq yuvarlaq hesabla təxminən 5500-9000 manat xərc çəkilməsi barədə fikir bildirmək mümkündür. Qiymətləndirmə obyekti olan mətbəx mebelində olan qüsurlar və onların aradan qaldırılması qaydası tədqiqi hissədə ətraflı göstərilmişdir. Qüsurların aradan qaldırılması üsulunu əvvəlcədən müəyyən etmək mümkün olmadığından bunun üçün tələb olunan vəsait barədə fikir bildirmək də mümkün deyildir”. Qiymətləndirmə hesabatının tədqiqi hissəsində göstərilmişdir ki, “Tədqiqat obyekti olan mətbəx mebelinə xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Tac Residence yaşayış binasının 20-ci mərtəbəsində Cavabdeh aid mənzilə baxış keçirilmişdir. Qiymətləndirmə prosesində iddiaçının nümayəndəsi (vəkili) Vəkil, iddiaçıya aid mebel fabrikinin baş mütəxəssisi X1 və Cavabdeh iştirak etmişlər. Müəyyən edilmişdir ki, Cavabdeh aid mənzil studio tiplidir və mətbəx mebeli sözügedən mənzilin studiosunda quraşdırılmışdır. Mətbəx mebelinin qiymətləndirilməsi bu sahə üzrə zəruri texniki və digər bilikləri tələb etdiyindən yaranmış zərurətlə əlaqədar qiymətləndirmə prosesinə mütəxəssis qismində X4 (62YRFJC) cəlb edilmişdir. O, qiymətləndirmə obyektinə vizual baxış keçirərək, mətbəx mebelinin quraşdırılması zamanı görülmüş işlər barədə məlumat vermiş, o cümlədən həmin işlərin icrasında yol verilmiş qüsurları təsbit edib göstərməklə onların aradan qaldırılması yollarını izah etmişdir. Həmin izahatlara dair tərəflərin etiraz və əlavələri olmamışdır. X1 göstərilən qüsurları aradan qaldırmağa hazır olsalar da, Cavabdeh buna zəruri şərait yaratmaması səbəbindən işlərin icrasının mümkünsüz olduğunu bildirmişdir. Baxış zamanı aparılan müvafiq ölçü işləri nəticəsində mətbəx mebelinin ölçülərinin müqavilə şərtlərinə uyğun olduğu müəyyən edilmişdir. Bu hissədə tərəflər arasında da hər hansısa mübahisənin olmadığı aydın olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, mətbəx mebelinin karkası (korpusu) DSP, fasadı isə AGT panel materialından yığılmışdır. Mebel ağ və antrasid rənglərdən ibarətdir. Mebelin dəzgahı corian materialındandır. Mebelin petlələri blustom (54 ədəd), siyirmələri GTV (5 ədəd), şüşə qapaqlar Aristo firmalarına, kargo mexanizmi isə Çin istehsalı olan KEL firmasına aiddir. Mebeldə istifadə edilən basaclar və mebelin yuxarı hissəsindəki qabaqların qaldırıcı mexanizmləri Çin istehsalıdır. Mətbəx mebelinin dəhlizə doğru olan böyür hissəsində tavanadək füme güzgü quraşdırılmışdır. Cavabdeh həmin güzgünü sonradan özünün quraşdırdığını bildirmişdir. Fəxrəddin Novruzov bu faktı etiraf etmiş, o cümlədən bildirmişdir ki, onlar zatən həmin güzgünü quraşdırıracaqdılar, lakin Cavabdeh buna imkan vermədiyindən bu işi görə bilməmişlər. Göstərilən hissə üçün nəzərdə tutulan güzgü hal-hazırda da onların fabrikindədir. Qiymətləndirmə obyekti olan mətbəx mebelində aşağıdakı qüsurlar müəyyən edilmişdir: - Basaclar əyri quraşdırılıb, ara məsafələri düzgün deyil. - Fasad qapaqların ölçüləri düzgün təyin edilməmişdir. Bu səbəbdən bəzi qapaqların açılıb-bağlanmasında problemlər müşahidə edilir. Həmin problemlər petlələrə müdaxilə etməklə aradan qaldırıla bilmir. - Korpusun ölçüsündə olan nöqsanları aradan qaldırmaq üçün əlavə detal (DSP panel) quraşdırılmışdır. Fəxrəddin Novruzov bildirdi ki, həmin detalı corian önlüklə korpus arasında yaranmış boşluğu qapatmaq üçün əlavə etmişlər. - Üst fasadın qapaqlarının qaldırıcı mexanizmləri düzgün işləmir. - Üst korpusda və korpusun digər hissələrində lüzumsuz deşiklər açılmışdır. - Corian dəzgahın işçiliyində nöqsanlar müşahidə edilir. Dəzgahın səthində çökmə var, əyridir. - Dəstəyin profilində son tamamlama işləri aparılmamışdır. Fəxrəddin Novruzov bu işləri aparmağa Cavabdeh imkan vermədiyini bildirmişdir. - Şüşə qapaqların arxasındakı korpusda olan rəflərin quraşdırılması zamanı simmetriya pozulmuşdur. - Qab qurudan paslanmışdır. Həmçinin düzgün quraşdırılmamışdır. Beləliklə, aparılmış tədqiqat nəticəsində qiymətləndirmə obyekti olan mətbəx mebelinin yuxarıda qeyd edilən qüsurla son tamamlama işləri icra edilmədən tam şəkildə quraşdırıldığı müəyyən edilmişdir. Mebel bazarında mətbəx mebelləri əksər hallarda paqon metrə üzrə qiymətləndirilərək təklif edilsə də, hər sifarişə fərdi yanaşılmaqla təklifin verilməsi halları da az müşahidə edilmir. Qiymətlər başlıca olaraq satıcı-podratçıdan (fərdi qaydada fəaliyyət göstərən mütəxəssis olmasından və ya çoxsaylı mütəxəssisləri özündə cəmləşdirən ixtisaslaşmış peşəkar müəssisə olmasından), istifadə edilən materiallardan, materialların keyfiyyətindən, istehsal edildiyi ölkədən (mənşəyindən), markasından, istehsalatda istifadə edilən dəzgahlardan, o cümlədən sifarişin fərdi yanaşma tələb etməsindən və i. asılı olaraq dəyişə bilir. Bununla belə, mebel bazarında mətbəx mebellərinin qiymətləri əsasən tərəflərin sövdələşməsindən asılıdır. Bu səbəbdən qiymətləndirmə obyekti olan mətbəx mebelinin bazar dəyərini konkret rəqəmlə ifadə etmək çətindir. Bununla belə, sifarişçi məhkəmə tərəfindən təqdim edilən sənədlər, tədqiqat zamanı verilən məlumatlar, internet resurslarından, mebel istehsalı ilə fərdi qaydada məşğul olan satıcıpodratçılardan və bu sahədə ixtisaslaşmış müəssisələrdən şifahi qaydada (telefon və sosial şəbəkələr vasitəsilə) əldə edilən məlumatlar əsasında qiymətləndirmə obyekti olan mətbəx mebelinə oxşar (hündürlüyünün çox olduğu nəzərə alınmaqla) mətbəx mebellərinin paqon metrəsinin satıcıdan asılı olaraq hazırda təxminən 500-850 manata təklif olunduğu müəyyən edilmişdir. Bəzi hallarda isə mətbəx mebelləri kv.m. əsas götürülməklə 1 kv.m 250-450 manat məbləğində təklif edilir. Corian dəzgahın metrəsinin qiyməti isə 300-450 manat arasında dəyişir. Bu isə o deməkdir ki, baxış keçirilən mebelə bənzər qüsursuz mebelin ərsəyə gətirilməsi üçün satıcıdan asılı olaraq yuvarlaq hesabla təxminən 5500-9000 manat xərc çəkilə bilər. Müəyyən olunmuş qüsurların aradan qaldırılması ilə bağlı aşağıdakılar qeyd edilir: - Basaclar sökülərək yenidən quraşdırılmalıdır. Sökülmə nəticəsində korpusda əlavə (lüzumsuz) deşiklərin yaranması istisna edilmir. - Fasad qapaqları düzgün ölçülər götürülməklə yenidən hazırlanmalı və quraşdırılmalıdır. - Korpusdakı əlavə detal (DSP panel) və corian önlük sökülməli, düzgün ölçülər götürülməklə yenisi ilə əvəzlənməlidir. Zərurət olarsa, həmin hissədəki əsas DSP panel də sökülərək yenilənməlidir (belə ki, həmin hissəyə quraşdırılmış əlavə DSP panelin sökülməsi nəticəsində əsas DSP panel zədələnə bilər; zədələnməsə belə, orada lüzumsuz deşiklərin yaranması istisna edilmir). - Üst fasadın qapaqlarının qaldırıcı mexanizmlərini daha keyfiyyətliləri ilə dəyişdirmək lazımdır. - Üst korpusda və korpusun digər hissələrində olan lüzumsuz deşiklər sifarişçi ilə razılaşdırılmaqla dekorativ mebel stikerləri yapışdırılmaqla aradan qaldırıla bilər. Sifarişçi ilə razılıq əldə edilmədiyi təqdirdə, korpus hissəvi və ya tamamilə yenilənməlidir. - Corian dəzgahın səthində olan çökməni aradan qaldırmaq üçün dəzgahın oturduğu korpusa əlavə dayanlar quraşdırılmalıdır. Mümkündür ki, bu zaman dəzgah sökülərək yenidən quraşdırılsın. Corian dəzgahın künclərində olan izlər cilalama ilə aradan aparılmalıdır. - Dəstəyin profilində son tamamlama işləri aparılmalıdır. - Şüşə qapaqların arxasındakı korpusda olan rəflərdə simmetriya bərpa edilməlidir. Bu zaman korpusda əlavə (lüzumsuz) deşiklər yaranacaqdır. Həmin deşiklər sifarişçi ilə razılaşdırılmaqla dekorativ mebel stikerlər ilə aradan qaldırıla bilər. Razılıq olmadığı təqdirdə, həmin korpus hissəvi və ya tamamilə yenilənməlidir. - Qab qurudanın paslandığı nəzərə alınaraq yenisi ilə əvəzlənməli, o cümlədən düzgün ölçülər əsasında yenidən quraşdırılmalıdır. Bu zaman korpusda əlavə (lüzumsuz) deşiklər yaranacaqdır. Həmin deşiklər sifarişçi ilə razılaşdırılmaqla dekorativ mebel stikerlər ilə aradan qaldırıla bilər. Razılıq olmadığı təqdirdə, həmin korpus hissəvi və ya tamamilə yenilənməlidir. Qeyd edildiyi kimi, qüsurların aradan qaldırılmasının müxtəlif üsulları vardır. Hansı üsuldan istifadə ediləcəyini əvvəlcədən müəyyən etmək mümkün olmadığından bunun üçün tələb olunan vəsait barədə fikir bildirmək də mümkün deyildir”. İddia tələbinə görə, cavabdeh aralarında bağlanmış müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan həmin müqavilə ləğv edilməli və ona (iddiaçıya) vurulmuş maddi zərər (mətbəx mebelinin ödənilməmiş hissəsi) ödənilməlidir. Cavabdehin mövqeyinə görə isə, mebel onun sifarişinə uyğun olmamışdır, habelə onda qüsurlar vardır və dəfələrlə tələb etməsinə rəğmən, qüsurların aradan qaldırılması təmin edilməmişdir. Bu səbəbdən iddia təmin oluna bilməz. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin yaranmasının əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin məcəllənin 387.2-ci maddəsində deyilir ki, əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Yuxarıda da göstərildiyi kimi tərəflər arasındakı müqaviləyə əsasən iddiaçı müqavilə ilə şərtləşdirilmiş mətbəx mebelini quraşdırmağı, cavabdeh isə onun dəyərinin 9000 manata bərabər (70%) hissəsini əvvəlcədən (ilkin ödəniş kimi), qalan hissəsini (5150 manat məbləğini) isə sonradan ödəməyi öhdəsinə götürmüşdür. Bu mənada məhkəmənin qənaətinə görə, tərəflər arasında podrat müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Mülki Məcəllənin 752.1-ci və 752.2-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir; 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.2-ci maddəsinə görə isə, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Mülki Məcəllənin 624.1-ci maddəsində deyilir ki, alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər: - keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin (624.1.1); - alış qiyməti mütənasib surətdə azaldılsın (624.1.2); - malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın (624.1.3); - malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin (624.1.4). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun “Qüsuru olan mal satılarkən istehlakçının hüquqları” başlıqlı 7-ci maddəsindəki müddəalar da Mülki Məcəllədəki tənzimləmə ilə paralellik təşkil etməkdədir. Həmin maddəyə əsasən, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan 1) lazımi keyfiyyətli mala dəyişdirməyi; 2) satış qiymətini uyğun məbləğdə azaltmağı; 3) malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; və ya 4) malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini tələb etmək hüququna malikdir. İşin yuxarıda qeyd edilən hallarından da göründüyü kimi, cavabdehin sifariş etdiyi mətbəx mebelində çoxsaylı qüsurların olduğu mübahisəsizdir. İddiaçının əvvəlki məhkəmə iclaslarında iştirak etmiş nümayəndəsi (vəkili) də işin qeyd olunan halını təkzib etməmişdir. Həmçinin işin qeyd edilən halı iş materiallarına əlavə edilmiş fotoşəkillər və "xxxx" MMC-nin 0146 saylı qiymətləndirmə hesabatı ilə də öz təsdiqini tapmışdır. Mülki qanunvericiliyin yuxarıda şərh edilən tələblərindən də göründüyü kimi, malda qüsurların mövcudluğu halında sifarişçi öz seçimi ilə qanunda nəzərdə tutulmuş tələbləri podratçıya qarşı irəli sürə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh (sifarişçi) malın (mətbəx mebelinin) qüsurlarının podratçının (iddiaçının) hesabına aradan qaldırılmasını tələb etməklə istehlakçı kimi öz seçimlik hüququndan istifadə etmiş, bununla belə qarşı tərəf (iddiaçı) onun bu tələbini yerinə yetirməmiş, əksinə hazırkı iddia ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış müqavilənin ləğv edilərək ona vurulmuş zərərin cavabdehdən tutulmasını istəmişdir. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, nə qədər ki iddiaçı tərəfindən mübahisəli mətbəx mebelindəki qüsurlar aradan qaldırılmamışdır (icra natamam həyata keçirilmişdir), iddiaçı hazırkı məhkəmə baxışının predmetini təşkil edən iddia tələblərini irəli sürməkdə haqlı olmamışdır. Bu baxımdan, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Bu qənaətə gələrkən məhkəmə nəzərə almışdır ki, Mülki Məcəllənin 562.1-ci maddəsinə əsasən, əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, qiymətləndirmə xidmətinin dəyəri olan 350 manat iddiaçıdan tutularaq qiymətləndirici təşkilata ödənilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manat İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (Benefisiarın adı "xxxx" MMC, Benefisiarın VÖEN-i **********, hesab nömrəsi M/h-Az12PAHA40060AZNHC**********, müxbir bank "xxxx" ASC, SWİFT PAHSSZ22, bank kodu 505141, valyuta AZN, Bankın VÖEN-i- **********, müxbir hesab AZ82NABZ********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar